Dünya üzrə tələbələrin ən oxuduqları kitablar

Dünya üzrə tələbələrin ən oxuduqları kitablar

23 Sentyabr 2019, 15:00 177
Dünyada ən çox oxunanlar, ən çox nəşr olunanlar, ən çox satılanlar siyahısına düşən nümunələri birləşdirən bir ortaq cəhət var – bəşərilik. Təbii ki, bunun yanında peşəkarlıq tələb edən onlarla səbəb də var. Lakin bəşəriyyətin tarixində və kitabxanasında minillərlə yer ala bilməyin ilk şərti bəşəri ideyaya söykənməkdir. Bəs, ayrı-ayrı xalqların könlündə taxt quran kitabların əsas xüsusiyyəti nədir? "TED”-in "ideas.ted.com” qolunun mütəxəssisləri dünyanın 28 ölkəsində ali təhsil alan 16-24 yaş qrupuna daxil olan gənclər arasında onlayn və yazılı sorğular reallaşdırıb. Olduqca geniş miqyasda həyata keçirilən layihənin çox maraqlı nəticələri də olub. Gənclər ən sevilən kitabların sadəcə adlarını deməklə kifayətlənməyib, başqa ölkələrdə yaşayan həmyaşıdları üçün səbəbləri də açıqlayıblar. Təqdim edəcəyimiz yazıda, gənclərin sevdikləri kitablar və səbəblərinə aydınlıq gətirilib.
 
ABŞ gənclərinin 92%-i bundan 5 il əvvəl keçirilmiş sorğuda da "Bülbülü öldürmək” ("To kill a mockingbird” – Harper Li) romanının adını "sevimli romanlar” siyahısında ilk sırada qeyd ediblər. "TED”-in innovativ təhsil işçilərinin apardığı sorğuda da nəticə dəyişmədi. Amerikada beş ildir ki, yenilənən və hələ də gənc qalan təbəqə bu roman haqqında fikrindən daşınmır.
 
Səbəb: İrqçilik hər nə qədər bəşəri bir problem olsa da, hamının ağlına ilk Amerikanı gətirir. Burada baş verənlər sadəcə ölkənin bir dövründə yaşanan problemləri yox, bir dövrün bütün ABŞ-nın mədəni, siyasi, iqtisadi, sosial səhnəsini sərgiləyir. Bu romanın sadəcə Amerikaya aid olduğu halda, bütün dünyanın gözyaşları ilə oxuduğu azsaylı nümunələrdən olduğu bildirilir.
 
Biz də elə dünyanın bu başından o başına İrlandiyadan İrana, Qanadan Almaniyaya uzanıb gənclərin sevdiyi romanları, niyəsini, nədən bəhs etdiyini öyrənməyə çalışdıq.
 
Əfqanıstan
 
Əfqan gənclərinin ən çox oxuduğu kitab "Quran”dır. Bunu Şərqdə İslama ən sadiq xalq olmaları ilə əlaqələndirirlər.
Nədən bəhs edir: Tanrının dünyada rifahın bərpası üçün göndərdiyi son Peyğəmbərə göstərişləridir. "Quran” uzun müddət müqəddəs kitab kimi bir qrup "layiqli” din xadiminə icazə ilə verilirdi. İnsanlar ona yuyulmamış əllə və ya Tanrının şərtlərinə əməl etməyənlər, ümumiyyətlə, toxuna bilməzdi. Bugün isə gənclər onu stolüstü kitabı kimi istifadə edir və Ərəb ədəbiyyatının göz bəbəyi sayır.
Niyə bu qədər çox oxunur: Farok Attah adlı müsahibimiz: Mütaliə mədəniyyəti olmayan ölkələri sıralasalar, yəqin ki, Şərq ölkələri siyahıda Afrikadan sonra yer alar. "Quran” isə bu xalqları elmə, təhsilə, başqa mədəniyyətlərə, humanizmə səsləyən, oyandıran, mədəniyyətləri bir qovşaqda görməyimizə vəsilə olan kitabdır. Bizim ölkədə mənim yaşıdlarım arasında oxumağı bilən, amma bu kitabı oxumayan yoxdur.
 
Albaniya
 
Burada əlbəttə ki, İsmail Kadare gənclərin ulduzudur. Sorğu iştirakçıları ən çox müəllifin "Daş Salnamə” ("Chronicle in stone”) romanının adını çəkiblər.
Nədən bəhs edir: Roman azyaşlı təhkiyəçinin dili ilə İkinci Dünya müharibəsi dövründə İtaliya, yunan və nasist əsgərlərinin xırda alban şəhərində yerli əhaliyə yaşatdıqları əzablardan bəhs edir.
Niyə çox oxunur: "Kadare beynəlxalq ədəbi meydanda tənqid olunan, dəfələrlə Nobelə namizəd göstərilən ədibimizdir. O, faciəni oxucunu duyğu burulğanına salaraq danışmır, xatirələr, hadisələr canlandıraraq, çatdırır” – deyən həmsöhbətimiz Veytson Çumaku bu romanın xüsusilə sevilməsini ana ideyaya bağlayır: "Alban xalqı çox tez-tez ağır vəziyyətlərə düşüb. Bir uşağın dili ilə də olsa, xalqımızın hətta ən çətin zamanlarda belə gələcəyə ümidlə baxa bilmək müdrikliyi göstərməsi çatdırılır”.
 
Avstraliya
 
Con Marsdenin "Müharibə başlayan gün” ("Tomorrow, when the war began”) romanı avstraliyalı gənclərin, xüsusilə də, gənclərin daha azyaşlı hissəsinin sevimli romanıdır.
Nədən bəhs edir: Dostları ilə tətildən qayıdan yeniyetmə baş qəhrəman yadelli hərbçilər tərəfindən işğal olunmuş bir vətənlə qarşılaşır.
Niyə çox oxunur: 21 yaşlı Bet Ceyms Voters deyir ki, romanda Avstraliyanın işğala və işğalçılara qarşı çoxəsrlik təcrübəsi və xalqın döyüş ruhu uğurla təsvir edilib: "Romanın ən sevdiyimiz tərəfi başqa xalqların nümayəndələrinin bilmədiyi, bələd olmadığı bu ərazilərdə baş verən təbii fəlakətlərin dar zamanlarda xalqımıza əlavə dəstək verdiyini göstərən səhnələrdir”.
 
Avstriya
 
İohan Höte "Faust”
Nədən bəhs edir: Həyatından narazı alim Faustun macəralarından danışılır.
Niyə çox oxunur: həm öz dövründə, həm də ki sonrakı əsrlərdə fəlsəfi debatlara, spiritual mövzulara ilham verib. Barbara Paulmayer bir çox cəhəti ilə müzakirəyə açıq "Faust”un "gənclər üçün” yazılmış nümunə olduğu qənaətindədir: "Məsələn, bizim yaşımızda Faustun duyğu və düşüncə selinə qoşulmaq çox maraqlıdır. Biz də sorğulayan, yol axtaran dövrdəyik. Hötenin bu romanı 50 yaşında yazdığına inanmaq olmur. Nəzərə alsaq ki, yazmağa başlayanda müəllifin 18 yaşı olub, insanda belə bir fikir yaranır ki, gəncliyin həyəcan yaradan suallarının ömrü uzundur”.
 
Serbiya
 
Əlbəttə ki, İvo Andriç və təbii ki, "Drina körpüsü” ("The bridge on the Drina”)
Nədən bəhs edir: Osmanlı imperiyası dövründə salınan Drina körpüsünün İkinci Dünya müharibəsinə qədər – 300 il şahidlik etdiyi hadisələr.
Niyə çox oxunur: Martin Kondza: "Müəlliflər ölür, hətta unudulur da. Nobelin bir əhəmiyyəti qalmadığı dövrlərdə, bəlkə də, Andriçin də adı unudulacaq. Amma bu, zamansız, ölməz romandır. Burada dövlətlərin, iqtidarların, dinin, milliyyətçiliyin fövqündə bir hekayə var. Bu hekayə hər zaman seviləcək. Bizi bu gün olmayan bir körpünün yerini görməyə aparan hekayə sevilməyə layiqdir”.
 
Braziliya
 
Kabral de Melo Netonun "Severinonun ölümü” ("Morte e vida Severina”) dramı.
Nədən bəhs edir: Kasıblıq və səfalətdən təngə gəlmiş Severinonun yaxşı həyat və nə yolla olursa olsun, şəhərdə yaşamaq arzusu ilə atıldığı axtarışlar, səyahətlər, başına gələnlər canlandırılır.
Niyə çox oxunur: Gənclər romanda Braziliyadakı dözülməz ikili standartların sərt dillə tənqidini xüsusi qiymətləndirirlər. Andrea Rodrigez qeyd edir ki, Braziliya deyəndə Yer kürəsində insanların ağlına ya fantastik pulların xərcləndiyi kazinolar, ya da aclıq qoxan küçələr gəlir: "Nə bu fərqi aradan qaldıra bilirik, nə də fərqli yaşaya bilirik. Sanki elə belə olmalıdır. Bu roman sadə braziliyalıların həyatından bəhs etdiyi üçün çox sevilir, amma ümumilikdə müəllifin mövqeyi və tənqidləri də xalqın ürəyindən xəbər verir”.
 
Kanada
 
Tomoti Fayndlinin "Müharibələr” ("The wars”) romanı
Nədən bəhs edir: 19 yaşlı Robert Ross Birinci Dünya müharibəsində həlak olan bacısının izi ilə gedir. Könüllü müraciəti ilə onu Fransaya, ön cəbhədə savaşmağa göndərirlər. Burada Robert müharibənin əsl üzü ilə qarşılaşır.
Niyə çox oxunur: Karen Qopen Vi: "İkonik bir Kanada ədəbiyyatı nümunəsidir. Sadə və axıcı dili var. Müharibə, ayrılıq, kədər haqqında həqiqətlərdən amansızca bəhs edir”.
 
Kolumbiya
 
Qabriel Qarsia Markezin "100 ilin tənhalığı” ("Cien anos de soledad”) romanı yəqin ki, hələ bir neçə yüzillik boyu ölkə gənclərinin sevimli romanlar siyahısına liderlik edəcək. Özləri də etiraf edir ki, Markez bu sevgiyə elə təkcə ölkə ədəbiyyatına qazandırdığı nüfuza görə də layiqdir.
Nədən bəhs edir: Buendia ailəsinin 100 illik həyat yolu.
Niyə çox oxunur: Ramirez Barreto deyir ki, Markezi ən çox kolumbiyalılara nədən imtina etməli olduqlarını və necə imtina edə biləcəklərini hərfbəhərf izah etdiyi üçün sevir: "Bu romanda isə ümumxalq faciəmizin səbəbləri açıq-aşkar göstərilib. Bu roman Kolumbiyada ziyalılıq etalonudur. Hamı əlifba kimi oxuyur bunu. Amma elə mütaliə mətni olaraq da, qalır”.
 
Misir
 
Taha Huseynin "Günlər” ("The days”) romanı
Nədən bəhs edir: Misir ədəbiyyatının ən böyük influenserlərindən biri 3 yaşında görmə qabiliyyətini itirmiş Taha Huseynin bu avtobioqrafik romanı müharibədən bəhs etsə, bu qədər uğurlu alınmazdı. Misirin təhsil naziri olmuş müəllif çətinliklərl dolu ömür yolundan danışıb.
Niyə çox oxunur: Mahmud Atalla Misirdə tələbə olmağın və təhsili sona kimi davam etdirməyin çətinliyindən danışır və bu yolda gənclərin belə uğur hekayələrinə çox ehtiyac duyduqlarını deyir.
 
İran
 
Hafiz, Sədi, Firdovsi, Rumi və Xəyyamın poetik irsi
Nədən bəhs edir: eşq, gözəllik, həzz və fəlsəfə. İran o qədər bu imzaların poeziyasına köklənib ki, yad oxucuda belə bir fikir formalaşır ki, nə vaxtsa İran yox olsa, Rumi fəlsəfəsi, Xəyyam ehtirası, Firdovsi əqidəsi onu yenidən var edəcək.
Niyə çox oxunur: "Bunu başqa bir ölkənin nümayəndəsi oxusa, heyrətlənə bilər, amma roman həqiqətən də İran ədəbiyyatı üçün yeni janrdır. Burada ədəbiyyat demək, şeir deməkdir”.
 
Qana
 
Çinua Açebenin "Ayrı düşən şeylər” ("Things fall apart”) romanı
 
Nədən bəhs edir: Qananın ağırlıqqaldırma üzrə çempionunun şöhrət və maddi qazancın zirvəsində ikən yıxılaraq, bütün qabiliyyətlərini itirməsi və sonrakı həyatından bəhs edilir.
Niyə çox oxunur: Afrika ölkələrində bir romana çox oxunması, sevilməsi üçün elə böyük şərtlər qoyulmur. Ama Y Adi-Dako iddia edir ki, hekayənin xalqın yaşadığı həyatı əks etdirməsi ibtidai şərtdir: "Afrika adət-ənənələri, eşq, regiona bağlılıq konsepsiyasının ön planda olması bizə kifayətdir”.
 
Bolqarıstan: İvan Vazov - "Boyunduruq altında” ("Under the yoke”)
Çili: Baldomero Lillo – "Alt qat” ("Sub terra”)
Kipr: Alexandros Papadiamantis – "Qatil” ("The murderess”)
Finlandiya: Aleksis Kivi – "Yeddi qardaş” ("Seven brothers”)
Almaniya: "Anna Frankın xatirələri” ("The diary of Anne Frank”)
İndoneziya: Andrea Hirata – "Göyqurşağı ordusu” ("Rainbow troops”)
Hindistan: Mohandi Qandi – "Həqiqətlərlə sınaqlarımın hekayəsi” ("The story of my experiments with truth”)
İrlandiya: Maykl Smits – "Buz adam” ("İce man”)
İtaliya: Alessandro Manzoni – "Adaxlı” ("İ promessi sposi”)
Pakistan: Mohsin Hamid – "Zorakı fundamentalist” ("The reluctant fundamentalist”)
Filippin: Xose Rizal – "Toxunma mənə” ("Noli me tangere”)
Rusiya: Lev Tolstoy – "Hərb və sülh” ("War and peace”)
Mənbə: "ideas.ted.com” ("The books that students read in 28 countries around the world”)

 
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı