• çərşənbə axşamı, 19 mart, 11:43
  • Baku Bakı 8°C

Dünyada ən gözəl başdaşı sözdür - Fotolar

09.09.17 16:00 6828
Dünyada ən gözəl başdaşı sözdür - Fotolar
Axtardığı Xızırın İçdəki hüzur olduğunu bilməyən varmı? Kimi SÖZdə, kimi ÖZdə bulur Xızırı. Məqsəd nədir?! Ömrün 60-cı baharından oxucusuna boylanan bir divanə şairin ürək çırpıntıları arxasınca şeirbəşeir getmək, misrasında əriyib yox olmaq, sətirbaşında yenidən dirilmək...

Əsli əslinə, nəsli nəslinə deyib dədələr. Bu torpağın yetirdiyi söz adamlarının yaratdıqları qarşısında səcdədə durmamaq imandan deyil. Əlim qələm, dilim də söz tutandan gözüm sözə qulluq eləyəni axtarıb, tapıb, yenidən sözə töküb. Gücü nəyə çatıbsa... Bu dəfə də yolum o yanadı. Yol yoldaşım, müsahibim Rüstəm Behrudidi. Qəliblərdən qaçıb, dəmir sətirlərdən hasar hörən adam... Hər şeyi var, bircə özündən çıxıb getməyə yeri yoxdur. Elə mənə də dedi ki:
– Sabah kəndə gedirəm.
– Niyə? Yubiley ərəfəsində kəndinizi ziyarətin səbəbi nədir?
– Bu il mənim yubileyimdir. 1957-ci ildə dünyaya gəlmişəm, 60 yaşım tamam olur. Buradakı o təntənəli tədbirlərdən rahatsız olduğuma görə gedirəm, əslində. Ən yaxın dostlarım, doğmalarım, qardaşlarım, bir də uzun illər dostluq elədiyim adamlar, hansı ki, onlar məni çox istəyir, budəfəki ad günümü məhz onlarla və kənddə qeyd edəcəyəm.

– İstəyi nəylə ölçürsünüz? Nə bilirsiniz ki, o adamlar sizi çox istəyir?
– Çünki biz o adamlarla bir ömür boyu yol gəlmişik, heç vaxt onlardan xəyanət görməmişəm, həmişə mənim yanımda olublar. O sevgi, həm də, onların mənim yazdıqlarıma münasibətindən dolayıdır. Mənimlə kəndə gedəcək adamlar məni başa düşən, şeirlərimi əzbər bilən dörd, ya beş nəfərdir.

– Kənddədilər, yoxsa oraya gələcəklər?
– Gələcəklər.

– Yovşan qoxusu olacaqmı orda? "Son məktub” yazılacaqmı?
– Olmazmı? Qardaşım Rafiq söz verib ki, masaları düz o yovşanların yanında quracaq. Şeirimdə bəhs elədiyim o yovşan qoxusu o məclisə vuracaq. Yubiley həm də ona görə lazımdır ki, o məclisdə uzun illərdir keçib-gəldiyim ömür yolum xatırlanacaq. Gələcək haqqında nə varsa, o mənlikdi, sadəcə xatirələr danışılacaq orda.

– Rüstəm bəy, altmış ilin ən böyük təbrikini nə vaxt almısınız?
– İki gün bundan əvvəl həyatımın gözəl günlərindən birini yaşadıq. Xanımım və mən qızım Yağmurun 35 yaşında rəhmətə gedən əmisinə yazdığı məktubu dinlədik. Dönə-dönə oxudu və səsli mesaj olaraq bütün ailəyə göndərdi. Qəribə burasındadır ki, Yağmur əmisini həyatda heç görməyib. Rəhmətlik qardaşım qeyri-adi adam idi, hamının işinə yarayan, ədəbiyyatı ürəkdən sevən, bir sözlə, bütün ruhu ilə yaşamağa çalışan, həyatı canatmadan ibarət olan biriydi. Yağmur həyatda görmədiyi bax o adama mənim sözlərimdən tutaraq məktub yazmışdı. Bu 60 ildə məni kədərləndirən, hüzünləndirən və eyni zamanda sevindirən hətta ağlamağa vadar eləyən o yazı oldu. 60 ildə təbii ki, dünyada gəzmədiyim yer qalmayıb, dünyanın çox yerini görmüşəm. Mənim xoşbəxtliyim odur ki, başqalarından fərqli olaraq, düşündüklərimi yaza bilirəm. Həyatımda bu uzun illərdə nə vardısa hamısını yaza bildim. Bu, mənim xoşbəxtliyimdir, əslində.

– Ürəyinizdəki tikan çıxdımı?
– O təbii ki, öləndə çıxacaq. Ağrı olmasa yaşaya bilməzsən, o səni mütləq ağrıtmalıdır.

–Niyə dalaşırsınız?!
– Dalaşıb eləmirəm, bu, mənim həyat tərzimdir. Dalaşmaq təkcə adamlarla, dünyayla olmur ki... Ən böyük savaş insanın özü ilə olandır, mən o savaşı aparıram. Şairlər oturub nağıl danışırlar, ilham pərisi haqda, mənsə həmişə deyirəm ki, ilham pərisi-zad boş şeydir, nə varsa insanın içindədir. O ilahi şeylərin hamısını ya özün oyandırmalısan, ya da kənardan kimsə oyandırmalıdır. Məsələn, mənim içimdə olan bir şeyləri Dünya xanım oyandırıbsa, bu o demək deyil ki, o duyğular göydən gəlib, xeyr, içimdə vardı, oyandı. Bu mənada sənin dediyin savaş mənim özümlə olandır və bunun heç kimə dəxli yoxdur. Bütün savaşların sonu sülhlə bitir. İnsanın özü ilə olandan başqa. O ölümlə bitir, orda da barışıq olmur. Bilirsənmi, yalnızlıq, ölüm, əbədiyyət, hamısı insanın içindədir və sən əslində elə onlarla savaşırsan. Bu, həm də onları anlamaq istəyidir.

– İnsan niyə yalnızlığını heç kimə qıymır?
– Yalnız olmaqla təkbaşına olmaq fərqlidir. Yalnız adam yalnızlıqdan şikayətlənir. Hardasa özünə ortaq axtarır. Mən təkbaşına adamam, əslində. Yalnızlığı ovutmaq mümkündür, təkbaşınalığı ovutmaq mümkün deyil.

– Rüstəm müəllim, sözdən adama başdaşı olurmu?
– Mənim bir şeirim var, yazmışam ki:
dünyadan çıxıb getməyim,
dərdin daşına qalacaq,
bu dünya bir nağıldı,
dünya nağıl qoşana qalacaq.
Dünyada ən gözəl başdaşı sözdür. Hətta səs belə əbədi deyil. Dünyanın ən böyük müğənnilərinin səsləri belə ölüb gedir. Başdaşı məzarın özündən həmişə böyük olur. Görünən olur. O mənada şairə sözdən məzar olmaz, ancaq başdaşı ola bilər. Əslində, o başdaşından nə görsənirsə şair odu elə.(Şairin Dünyasını sözə tutmağa çalışıram. Sözə gec başlasa da, kəlmələri Rüstəm Behrudini yaxşı tanıdığından xəbər verir.)

– Ay Dünya xanım, Rüstəm müəllim nə cür adamdır?
– Onu daha çox dar ağacına salam verən, üsyankar, dünyaya meydan oxuyan adam kimi tanıyırlar, amma əsl Rüstəm, mənim qəbul elədiyim Rüstəm... elə o məzarlıqda bitən yovşandır. Nigar, mənim hərdən Rüstəmə elə yazığım gəlir ki... Rüstəminki təkcə istedad məsələsi deyil, o, mənə görə ikinci dərəcəlidir, onun özü elə Allahın bir möcüzəsidir. Şeirini, sözlərini çözmək olar, amma özünü çözmək çətin məsələdir. Bu ruhla bu dünyaya gəlməyin özü üsyandır. İstedadlı, qəribə, fərqli adamdır, bunların hamısı bir yana, əslində o məzarlıqda bitən yovşanın insan kimi doğulan formasıdır. Bu o qədər böyük dərddir ki... Hərdən olur, bu adam büsbütün yovşan olur. Və mənə elə gəlir ki, Rüstəmin bu dünyada getməyə yeri, üsyan eləməyə heç nəyi yoxdur, son məqamdır. Rüstəmi bəlkə də bütün bəşəriyyətdən fərqləndirən nədir, bilirsənmi? Rüstəm qayıdıb özü öz qapısını açır. Tənhalıq elə budur. Böyük mənada təklik elə budur. Rüstəm öz qapısını açan adamdır. Hərdən olur ki, söz də onun köməyinə gəlmir. Rüstəmin o qayıdışı olmasa, yaşaya bilməz. O, ruhunun qapısını döyür və təkrar həyata qayıdır.

Rüstəm Behrudi:
– Döyməyə bir qapı,
Açmağa bir ev tapmadım,
Özüm öz qapımı açdım, ilahi.

Dünya xanım:
– Ağlım kəsəndən bəri mən Rüstəm kimi, ata, qardaş, Rüstəm kimi bir adam görmədim. Bu adam Tanrının verdiyi ömrü həmişə xərcləməyə sərf edib. Hamını razı salıb, həmişə də nigaran qalıb. O istəyib ki, insanlar hüzurlu olsun və onu tək qoysunlar. Təkliyi ilə baş-başa. Nigar, Rüstəm olmasa dünya maraqsız olar. Mən bir nöqtədə dayanıb qalar və donaram (ağlayır).

– Rüstəm müəllim, sizin üçün bir qadın ağlayır...
– Hər kişinin həyatında elə qadın olmur. Sirli bir məqamdır, bir qadının sənin üçün ağlamağı.

– Dünya sizin üçün nədir?!
- Mən istəyirəm bu sualın cavabını oxucularım Dünya xanıma yazdığım "Rüzgar kimisən” şeirindən alsınlar. O misralar bizim münasibətləri ən gözəl şəkildə ifadə edir.(Söhbətimiz getdikcə şaxələnir və İslam dininə gəlib çıxır. Behrudinin məni bağışlayacağını bildiyim üçün onun din haqındakı düşüncələrini yarıda kəsirəm. Bir neçə məqamdan başqa).

– Quran mənim stolüstü kitabımdır. Mən onu hər gün oxuyuram.
– Mənə elə gəlir ki, bu davanın altında Məhəmməd Peyğəmbərə çox dəhşətli bir sevgi yatır.

Dünya xanım şairin sirrini açır:
– Mən sizə bir şey deyim. Rüstəm hər gün evdən çıxanda "Bismillahir Rəhmanir Rəhim” deyən adamdır.

Rüstəm Behrudi isə razılaşmır və gülür:
– Xanım mənə şər atır. Əslinə qalsa bir şəxsiyyət, bir insan olaraq Məhəmməd peyğəmbər, doğrudan da, böyükdür. Quranda o qədər gözəl ədəbiyyat nümunələri var ki. Məsələn, "and olsun gecənin gündüzlə görüşdüyü ana, and olsun atların nallarından qopan toz dumana, and olsun dönüb sönən səyyarələrə...” Necə ilahi və gözəl səslənir. Məhəmməd Peyğəmbər Quran ona nazil olmamışdan əvvəl də yaşadığı şəhərdə haqq və ədalətin üstünlüyünə çalışan adam idi.

– Bir şairə, qələm adamına sözünə görə hörmət qoymaq lazımdırmı? Əgər onun ədəbi və şəxsi yönləri üst-üstə düşmürsə oxucu nə etməldir?
– İnsan həyat tərzi ilə böyük adam olmalıdır. Bu mənada Cavid böyükdür, Mirzə Cəlil böyükdür, Əhməd Cavad böyükdür. Onlar nə cür düşünüblərsə, o cür də yaşayıblar. Əlbəttə, o cür adamlara hörmət etmək lazımdır. İstisnalar da var. Həyat tərzi oxucunun qəbul etmədiyi formada olan istedadlı adamlar da ola bilər.Sözü əməli ilə üst-üstə düşməyən çox böyük şairlər tanıyıram. Böyük mənada ədəbiyyatın iki ilahi başlanğıcı var. Bir Tanrıdan gələn, bir də şeytandan gələn. İkisi də böyükdür.

– Sizdə hansıdır?
– Məndə ikisi də var. Məni həmişə şeytan üçün əfv duaları oxumaqda günahlandırırlar. Allah mələkləri ilə söhbət edəndə, hətta Adəm və Həvvaya nəsihətlər verəndə şeytan kənardan bunları eşidirdi. Və elə buna görə də şeytanın özündə də bir ilahi başlanğıc var. Sözü ilə əməli tutmayan şairlər bu qəbildəndir. Mən onları da qəbul edirəm. Çünki zaman keçir onların yaşadıqları həyat unudulur, amma əsərləri qalır. Məsələn, çox sevdiyim Bayron, mən həmişə ona oxşamaq istəmişəm. Bayron dünya ədəbiyyatına sanki bir rüzgar kimi gəldi, nə istədi, elədi, amma o Bayrondur. Bu mənada ədəbiyyatın iki ilahi başlanğıcı var. Amma Tanrıdan gələn daha gözəldir.

– Amma eyni zamanda insanları yönəldən bir meyardır.
– Mən dünya ədəbiyyatından elə şeirlər bilirəm ki, o heç kimi heç yerə yönləndirmir, heç kimi heç nəyə çağırmır, amma o qədər gözəldir ki, adamı ovsunlayır. Məsələn, Artur Rembo. O, sadəcə, şeirlər yazdı. Böyük millətlər həmişə bunu yaşayıb. Roma və italyanlar imperiya olaraq yer üzündən siliniblər, amma yenidən dövlət qurublar. İtaliya. Siz bu məqamlara tamaşaçı kimi baxırsınız. Bir də var o axının içində olmaq. 20 il bundan əvvəl Kürşadı, Meteni, Oğuzu beş on adam tanıyırdısa, indi Azərbaycanın yarıdan çoxu onları bilir. Əgər dünyanın çox yerindən Rüstəm Behrudinin məhz Türkün şairi olduğu üçün əlini öpməyə gələnlər varsa, deməli, bu millətin taleyindən bədgüman olmaq lazım deyil. Biz hələ yeni başlayırıq.

– Bəs onda niyə deyirsiniz ki, şair xalqı arxasınca aparmağa borclu deyil?
– Ona görə deyirəm ki, mənim yaradıcılığım təkcə çağırışdan ibarət deyil. Minşaxəlidir. Mən bir şair olaraq həm də bu missiyanı daşıyıram.

Dünya xanım:
– Əslində, Nigar, o dar ağacına qədər insanları yovşandan keçirmək lazımdır. O yovşanı anlayan adam mütləq dar ağacına salam verəcək.

Behrudi:
– Mənim haqqım var özümü belə çağırım, bir şair, düşüncə, fikir adamı kimi bir missiyam da milləti tərbiyələndirməkdir, o da şeirlə mümkündür. Ancaq böyük mənada ədəbiyyat həm də tərbiyə vasitəsi deyil. Bax o "məzarlıqda bitən yovşan” silsiləsindən yüzlərlə şeirim var ki, əhval-ruhiyyə şeirləridir, gələcəyə hesablanıb.

– Razı deyiləm sizinlə. Şeir, ədəbiyyat, mədəniyyət milləti bataqlıqda çıxarmağı bacara bilən tək qüvvədir.
– Olsun, sən elə düşün. Mən şeiri həm də bir insanın hüzuru kimi başa düşürəm.

- İlk şeirinizi nə vaxt yazmısınız?
Mənim çap olunan ilk şeirim "Sapand daşı” adlanır.
İstəyirəm daş olum,
Üzərimdə yazı olsun.
Düşmənlərə atılacaq,
Sapand daşı.
Üzərində yazı olsun,
Azərbaycan vətəndaşı.
Dünya xanım mənim yadıma yenə Nazimi saldı. Deyir:
Gecə gələn teleqraf,
dörd hecadan ibarətdir.
Vəfat etdi...
Sən göz yaşlarını göstərmədən ağlayacaqsan,
gecə gələn teleqraflara...
Çox gözəldir, hə?! Bax mənim bütüm həyatım bu dörd misradadır. Ömrümün 60 ili bu misralara sığıb. Mən bu misraların içindəki adamam, əslində...

– Hər şey bitdimi ki?
– Yox, hələ yeni başlayır. Mənim yarımçıq kitablarım var, məsələn, "Ötükəndən gələn qonaq”. Vaxt lazımdır ki, oturub onu işləyim, möhtəşəm bir əsər olacaq.

– Deyirsiniz ki, "Sevməyə dəli qalmadı”. Qalmadımı?
– (gülür) Var, niyə yoxdur. Əgər dəlilər yoxdursa, deməli, dünyanın axırıdır. Mən həmişə düşünmüşəm ki, bütün dəlilər ağıllılardan həmişə haqlıdırlar. Çünki onlar dəlidirlər, fərqi yoxdur kimin, nəyin divanəsi.
Səndən mənə o səs baxdı,
Ağıllıdan dəli haxdı,
Olsa da bir fərqi yoxdu,
Kimin, nəyin divanəsi.

– Rüstəm Behrudi nəyin divanəsidir?
– Xanım mənim həyat tərzimi anlatdı. Ona təşəkkür edirəm, məni başa düşür. Bir qadının bir kişini bu cür anlamağı o kişinin xoşbəxtliyidir.

– Ona deyəcəyiniz nələr var?
– Mən Tanrıdan bir az ömür istəyirəm. İki eyni cür adamın gəlib bu Yer üzündə bir-birini tapmağı möcüzədir. Tanrıdan ömür istəyirəm ki, o ömrü yaşayaq. Biz dalaşa da, küsə də bilərik, amma əsas odur, şeirimdə dediyim kimi Yer üzü adlı görüş yerində bir-birimizi tapırıq.

– Ananıza sözünüz nədir?
– Mən ona əlimlə qoyub gəldiyim və qayıdıb yenidən toxuna bildiyim bir şey kimi baxıram. Əslində, ad günümü həm də anama görə kənddə keçirmək istəyirəm. Bir dəfə məndən incimişdi, yazmışdım ki, mənim kimi şairin qardaşı, atası, anası, bacısı olmur. Və mən bunun nə olduğunu izah eləyəndən sonra oturub ağladı. Ona sözüm, sağ ol ki, varsan və çalış var olasan. Sən nə qədər varsansa mənim yazdığım şeirlər tamam başqa cür səslənəcək. O olmayanda mənim kəndə gedən yolum da itəcək.

– Əvvəlki müsahibələrinizdən fərqli olaraq bu söhbətimizdə kədərli notlar daha çox oldu. Qocalırsınızmı, şair?
Sualımı Dünya xanım cavablandırır:
– Nigar, mən bu yaxınlarda bir məclisdə oldum. Təbəqələrə bölünən insanlar arasında özümü tək və tənha hiss edirdim. Bir müddət sonra Rüstəm gəldi və gördüm ki, o soyuq adamlar isti əllərlə Rüstəmin əlini sıxdılar, onunla həyəcanla, sevgiylə görüşdülər, bir az sonra həmin həyəcanla mən məclisə gələn Ramiz Rövşənlə görüşdüm. Çox qəribədir, heç onlara aidiyyəti olmayan, kəndindən ilk dəfə qatarların arxasınca baxıb onların işığına gələn o qız kimi ürəyim uçunurdu və bilirdim ki, arxada iki dənə işıq var. O işıq bütün salonu nura boyamışdı və ordakı bir məclis boyda adamın içərisində onların işığı məni qanadlandırdı. O an düşündüm ki, illər keçəcək, əsrlər keçəcək, burdakıların heç biri qalmayacaq, amma bu salonda iki bəxtəvər adam var, onun biri Rüstəmdir, biri də Ramiz Rövşən. Gəlib Rüstəmə dedim ki, Allahdan istəyirəm, o salonun ruhunu dəyişən o iki adamı, ölçüləri itən bu dünyadakı insanları həyəcanlandıran bu kişiləri, Tanrı mən yaşadığım müddətcə əksik etməsin. Qoy bu kişilər öz sözləri ilə bu millətin qapısını açsınlar və bizi yaşatsınlar. Heç olmasa bircə şeir artıq yaza bilsinlər. Bu, həm də mənim Rüstəmə ad günü təbrikim olsun”.

– Rüstəm müəllim, bizə, daha doğrusu SÖZə sözünüz nədir?
– Söz haqqında nə deyim? Min ildir hamı danışır.
Bəndə həmən, Allah həmən,
Sözəm, yendim Allaha mən,
İncil, Zəbur, Quran həmən,
O müqəddəs həmən mənəm!
Elə fikirləşirəm ki, 60 yaşda mənim haqqım var SÖZ haqqında bu sözü deyim.
Yoxdursa oxucular bağışlasın.

Nigar İSFƏNDİYAR


banner

Oxşar Xəbərlər