• çərşənbə axşamı, 19 mart, 07:22
  • Baku Bakı 8°C

Dünya səhnələrini fəth edən azərbaycanlı müğənni

21.11.19 10:00 1676
Dünya səhnələrini fəth edən azərbaycanlı müğənni

Avropa mətbuatı onun ifasını mələklərin oxumasına bənzədir

İlham Nəzərov... Onun yaradıcılığı müasir Azərbaycan vokal ifaçılıq sənətində yeni mərhələ və istiqamət təşkil edir.

Azərbaycan Respublikasının Əməkdar Artisti, Prezident təqaüdçüsü, onlarla beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov və Azərbaycan vokal ifaçılığı sənəti dedikdə, "ilk” sözü qeyri-ixtiyarı olaraq düşüncəmizdə yer alır. O, XXI əsr müasir Azərbaycan vokal ifaçılıq sənətinə adını parlaq hərflərlə yazmışdır. Belə ki, ilk növbədə İ.Nəzərov kontratenor səs tembrinə və eyni zamanda bariton səs tembrinə malik müğənni kimi Azərbaycan ifaçılıq sənəti tarixinə daxil olmuşdur.

İlham Nəzərovun yaradıcılığında opera sənəti əhəmiyyətli yer tutur. 20 illik professional səhnə fəaliyyətinə malik ifaçının opera sənətində ilk debütü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında oxuduğu illərə təsadüf edir. Onun tələbə ikən canlandırdığı obrazlar, ifaçının yüksək yaradıcılıq potensialından xəbər verirdi.

Xüsusilə, yaradıcılığının ilk mərhələsində - 2006-cı ildən ÜNS yaradıcılıq səhnəsində və daha sonralar H.Əliyev sarayında R.Koçantenin "Notre Dame de Paris” müziklində Kvazimoda və 2010-cu ildə Xalq artisti F.Əlizadənin "İntizar” operasında Yad adam obrazı onun aktyorluq məharətinin göstəricisidir. Məhz R.Koççantenin "Notre Dame de Paris” müziklinin ifasından sonra İ.Nəzərovun opera səhnə fəaliyyətində yeni mərhələ başlayır. Yad adam obrazı ilə o, tamamilə fərqli istedad və bacarığa malik əsl yaradıcı insanı təcəssüm etdirmiş oldu. Mürəkkəb partiyaların, ifa plastikasının böyük məharət və bacarıqla yerinə yetirilməsi İ.Nəzərovun hərtərəfli istedada sahib ifaçı olması ilə yanaşı, yüksək aktyorluq qabiliyyətinə malik musiqiçi olduğunu bir daha göstərdi.

İlham Nəzərovun yaradıcılığını bədii tərzdə ifadə etməyə çalışsaq "səhnə üçün doğulmuş musiqiçi” ifadəsindən yararlana bilərik. Səhnəmizin Kvazimodası, Yad adamı, Oneqini, Alekosu, Orfeyi, Oberonu, Kerubinosu, Rinaldosu, Sestosu, Nofəli... siyahını xeyli artırmaq da olar. Nə az, nə çox - 49 obraz...

2010-cu ildə İtaliyanın Osimo şəhərindəki dünyaca məşhur musiqi ocaqlarından biri olan "Accademia de Arte Lirica”ya daxil olması İlham Nəzərovun yaradıcılıq bioqrafiyasında yeni bir mərhələnin başlanmasına səbəb oldu. İfaçının 2011-ci ildən başlayaraq kontratenor səs tembri ilə ifa etməsi isə müğənninin yaradıcılığında və eləcə də Azərbaycan müasir opera ifaçılıq sənətində yeni səhifəni təşkil edir.

Müğənninin kontratenor kimi canlandırdığı ilk obraz 2011-ci ildə İtaliyada K.Monteverdinin "L’incoronazione di Poppea” operası olmuşdur. Bu tarixi, ifaçılıq mədəniyyətimiz üçün kontratenor mərhələsinin başlandığı dövr kimi qəbul etmək olar. Məhz həmin ildən başlayaraq hər iki səs tembri ilə müxtəlif və zəngin obrazlar portreti yaratmağa nail olur.

O, gənc olmasına baxmayaraq həm bariton və həm də kontratenor səs tembrində 49 obrazı Azərbaycan və dünyanın bir sıra aparıcı teatrlarının səhnələrində canlandırmışdır.

İfaçı yaradıcılıq coğrafiyasını daha da genişləndirir. Qısa zaman çərçivəsində artıq o, təkcə İtaliyada deyil, Avstriya, Fransa, İsveç, Almaniya, Rumıniya, Finlandiya, Belçika, İsveçrə, İspaniya, Türkiyə, Hollandiya, Çexiya və digər ölkələrdə yerləşən opera səhnələrində çıxış etmək üçün dəvətlər alır.

İ.Nəzərovun çıxış etdiyi opera teatrlarından Roma Teatrı, La Skala, Venesiya Opera Teatrı, Brno Milli Teatrı, Praqa Opera Teatrı, Kalyari Teatrı, Parma Opera Teatrı, Lucca Teatrı, San Karlo Opera Teatrı, Opera Bastiliya, Münhen Milli Teatrı, Belarus Opera və Balet Teatrı, Göteborq Opera Teatrı, Savona Teatrı, Lübek Opera Teatrı, Ukrayna Milli Teatrı, Kazan Opera Teatrı, An der Vin Teatrı, Valetta Kral Opera Teatrı, Krakov Opera Teatrı, Buxarest Milli Opera Teatrı, Malmö Opera Teatrı, Amsterdam Opera və Balet Teatrı, Boloniya Opera Teatrı, Roma Capranica Opera Teatrı, Pesaro Opera Teatrı, Helsinki Milli Opera Teatrı, Florensiya Verdi Teatrı, Lvov Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və onlarca digərlərini sadalamaq mümkündür.

"Onun səsi əsən mehi xatırladır”, "Meşələrin və elflərin hökmdarı”, "Yaratdığı obraz nağıl dünyasına sığışır”, "Qeyri-adi səsin sahibi”, "Onun ifası mələklərin oxumasını xatırladır” ... Avropa mətbuatında məhz İlham Nəzərov haqqında belə yazılır.

İ.Nəzərov oynadığı qəhrəmanları özünəməxsus şəkildə ifa edir. Onların hər birinə yeni portret cizgiləri bəxş etməklə yanaşı, yeni çalarlarla daha da zənginləşdirir və öz fərdi təfsirini böyük məharət və ustalıqla təqdim edir.

Budur, artıq o, 10 noyabr 2019-cu ildə 49-cu obrazını İtaliyanın Novara şəhərində yerləşən Koçça teatrında canlandırdı. Qeyd etmək istərdik ki, İ.Nəzərov sənətini səciyyəvi edən digər cəhətlərdən biri də onun səs tembri üçün əsərlərin, o cümlədən mahnı və romansların, simfonik orkestr və kontratenor üçün əsərlərin, həmçinin obrazların yazılmasıdır. Novara Opera Teatrında canlandırdığı Narçizo obrazı məhz onun səs tembri üçün nəzərdə tutulmuşdu. Partiya, həm bariton və həm də kontratenor səs tembrinin xüsusiyyətləri nəzərə alınaraq bəstələnmişdir. Bu, bir daha İ.Nəzərov sənətinin yüksək olmasından xəbər verir. Özündə mürəkkəb vokal ifaçılıq texnikasını cəmləşdirən partiyanın öhdəsindən müğənni böyük peşəkarlıqla gəlmişdir. İtaliya musiqi tənqidçiləri müğənninin ifasını yüksək qiymətləndirmiş və italyan mətbuatı tərəfindən geniş şəkildə işıqlandırılmışdır.

Azərbaycan vokal ifaçılıq sənəti zəngin ənənələrə malikdir. Bu dövr ərzində Azərbaycan opera sənəti böyük inkişaf yolu keçmiş və ifaçılıq mədəniyyətimiz yeni-yeni adlar ilə zənginləşmişdir. İlham Nəzərov sənəti də müasir Azərbaycan vokal ifaçılıq sənətinin zənginləşməsinə töhfə verir.

Özünə qarşı tələbkar, məsuliyyətli olan, zəhmətkeşliyi, əməksevərliyi ilə seçilən fitri istedad sahibi İ.Nəzərov yorulmaq bilmədən çalışır. Vokal repertuarını zənginləşdirərək peşəkarlıq səviyyəsini daha da yüksəldir. Sənətin yüksək zirvələrinə aparan mürəkkəb, geniş və çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə musiqi mədəniyyətimizi daha da zənginləşdirir.

49 obraz... Bu, çox böyük, böyük olduğu qədər də qürurlu bir rəqəmdir. Ümid edirik ki, ifaçı 50-ci obrazını tezliklə vətənində canlandıracaq!

Günel Bəkirli

banner

Oxşar Xəbərlər