• cümə, 26 Aprel, 14:40
  • Baku Bakı 23°C

“Dünya neft içində boğulur”

16.11.16 12:53 1334
“Dünya neft içində boğulur”
Dünya bazarında neftin qiymətində baş verən tənəzzül, ardınca milli valyutaların dəyərdən düşməsi və bu fonda baş verənlər əsas müzakirə mövzularından birinə çevrilib. Son üç ayda isə enmə nəzərəçarpacaq dərəcədə qeydə alınıb. Qərb nəşrləri ekspertlərə istinadən yazırlar ki, qiymətlərdə tənəzzülün müxtəlif səbəbləri var. Bura Neft İxrac Edən Ölkələrdə (OPEC) rekord həcmdə hasilatı, nəqlin dondurulması ilə bağlı danışıqların nəticəsiz başa çatmasını, bir vaxtlar ən iri neft idxalçısı olan Birləşmiş Ştatların daxildəki yataqlarında alternativ yanacaq istehsalını artırmasını və s. daxil etmək olar. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina ilk dəfə olaraq neftin bir barelinin 25 barelə düşəcəyi və böhran ssenarisi təhlükəsindən danışıb.

Ötən gün də dünya neft bazarında qiymət ucuzlaşmağa doğru start götürüb. "Brent” markalı neftin bir bareli 44 dollara kimi enib. Qeyd edilir ki, neftin qiyməti OPEC ölkələrində nəqlin artırılması barədə xəbərlər fonunda dəyişir. Beynəlxalq Energetika Agentliyinin yaydığı məlumata görə, OPEC oktyabr ayında gündəlik nəqli sentyabrla müqayisədə 230 min barel artırıb və hazırda sutkalıq nəql 33,83 mln. barel təşkil edir. Məlumata görə, neftin qiymətinin aşağı düşməsində Amerikanın servis kompaniyası - Baker Hughesin də rolu var. Bundan əlavə, ABŞ neft yataqlarında əlavə buruqların quraşdırılmasını nəinki azaldır, əksinə, artırmaqda davam edir. OPEC ölkələrinin noyabrın 30-da Vyanada keçiriləcək toplantısı öncəsi bura daxil olan ölkələrdə nəqlin artırılması baş verir və bu da bazarda öz təsirini göstərir. Məlumat üçün bildirək ki, sentyabr ayında OPEC Əlcəzairdə keçirilən qeyri-formal görüşdə gündəlik nəqlin 32,5-33 mln. barel olması barədə qərar qəbul edib. Konkret limitlərin isə noyabrın 30-da tətbiq edilməsi nəzərdə tutulub.

Ekspertlər sammitdə nəqlin azalacağı barədə razılaşmanın əldə olunacağına ehtiyatla yanaşırlar. Bir sıra analitiklər, konkret olaraq "BMI Research”in ekspertləri hesab edirlər ki, OPEC üzvləri noyabrın 8-də Donald Trampın prezident seçilməsi səbəbindən, hər hansı bir saziş imzalaya bilməyəcək. Səbəb də Trampın Birləşmiş Ştatların energetika müstəqilliyinin tərəfdarı olmasıdır. "Neft ixrac edən ölkələrin dondurulma barədə bəyanatlarına artıq heç kim inanmır”, - deyə Bloomberg agentliyi PIRA Energy Group-un icraçı direktoru Hari Rossdan sitat gətirib. "Əgər sentyabrda OPEC üzvlərinin bəyanatından sonra neftin qiyməti bir barelə görə 55 dollara çatdısa, noyabrda bu rəqəm 45-dən aşağı düşüb”, - deyə o bildirib. "Əgər OPEC üzvləri əvvəlkitək bu mövzu ilə bağlı spekulyasiyaları davam etdirərlərsə və noyabrın sonunda qərar qəbul etməzlərsə, onda neftin bir barelinin qiyməti 35 dollara kimi düşməkdə davam edəcək. Neft nəql edən ölkələr sözlərinin üstündə dursalar, onda qara qızılın qiyməti 60 dollara kimi yüksələ bilər” - deyə Ross vurğulayıb. "Strong Petroleum”dan olan ekspert Ostin Berençen isə hesab edir ki, bazar OPEC və digər üzvlərin, o cümlədən Rusiyanın neftin nəqli məsələsində azalmaya nəzarət edib-etməyəcəyindən asılı olacaq: "Əgər OPEC Vyanada hər hansı bir qərar qəbul edə bilməsə, onda neftin bir barelinin 35 dollara kimi enməsinin şahidi olacağıq”.

Bununla yanaşı, qiymətlərin aşağı düşməsinin əsas səbəblərindən biri və ən əhəmiyyətlisi bazara neftin həddən artıq həcmdə çıxarılmasıdır. OPEC-in məlumatlarına görə, dünyada xam neftin kommersiya ehtiyatları üçüncü rübün sonuna kimi 3 mlrd. barelə çatıb. Bu da ilin əvvəlindəki mövcud həcmdən 67 mln. barel çoxdur. "Dünya həddən artıq neftin içində boğulur. Hətta neft kompaniyaları Avropanın şimal-qərbində 9 mln. barel həcmində tankerlər bronlayıb. Səbəb yeraltı anbarların tam şəkildə dolmasıdır”, - deyə Bloomberg yazır. Regionda yerləşən 16 gəmidən 14-ündə neft saxlanılır. Bunu "Tankers International”ın rəhbəri Conatan Li bildirib. Analoji vəziyyət Cənubi-Şərqi Asiyada da yaşanıb. "Tankers International”ın məlumatına görə, Sinqapurda bu gün neftlə dolu 10 tanker saxlanılır. Söhbət özü də supertankerlərdən gedir və onların hər birində 2 mln. barel neft var. "Dənizdə neftin saxlanılması artıq icarəyə götürülən gəmilərin qiymətini də artırıb. İyul ayından bəri qiymətlər iki dəfə artıb”, - deyə "Röyters” yazır. Analitiklər qeyd edirlər ki, treyderlər diqqətlərini OPEC-in noyabrın sonunda keçiriləcək toplantısının nəticəsinə yönəldiblər.

Neftin qiymətinin aşağı düşməsi milli valyutalara da təsirsiz ötüşmür. Artıq rus rublu avro və dollarla müqayisədə xeyli aşağı düşüb. Dollar son üç ayın maksimum həddinə yüksəlib. Bir ABŞ valyutası 67 rubla çatıb. Ekspertlərin qənaətincə, dolların möhkəmlənməsi ABŞ Federal Ehtiyat Fondunun dekabr ayı üçün uçot dərəcəsini artırması ehtimalı və seçkilərin nəticələri ilə bağlıdır. Bəzi ekspertlər isə yaxın gələcəkdə neftin qiymətinin kəskin azalacağına şübhə ilə yanaşırlar. "BK Sberejeniya”nın departament rəhbəri Sergey Suverov hesab edir ki, qiymətlər 40 dollardan aşağı düşməyəcək. "Alor Broker” kompaniyasının analitiki Kiril Yakovenko da hesab edir ki, neftin əvvəlkitək 48-49 dollara çatacağının şahidi olacağıq.

"TeleTreyd”in rəhbəri Aleksandr Yeqorov isə hesab edir ki, noyabrın 30-a kimi neftin nəqlinin sutkalıq 33 mln barel həcmində saxlanılması mümkün olmayacaq. Onun sözlərinə görə, OPEC üzvü və olmayan dövlətlər son aylar ərzində nəinki nəqli saxlayıblar, əksinə, həcmi artırmaqla məşğul olublar. O, həmçinin neftin qiymətinin 41-42 dollar həcmində saxlanılacağını da istisna etmir. "Alfa-Foreks”in departament direktoru Andrey Dirqin bildirib ki, OPEC-in toplantısı sadəcə bəyanat verməklə sonuclana bilər: "Belə bəyanatların verilməsi artıq ənənə şəklini alıb. Belə hal aprel sammitində də oldu və qarşıdakı 30 noyabr sammiti də əvvəlkinin taleyini yaşayacaq”. Əgər yeni seçilən prezidentin başqa ölkələrdən neft idxalını azaltmaq və ABŞ-ın özündə neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə planı reallaşsa, onda bu, bazarda əlavə gərginlik yaradacaq. "Bazara əlavə şist yanacağı daxil olacaq, bu da OPEC-in mövqelərinə ciddi təsir edəcək. Belə olan halda, OPEC həcmi artırmalı olacaq. Deməli, OPEC-dən dondurulmanı gözləməyə dəyməz”, - deyə Dirqin bildirib. Bu isə o deməkdir ki, "Brent” ucuzlaşmaqda davam edəcək.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər