• bazar, 19 May, 03:23
  • Baku Bakı 11°C

Dünyanı fəth edən Azərbaycan Sonası

17.02.16 13:51 1724
Dünyanı fəth edən Azərbaycan Sonası
İlk azərbaycanlı dünya gözəlini siz də tanıyın
1912-ci ildə, hələ dünya Azərbaycan adlı bir məmləkətin varlığını tanımaq istəmədiyi bir zamanda azərbaycanlı bir xanım Parisdə “Dünya gözəli” titulunu qazandı. O, bununla bütün dünyaya sübut etdi ki, Azərbaycan xanımının bu gözəlliyi onun yalnız simasında deyil, həm də daxilindən gələn nəcibliyində, kübarlığında, məğrurluğundadır.
Tədqiqatçıların yazdığına görə, məşhur Qarabağ xanı İbrahimxəlil xanın hakimiyyəti dövründə sarayında çox hörmət etdiyi Mirzə Əli bəy adlı bir şəxs var imiş. Mirzə Əli bəyin saraydakı vəzifəsinin adı mehmandar olub. Mehmandarın üzərinə düşən vəzifə ondan ibarət olub ki, saraya gələn qonaqları ədəb-ərkanla qarşılayıb yola salsın və saray daxilində onlara nəzarət etsin. İşinin öhdəsindən çox yüksək səviyyədə gələn Mirzə Əli bəy də təkcə saray adamlarının deyil, bütün Qarabağ əhlinin sevimlisi imiş. El-oba arasında da Mirzə Əli bəyin özü, övladları, nəvə-nəticələri Mehmandar (sonralar Mehmandarov)soyadı ilə tanınırmışlar.
Mehmandarovların Lənkəranda məskunlaşmasının çox maraqlı bir tarixi var. Yenə də tədqiqatçıların yazdıqlarına diqqət yetirək. Onların yazdığına görə, əslən Şuşadan olan Mirzə Sadıq bəy Mehmandarov burada rus-tatar məktəbini bitirdikdən sonra Peterburq Universitetinin hüquq fakültəsinə daxil olur. Burada Hacı Mir Abbas bəy Talışinski ilə tanış olur. Tələbəlikdən başlananbu tanışlıq möhkəm dostluğa və mehriban qohumluğa çevrilir. Belə ki, Mirzə Sadıq bəy Peterburqda təhsilini başa vurduqdan sonra dostu Mir Abbas bəy onu Lənkərana öz mülkünə baş hüquqçu vəzifəsinə davət edir. Bu dəvəti məmnuniyyətlə qəbul edən Mirzə Sadıq bəy Mir Abbas bəyin malikanəsində işə başlayır. Savadlı, mədəni, işgüzar, istiqanlı, həddən ziyadə böyük-kiçik yeri bilənbu gənc tez bir zamanda nəinki Mir Abbas bəyin ailəsinin, hətta bütün qohum- əqrabasının, dost-tanışının sevimlisinə çevrilir.
Tale elə gətirir ki, Sadıq bəy xoşbəxtliyini də bu nəsildə tapır. Mir Abbas bəyin yaxın qohumu, general-mayor Mir Mustafa bəy Talışinskinin nəvəsi Bikə xanımla ailə qurur. Bikə xanım da evdə xüsusi təhsil almış, mədəni, ağıllı bir xanım idi. Bu izdivacdan onların on övladı olur. Övladlarının əksəriyyətinin Tiflisdə, Peterburqda təhsil almasına şərait yaradan Mirzə Sadıq bəy illər sonra Səməd bəy Mehmandarov və Nağı bəy Mehmandarov kimi oğulları ilə fəxr edir. O Səməd bəy Mehmandarov ki, hərb tariximizdə adı qızıl hərflərlə yazılmağa layiq generallarımızdandır.
Elə qardaşı Nağı bəy də Avropa təhsili görmüş, çox gənc yaşında Lənkəran şəhərinin qradonaçalniki-şəhər rəisi vəzifəsinə təyin edilmiş ziyalılardan idi. (Yazılanlardan və deyilənlərdən belə məlum olur ki, Nağı bəy öz xalqına qarşı həmişə mərhəmətli olmuş, onların hüquqlarını qorumuşdu – müəl.).
Xoşxasiyyət, müasir düşüncəli Nağı bəy qızı Sona dünyaya gələndə (tədqiqatlarda bu tarix 1894 və ya 1896-cı il göstərilir – müəl.) “Mənim qızım savadlı və ağıllı qız olacaq” - deyə onu bağrına basaraq qız olduğu üçün dodaq büzənləri heyrətləndirir.
Sona dərddən, qəmdən uzaq, bəyzadə ailəsində böyüyür. Amma harın yox, savadlı, sadə, elmə, musiqiyə meyilli olur. Atası evdə ona xüsusi müəllimlərdən dərs almaq üçün yüksək şərait yaradır. Sona onlardan ədəb-ərkan qaydaları ilə yanaşı, fransız, rus dillərini oyrənir. Bundan sonra atası onu gimnaziyada oxudur. Sona gimnaziyada təhsilini başa vurduqdan sonra Avropada təhsil almaq arzusunda olduğunubildirdikdə Nağı bəy sevinir və razılıq verir.
Sonanın gözəlliyi hələ kiçik yaşlarından ona saysız-hesabsız elçilərin gəlməsinə səbəb olur. Amma ata və qızın qərarı qəti idi6 yüksək təhsilə yiyələnmək, xalqına fayda vermək.
Bir gün yenə də Nağı bəyin qapısını elçilər döyür. Bu dəfə Lənkəranın varlı ailələrindən biri olan Zeynalovların oğlu Əhməd bəy Sonaya elçi düşür. Yox cavabı alan Əhməd bəy bunu “qüruruna” sığışdırmır. Bir neçə dostu ilə birlikdə gecə xəlvətcə Nağı bəyin evinə soxulur və bəyi oğurlayırlar. Yenə də Nağı bəydən hə cavabı ala bilməyən qatillər bəyi vəhşicəsinə öldürüb dənizə atırlar. Nağı bəyin qulluqçusu bunları gördüyü üçün hadisənin üstü açılır. Hökumət qatilləri Sibirə sürgün edir.
Beləliklə, iki nəsil arasında düşmənçilik yaranır. Atasının belə faciəli şəkildə öldürülməsi Sona xanıma çox pis təsir edir. Günlərlə, aylarla evdən çıxmir, özünə qapanır. Bunu görən anası Bikə xanım onu Lənkərandan uzaqlaşdırmaq üçün Bakıya qohumlarının yanınagöndərir. Yaşadığı faciə üzündən müvəqqəti sığındığı bu şəhər ondan ötrü dünyaya açılan qapı olur.
Taleyin işi çox qəribədir. Anası Sonanı Bakıya müvəqqəti göndərsə də, tale Sonanı birdəfəlik doğma Lənkəranından ayırır. Yolunu çox uzaqlara, nağıllar aləminə bənzər Parisə salır.
Sona xanımın Bakıda gördüyü həyat Lənkərandakı kimi deyildi. Şəhər həyatı, kübar məclisləri yavaş-yavaş Sonanı yenidən həyata qaytarır. Şəhərdə baş verən mədəni hadisələr onun diqqətini cəlb edir.
1912-ci ilin əvvəllərində Bakıda ictimai tədbirlərin keçirildiyi “Obşestvennoye sobraniye” adlanan binada gözəllik müsabiqəsi təşkil edilir (Hazırda bu bunada Azərbaycan Dövlət Filarmoniyası yerləşir – müəl.).Sona xanım yaxın qohumlarının təklifi və təkidi ilə bu müsabiqəyə qoşulur. Böyük uğura aparan yolun başlanğıcı onun üçün düşərli olur. Münsiflər heyəti “təbii gözəlliyini qoruyub saxlamış, zərif və nəcib görkəmli əyalət qızını” qalib elan edir və o, Tiflisdə keçirilən gözəllik müsabiqəsində iştirak etmək üçün dəvət alır.
Tiflisdə isə Sona xanım “Qafqaz incisi” adını qazanaraq Sankt-Peterburqda keçiriləcək “Miss Rusiya” müsabiqəsinə vəsiqə qazanır və elə Tiflisdəncə qohumlarının xeyir-duası ilə Sankt-Peterburqa yola düşür.
Gözəlliyi və kübarlığı ilə Peterburqda da münsifləri heyran qoyan Azərbaycan gözəli birincilik və qiymətli tac əldə edir. Bu dəfə “Qafqaz incisi” daha möhtəşəm bir yarışa, 1912-ci ilin sonlarında Parisdə keçiriləçək “Dünya gözəli” final müsabiqəsinə yollanır.
Nağıllar dünyası Paris. Gördüklərini və yaşadıqlarını bir nağıla bənzədən Sonanın buradakı uğuru həqiqət idi. Dünya gözəllərini təkcə ağ buxağı, mavi, canlar alan gözləri, şux boy-buxunu, qədd-qaməti ilə deyil, həm də kübarlığı, nəcibliyi, məğrurluğu və mehribanlığı ilə geridə qoyan Azərbaycan gözəli Sona Nağı qızı Mehmandarova “Dünya gözəli” titulunu – “Qran-Pri”ni qazanır. Münsiflərin “Qafqaz incisi” adlandırdıqları Sonanın şəkilləri təkcə Paris qəzet və jurnallarını deyil, dünya mətbuatını bəzəyir.
Bu uğur dünya gözəlinin həyatını büs-bütün dəyişir. Sona xanım müsabiqədən aldığı yülsək pul mükafatı ilə Sankt-Peterburqda əzəmətli bir mülk alır. Artıq böyük bir imperiyanın fəxri olan gözəlin çar ailəsində də xüsusi yeri var idi. Sona xanım hər gün keçirilən bal şənliklərində, kübar məclislərində hər kəsi təkcə zahiri gözəlliyi ilə deyil, həm də daxili gözəlliyi ilə ram edir.
Amma Sona meşşan həyatdan uzaq olduğu üçün bu dəbdəbə, bu cah-cəlaldan sıxılırdı. O, qadın üçün zəruri olan ailə rahatlığı axtarırdı. Onu sevən (uğurlarını, var-dövlətini yox), ona sadiq olan könül yoldaşı arzulayırdı. Ailə qurmaq, anası Bikə xanım kimi mehriban, qayğıkeş ana olmaq arzusunda idi Sona xanım.
Müsabiqədən bir il sonra Sona xanım (o zaman mövcud olan qaydalara əsasən, müsabiqənin qalibi bir il ərzində ailə qura bilməzdi – müəl.) əslən dağıstanlı bir gənclə ailə qurur. Lakin Sonanın doğmaları qəti şəkildə bu nikahın əleyhinə olurlar.
Bəlkə də elə buna görə dünya gözəli ömrü boyuailə xoşbəxtliyinə həsrət qalır. Tezliklə ana olmaq arzusu ilə yaşayan Sona xanımın övladı olmur. 1917-ci ildə Rusiyada baş verən hadisələr nəticəsində ailə müflisləşir. Sona xanım yenidən özünə qapanır... Bu dəfə isə onu bu çətinlikdən çıxaracaq əzizləri yox idi yanında. Ona görə də ömrü boyu sıxıntılar içində yaşayır.
Sona xanım Mehmandarovanın sonrakı taleyi haqqında N.Əbdülrəhmanlı “Qəbri bilinməyən dünya gözəli” adlı məqaləsində yazır: “Araşdırmalardan məlum olur ki, Sona xanım Mehmandarova ötən əsrin 20-ci illərində Moskvada yaşayıb. Güman ki, yaşayış yerini dəyişməsində yaxın münasibətdə olduğu RSFSR-in maarif naziri (1929-cu ilədək) Anatoli Lunaçarskinin himayəsi başlıca rol oynayıb. Çünki “qara siyahı”ya düşmüş Mehmandarovların soyuna mənsub olmaq həmin dövrdə ciddi təhlükə idi”.
Onu da qeyd edim ki, 1930-cu illərdə Mehmandarovlarlayanaşı, Talışinskilər də taleyin amansız acılarını yaşayırdılar. Sürgünlər, həbslər... Deyilənlərə görə, Sona xanım o illərdə izini itirmək üçün bütün sənədlərini və şəkillərini yandırıb, məhv edib.
Sovet hakimiyyəti illərində daima qorxu içində yaşayan Sona xanım Bakıya bir də 1966-cı ildə qohumlarının təkidi ilə gəlir və bir neçə ildən sonradünyasını dəyişir.
Bəzən qadınların ömür boyu can atdıqları gözəllik onlara xoşbəxtlik yox, bədbəxtlik gətirir. Doğrudan da bir qadın üçün xoşbəxtlik zəngin, dəbdəbəli həyat deyil, sevimli, vəfalı ömür-gün yoldaşına və ağıllı övlada sahib olmaqdır.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər