• cümə axşamı, 28 mart, 21:16
  • Baku Bakı 13°C

Dünyada qaçqın və məcburi köçkünlərin sayı rekord həddə çatıb

23.06.20 17:28 6375
Dünyada qaçqın və məcburi köçkünlərin sayı rekord həddə çatıb
Öz yaşayış yerindən didərgin düşən insanların çoxalmasına səbəb silahlı münaqişələr, müharibə, zorakılıq və təqib qorxusudur
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) yaydığı hesabatda qeyd olunub ki, dünyada qaçqın və məcburi köçkünlərin sayı yenidən rekord həddə çatıb. Silahlı münaqişələr, müharibə, zorakılıq və təqib qorxusu ilə əlaqədar dünya əhalisinin təxminən bir faizi öz yaşayış yerini tərk etməyə məcbur olub. Hesabatda bildirilib ki, son on ildə dünyadakı qaçqınların sayı 40 milyon nəfərdən 79,5 milyon nəfərədək, yəni, təqribən iki dəfə artıb. Bu, təşkilatın yetmiş illik tarixində ən yüksək göstəricidir.Hesabatda vurğulanıb ki, son bir ildə dünyadakı qaçqınların sayı 9 milyon nəfər və ya 12 faiz artıb. Belə yüksək artım, eyni zamanda, beynəlxalq qurumun Venesueladakı vəziyyətlə əlaqədar vətənini tərk edən insanları yeni kateqoriya üzrə siyahıya alması ilə əlaqədardır. Öz ölkəsini tərk edərək başqa ölkəyə pənah aparanların sayı son bir ildə dəyişməz qalaraq 26 milyon nəfər olub. Ölkədaxili məcburi köçkünlərin sayı isə 41,3 milyon nəfərdən (2018-ci ilin sonu) 45,7 milyon nəfərə (2019-cu ilin sonu) yüksəlib. Eyni zamanda, başqa ölkədən sığınacaq istəyənlərin sayı da 3,5 milyon nəfərdən 4,2 milyon nəfərədək artıb. Qaçqın statusuna aid olmadıqlarına görə, BMT QAK bu kateqoriyadan olan insanları ayrıca qruplaşdırıb.


1 milyon 200 mindən çox azərbaycanlı qaçqın
Buradaca qeyd etmək yerinə düşər ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb. Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Ahıska türkü də Azərbaycanda sığınacaq tapıb. Ermənistan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsini zorla boşaldıb. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədilib - 6000 azərbaycanlının yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edilib. Beləliklə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq respublikanın 62 şəhər və rayonunda məskunlaşıb. Hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min insan müxtəlif dərəcəli xəsarət alıb. Hazırda Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın, məcburi köçkün və qaçqın statusu almaq niyyətində olan şəxs var.

Siyasi iradə, sosial-iqtisadi potensial
Azərbaycan dövləti öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini hər zaman bir nömrəli vəzifəsi hesab edib. Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və xalqımızın bu ən ağrılı probleminin həlli üçün zəruri strategiya müəyyənləşdirilib.Sonrakı dövrdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir. Hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələri Mehriban xanımın tapşırığı ilə yeni mənzillərlə birinci növbədə təmin edilirlər. Ümumiləşdirsək, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur. Özü də bu, heç bir beynəlxalq konvensiyaya, ya da öhdəliyə əsaslanmır, sadəcə, Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi, dövlətimizin siyasi, sosial-iqtisadi potensialının göstəricisidir.

"Böyük Qayıdış” proqramı
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı fəaliyyəti iki istiqamətdə qurulub. Birincisi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli tapılanadək müvəqqəti olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsidir. Bu sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, yüzdən artıq yeni qəsəbə salınıb. Görülən fəaliyyətin nəticəsi olaraq, ötən illər ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb. İkinci istiqamət isə dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla "Böyük Qayıdış” proqramının hazırlanmasıdır. Bu istiqamətdə atılan ilk iki addım kimi, Cocuq Mərcanlı kəndini və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsini göstərmək olar. Hər iki istiqamət üzrə həyata keçirilən tədbirlərin başlıca məqsədi odur ki, "Böyük Qayıdış” proqramı tam icra olunsun.
Yerinə yetirilməyən qətnamələr
Lakin Ermənistanın öz işğalçılıq siyasətini bu gün də davam etdirməsi, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin yerinə yetirilməməsi, rəsmi İrəvanın sülh danışıqlarında nümayiş etdirdiyi qeyri-konstruktivlik münaqişənin həllini uzatmaqla bərabər, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozur. Məlumat üçün qeyd edək ki, 30 aprel 1993-cü il tarixli 822 saylı qətnamə Kəlbəcərinişğalından sonra qəbul edilib. Qətnamə bölgədəki hərbi əməliyyatlara son qoyulmasını,erməniqoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal olunmuş Azərbaycantorpaqlarından geri çəkilməsini tələb edir. 29 iyul 1993-cü il tarixli qətnamə də bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdam və son dövrlərdə işğal etdiyiAzərbaycantorpaqlarından geri çəkilməsini, həmçinin 822 saylı qətnaməyə əməl olunmasını tələb edir.
Bütün təsir vasitələrindən istifadə
14 oktyabr 1993-cü il tarixli qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraqerməniqoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust1993), Qubadlı (30 sentyabr) və digər ərazilərdən geri çəkilməsini tələb edir. Qətnamədə, həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapır. 12 noyabr 1993-cü il tarixli qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistandanermənilərin qondarma respublikası üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilir. Qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmişZəngilan rayonuda daxil olmaqla, digər rayonlardanermənisilahlı dəstələrinin çıxması tələb olunur. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edilir. Əfsuslar olsun ki, indiyə qədər bu tələblər yerinə yetirilmir.
Dünya siyasətinin formalaşmasında ikili yanaşma
Maraqlı məqam burasıdır ki, BMT Təhlükəsizlik Şurasının 2011-ci ildə Liviyada cərəyan edən hadisələrlə bağlı haqlı olaraq qətnamə qəbul etməsi və məlum qərarının operativ icrası, beynəlxalq birliyin Müəmmar Qəddafinin nəzarətində olan silahlı qüvvələrə qarşı dərhal hərbi əməliyyatlara başlaması, bu prosesə NATO-nun da qoşulması bir sıra məntiqi sualların ortaya çıxmasına səbəb olur. Liviyada diktatora qarşı BMT Təhlükəsizlik Şurasının çıxardığı bir qətnamə dərhal və böyük iradə ilə icra olunduğu halda, eyni təşkilatın Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi 4 qətnamə 27 ildir ki, icra edilmir. Bu hal dünya siyasətinin formalaşmasında, millətlər və dövlətlərarası münasibətlərin inkişafında mühüm təsirə malik ölkələrin ikili siyasətindən xəbər verir. Eyni zamanda bu vəziyyət, yəni Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsi, işğalçılıq siyasəti aparan dövlətlərin cəzalandırılmaması yeni münaqişə ocaqlarının yaranmasına, dünyada öz yaşayış yerindən didərgin düşən insanların sayının artmasına səbəb olur. Misal üçün, Dağlıq Qarabağ münaqişəsinə, erməni separatizminə münasibətdə böyük dövlətlərin, xüsusən də münaqişənin sülh yolu ilə tənzimlənməsinə məsul olan ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrin - ABŞ, Rusiya və Fransanın seyrçi mövqe tutması Moldovada Dnestryanı, Gürcüstanda Abxaziya və Osetiya, Ukraynada Luqansk və Donetsk kimi münaqişə ocaqlarının yaranması, Krım yarımadasının işğal olunması ilə nəticələnib.

Ləyaqətlə öz torpağına qayıtmaq hüququ
Ümid edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də Liviyaya dair qətnamə kimi, qətiyyətlə icra ediləcək, bir sıra münaqişələrlə yanaşı, Dağlıq Qarabağ problemi də həllini tapacaq. Bununla da qaçqın və məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edəcəklər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər