• cümə axşamı, 18 aprel, 23:09
  • Baku Bakı 21°C

Dünyada COVİD-19-un ikinci dalğası başlayıb

05.08.20 19:20 12252
Dünyada COVİD-19-un ikinci dalğası başlayıb
Bəşəriyyət koronavirusdan ciddi əziyyət çəkir, bütün dövlətlər virusla mübarizə aparır
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, Azərbaycanda pandemiyanın qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə önləyici kompleks tədbirlər həyata keçirilib. Məhz buna görə də dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmayıb. Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycan ən yaxşı nəticələr nümayiş etdirib. Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı son məlumata görə, indiyədək ölkədə ümumilikdə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib, aktiv xəstə sayı 3 787 nəfərdir. Təkcə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883, ötən müddətdə ümumilikdə 759 129 test aparılıb. Ölkəmizin bu istiqamətdə gördüyü işlər dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi olaraq qeyd edilib.
Məktəbə getmək "gündəlikkütləvifəaliyyətdir”
Bununla belə, ÜST-ün, bütün dünyada hökumətlərin ciddi səylərinə baxmayaraq, pandemiyanın qarşısını almaq və ya onu əsaslı şəkildə lokallaşdırmaq mümkün olmayıb. İndinin özündə də bəşəriyyət koronavirusdan ciddi əziyyət çəkir, bütün dövlətlər virusla mübarizə aparır. ÜST-ün yaydığı son məlumata görə, son sutka ərzində dünyada COVID–19-a daha 219862 insan yoluxub, 4278 ölüm faktı aşkarlanıb. Bununla da dünyada koronavirusa yoluxanların ümumi sayı 18142718-ə çatıb. Pandemiya ərzində dünyada 691013 min insan koronavirusdan həyatını itirib. Hazırda dünya COVİD-19-un ikinci dalğasına qədəm qoyub. Almaniya Həkimlər Birliyi ölkədə pandemiyanın ikinci dalğasının başladığını elan edib. "Biz ikinci dalğanın başlanğıcındayıq. Düşünürəm ki, indi nəyin baş verdiyini iki-üç həftədən sonra dəqiq biləcəyik”, -deyən mütəxəssislər, bu fasilənin xaricə və ya məzuniyyətə çıxan vətəndaşların geri qayıtması ilə əlaqəli olduğunu söyləyiblər. Onların sözlərinə görə, hər iki amil Almaniyada infeksiyanın yayılma ehtimalını gücləndirir. Həkimlər əlavə edib ki, məktəbə getmək "gündəlikkütləvifəaliyyətdir”və təhsil müəssisələrində gigiyena tələblərinə məhəl qoymamaq, xəstə sayının artmasına bilavasitə yol açır.
Fransada açıq ictimai yerlərdə maska taxmaq məcburidir
Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Elmi Şura da hesab edir ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq. "Epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir", - deyə LeFigaro qəzeti çərşənbə axşamı şuranın açıqlamasından sitat gətirib. Mütəxəssislərin fikrincə, epidemioloji vəziyyətin vaxtaşırı ağırlaşması ilə "Fransadakı vəziyyət nəzarət altındadır, lakin çox kövrəkdir". Onlar "yaxın gələcəkdə epidemiyanın necə inkişaf edəcəyi böyük ölçüdə vətəndaşların əlində olduğunu" qeyd ediblər. Avqustun 3-də Fransanın Baş naziri Jan Castex koronavirusun hələ də bütün ölkədə yayıldığına görə, rahatlanmamağı, sayıqlığı itirməməyi tövsiyə edib. Worldometers portalının verdiyi məlumata görə, Fransada COVID-19 xəstəliyinin başlamasından ötən dövr ərzində 190 mindən çox xəstəlik halı qeydə alınıb, 30 minə yaxın yoluxmuş şəxs ölüb. Onu da əlavə etmək yerinə düşər ki, Fransanın şəhərlərində yerli hakimiyyət orqanlarının qərarları ilə insanların çox olduğu açıq məkanlarda da maska taxmaq məcburi qayda kimi tətbiq olunur. Aidiyyəti şəhərlərin prefektura və meriyaları maskanın məcburi olması ilə bağlı qərarlar qəbul ediblər. Bu şəhərlərin bütün məkanlarında və ya müəyyən hissələrində maska taxmayanlar 1-ci dəfə 135, 2-ci dəfə 1500 avro cərimə, 3-cü dəfə isə 6 ay həbs, yaxud 3750 avro cərimə olunacaqlar. Son günlər COVID-19 virusuna yoluxanların sayı artdığı üçün açıq ictimai yerlərdə, eləcə də dəniz kənarında, çimərliklərdə maska taxmaq məcburidir.
Koronavirusun yayılmasının altı fərqli ssenarisi
Estoniyanın Sağlamlıq Departamenti də ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb. Gözləntilərə görə, avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Buna qədər baş nazir Yuri Ratas bildirib ki, yoluxma səviyyəsi 2,6-ya çatıb. Baxmayaraq ki, bir ay əvvəl o, 1,0 idi.
Alimlər İngiltərədə də ikinci COVID dalğası barədə xəbərdarlıq ediblər. İngiltərə daha yaxşı sınaq və izləmə sistemi olmadan məktəbləri yenidən açarsa, bu qışda orijinal yayılma vəziyyətindən ikiqat daha ağır olan ikinci COVID dalğası ilə qarşılaşacaq. Bu, University College London və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları tərəfindən əldə olunan nəticədir. Alimlər məktəblərin necə açılacağını - tam və ya yarım-fasiləsiz, habelə həftənin müxtəlif günlərində məktəbə davamiyyətin paylanmasını nəzərə alaraq payız-qış mövsümündə koronavirusun yayılmasının altı fərqli ssenarisini modelləşdiriblər. İngilis elm adamlarının araşdırmasında deyilir ki, Böyük Britaniyada əgər məktəblər sentyabr ayında tam işləmə rejiminə keçərsə, 2020-ci ilin dekabrında ikinci böyük dalğaya səbəb olacaq.
Bir milyard tələbə və məktəblinin təhsilinə maneə
Bütün bunlarla yanaşı, BMT-nin Baş katibi Antonio Guterres bəyan edib ki, COVID-19 bir milyard tələbə və məktəblinin təhsilinə mane olur. Onun sözlərinə görə, koronavirus səbəbilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tam pozub. O əlavə edib ki, dünyada ən az 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilib. Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdlərə çatdırılmayıb. A.Guterres qeyd edib ki, pandemiyadan əvvəl hətta 250 milyondan çox məktəb yaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi və inkişaf etməkdə olan ölkələrdə uşaqların yalnız dörddə biri lazımi əsas bacarıqları alaraq məktəbi bitirib.
Ölkələr sayıqlığını itirməməlidirlər
Bütün bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi zərurətə çevrilib. Son günlər ölkəmizdə virusa yoluxmanın azalan templə getməsi, hər gün sağalanların sayındakı artım dinamikası bizi sevindirsə də, rahatlatmamalıdır. Hər kəs qoyulan qaydalara, gigiyenik tələblərə riayət etməlidir. Təsadüfi deyil ki, ÜST-ün baş direktoru Tedros Qebreyesus da hər kəsi üstündə antiseptik gəzdirməyə və lazım gəldikdə maska taxmağa çağırıb.Onun sözlərinə görə, maska təkcə qoruma vasitəsi yox, həm də həmrəylik rəmzidir: "Zərurət yarandıqda maska taxın, fiziki məsafəyə, öskürəndə isə etiket qaydalarına riayət edin, insanların sıx toplaşdığı yerlərdən çəkinin, əllərinizi tez-tez yuyun. Belə olan halda siz həm özünüzü, həm də başqalarını qoruya bilərsiniz. Virus hələ də bütün dünyada tüğyan edir və bu günə qədər ona qarşı effektiv bir vasitə tapılmayıb. Hazırda bir sıra vaksinlər klinik sınaqların üçüncü mərhələsindədir. Biz, insanların yoluxmasının qarşısını ala biləcək müəyyən qədər vaksin əldə edə biləcəyimizə inanırıq. Lakin indi bununla bağlı əlimizdə mükəmməl vaksin yoxdur, və ola bilsin ki, heç vaxt olmasın. Bu gün hətta bu təhlükəli virusun yayılmasının qarşısını ala bilmiş ölkələr və ərazilər də sayıqlığını itirməməlidirlər”.
Qazanılmış nailiyyətləri qorumaq üçün həmrəy olmalıyıq
Mövzu ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib ki, COVID-19 pandemiyasının bütün dünyada sürətlə yayılması, 18 milyondan çox insanın yoluxması və nəticə olaraq süni iqtisadi böhranın yaranması 2020-ci ilin arzuolunmaz hadisələrindəndir. Millət vəkilinin fikrincə, keçdiyimiz illərdə səhiyyənin inkişafı istiqamətində görülən əməli işlərin və effektiv böhran idarəçiliyinin nəticəsində Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətə nümunə göstərilib: "Ölkədə xüsusi karantin rejiminin elan olunması, modul tipli xəstəxanaların sürətlə tikilib istifadəyə verilməsi Azərbaycanın bu sahədə nailiyyətlərinin bariz nümunəsidir. Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizədə ÜST-ün tələblərinə müvafiq olaraq atılan addımlar artıq öz bəhrəsini verməkdədir. Son günlərin statistikasına nəzər salsaq koronavirusa yoluxanların sayının azalması, sağalan və evə buraxılan xəstələrin sayında artım dinamikası və xəstəliklə mübarizədə səmərəli üsulların tətbiq olunması dövlətimizin dünyanı cənginə alan bu problemlə mübarizədə tam ayıq olduğunu və doğru qərarlar qəbul etdiyini bir daha təsdiq edir. Qazanılmış nailiyyətləri qorumaq və onları daha da davamlı etməyin yeganə yolu həmrəy olmaqdan, dövlətimizin başçısının ətrafında sıx birləşməkdən, tətbiq edilən qayda-qanunlara riayət etməkdən keçir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər