• çərşənbə, 24 Aprel, 12:26
  • Baku Bakı 27°C

Dünya şokolad bazarında Azərbaycan malı

25.11.14 12:36 3428
Dünya şokolad bazarında Azərbaycan malı
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaqdır. Bu o deməkdir ki, illər keçdikcə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyllər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbat yüksələcəkdir. İqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə isə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri daha da artacaq, hətta bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevriləcəkdir. Bu kimi səbəblərdən müasir dövrümüzdə etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtinə çevrilib. Azərbaycan da dünyanın bir parçası olduğundan, ölkəmizdə də əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Özəl sektora dövlət qayğısı
Bu yöndə dövlət səviyyəsində ilk addım hələ keçən əsrin 90-cı illərinin ortalarında atılıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanılıb. 2001-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Bu Proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmağa başlayıb. Bununla yanaşı, “2003-2005-ci illər üçün yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci illər)”, “Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib. Daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məqsədilə 1 may 2008-ci il tarixdə Prezident İlham Əliyev “Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının hazırlanması haqqında” Sərəncam imzalayıb. Bununla əlaqədar aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları, elm, qeyri-hökumət təşkilatları tərəfindən 2008-2015-cit illəri əhatə edən Dövlət Proqramı layihəsi hazırlanıb. 25 avqust 2008-ci ildə ölkə başçısının növbəti Sərəncamı ilə təsdiqlənən bu Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində özəl sektorun inkişafında da diqqətəlayiq nəticələr əldə edilib.
Qənnadı və yeyinti sahəsinin inkişafına güclü təkan
Azərbaycanda yaradılan iqtisadi-siyasi sabitlik, özəl sektora, xüsusən də sahibkarlara göstərilən dövlət qayğısı nəticəsində ölkəmizin ərzaq təhlükəsizliyinə, iqtisadiyyatımızın qənnadı və yeyinti sahəsinin inkişafına güclü təkan verən istehsal müəssisələrindən biri də “Ulduz” Şokolad Fabrikidir. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirib. Ulduz şokoladlarını müxtəlif çeşidlərdə yerli bazara təqdim etməyə başlayan fabrikin məhsulları tez bir zamanda istehlakçılar tərəfindən sevilib. Fabrik yerli bazara yeni bir ad “Ulduz” şokoladlarını müxtəlif çeşidlərdə təqdim etməklə öz mövqeyini bir qədər də möhkəmləndirib. Keyfiyyətli məhsul, zövqləri oxşayan qablaşdırma, sərfəli qiymət, yüksək səviyyədə xidmət müştərilərin sayının sürətlə artmasına səbəb olub. Fabrik ilk məhsulu olan, tez bir zamanda istehlakçılar tərəfindən sevilərək qəbul edilən “Ulduz” şokoladlarından bugünkü müxtəlif rəngarəng çeşidli məhsullarına qədər, böyük inkişaf yolu keçib. “Ulduz” fabriki yerli bazarla yanaşı, Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad markaları olan “Ritm”, “Rocky”, “Tango”, “Xonça”, “Seasons”, “Sema”, “Wedding” və bir sıra digər məhsulların müxtəlif çeşidləri ilə böyük nüfuz qazanıb. Fabrik 2014-cü ilin əvvəlindən daha iki yeni xəttin - Topnut markalı Draje və Çırtdan, Freş, Alpinmilk, Villi markalı Karamel xətlərinin işə salınması ilə öz fəaliyyət sahəsini daha da genişləndirib.
Qida sənayesi sektorunda qabaqcıl şirkət
“Ulduz” Şokolad Fabrikinin direktoru Vüsal Şərifov rəhbərlik istehsal müəssisə barədə danışarkən, fabrikin hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif etmək niyyətində olduğunu bildirib. Qeyd edib ki, müəssisədə bu gün müasir standartlara cavab verən avadanlıqların quraşdırılması, işçilərə yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsi fabriki qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib. Onun sözlərinə görə, fabrikdəki istehsal prosesində keyfiyyətə daim önəm verilir, bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənilir: “Tamamilə avtomatlaşdırılmış, müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılıb və fabrikdə dünyanın an qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək modern iş şəraiti qurulub. Hazırda fabrikin istehsal gücü saatda 3200 kiloqram və daha artıqdır. Burada istehsal olunan müxtəlif çeşidli şokolad məhsulları Azərbaycanın bütün bölgələrinə yayılıb və böyük istehlakçı kütləsinin rəğbətini qazanıb. Biz inkişafdakı dinamikliyi möhkəmləndirmək, ixrac potensialını daha da genişləndirmək məqsədi ilə beynəlxalq standartların tələblərinə uyğun təkmilləşdirmə siyasəti də həyata keçiririk. Əldə olunan uğurlar kollektivi daha məsuliyyətlə çalışmağa, texnoloji yeniliklərin tətbiqini daim diqqət mərkəzində saxlamağa sövq edir. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən hər bir müəssisə kimi “Ulduz” şokolad və karamel fabriki də bu gün öz araşdırmalarını davam etdirərək işini günün tələbləri səviyyəsində qurmağa çalışır”.
Azərbaycanın dünyada parlayan “Ulduz”u
V.Şərifov fabrikin inkişaf edərək ölkə hüdudlarından kənarda da tanınmağa və istehlakçı auditoriyasını genişləndirməyə nail olduğunu dilə gətirib. Bildirib ki, ötən illərdə fabrikin ixrac potensialı daha da artırılaraq Rusiya Federasiyasının Moskva, Sankt Peterburq, Ufa, Maxaçkala, Kazan, Krasnodar, Rostov, Çelyabinsk, Yekaterinburq, Kalininqrad, Nijnı Novqorod, Nazran, Qroznı kimi iri şəhərlərinə, eyni zamanda Ukrayna, Belorusiya, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, İsrail, İraq, Fələstin, Yəmən, Əfqanıstan, BƏƏ və digər ölkələrə Azərbaycan məhsullarının ixracına başlanılıb.
Fabrikin əsas fəaliyyət hədəfləri
Fabrikin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Lalə Eminova isə bizimlə söhbətində bazar iqtisadiyyatının təşəkkül tapdığı bir dövrdə, müasir texnologiyaların istehsalata tətbiqinin, eləcə də müştəri məmnuniyyətinin “Ulduz” üçün əsas fəaliyyət hədəflərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, fabrik rəhbərliyi işçilərin rahatlığını təmin etmək məqsədilə işçilərin iş vaxtı çay və isti yeməklə, işə gəlib getmələri üçün nəqliyyat vasitəsilə, həmçinin xüsusi iş geyimləri ilə təminatını yüksək səviyyədə həyata keçirir. Eyni zamanda, işçi heyətinin bilik və bacarıqlarının, peşəkar səviyyəsinin artırılması üçün şirkət hesabına daxili, xarici kurslar və seminarlar da təşkil olunur. Həmçinin, fabrik işçilərin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə işçilərini mütəmadi olaraq tibbi müayinədən keçirir. Bütün bunlar isə istehlakçıların fabrikə, onun məhsullarına olan etimadı qorumağa, müştərilər üçün daim keyfiyyətli məhsul istehsal etməyə hərtərəfli şərait yaradır.
Deyilən sözlə əməli iş üst-üstə düşəndə
Bu yazını hazırlamazdan öncə “Ulduz” Fabrikinin tabe olduğu “Veysəloğlu” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə ilə birlikdə fabrikdə istehsal prosesini yaxından izləmək imkanımız da olub. Əvvəlcə onu bildirək ki, Fabrik Almaniya, İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət göstərən məşhur şirkətlərin istehsalı olan və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunmuş yaraşıqlı binada yerləşir. Fabrikdəki ayrı-ayrı istehsal sexlərindəki səliqə-sahmanı, iş prosesini, işçilərin öz işlərinə məsuliyyətlə yanaşmasını və sairi müşahidə etməyimiz onu deməyə əsas verir ki, burada söylənilənlərlə əməli iş tam üst-üstə düşür. Həmkarım İ.Məmmədzadənin dediklərindən o da aydın olur ki, fabrikin əsas məqsədi yerli və xarici bazarlarda beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli məhsullar təqdim edərək öz nüfuzunu qorumaq və artırmaqdır. Onun sözlərinə görə, fəaliyyət sahələri yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun şəkildə qurulan fabrikdə Keyfiyyət İdarəetmə və Qida Təhlükəsizliyi Sistemlərinə, Halal Qida qanunlarına tam riayət edilir, istehlakçıya tam təhlükəsiz, etibar etdiyi qida təqdim olunur.
Ölkəmizin layiqli təmsilçisi
Hal-hazırda 600-ə yaxın işçinin çalışdığı fabrik beynəlxalq sərgi və konfranslarda da ölkəmizi layiqincə təmsil edib, istehsal etdiyi məhsullar keyfiyyətinə görə beynəlxalq dərəcəli sertifikatlara və mükafatlara layiq görülüb. Misal üçün, fabrik beynəlxalq İSO 9001:2008-Keyfiyyət İdarəetmə Sistemi, İFS Beynəlxalq Qida Standartı, BRC, İSO 22000:2005, İSO 10002:2004, OHSAS 18001:2007 və sair sertifikatları almış özəl şirkətdir. 2010-cu ilin fevralında “İlin xalq markası” mükafatına layiq görülüb. 2009-cu ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Prodekspo-2009” sərgisində iştirak edən 57 ölkənin 1850 şirkəti arasında “Ulduz”un şokoladları yüksək qiymətləndirilərək innovasiya məhsulu müsabiqəsinin Qızıl medalına layiq görülüb.
“Qida təhlükəsizlik platin” fərqlənmə nişanı
2013-cü ilin noyabrında isə fabrik daha bir uğura imza ataraq “Qida təhlükəsizlik platin” fərqlənmə nişanı ilə təltif edilib. Bu, Azad İstehlakçılar Birliyi (AİB) tərəfindən təsis edilən Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi adlı keyfiyyət nişanıdır. Birliyin sədri Eyyub Hüseynovun sözlərinə görə, 2011-ci ildən etibarən milli məhsullar üzərində nəzarəti təmin etmək, məhsulun təhlükəsizliyi barədə məlumat toplamaq və istehlakçılara məlumat vermək üçün rəhbərlik etdiyi QHT-də təlimlər keçirilib. Bunun ardınca AİB qida təhlükəsizliyi ilə bağlı çox çesidli müəssisələri nəzərdən keçirib və “Ulduz” fabrikinin üzərində dayanıb. AİB ekspertləri fabrikdə olublar və diqqətlə izlənmələr həyata keçiriblər. Ekspertlərin müsbət rəyi nəticəsində belə qərara gəlinib ki, fabrik platin medala tam layiqdir. E.Hüseynov bildirib ki, “Ulduz” qənnadı fabrikinin platin medal alması məhsulun yüksək keyfiyyət göstəricisidir: “Şirkət bir il ərzində çox çətin və geniş miqyaslı ekspertizadan keçdi. Bütün parametrlər üzrə ciddi yoxlamalardan sonra fabrik ən yüksək qiyməti aldı. O, bizim bütün tələblərimizə cavab verir. İstehlakçılar bu məhsula tam olaraq etimad göstərə bilərlər”.
Gələcək planlar, qarşıya qoyulan məqsədlər
Son olaraq qeyd edək ki, artıq Azərbaycanın milli brendinə çevrilən “Ulduz” şokoladları hər bir ailənin, süfrələrimizin, xonçalarımızın bəzəyinə çevrilib. Hazırda kollektivin qarşısına qoyduğu əsas məqsəd milli dəyərlərin qorunmasında yaxından iştirak etmək, iqtisadiyyatın möhkəmlənməsi, əhalinin rifah halının yaxşılaşması istiqamətində ölkə Prezidenti İlham Əliyevin önə çəkdiyi vəzifələrə layiqincə nail olmaqdır. Əldə olunan uğurları, görülən işləri nəzərə alsaq, indidən tam əminliklə deyə bilərik ki, yaxın gələcəkdə “Ulduz” Şokalad Fabriki bu məqsədlərə də çatacaqdır.
Rufik İSMAYILOV
Yazı, Azərbaycan Mətbuat Şurası və “Ulduz” Şokalad Fabrikinin jurnalistlər arasında elan etdiyi “Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru” mövzusundakı müsabiqəyə təqdim olunur

banner

Oxşar Xəbərlər