Dünyanı ən gözəl Karmeni olan azərbaycanlı
Onu alqışlayanlar arasında
Şalyapin də var idi
Onun parlaq şəxsiyyəti, misilsiz
istedadı və qeyri-adi xarici gözəlliyi bəstəkar və musiqişünasların, eləcə də
musiqisevərlərin diqqət mərkəzində olub. Bu gün də haqqında söhbət düşəndə
"Opera səhnəmizin ulduzu”, "Səhnənin bənzərsiz Karmeni” deyə yad edirlər. Bu
şöhrət və peşəkarlığı əldə edənə qədər isə Fatma Muxtarovanın həyat və
yaradıcılıq yolu mürəkkəb və keşməkeşli olub.
Balaca şarmankaçı
Haqqında yazılan kitablar isə aktrisanın həyat yolu haqqında müfəssəl
məlumat verir. Fatma Rzayeva 1893-cü il fevralın 25-də Cənubi Azərbaycanın
Urmiya şəhərində doğulub. O zaman azərbaycanlılar Cənubi Azərbaycandakı ağır
həyat şəraiti üzündən ailələri ilə birgə qazanc dalınca ya Şimali Azərbaycana,
ya da Rusiyanın müxtəlif şəhərlərinə gedirdilər. Rzayevlər ailəsi də 1905-ci
ildə Volqa boyundakı şəhərlərdən birinə köçür. Uşaqlıqdan musiqi istedadına
malik olan Fatmanın oxuyub rəqs etməsi ətrafdakıların diqqətindən yayınmır.
Atasının ölümündən sonra atalığı Səttar Muxtarov, öz nəğmə və rəqsləri ilə
insanları cəlb edərək qəpik-quruş qazanan qızı qazanc dalınca, demək olar ki,
küçələrə qovurdu. Zaman keçir və Fatma böyüyürdü. Artıq o, qatarlarda
gizlənərək Volqa boyunun Həştərxandan tutmuş Yaroslavla qədər bütün şəhərlərini
müstəqil olaraq gəzə bilirdi. Bir qədər pul toplayaraq özünə xalq arasında
nəvazişlə "katerinka” adlandırılan şarmanka alır. Elə məhz buna görə də şarmankaçı
Fatma Muxtarovanı Katya Muxtarova çağırmağa başladılar. "Elə bir şəhər yox idi
ki, tale bizi ora qastrola aparmasın. Boyum balaca idi deyə, məni üçüncü
dərəcəli vaqonda pulsuz aparırdılar. Mən aşağıda gizləndiyimdən, yalnız
vaqondakıların ayaqlarını görürdüm. Bir də konduktor qorxusu var idi. Qatarın
pəncərəsindən görünən mənzərələr haqqında heç təsəvvürüm belə yox idi. Həmişə
maraqla gözləyirdim ki, qatardan düşəndə hansı mənzərə ilə qarşılaşacağam.
Soyuq, qarlı bir şəhərdən sonra qəfildən günəşlə, istiliklə, yaşıllıqla
qarşılaşırdım. Ən çoxTiflisdə qazanırdım. Oranın camaatı çox xeyirxah idi
və mahnıları sevirdi. Görürdün ki, hansısa gürcü qədəhi şərabla doldurub
içərisinə 5 və ya 10 manatlıq pul atdı: "Əgər içsən qədəhin dibindəki pul
sənindir”. Ya da alnıma əskinas yapışdırdılar ki, "belə oxu”- deyə aktrisa
xatirələrində yazırdı.
Bakı qastrolunun gətirdiyi
müvəffəqiyyət
1912-ci ildə Saratovda musiqi məktəbinin bazasında Konservatoriya
yaradılanda musiqi təhsili almaq üçün Katya Muxtarova ora müraciət etməyi
qərara alır. «Saratov konservatoriyasının bütün professorları, mənim yeddi
notdan ibarət, şaxta və istidə oxumaqdan xırıldayan səsimdən bir şey
çıxmayacağını deyərək, məni öyrətməkdən imtina etdilər». Yalnız professor
M.Y.Medvedyev qızla məşğul olmağı və nəticəni bir aydan sonra aydınlaşdırmağı
qərara alır. Möcüzə elə göz qabağında baş verirdi, təbiətən istedadlı olan qız
heyrətləndirici müvəffəqiyyətlər əldə edir, hər iki gündən bir diapazonda
növbəti not meydana gəlirdi. "Artıq iki həftədən sonra Mixail Yefimoviç məni
öyrətməyi öhdəsinə götürdü və mən hələlik xəzinə hesabına oxumağa qəbul
edildim”. Dərs ilinin sonunda o Rubinşteynin "Çöllər qızı” operasından ariyanı
oxuyurdu. Konservatoriyanın tələbəsi olduğu müddətdə, Fatma hələ öz ailəsi ilə
yaşayırdı. Yay tətillərində Fatma Muxtarova qazanc dalınca müxtəlif
antreprenyorlarla "Qaraçı romansları və rus mahnıları ilə” qastrollara getməyə
məcbur idi. Bakı ona müstəsna müvəffəqiyyət gətirir və burada ona xüsusi diqqət
yetirirlər. Belə gəlişlərdən biri haqqında 21 iyun 1913 il tarixli "Kaspi”
qəzeti xəbər verir: "Dünən Həştərxandan Bakıya yolüstü Zakaspiysk və Türküstan
diyarında, Pavoljyedə məşhur olan xalq müğənnisi Muxtarova, xalq müğənnisi
Anikina, xalq müğənnisi Kamil Mutıqi Tuxvatullin gəlmişlər. Müğənnilər yalnız
cəmi bir konsert verməyi təxmin edirlər. Povoljye qəzetlərinin yazdıqlarına
görə, onlar hər yerdə çox böyük müvəffəqiyyətə nail olurdular. Konsert rus və
tatar dillərində veriləcək”. Bir neçə gündən sonra "Kaspi” qəzetində yenə bir
elan verilir: "Məşhur müğənni Katya (Fatma xanım) Muxtarova yenə bir konsert
verəcək (kontralto)». Konsertlə bağlı şəhərdə vurulan afişalarda şarmankanın
sədaları altında süzən qəşəng qız təsvir edilir. Bakıda verilən konsertlərlə
yanaşı, povoljye artistlərinin vokal çıxışları xüsusi yer tuturdu. Onlar
müsəlmanların vokal sənətinə cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb
edirdilər. Ancaq, Katya Muxtarovanın çıxışına, müğənninin vokal qabiliyyətləri
və səhnə ustalığı kifayət qədər təfsilatla təhlil edilən musiqi tənqidçisinin
rəyi həsr edilir. Resenzent yazırdı: «Xanım Muxtarovanın vokal vasitələri nə
qədər zəngindirsə, zövqü bir o qədər yoxsuldur. Bu, onun bizə təqdim etdiyi
repertuardan bəllidir. Repertuarda xalq mahnıları və qaraçı coşqunluğu ilə ifa
edilən romanslar üstünlük təşkil edir. Ceyran otu kimi incə kontralto
reqistrlərini nümayiş etdirmək imkanı olan yerdə, müğənni, şübhəsiz, öz səsinin
zənginliyini dəyərsizləşdirərək boğaz səsinə keçir». Daha sonra Muxtarovanın
ünvanına "O, Saratov Konservatoriyasındakı sistematik təhsilini konsert
səhnəsinə çox erkən dəyişdi”- deyə məzəmmət səslənirdi.
Fatma Muxtarovanın konsertinə Azərbaycan incəsənətinin M.Maqomayev və
H.Sarabski kimi qabaqcıl xadimləri diqqət yetirirlər və gənc müğənninin ağır
vəziyyəti barədə xəbər tutaraq ona kömək etməyi qərara alırlar. «Hələ onda
müğənninin yaradıcılıq mahiyyətini duyan H.Sarabski bu işdə çox enerji və
işgüzarlıq göstərir. Fatma Muxtarovanı Hacı Zeynalabdin Tağıyevin bağına
gətirirlər. O, bağın təmtərağına heyran qalır. Gənc müğənni milyonçu üçün
akkompanement altında bir neçə mahnı oxuyur. Ancaq Şövkət Məmmədovanın İtaliyada
təhsil alması üçün əvvəlcə təqaüd ayırmış, sonralar isə kəskin tənqidlərə görə
yardımını kəsməyə məcbur olmuş Tağıyev acı təcrübədən sonra gənc müğənniyə
təhsilini davam etdirməsi üçün yardım göstərməkdən imtina edir». Onda
H.Sarabski digər Bakı mesenatına - Murtuza Muxtarova müraciət etməyi qərara
alır. Burada F.Muxtarova Bakı neft milyonçusu və onun xanımı Liza xanımla tanış
olur. M.Muxtarov «Nicat» müsəlman xeyriyyə cəmiyyətinin sədri kimi tanınırdı.
Özü xalq arasından çıxan bir insan olduğu üçün o, gənc müğənniyə yardım
etməkdən imtina edə bilmədi. Milyonçu, Fatma Muxtarovanın təhsilini davam
etdirməsi üçün hər ay Saratova təqaüd göndərməyi öhdəsinə götürür.
Şalyapinlə bir səhnədə
F.Muxtarova Saratov Konservatoriyasını müvəffəqiyyətlə bitirərək
Moskvaya köçür, orada o, ərinin qohumlarının köməyi və məsləhəti ilə məşhur rus
müğənnisi Şalyapinlə görüşmək imkanı əldə edir. Gənc müğənnini dinləyən
F.I.Şalyapin onun vokal imkanları barədə yüksək fikir söyləyir və onu Moskva
opera teatrlarından birinin sahibkarı S.Ziminlə tanış edir. Baş rolda
Şalyapinin çıxış edəcəyi, V.Serovun "Yudif” operasında gənc müğənniyə Oloferni partiyasını ifa etməyi tapşırırlar.
Bu, Fatma xanımın yaradıcılıq fəaliyyətində dönüş nöqtəsi olur.
Bu ifa Fatmanın peşəkar müğənni kimi opera səhnəsində ilk çıxışı idi
və onun taleyi bu kiçik roldan asılı idi. Səhnəyə çıxandan sonra o, özünü
yüngül və sərbəst hiss edir, tamaşanın bütün iştirakçılarının diqqətini cəlb
edən metso-soprano səsini bütün gözəlliyi ilə nümayiş etdirməyi bacarır.
Fasilədə onu alqışlayanlar arasında Şalyapin də var idi.
Bu tamaşadan sonra opera müğənnisi Rusiya və Qərbi Avropa
operalarında müxtəlif partiyaları ifa edərək, 1917-ci ilə qədər teatrda
işləyir. «Əgər dünya vokal üslubu haqqında məsələyə tarixi nöqteyi-nəzərdən
yanaşsaq, onda görərik ki, Yaxın və Uzaq Şərq ölkələri arasında vokal üslubunu
mənimsəyənlər sırasında məhz Azərbaycan müğənniləri birincidirlər. Bu məsələdə
nadir ifa edilən partiyaların seçilməsində azərbaycanlı müğənni Muxtarovanın
nümayiş etdirdiyi cəsarət qiymətsizdir»- deyə mətbuat yazırdı. Tembrinə görə
çox xoşagələn, eyni zamanda qüvvətli metso-soprano səsin sahibi, Muxtarova bu
cür səs üçün yazılan çətin partiyaların öhdəsindən çox gözəl gəlirdi. Bunlardan
"Qaratoxmaq qadın” operasından Polinanın partiyası, "Mazepa” operasından
Lyubovun partiyası, "Çereviçki” operasından Saloxanın partiyası, "Qar qızı”
operasından Baharın partiyası, "Çar gəlini” operasından Lyubaşanın partiyası,
"Xovanşina” operasından Marfanın partiyası, "Faust” operasından Zibelin
partiyası və bir çox başqaları qeyd oluna bilər.
Fatmanın Karmeni
Fatma Muxtarovanın yaradıcılığında "Karmen” obrazı xüsusi yer tutur.
1923-cü ildə Bakıya gələn məşhur rus rəssamı I.Brodski opera teatrında
J.Bizenin "Karmen " tamaşasında iştirak edir. Karmen rolunu Muxtarovanın
ifasında dinləyərək müğənnini "Dünyanın
ən gözəl Karmeni” adlandırır. Azərbaycan teatr səhnəsində 15 il ərzində Fatma
Muxtarova ilə çıxış edən artist Ağababa Bünyadzadə (Eskamilio rolunun ifaçısı)
öz xatirələrində yazırdı: "Fatma xanım Karmen rolunu ifa etdikdən sonra mən bu
rolun çoxlu ifaçılarını görmüşəm. Lakin onun yaratdığı obraz mənim ürəyimdə
əbədi iz qoyub. Bütün varlığı ilə səhnədə oynayan F.Muxtarova, qəhrəmanın
daxili aləmini açıqlayırdı. Onun baxışları həmişə dediyi sözlərlə uyğun
gəlirdi. Onun iri qara gözlərində məhəbbət və nifrət eyni dərəcədə güclü idi”.
"Karmen” operası ilk dəfə Azərbaycan dilinə Nigar Rəfibəyli
tərəfindən tərcümə edilib və Fatma Muxtarova 1946-cı ildə Opera Teatrında
"Karmen”i Azərbaycan dilində oxuyan yeganə müğənni idi. Bu tamaşada olan məşhur
Azərbaycan bəstəkarı Q.Qarayev, "Karmen”in Azərbaycan dilinə tərcüməsinə yüksək
qiymət vermiş, eyni zamanda F.Muxtarovanın vokal və səhnə ustalığını yüksək
qiymətləndirmişdi.
1928-ci ilə qədər Fatma Muxtarova öz istedadının pərəstişkarlarını,
eləcə də dostlarını sevindirmək üçün hərdən Bakıya da gələrək Rusiyanın
müxtəlif şəhərlərinə qastrol səfərlərini davam etdirirdi.
Yalnız 1928-ci ildə F.Muxtarova daimi yaşamaq üçün Bakıya köçür və
Azərbaycan opera səhnəsinin ən parlaq şəxsiyyətlərindən biri kimi bir-birinə
bənzəməyən obrazlar yaradaraq, 1953-cü ilə qədər Opera Teatrında işləyir.
Sonralar Muxtarova bir çox mükafatlara, o cümlədən Azərbaycan SSR Xalq artisti
fəxri adına layiq görülür. Buna baxmayaraq, onun nəvəsi Svetlana Kuroçkinanın
sözlərinə görə, Fatma xanım ömrünün son günlərinə qədər nə öz dostlarını
(Müslüm Maqomayevi, Hüseynqulu Sarabskini), nə ən ağır günlərində onun köməyinə
gələnləri, nə də ondan öz ölümünə qədər
maddi köməyini əsirgəməyən Murtuza Muxtarovu unutmurdu.
Fatma Muxtarova teatrdan
ayrılandan sonra ömrünün 19 ilini sakit, səssiz yaşayıb. Sənəti ilə bağlı sənədləri,
fotoları toplamağı ona ən böyük təsəlli olub.
Təranə Məhərrəmova