AZE | RUS | ENG |


“Dünyada heç kəsin təkbaşına uğur əldə edəcəyinə inanmıram”- Uğur hekayəsi

“Dünyada heç kəsin təkbaşına uğur əldə edəcəyinə inanmıram”- Uğur hekayəsi
Rəhman Rəsulzadə: “Bizim şagirdlər fərdi olaraq amerikalı və yaponiyalı şagirdlərdən üstündür, əskik olan komanda ruhudur”


Yaponlara görə, uğurlu olmağın səbəbi çox işləmək, amerikanlara görə, ortaya yeni ideyalar qoymaqdır. Onun düşüncəsinə görə isə, uğurlu olmağın sirri, fərqli düşüncəyə malik insanların bir komanda kimi işləməyi bacarmasıdır. Müsahibimiz Heydər Əliyev adına Neft Emalı Zavodunda böyük mühəndis, Xəzər Universiteti və Bakı Ali Neft Məktəbində müəllim və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təsisçisi Rəhman Rəsulzadədir.  
Qeyd edək ki, R.Rəsulzadə orta məktəbi Zaqatalanın Tala kəndində bitirib.
 
- Tələbəykən işə başlamısınız və elə tələbəykən müdir müavini vəzifəsinəcən irəliləmisiniz...
- İşə ikinci kursda oxuyanda yarımştat olaraq kompyuter kursunda administrator kimi başladım. Axşamlar kompyuter kursunda işləyir, səhərlər dərsə gedirdim. Günlərim yorucu olsa da, maraqlı idi. İnsan gənc yaşda məsuliyyətin nə olduğunu dərk edir. Ailədən uzaqda yaşayır və var gücümlə öz xərclərimi özüm  qarşılamağa çalışırdım. Ailədən iqtisadi baxımdan asılı olmamaq özünə güvəni artırır. Həm də insan əziyyət çəkib işlədiyi vaxt dərslərinə daha dərindən yiyələnmək istəyir. Vaxt az olduğundan, onu planlamağa və vaxtdan səmərəli istifadə etməyə çalışırsan.
2000-ci illərdə ölkəmizdə xüsusən tikinti sektoru həddindən artıq inkişaf etmişdi. Həmin illərdə "Evim İnşaat” adlı bir şirkət var idi. Kompyuter kursundan sonra orada  marketinq meneceri köməkçisi kimi işə başladım. 6 ay müddətində sırayla Marketinq, sonra Satınalma və tikinti  şöbələrinin rəisi vəzifəsinə qalxdım. Şirkətdə inkişaf etmək üçün yaxşı potensial var idi. Həmin dövrdə Bağırov körpüsünün keçidlərinin tikilməsində, "Alov qüllələri”nin, Heydər Əliyev Mərkəzinin tikintisində iştirak etdim. Çalışdığım özəl tikinti şirkətində direktorun müavini öz oğlu idi. İnkişaf strategiyası ilə bağlı bir məsələyə görə şirkətdə mübahisə yaşanmışdı. Şirkətin təsisçisi mübahisəli vəziyyəti aradan qaldırmağın yollarını müzakirə etmək üçün məni və oğlunu çağırdı. Hər ikimizi dinlədikdən sonra mənim strategiyamı bəyəndi və öz oğlunu başqa sektora keçirdi, məni isə onun yerinə müdir müavini təyin etdi. Özünüz təsəvvür edin, bu gün dünya reallığında hansı rəhbər belə addım atar?  Bugünkü təcrübəmdə o vaxtkı təsisçimin və "Evim inşaat” şirkətinin çox böyük rolu var.  O vaxt 19-20 yaşlarında idim.

 
 
- Kifayət qədər yaxşı işiniz var idi. Necə oldu Texniki Universiteti bitirdikdən sonra qalıb işinizə davam etməyi deyil, Amerikada təhsil almağı üstün tutdunuz?
- Çox gərgin iş rejimində işləyirdim. Həyatımın dönüş nöqtəsinə qərar verdiyim vaxt idi. İşim də, maddi gəlirim də çox yaxşı idi. Amma yerimdə saymaq istəmir, daim irəliləməyə meyllənirdim. Buna görə də sənədlərimi Amerikada bir neçə universitetə göndərdim və məni Texas ştatının Hyuston şəhərində Rice Universitetinə qəbul etdilər. Universitetin şərti belə idi ki, bir ildə yüz faiz nəticə göstərsəm, mənə təqaüd verəcəkdilər. O vaxt bütün qiymətlərim "A” idi. Bircə dənə erməni professorun mənə "B” yazması nəticəsində təqaüd ala bilmədim və universiteti dondurmaq məcburiyyətində qaldım. Bu zaman universitetdə mənə dərs deyən polşalı müəllimə dedi ki, orta məktəblərin birində robotexnika ilə bağlı mütəxəssisə ehtiyac yaranıb. Mənim mühəndislik təhsilim olduğu üçün onlara kömək edə biləcəyimi bildirdi. Robotexnika sahəsində təcrübəmin olmadığını dedim. Amma orada bir müəllimin 2 aylıq analıq məzuniyyətinə çıxdığından məni onun yerinə müvəqqəti işə götürdülər. Bu da robotexnikaya başlamağıma bir vəsilə oldu. Həmin vaxtdan çalışmağa ürək etmədiyim sahədə fəaliyyətimi inkişaf etdirməyə başladım.
 


- İki aydan sonra işdən çıxdınız?
- Bizi 2 ay sonra yarışmaya çıxarmalı idilər. Belə ki, Amerikada gəncləri təhsilə həvəsləndirmək, onlara motivasiya vermək üçün praktiki mühəndislik yarışları keçirilir. O yarışların ən məşhuru robotexnika yarışları idi. Mən də həmin vaxt məktəbin komandasını texniki məşqçi kimi yarışlara çıxarmalı idim. İki ay onları hazırlaşdırdım və  50 komanda içərisində 39-40-cı yerə çıxdıq. Çox pis nəticə idi. Buna görə şagirdlər məni  qınamışdılar. Gördüm ki, bu iş mənlik deyil, istefa ərizəmi yazdım. Kiçik Təhsil Nazirliyi formasında 4-5 məktəbə nəzarət edən amerikalı məmur mənə maraqlı bir təklif verdi. Dedi ki, "təcrübəniz olmasa da, içinizdəki inamı, qazanmaq ruhunu hiss etdim. Sizə təklif edirəm ki, bizdə tam ştatda müəllim işləyəsiniz. Mən sizin 1-2 il sonra uğur əldə edəcəyinizə inanıram”.
 
- Həmin məktəbdə işləməyinizi təklif etdi?
- Bəli, həmin məktəbdə. Mən etiraz etməyə çalışsam da, o, təklifində qaldı. Beləliklə, həmin il yenə məktəb şagirdlərini yarışlara hazırlamaqla yanaşı, həm də orta məktəblərdə kompyuter dərsləri verməyə başladım. Bir il sonra daha böyük yarışmaya qatıldıq. 380 komandanın iştirakı ilə Amerika çempionatı keçirilirdi. Bu dəfə yarışda məktəbimizdən 3 komanda iştirak edirdi. 380 komanda arasında komandalarımızdan biri birinci, digəri ikinci, o biri isə üçüncü yerə çıxdı. Demək olar, bütün yerləri qazanmışdıq. Bu motivasiya ilə demək olar Amerikada mövcud bir çox mühəndislik , robotexnika və texnologiya yarışlarına qatıldıq və qalib olduq.
 


- Bu cür gözəl nəticə göstərməyinizin səbəbi nə idi?
- Uğuru özümdə görmədim. Mənə görə həmin uğurların memarı o vaxt mənə uğursuzluq vaxtı etimad göstərən rəhbərimə aid idi. Digər bir səbəb də o idi ki, yarışa getmədən öncə məktəb daxilində komandaları yarışdırdım. Eyni məktəbin komandaları olmağına baxmayaraq, uşaqlar bir-birlərini udmağa köklənmişdilər. Bu da onlar arasında müsbət mənada rəqabət mühiti yaratdı. Maraqlı idi ki, 380 komanda arasında ikinci yerə çıxan komandamız, 378 komandanı udduqlarına sevinmirdi, öz məktəblərinin komandasına uduzduqlarına görə ağlayırdılar. Deyirdilər ki, biz onlardan daha yaxşı idik. Sonra təklif etdim ki, yarışda qalib gələn komandalar məktəbdə köməkçi-məşqçi kimi özləri komanda yaradıb uşaqları robotexnika sahəsində inkişaf etdirsinlər. Bu, həm də onların liderlik qabiliyyətlərini inkişaf etdirmələri baxımından vacib idi.
 
- Maraqlıdır ki, bir il ərzində robotexnikanı necə öyrəndiniz ki, həm də hazırlaşdırdığınız şagirdlər yarışmada qalib oldular…
- Şagirdlərin qalib gəlməsində ən böyük faktor komanda ruhunun əldə edilməsində idi. Bir də bu işə mənim təklifimlə valideynləri də qoşduq. Gördüm ki, uşaqları təkcə ələ almaq mümkün deyil, müəyyən problemlərimiz olur. Valideynlərini məktəbə dəvət etdik. Dedik ki, belə bir yarışmaya qatılacağıq. Texniki və ictimai bacarığı olan valideynləri proqrama cəlb etdik. Təsəvvür edin, minlərlə işçisi olan bir şirkətin rəhbəri uşağının xatirinə işdən tez çıxıb gəlib bizə kömək edirdi. Düşünürəm ki, valideyn, şagird və müəllim üçbucaq şəklində uğur əldə edə bilər.
Robotexnikaya bələdçiliyimə gəlincə, bu sahəyə bələd olmaq üçün gecə-gündüz dayanmadan çalışdım. İnternet resurslarının köməyi ilə biliklərimi artırdım. Əmin idim ki, çox çalışmaqla müəyyən uğur əldə edə bilərəm. İstənilən halda, birinci komanda ruhu, ikinci valideynlərin işə cəlb edilməsi, üçüncüsü də, özümün uşaqları və valideynləri koordinasiya etmək üçün müəyyən bilik əldə etməyim yarışmada bizi qalib etdi.
 


- Bəs dondurduğunuz magistratura təhsilini davam etdirə bildiniz?
- Xeyr. Buna görə də ikinci dəfə magistratura təhsilinə baş vurdum. Məktəbdə işləyəndə universitetlərlə layihələrimiz var idi. Texasda A&M Universitetinin kafedra müdiri mənə təklif etdi ki, məktəbdə müəllimliyimi davam etdirim, universitetlə layihədə çalışım, eyni zamanda, onların universitetində magistraturada oxuyum. Beləliklə, sözügedən universitetdə robotexnika mühəndisliyi üzrə təhsil aldım, təhsil haqqımı da universitet qarşıladı. Daha sonra SOCAR-ın təqaüd proqramı ilə Texas A&M Kollec Steyşın Universitetində elektrik mühəndisliyi sahəsi üzrə 2-ci magistr təhsilimi aldım. Qayıdandan sonra 5 il müddətində SOCAR-da işləməyimlə bağlı müqaviləmiz var.
 
- Amerikada qalıb işləmək imkanınız olduğu halda, vətənə dönməyə üstünlük verdiniz… Səbəb nə idi?

- Yeddi ilə yaxın Amerikada yaşadım. Düşündüm ki, hər kəs böyüyüb-başa çatdığı yerə aiddir. Qalmaq imkanım olsa da, yaşadığım yerə, qohumlarıma, yaxınlarıma, vətənimə bağlılığım bura qayıtmağıma səbəb oldu.
 


- İki ildir buradasınız. Gəldiyinizə peşman olmadınız?
- Yox. Olduğun yerin qiymətini bilmək lazımdır. Azərbaycanda gerçəkləşdirmək istədiyim müəyyən hədəflərim var. O hədəflərə yönəlik işlər görməyi düşünürəm. Bu baxımdan peşman deyiləm.
 
- Hədəfiniz nədir?
- Hədəfim xaricdə aldığım təhsil, təcrübə və bilikləri Azərbaycanda tətbiq etmək, gənclərimizlə bölüşməkdir. Qısa vədədə azərbaycanlı gənclərin istehsalat şüurunu, təfəkkürünü inkişaf etdirməkdir. Cənab prezidentin  neft kapitalını insan kapitalına çevirməklə bağlı fikri var idi. Bizim də  ən böyük şüarımız budur ki, neft gəldi-gedərdir, əsas insan kapitalıdır. Azərbaycanlı gənclərin həddindən artıq böyük potensialı var.
  
 

- Yeri gəlmişkən, Amerikada da, 5 ay Yaponiyada da olmusunuz. Azərbaycan, Amerika və Yaponiya şagirdləri arasında robotexnikaya maraq, robotexnikanı qavramaq baxımından çoxmu fərq var?
- Tam əminliklə deyə bilərəm ki, bizim şagirdlər amerikalı şagirdlərdən bacarıq, qabiliyyət, riyazi təfəkkür, məntiq baxımından çox-çox irəlidədir. Əskik olan komanda ruhudur. Biz azərbaycanlılarda belə bir xüsusiyyət var ki, orta məktəbdən ta istehsalata gedənəcən adətən komanda olaraq işləməyi çox da bacarmırıq. Bizdə bircə problem komanda ruhunun olmamasıdır, amma fərdi baxımdan azərbaycanlı gənclər həm yaponiyalı, həm də amerikalı gənclərdən çox yüksəkdədir.
 
 

- Necə oldu Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasını qurmaq ideyası yarandı?
- Proseslərin avtomatlaşdırılması, sənaye robotexnikası  mükəmməl bir sahədir. Düşünürəm ki, Azərbaycan gələcəyə yönəlik bu sahəni inkişaf etdirə bilsə, çox keyfiyyətli məhsullar ortaya çıxara bilərik. Bu səbəbdən də sözügedən akademiyanı yaratmaq qərarına gəldim
Xəzər universitetinə robotexnikadan dərs verməyimi təklif etdim, müsbət qarşıladılar. İlk dəfə robotexnika dərslərini Xəzər Universitetdə verdim. Amma 4-cü kurslar dərslərini bitirib getdilər və verdiyim dərslərin effektini o qədər də görə bilmədim. Daha sonra "Kaspi” liseyi məni dəvət edib, robotexnikanı orta məktəblərdə necə tətbiq etmək barədə məsləhətləşdilər. Mən tam ştatda Neft Şirkətində, axşamları da Xəzər Universiteti və Neft Məktəbində çalışdığımdan belə bir təklif etdim ki, universitetlərdəki robotexnikadan dərs alan məzunların biliklərindən istifadə edək. Bununla həm məzunlarımız üçün iş sahəsi açılmış olar, həm də onların biliklərini orta məktəb uşaqlarımıza inteqrasiya edə bilərik. Bu vəsilə ilə də məktəblərlə universitetlər arasında bir körpü yaranmış olar. Beləliklə, mən ali məktəblərdə dərs deyirəm, oradan məzun olan kifayət qədər güclü tələbələrimizi götürüb yetişdirir və onlardan orta məktəblərdə daha geniş platformada istifadə edirik. Bayaq qeyd etdiyim kimi, Amerikada məktəbdə tətbiq etdiyimiz modulu burada da gerçəkləşdiririk.
 
- Universitet məzunlarının orta məktəblərdə dərs deməyə maraqları necədir?
- Həddindən artıq maraqları var. Bizdə koç-mentor proqramıdır. Mən hər gün bir dərsdə iştirak edirəm. Valideynlərin geri dönüşlərini alıram. Özümdən daha çox tələbələrimdən razıyam. Gəncdirlər, universitetdə öyrəndiklərini tətbiq edir və ortaya mükəmməl bir praktik mühəndislik çıxır. Buna görə də modelimizin adı HELP (Praktiki mühəndislik və Liderlik Proqramı)  proqramıdır. Bu proqramın məqsədi Azərbaycan orta məktəblərində uşaqlara liderlik və praktiki mühəndisliyi aşılamaqdır. Bu yaxınlarda 5 ay Yaponiyada oldum. Onların təhsil modeli ilə maraqlandım. Yaponiyada mağazalarda bütöv robot tapa bilməzsən. Bütün hissələr ayrı-ayrılıqda satılır və robotu uşaq başını işlədib özü qurmalıdır. Düşünürəm k, həm Amerika, həm də Yaponiyadakı modeli Azərbaycan gənclərinə tətbiq etsək, yaxın gələcəkdə effektini görə bilərik.
 


- Dünya artıq robotlaşmaya doğru gedir. Sizcə robotlara nə dərəcədə güvənmək olar?
- Robot sözü çex-slovak dilində "insanın nökəri” adlandırılır. İnsan robotun nökəri deyil, robot insanın nökəri olmalıdır. Robotexnikanın istifadə olunduğu əsas 4 sahə var: təhlükəli, daha çox diqqət, daha çox dəqiqlik və müasirlik tələb olunan yerlər.  Xatırlayırsınızsa, əvvəllər bazara gedib çörək alanda bəzən yanmış çörəklərə rast gəlirdik. Amma indi robotlaşma sayəsində çörəklər eyni standartda çıxır. Tibb sahəsində də həddindən artıq robotexnikaya ehtiyac yaranıb.
 
- Ənənəvi sualımız: uğurunuzun sirri nədədir?

- Yaponlara görə, uğurlu olmağın səbəbi çox işləmək, amerikanlara görə, ortaya yeni ideyalar qoymaqdır. Mən özümün uğurlu olduğunu düşünmürəm, sadəcə, əldə etdiklərimin sirrini maddi və mənəvi olmaqla iki yerə ayırıram; Birincisi, Allaha olan mənəvi inanc məsələsinə bağlayıram. Qarşıma çıxan problem nə böyüklükdə olursa olsun, Allahın köməyi ilə istənilən çətinliyi dəf edəcəyimə inancım tamdır. İkincisi isə, maddi tərəfdir ki , çox çalışmaq və ətrafımda olan fərqli düşüncəyə malik insanlarla birlikdə kollektiv uğur əldə etməkdir. Dünyada heç kəsin təkbaşına uğur əldə edəcəyinə şəxsən inanmıram.
 
Lalə MUSAQIZI


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6957
GBP 1 İngilis funt sterlinqi 2.1978
TRY 1 Türk lirəsi 0.4774
KWD 1 Küveyt dinarı 5.5930
SEK 1 İsveç kronu 0.1926
EUR 1 Avro 1.8495
CHF 1 İsveçrə frankı 1.7116
USD 1 ABŞ dolları 1.7025