• çərşənbə, 24 Aprel, 16:08
  • Baku Bakı 27°C

Dünya neft bazarında qiymət artımı nə ilə bağlıdır?

08.11.17 10:30 3052
Dünya neft bazarında qiymət artımı nə ilə bağlıdır?
Dünya bazarında neftin qiyməti günbəgün artmaqda davam edir. Belə ki, noyabr ayından başlayaraq Azərbaycan neftinin qiyməti 60 ABŞ dollarını keçib və demək olar ki, hər gün qiymət artımı müşahidə edilir. Onu da qeyd edək ki, bir çox ekspertlər bu qiymət artımlarına siyasi proseslərin təsir imkanlarını da istisna etmirlər. Diqqət etsək görərik ki, bu siyasi hadisələrin bir çoxu da məhz Yaxın Şərq ölkələri ətrafında cərəyan edir. Belə ki, İraq ordusu tərəfindən İŞİD terror təşkilatının nəzarətində olan neftlə zəngin bölgələr azad edildi. Eləcə də İraqın Kürd Muxtariyyəti ilə yaranmış problemdən irəli gələrək rəsmi Bağdad bütün kommunikasiyaya qadağalar tətbiq etdi. Məhz bu səbəbdən bölgədən neftin nəqli azaldı.Bundan başqa, bu günlərdə Səudiyyə Ərəbistanı kralı tərəfindən anti-korrupsiya sərəncamı bu ölkənin daxilində siyasi gərginliyə səbəb oldu. Bütün bunlar dünya bazarında neftin qiymətinin artmasına səbəb oldu, yoxsa başqa amillər var?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, dünya bazarında neftin qiymətinin bahalaşması bir neçə faktorla bağlıdır: "İlk olaraq onu deyim ki, oktyabrın sonalarında neftin qiyməti 60 dollar baryerini keçdi. Bu onunla əlaqədar idi ki, Səıudiyyə Ərəbistanının "Saudi Arabia Oil Co.”, qısa desək, Saudi Aramco neft şirkəti noyabr ayından neft ixracını gündəlik təqribən yarım milyon barel azaldacağını elan etdi. Bu addımın bazarlara çox böyük təsir qüvvəsi var idi və neftin qiyməti 60 dolları keçməyə başladı. İkinci amil onunla bağlı idi ki, noyabr ayının 4-dən Səudiyyə Ərəbistanı kralının anti-korrupsiya sərəncamı ilə əlaqədar ölkədə siyasi sarsıntılar özünü göstərməyə başladı. Ondan qaynaqlanaraq bu günədək onun təzahürləri görünməkdədir. Bu hadisələrə dünya mediası çox böyük önəm verdi. 1974-ci ildən indiyədək Səudiyyə Ərəbistanında hakimiyyətdaxili çəkişmələrin dünya bazarına təsir etməsinin və bütövlükdə bu ölkə daxilində yaşanan hadisələrin şahidi olmamışdıq.Eləcə də noyabrın sonlarında Vyanada OPEK ölkələrinin növbəti konfransı keçiriləcək. Bu tədbirdə ola bilsin ki, 2018-ci il ilin martında hasilat göstəricilərinin indiki səviyyədə saxlanılması və ya bir az da aşağı salınması məsələsi gündəmdə olacaq. Qeyd edilən amillər neftin qiymətinin 55-60 dəhlizindən 60-65 dəhlizinə keçməsini təmin elədi”.

İ.Şaban əlavə etdi ki, İraq Kürd Muxtariyyəti ilə bağlı problem və İŞİD-in bütövlükdə neftlə zəngin ərazilərdən çəkilməsi oktyabr ayının ortalarına təsadüf edir: "Bu hadisələrin çox qısa müddətli effekti olub. İkinci məsələ ondan ibarətdir ki, oradakı hasilat həcmləri elə də böyük deyil. Yəni, Kərkük-Ceyhan neft kəməri ilə bazara 500 min bareldən bir qədər artıq neft çıxarılır. O da, dayandırılması bəyan edilsə də, tam dayandırılmadı. Əlbəttə, bunun müəyyən təsirləri olub, amma çox qısa müddətli davam edib”.
İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, son dövrlər dünya bazarında istər "Brent”, istərsə də "Texas” markalı neftin qiymətində qalxma müşahidə olunur: "Dünya bazarında neftin qiymətinin yüksəlməsində Rusiya ilə Səudiyyə Ərəbistanı arasında hasilatın azaldılması ilə bağlı aparılan danışıqlarda ilkin razılaşmanın da rolu olub. Hər iki ölkə 2018-ci ilin sonunadək hasilatın azaldılması ilə bağlı ilkin danışıqlara başlayıb və bu da təbii ki, neft bazarına təsirini göstərir. Neftin qiymətinin dünya bazarında artmasında digər faktor Yaxın Şərqdə, xüsusilə İraqda neft hasilatında və nəqlində müşahidə edilən problemlərlə bağlıdır. Eyni zamanda İraqın neft ixracatı son aylar gündəlik olaraq 250 min barelə qədər azalıb. Nəticə etibarı ilə, qeyd edilən amil dünya bazarında tələb və təklifin azaldılmasına səbəb olub ki, bu da qiymət artımları ilə müşahidə olunur. Nəzərə alsaq ki hazırda dünya bazarında mövcud tələb-təklif 96,6 milyon barel ətrafında dəyişir, nəticədə təklifin azalması qiymətlərə təsir göstərməkdədir. Dünya bazarında qiymətlərin artıb-azalması İraqın və digər Yaxın Şərq ölkələrinin neft nəqlini hansı müddətə bərpa etməsi ilə bağlı olacaq”.
V.Bayramov qeyd etdi ki, bu məsələdə ABŞ-ın da təsir etmək imkanları kifayət qədər çoxdur: "Çünki ABŞ və Kanadanın şist neft istehsalı birbaşa qiymətlərə təsir göstərir. Ona görə də bazar yenidən şist neftlə dolmayacaqsa və təklifin artması müşahidə olunmayacaqsa, onda qiymətlərin 60-70 dollar intervalında dəyişməsi mümkündür. Amma yenidən ABŞ və Kanadanın şist neft istehsalı, o cümlədən Yaxın Şərqdə neft hasilatında artımlar bərpa olunacaqsa, bu zaman dünya bazarında neftin qiymətinin 50 dollara qədər azalması mümkündür. Hələlik praktik olaraq, İraqda baş verənlər və bu ölkənin neft ixracatındakı azalmalar qiymətlərə təsir göstərir. Ona görə də İraqın neft ixracatı bərpa edildikdən sonra qiymətin stabilləşməsi gözləniləndir. Buna baxmayaraq, hesab edirəm ki, dünya bazarındakı qiymətlərə ABŞ öz təsir imkanlarını qoruyub saxlamaqdadır.
Onu da qeyd edim ki, Səudiyyə Ərəbistanındakı gərgin siyasi vəziyyət, şahzadələrin həbsi neft bazarına təsir göstərmir. Çünki qiymətlərin artmasına neft təklifi və nəqli daha təsiredicidir. İraqda Kürd Muxtariyyəti ilə bağlı yaranmış problem də buna misaldır. Eləcə də Rusiya ilə Səudiyyə Ərəbistanı arasında olan razılıq bazara psixoloji təsir göstərib”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər