AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünya teatrları karantində

Dünya teatrları karantində

02 İyul 2020, 15:38 475
Pandemiya... Karantin... Koronavirus... Bu günə qədər bizə yad olan, nadir hallarda rastlaşdığımız bu sözlər indi dilimizdən düşmür. Hamımız böyük bir problemlə qarşı-qarşıyayıq. Elə bir prolem ki, sonunda ölüm var. Yoluxursan, qalib gələ bilməsən, bizi tərk edirsən. Təəssüf ki, son 4 ayda eşitdiyimiz, yaşadığımız problemlərdən ən önəmlisi budur. Bu bəla təkcə öldürmür, çökdürür, süründürür. Pandemiya dünya dövlətlərinin iqtisadiyyatını, sosial yaşamını çökdürdüyü kimi, mədəniyyətindən də yan keçmədi. Koronavirusun incəsənət növləri arasında ən çox təsir etdiyi sahə isə canlı sənət növü olan teatrdır. Canlı sənət dönüb olub onlayn sənət. Canlını da internetə bağlayan bir virusla üz-üzəyik. Yəni, bu sizə o qədər də balaca problem kimi görünməsin. Bundan öncə Azərbaycan teatrlarının mövcud durumu, yaranmış durumdan necə çıxması, belə vəziyyətə nə qədər "hazırlıqlı" olması ilə bağlı bir çox  materiallar  təqdim etmişdik. İndi isə dünyanın müxtəlif ölkələrində yaşayan yerli rejissor və aktyorlarımıza müraciət etdik. Onlardan xarici teatrların belə məqamlarda hansı situasiya ilə üzləşdiyini və öz fəaliyyətlərini necə qurduğunu xəbər aldıq. 
 


İsveçdə yaşayan Azərbaycanlı rejissor Əlif Cahangir qeyd etdi ki, yaşadığı ölkədə karantin rejimi tətbiq edilməsə də, İsveç dövləti bu xəstəliklə ciddi mübarizə aparır: "Azərbaycanda olduğu kimi, İsveçdə də teatr, kino və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətlərini müvəqqəti dayandırıblar. Virus səbəbi ilə fəaliyyətini müvəqqəti dayandırmış teatrlar, əsasən, virusun daha çox yayıldığı paytaxt Stokholmda və başqa şəhərlərdə yerləşən teatrlardır. Ancaq bir çox şəhər və əyalət teatrları var ki, onlar öz işlərinə həmişəki kimi davam edirlər. Bilet satışı hələ də var. Bu, ancaq virusun daha az yayıldığı Boden, Kristianstad kimi şəhərlərdə mümkündür. O ki qaldı tamaşaların virtual yayımına, İsveçdə vəziyyət bizimkindən bir az fərqlidir. Bizdə aylıq virtual repertuar tərtib edilir və teatrın rəsmi səhifəsində bu barədə anons yerləşdirilir. İsveçdə isə bu belə deyil. Məsələn: İsveçin böyük teatrı olan "Kungliga Dramatiska Teatern” Milli Dram Teatrı öz rəsmi səhifəsində (Dramaten.se), təxminən, 10-11 tamaşa yerləşdirib. Kim istəsə, daxil olub izləyə bilir. Yeri gəlmişkən dünən isveç rejissoru Matias Andersonun 2015-ci ildə quruluş verdiyi "İdiot” (Dostoyevski) tamaşasını virtual olaraq izlədik. Yəni, burada kinoteatr sayağı xüsusi repertuar təşkil edilmir. Bəlkə də hansısa teatr edib, amma mən görməmişəm".
 


İzmirdə Han Teatrında çalışan Azərbaycanlı aktrisa Roza İbadova isə bildirir ki, iyulun 1-dən Türkiyədə teatrlar açılıb: "3 ay idi ki, Türkiyədə teatrlar pandemiya ilə əlaqədar pərdələrini və qapılarını tamaşaçıların üzlərinə bağlamışdılar. Teatrların yaradıcı heyəti bu günləri evdə qalaraq, yoluxmamağa səy göstərdilər. Artıq dünəndən etibarən teatrlar işə başlayıblar, ancaq müəyyən qaydalar əsasında. Qanunlara görə, girişdə tamaşaçıların temperaturu ölçüləcək və tamaşa boyu salonda maska ​​taxmaq məcburiyyətdir. Salonun tutumunun maksimum 60%-nin dolmasına icazə verilir. Seanslar arasında kütləvi toplaşma olmaması üçün kino, teatr və konsert nümayişlərinin başlama və bitmə saatları ciddi tənzimlənəcək. Eyni ailənin üzvləri arasında sosial məsafə və oturma qaydaları tətbiq edilmir. Müəssisələrdəki kondisionerlərin xaricdən təmiz hava almaqla işlədilməsinə icazə verilir. Dairəvi vəziyyətdə mədəniyyət və incəsənət obyektlərindəki bütün kondisionerlər 100 faiz kənarda təmiz hava ilə quraşdırılacaq və mərkəzi havalandırma sistemlərindən istifadə ediləcək. Qurğuların havalandırılmasının təmiz havanın dövranını təmin edəcək bir şəkildə qurulması və bütün qapalı ərazilərdə fiziki imkan varsa, təbii havalandırma işlərinin tez-tez aparılması tələb olunur. Kondisionerlərin istifadəsi Səhiyyə Nazirliyi tərəfindən hazırlanan Xarici İdarəetmə və İş Təlimatında kondisionerin istifadəsi qaydalarına əsasən həyata keçirilir". 

Roza İbadova deyir ki, karantin günlərində Türkiyədə özəl teatrların onlayn tamaşa nümayişi həyata keçirilməyib, yalnız dövlət teatrları öz səhifələrində  arxivdə olan tamaşalarını nümayiş etdiriblər. 
 

 
Almaniyada yaşayan xanəndə, aktrisa Vüsalə  Musayevakoronavirusun yaşadığı ölkənin iqtisadiyyatına, sosial həyatına, eyni zamanda, mədəniyyətinə təsirsiz ötüşmədiyini bildirdi: "Almaniyada digər ölkələr kimi, yoluxmanın qarşısını almaq və insanları qorumaq üçün karantin rejimi tətbiq olunsa da, artıq insanların da etirazlarından sonra bəzi kiçik müəssisələr açılıb. Ancaq bu yumşalma mədəniyyət ocaqlarına, xüsusən də, teatrlara şamil edilməyib.  Almaniyada Opera və digər teatrlar, insanların kütləvi toplaşdığı məkanlar hələ də fəaliyyətinə başlamayıb. Qaydaların yumşalması avqustun axırına nəzərdə tutulur. Hələ ki, nə mədəniyyət ocaqları, nə insanların əyləncə və istiahət edə biləcəyi heç bir məkan açıq deyil".
 
Xanəndə bildirir ki, Almaniyada Opera Teatrlarında onlayn tamaşalar nümayiş olunmur: "Karantin qaydaları teatrlarda çalışan sənət adamlarını da evdə oturmağa vadar edib. Bu dönəmlərdə Almaniyanın opera teatrlarının səhifələrində heç bir onlayn tamaşalara rast gəlməmişəm. Fikirlər var ki, açıq havada konsert proqramları təşkil etmək mümkündür, ancaq bu barədə dəqiq heç bir məlumat yoxdur. Hətta sizə bildirim ki, bəzi konsertlərin maskadan istifadə edilərək və ara məsafəsi qorumaqla keçirilməsi nəzərədə tutulur. İyunun 15-də Kölndə solo konsertim olmalı idi. Onu təxirə salmaq məcburiyyətində qaldım. Düsseldorf Operası ilə danışqlarım olsa da, pandemiyaya görə bu işlərim də təxirə düşdü. Hələ ki, pandemiyaya görə Almaniyada bütün dünyada olduğu kimi, mədəni layihələrin durğunluğu davam edir". 

V.Musayeva qeyd edir ki, Almaniyada insanlar davamlı olaraq gəzməyə çıxdığına və mədəniyyət ocaqlarına üz tutduqlarına görə karantin qaydaları onları bir qədər sıxır: "Hazırda Almaniyada incəsənət aləmində bir susqunluq, durğunluq var. Bu da insanların sağlamlığının qorunması, yoluxmanın azaldılması üçün atılan addımlardan irəli gəlir". 
 

 
Moskvada yaşayan Azərbaycanlı rejissor, aktyor Vüsal Mehralıyev bildirdi ki, orada teatrların bir qismi 10 - 15 nəfərlik heyətlərlə məşqlərə başlayıblar: "Moskvada bəzi teatrlar artıq məşqlərə başlayıblar. Teatrların bir qismi karantin qaydaları yumaşlarsa, avqustun 15-dən yeni tamaşaların məşqlərinə başlamağı planlaşdırırlar. Belə ki, sentyabrda yeni mövsümün açılışında tamaşaçıların görüşünə yeni tamaşalarla gəlmək istəyirlər. Təbii ki, Moskvada pandemiya dönəmində teatrlar onlayn şəkildə tamaşalar nümayiş etdirdilər. Onların tamaşalarının  çəkiliş sistemi, səslənməsi çox peşəkardır. Teatrların yaradıcı heyəti, əsas da aktyor heyətinin üzərində heç bir öhdəlik yox idi ki, şeir desinlər, ya da hər hansı epidzodik obrazlar canlandırsınlar. Fərq onda idi ki, bizim aktyorlar evlərində oturub, illərlə səhnədə canlandırdıqları obrazların mətnini bir gözləri kitabda, dəftərdə, bir gözləri kamerada oxuyurdular. Onlar balaca "xruşşovka” evlərdə teatr səhnəsi yaradırdılar, kiçik səhnəcik qurur, peşəkarcasına evlərində sənətlə məşğul olmağa çalışırdılar. Bizdə isə aktyorlar telefonu burnunun üstünə qoyub, bir gözü kitabda şeirlər dedilər".

V.Mehralıyev qeyd edir ki, Moskvada karantin günlərində insanlar əvvəlki iş rejimin ilə çalışırlar: "Bütün dünyada olduğu kimi, Moskavada da pandemiya öz işini gördü. Bir müddət iş yerləri, mədəniyyət ocaqları qapandı, insanlar evdən çölə çıxmadı. İndi karantin rejimi bir az yumaşdılıb, smslə evdən çıxmaq aradan qaldırılıb, insanlar sərbəst işlərini görürlər. Mərkəzdə əhali sosial məsafəni qoruyur. İaşə obyetklərində, kafelərdə, alış-veriş mərkəzlərində qorunmaq və izolyasiya qaydalarına əməl etmək üçün məlumat xarakterli plakatlar var. İnsanlar da bu qaydalara riayət edirlər. Teatrlara gəldikdə isə, dünən Vaxtanqov Teatrının bədii rəhbəri çıxışında bildirdi ki, sentaybr ayında teatr fəaliyyətə başlayacaq. Əgər sentyabrda teatr fəaliyyətə başlayacaqsa, təbii ki, avqust ayından məşqlər olmalıdır".   
 Xəyalə Rəis