• şənbə, 20 Aprel, 01:52
  • Baku Bakı 15°C

“Dünyada beynəlxalq təsisatların deformasiyası gedir”

04.12.14 09:25 1113
“Dünyada beynəlxalq təsisatların deformasiyası gedir”
Prezident İlham Əliyev noyabrın 28-də Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24” informasiya telekanalına müsahibə verib. Müsahibədə Azərbaycan-Rusiya əlaqələri, Azərbaycanın müasir sosial-iqtisadi, humanitar sahələrdəki inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və bir sıra regional və qlobal məsələlərə toxunulub.
İlk növbədə prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında hazırda mövcud olan yüksək münasibətləri qeyd edib. O, bildirib ki, ikitərəfli münasibətlərdə siyasi dialoq üstünlük təşkil edir. Münasibətlər çox dinamik inkişaf edir, bütün sahələri əhatə edir və həll olunmamış məsələlər, problemlər yoxdur. Münasibətlərin indiki mərhələsində əməkdaşlığı dərinləşdirmək üçün yeni imkanlar, ilk növbədə, iqtisadi sahədə imkanlar yaranır və ilin yekunlarına əsasən, artıq əmtəə dövriyyəsinin genişləndiyi müşahidə olunur. Azərbaycandan Rusiyaya ixrac artır: “Zənnimcə, bu, uzun illər ərzində münasibətlərimizi məhz tərəfdaşlıq, qarşılıqlı dəstək, dostluq, mehriban qonşuluq əsasında qurmağımızın nəticəsidir. Bu da ölkələrimizə, xalqlarımıza fayda gətirir. Bu gün Azərbaycan ilə Rusiya fəal inkişaf edən və dünyada mövcud çağırışlara müqavimət göstərməyə hazır olan iki qonşu və dost dövlətdir”.
Məlum olduğu kimi, Azərbaycanla Rusiya arasında ənənəvi əməkdaşlıq sahələri var. Bu, əsasən energetika sektoru, neft-qaz sahəsidir ki, burada əməkdaşlığın müsbət tarixi və yaxşı potensialı var. Cari ildə də neft-qaz sahəsində sazişlər imzalanıb. Həmin sazişlər gələcəkdə bu münasibətlərin daha dinamik inkişafını müəyyən edəcək. Elektroenergetika, nəqliyyat sahələrində də yaxşı potensial və artıq əməkdaşlıq təcrübəsi var.
Prezident qeyd edib ki, Rusiya da, Azərbaycan da Şimal-Cənub nəqliyyat dəhlizinin daha fəal işləməyə başlamasında maraqlıdır. Hazırda Azərbaycan öz tərəfindən zəruri infrastruktur yaradır. Bu, həm dəniz limanları, həm dəmir yolu, həm də avtomobil yollarının yenidən qurulmasıdır. Rusiya tərəfi də eyni səyləri göstərir. Əlbəttə, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarında satılması sahəsində yaxşı əməkdaşlıq potensialı var: “Biz ixrac potensialını artırırıq. Prinsipcə, bu, bizim hökumətin strateji xətti olub. Lakin Rusiya bazarında indiki vəziyyəti və mallarımıza olan tələbatı nəzərə alaraq, biz məhz Rusiya istehlakçısının ehtiyacı olan çeşidi məqsədyönlü şəkildə artırmağa başladıq”.
Azərbaycanın Rusiya ilə turizm sahəsində də əməkdaşlığının yaxşı perspektivləri var. Azərbaycanda yaxşı iqlim mövcuddur, rus turistlər üçün məsafə də böyük deyil, dil maneəsi də yoxdur. “Bir də əlbəttə, mədəniyyət, təhsil sahələri. Zənnimcə, bu sahələr əməkdaşlığımızın təməlidir. Rusiyanın tanınmış kollektivləri, demək olar, hər həftə Bakıda qastroldadır. Onlar burada çox populyardır”.
Müsahibəsində prezident İlham Əliyev Rusiya ilə münasibətlərin yüksək səviyyəsində multikulturalizm çərçivəsində Azərbaycan dövləti və xalqının rus dilinə münasibətinin, ölkəmizdə yaşayan rus icmasının rolunu xüsusi qeyd edib: “Azərbaycanda rus icması Cənubi Qafqazda ən böyük icmadır. Onun üzvlərinin sayı 120 min nəfərdən çoxdur. Azərbaycanı beynəlxalq məkanda layiqincə təmsil edən bu insanlar həm müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir, həm də ölkəmizin inkişafına böyük töhfə verirlər. Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Təəssüf ki, biz müasir dünyada çox vaxt başqa mənzərə - qarşıdurma, təcridolunma, ayrı-seçkilik görürük. Bəzi ölkələrdə ümumiyyətlə, yüksək səviyyədə bəyan edirlər ki, multikulturalizm siyasəti fiaskoya uğrayıb. Bu, çox təhlükəli meyildir. Düşünürəm ki, Azərbaycanın nümunəsi bunun tam əksini göstərir”.
Bu gün Azərbaycanda rus dilinə əvvəllər olduğu kimi, hörmətlə yanaşıldığını sübut edən bir sıra faktlar vardır. Belə ki, ölkədə tədris rus dilində olan 300-dən çox məktəb var. Bütün dövlət ali məktəblərində rus dilində təhsil almaq üçün bölmələr var. Moskva Dövlət Universitetinin filialı, Slavyan Universiteti yaradılıb. Bu isə müsbət təcrübə kimi, rus dilini hədəf seçən ölkələr üçün nümunə ola bilər.
İlham Əliyev telekanalın müxbiri ilə söhbətində ölkəmizin hazırkı iqtisadi inkişaf mənzərəsi, dünya iqtisadiyyatında baş verən durğunluq, neftin qiymətinin enməsi və s. ətrafında da dövlətimizin mövqeyini ortaya qoyub, aparılan siyasəti şərh edib: “Bu il bizdə üçfaizlik artım gözlənilir. Lakin biz ümumi daxili məhsulu hesablayarkən, əsasən qeyri-neft sektoruna diqqət yetiririk və orada vəziyyət daha yaxşıdır. Biz bu il orada 6-7 faiz artım gözləyirik. Ötən il artım 10 faiz olub. Gələn il də iqtisadiyyatın qeyri-neft sektorunda 6 faizdən 10 faizədək artım gözləyirik”.
Bu, məhz iqtisadiyyatda aparılan şaxələndirmə siyasətinin, həm də əvvəlki illərdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmək üçün çoxlu investisiya yatırılmasının nəticəsidir. Bu gün ümumi daxili məhsulda neft sektorunun payı təqribən 45 faiz, yəni, yarıdan az təşkil edir. Dünyada neftin qiymətinin düşməsi, şübhəsiz, ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Lakin verilən proqnozlara görə, neftin qiymətinin 60 dollar olacağı təqdirdə, ölkə iqtisadiyyatı sabit inkişaf edəcək.
Dövlət kənd təsərrüfatı istehsalının inkişafına fəal şəkildə subsidiya ayırır.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsi sabit inkişaf edir. Azərbaycan artıq kosmik sənayesi olan ölkədir. Artıq birinci peyk buraxılıb, tezliklə ikincisi buraxılacaq. Bu sahə, kənd təsərrüfatı fəal inkişaf edir. Turizmə böyük ümidlər var. Hazırda bütün ölkə ərazisində çoxlu müasir mehmanxana yaradılır.
Ölkəmizin uğurlarından bəhs edərkən, dövlət başçısı Bakıda keçiriləcək I Avropa Oyunlarının əhəmiyyətindən də danışıb. “Bu Oyunlar yetərincə miqyaslı olacaq. Biz idmanın 20 növündə yarışacaq 6 mindən çox idmançı gözləyirik. Ümumiyyətlə, bu, Yay Olimpiya Oyunları ilə müqayisə edilə bilər. Zənnimcə, Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsi müdrik qərardır. Bu, məhz sizinlə danışdığımız mövzu – multikulturalizm, sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı nüfuz etməsi baxımından müdrik qərarlardan biridir”.
Prezidentin müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud durum da diqqət mərkəzində olub. İlham Əliyev bildirib ki, Ermənistan sülh istəmir. Problemin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcuddur. Həmin sənədlərdə erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Artıq 20 ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. Cari ili münaqişənin həlli istiqamətində aktiv danışıqlar dövrü kimi dəyərləndirən prezident deyib ki, bu il həm də onunla fərqlənib ki, Minsk qrupunun həmsədrləri olan ölkələrin rəhbərləri danışıqlar prosesində fəal iştirak ediblər.
Son aylar qoşunların təmas xəttində gərginliyin artmasına toxunan prezident bunun Ermənistanın təxribatçı fəaliyyəti ilə əlaqəli olduğunu bəyan edib: “Ermənistan bizim ərazimizin işğal edilmiş hissəsində qondarma hərbi təlimlər keçirməyə başladı. Özü də onlar bu təlimləri Ermənistan və hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında deyil, Azərbaycanın Ağdam rayonunun ərazisində, bilavasitə təmas xətti boyunca keçirirdilər. Sual olunur: Parisdəki müsbət görüşdən dərhal sonra provokasiyalar törətməyə nə lüzum vardı?! Üstəlik, həmin təlimlər keçirilən bir neçə gün ərzində Azərbaycan təmkin və səbir nümayiş etdirmiş, buna heç bir reaksiya verməmişdi. Görünür, erməni tərəfi bununla kifayətlənməmiş və bizim mövqelərə Mi-24 döyüş helikopterləri ilə hərbi hücum etməyə cəhd göstərmişdi. Helikopterlər praktiki olaraq bizim qoşunların mövqelərinə hücum edəndə ordumuz onlardan birini vurmağa məcbur oldu. Yəni, bu, bizi cavab tədbirlərinə təhrik etmək və bununla da danışıqlar prosesini yenidən pozmaq üçün bundan bir bəhanə kimi istifadə etmək məqsədilə şüurlu surətdə törədilən fitnəkarlıq idi”.
İlham Əliyev dünyada münaqişələrin həllində beynəlxalq institutların rolunu da tənqid edib. O bildirib ki, dünyada baş verən hadisələr göstərir ki, beynəlxalq təsisatlar öz vəzifələrinin öhdəsindən gələ bilmir, həmçinin onlara bəslənilən ümidləri doğrultmurlar. Bu, ATƏT-in 20 ildən çoxdur ki, vasitəçi olduğu Dağlıq Qarabağ probleminə də aiddir. Bu, BMT-nin səlahiyyətində olan məsələlərə də aiddir. Buna görə, prinsip etibarilə dünyada beynəlxalq təsisatların deformasiyası gedir. Bu, çox narahatedici, təhlükəli meyildir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər