Dünyada tanınan sənətkarlarımız niyə yoxdur?
Vətənini, millətini sevən hər kəs sidq ürəklə, təmənna
ummadan Azərbaycan mədəniyyətinin inkişafı və dünyada təbliği üçün çalışmalıdır
Müxtəlif ölkələrdə doğulmuş, amma bütün dünyada məşhur
olan kino və teatr xadimləri tanıyırıq. Musiqi dünyasında bizim də Üzeyir Hacıbəyli,
Rəşid Behbudov, Müslüm Maqomayev kimi dəyərli sənətkarlarımızın imzası var. Amma
təəssüf ki, dünya səviyyəli aktyor və rejissorlarımızın adlarına rast gəlməmişik.
Bəs görəsən bizim dünyaya təqdim edəcəyimiz və sərhədlərimizdən kənarda da qəbul
edilib seviləcək aktyor və rejissorlarımız niyə yoxdur?
Xalq artisti Rasim
Balayev aktyorlarımızın beynəlxalq müstəvidə tanınmamasının
müxtəlif səbəblərinin olduğunu vurğuladı: "Əlbəttə, hər bir sənətkar istəyər
ki, onu bütün dünya tanısın. Bizim işimiz rejissorun dediyi obrazı
canlandırmaqdan ibarətdir. Biz təşkilatçı deyilik, sadəcə icraçıyıq. Görünür, təşkilatçılıq
qabiliyyəti və beynəlxalq kino təşkilatları ilə əlaqəsi olan prodüserlərimiz
yoxdur. Bu sahə bizdə o qədər də inkişaf etməyib. Biz Sovet dövrünün
insanlarıyıq. Gənc vaxtlarımızda çəkilən filmlər ən uzağı Rusiyaya gedirdi.
Bizim özümüzün isə xaricə getmək, orda çalışmaq kimi imkanımız yox idi. Bu kimi
məsələlər Moskvada həll olunurdu. Onlar da beynəlxalq festivallara öz filmlərini
göndərirdilər. Ona görə də bu müstəvidə tanınmaq bizdən asılı olmayıb. Bizə o
dönəmlər dünyada tanınmaq üçün şəraiti yaratmırdılar. Bu gün tamam başqa bir zəmanədir,
hər bir gənc özü maraqlanır və dünyaya çıxır. Bir də əsas məsələ budur ki,
bizim indi dünyaya çıxacaq filmlərimiz çəkilirmi?"
Sənətşünaslıq üzrə
fəlsəfə doktoru, teatrşünas Elçin Cəfərov isə deyir ki, biz
öz dəyərlərimizi və dəyərlilərimizi lazımınca tanıda, təbliğ edə bilmirik:
"Bu yaxınlarda İsveçdə yaşayan rejissor dostumuz Əlif Cahangirlə
danışırdıq. Əlif İnqmar Berqman və İsveç xalqının ona münasibəti haqqında
danışdı və bir fikir səsləndirdi ki, əgər Vaqif İbrahimoğlu isveçli olsaydı, burada
ona heykəl qoymuşdular. Bəs, biz dünya səviyyəli Azərbaycan rejissoru Vaqif
İbrahimoğlu üçün neylədik? Hətta Səməd Səmədovun, Röyanın aldığı "Xalq artisti”
adını ona layiq bilmədik. Azərbaycan teatrında inqilab yaradan, onlarla
istedadlı sənətkarın yetişməsində müstəsna xidmətləri olan, milli teatr ənənələri
ilə dünya təcrübəsini uğurla birləşdirən, bir çox məqamlarda dünyada gedən
teatr proseslərini qabaqlayan rejissorumuz dünyadan "Əməkdar artist” kimi
köçdü. Prezident təqaüdünə layiq görülməsi haqqında xəbəri isə ölüm ayağında
aldı və Vaqif müəllim o təqaüdü nə özü ala bildi, nə də ailəsi. Heç AAK-dan
professor elmi adı da almadı. Hərçənd ki, bu gün iki cümləni ard-arda qurmağı
bacarmayan "manıs” təfəkkürlü adamların adlarını "Xalq artisti, professor” kimi
titullar süsləyir. Təbii ki, məsələ fəxri adda, təqaüddə deyil, sənətə və sənətkara
verilən dəyərdə, meyarlar sistemindədir".
E.Cəfərov Azərbaycanda bütün sahələrdə, o cümlədən
teatr sahəsində dünya miqyasında təbliğ edilməyə layiq sənətkarlar və sənət təzahürləri
olduğunu qeyd edir: "Sadəcə, nə mədəniyyət siyasətinin başında dayananlar,
nə də həmin zəncirin daha aşağı həlqələri bu barədə düşünüblər. Azərbaycan mədəniyyətini
təbliğ etmək, tanıtmaq, dünya miqyasına çıxarmaq kimi bir vəzifələrinin
olduğunu unudublar. Eyni zamanda, bəzi müğənnilərə xərclənən pullar gerçək mədəniyyət
xadimlərinə, elm adamlarına xərclənsə idi, indi yəqin ki, Azərbaycan mədəniyyəti
dünya çapında tanınardı.
Lap yaxınlarda öz təşəbbüsümlə Azərbaycan mədəniyyətinin
və incəsənətinin təbliği, sizin qaldırdığınız məsələyə müvafiq, görkəmli sənətkarlarımızın
dünya miqyasında tanıdılması istiqamətində bu günə qədər nə dövlət, nə ictimai
təşkilatlar, nə də fərdlər səviyyəsində həyata keçirilməmiş böyük bir layihəyə
başlamaq niyyətindəyəm. Ancaq bəri başdan bilirəm ki, nə aidiyyatı qurumlar, nə
hansısa təşkilatlar, nə də pullarını mənasız, sosial şəbəkələrdə gülüş hədəfinə
çevrilən əməllərə sərf edən imkan sahibləri bu layihəyə dəstək olacaqlar. Ümid
qalır, yenə Azərbaycanı, onun mədəniyyətini, incəsənətini sevən və millətimizin
imzasının imzalar içində olmasını istəyən bir ovuc həqiqi ziyalıya, entuiziast
gəncə. Əlqərəz, başı dolu, cibi boş bir para fəqir-füqəraya. Halbuki, bu, milli
qeyrət və heysiyyat məsələsidir və vətənini, millətini sevən, milli mədəniyyət
və incəsənətinə dəyər verən və onun dünyada tanınmasını istəyən hər kəs belə təşəbbüslərə
dəstək olmalı, quş qoymaq, xal qazanmaq, kiminsə gözünə girmək üçün yox, sidq
ürəklə, təmənna ummadan Azərbaycan mədəniyyətinin inkişafı və təbliği üçün
çalışmalıdır. Əgər bu gün Azərbaycan incəsənətinin nümayəndələri dünya
miqyasında tanınmırsa, demək ki, biz bunu yetərincə istəmirik və milli mədəniyyətimizlə qürurlanmağa layiq deyilik".
Gənc kinorejissor
Amil Amal deyir ki, hər işdə effektivliyin 2 elementi var: əldə
olunan nəticə və əldə etməyin resursları: "Resurs kimi isə 3 əsas tip var.
Fiziki, maliyyə, insan. Adını çəkdiyiniz korifey sənətkarların dönəmində bu 3 əsas
resurs tipləri bir yerdə mütəşəkkil olub, qərar tutub. Sənət nümunələri
dünyanın hər bir yerində dinlənilsə, baxılsa, oxunulsa, öz aktuallığını və
müasirliyini itirməz. Ancaq indiki kapitalizm dövründə 2 resurs olsa da, ən əsas
resurs - insan amili geridə qalır. İnsan faktorunun resurs kimi ortaya çıxması
üçün onun təhsili, dünyagörüşü və təcrübəsi çox mühüm şərtlərdən biridir. Bizdə
incəsənətin bütün sektorlarındakı yaradıcı adamlara baxsanız görərsiniz ki, sənətkarların
demək olar ki, hamısı özündən sonra iz qoymaq istəyir. Ancaq həmin yaradıcı
adamlar bərkimiş daş kimi olan asfaltın üzərində olduqlarını nəinki görmək, hətta
fərqinə varmaq istəmirlər. Sözün məcazi mənasında, bədii obrazlı şəkildə desəm,
iz qoymaq üçün palçıqlı, torpaqlı yolda olmaq lazımdır. O palçıqlı, torpaqlı
yol ki, yuxarıda bildirdiyim əsas insan faktorunu formalaşdıran amilləri - təhsili,
dünyagörüşünü və təcrübəni özündə əks etdirir. O əksetdirmə, öz növbəsində
zaman tələb edir. Yaradıcı adamın öz daxili dünyası olmalıdır. Bizdə nəinki öz
dünyası olan adam, öz ölkəsini tanımayan, öz rayonunu tanımayan, öz kəndini bəyənməyən,
öz ailəsini özündən uzaq tutan adam dünyaya çıxmaq istəyir. Yəni, öz dünyası
olmayan adamlar belə, dünyaya çıxmaq istəyirlər. Anlamırlar ki, öz dünyam elə məndən,
ətrafımdan başlayır. Dünya əslində elə mənim özüməm. Özündən Amerika kəşf edən
kimi, özündən Azərbaycan kəşf etmək istəyirlər".
Rejissor qeyd edir ki, bu gün də ölkəmizi dünyada təmsil
edən sənətkarlar kifayət qədərdir: "Onları qətiyyən danmaq olmaz, əksinə,
onlarla fəxr edirik. Ancaq təəssüf ki, sayları azdır. Səbəblərdən biri də bizim
sənət anlayışına sinergetikasız yanaşmağımızdadır. İstər kino, istər musiqi
(orkestr), istər teatr, istər ədəbiyyat (dünya çapında dərc olunmaq), istər rəssamlıq
(sərgilər) və s. bunlar sinergetikdir. Yəni kollektiv sənətdir. Düzdür, bu yerdə
deyə bilərsiniz ki, ədəbiyyatda, rəssamlıqda nə kollektivlik? Ancaq yox. Heç də
belə deyil. Bəlkə də elə belə düşündüyümüz üçün ciddi işlərimiz ortaya çıxmır.
Hər hansı bir kitabın yazılmağı sırf bır yazıçıdan asılıdırsa, həmin kitabın
bestseller olmağı və dünya çapına çıxmağı artıq marketinqin və dolayı dillə desəm,
böyük bir komandanın işidir. Bizdə yazıçı bütün işi öz öhdəsinə götürür. Eləcə
də rəssamlıq, musiqi və digər sahələr də onun kimi. Bütün bu kollektivsizlik isə
öz növbəsində hər bir yaradıcı adamın ikinci, üçüncü və beləliklə, ömrü boyu
bütün işlərinə maddi və mənəvi cəhətdən mənfi təsirlərini mütləq göstərir. Son
vaxtlar eşitdiyim ən gözəl məsəllərdən birini qeyd etmək istəyirəm. Biri var fəhlə,
biri var usta, bir də var sənətkar. Fəhlə işinə fiziki olaraq yanaşandır. Usta
həm fiziki, həm də ağılla yanaşan, sənətkar isə həm fiziki, həm ağılla, həm də
ürəklə yanaşandır. Bu üç əsas faktor olanda, qalır, o sənətkarı dünyaya
çıxarmaq".
Xəyalə Rəis