• cümə, 29 Mart, 05:19
  • Baku Bakı 7°C

Dünya mətbuatı Bakıda keçirilən VII Qlobal Forumdan yazır

29.04.16 10:58 1952
Dünya mətbuatı Bakıda keçirilən VII Qlobal Forumdan yazır
Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başa çatsa da, tədbirdə müzakirə olunan məsələlər, qəbul edilən qərarlar hələ uzun müddət dünyanın diqqət mərkəzində qalacaq. Heç kimə sirr deyil ki, artıq neçə illərdir ki, Azərbaycan beynəlxalq tədbirlərin, konfransların ev sahibliyi etdiyi məkanlardan birinə çevrilir. Ölkəmiz müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir mərkəzdə birləşdirən məkana çevrilib və bu baxımdan Bakıda keçirilən forumu onların ən mühümü adlandırmaq olar. Foruma təşrif buyuran qonaqların gəldiyi yekun qənaət budur ki, Azərbaycan bütün dünya ölkələri üçün yaxşı nümunəyə çevrilib. Qeyd edilib ki, 140-dan artıq ölkənin nümayəndəsinin Sivilizasiyalar Alyansı ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Bakıda toplaşması mühüm bir hadisədir. Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olub. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb.
Forum günü və onun gedişi dünyanın əksər mətbu orqanlarının diqqət mərkəzində olub. Bu sırada qardaş Türkiyənin mətbu orqanları, televiziyaları xüsusi fəallıq nümayiş etdiriblər. Bəlli olduğu kimi, forumda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib və buradan dünya birliyinə mesaj da ünvanlayıb. Qardaş ölkənin KİV-ləri prezidentin "bu gün 60 milyon insanın ölkələrindəki toqquşmalar nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıbldıqları bir dünyada yaşayır” fikrini xüsusi qeyd ediblər. "Sabah”, "Yeni Akıt”, "Türkiyə”, "Yeni şafak”, "Milliyət”, "Takvim” və s. qəzetlər prezidentin çıxışına və Bakıda keçirilən tədbirə böyük önəm veriblər. "Qərb dövlətlərində ksenofobiya və islamofobiyanın sürətlə artdığını müşahidə edirik. Bəzi məkrli siyasət yürüdən dairələrin fürsətdən istifadə edərək ayrı-seçkiliyi şiddətləndirməsini, sevgi əvəzinə nifrət toxumları əkməsini, ayrı-seçkiliyi özləri üçün vəzifə kimi gördüklərini müşahidə edirik. Beləliklə də, müxtəlif mədəniyyətlərə, inanclara sahib olan insanlar arasındakı uçurumun dərinləşməsi daha böyük fəlakətlərin yaşanacağını indidən deməyə əsas verir. Lakin biz həmişə bunu demişik və deyirik ki, terrorun, terrorçuların və terrorçu qruplaşmaların dini, mənşəyi, bölgəsi və mədəniyyəti yoxdur. Məsum insanların həyatına qəsd etməyi heç bir inanc, din, mədəniyyət, vicdan qəbul etməz. Xüsusilə də İslam hərfi mənası sülh olan bir dindir. Mənası sülh olan bir din terroru qəbul edə bilərmi?” - deyə "Sabah” prezidentin sözlərini sitat kimi gətirib. Nəşrlərin nüfuzlu köşə yazarları da Bakı forumu və müzakirə olunan məsələlərə diqqət ayırıblar. Məsələn, "Yeni Şafak” qəzetinin köşə yazarı Özlem Albayrak "Bakı notları” başlıqlı yazısında qeyd edir ki, forum tək region dövlətləri üçün deyil, qlobal əhəmiyyət kəsb edir. "Bu tədbirin Bakıda keçirilməsindən məmnunuq. Azərbaycan lideri dəfələrlə Türkiyənin çətin günlərində onunla olduğunu bəyan edib. Türkiyə də cəbhə zonasında baş verən son hadisələrdə Azərbaycanı dəstəkləyən bəyanat səsləndirib” - deyə müəllif yazıb. Daha sonra müəllif Bakının gözəlliyindən yazaraq şəhərin infrastrukturunun, müasir tikililərinin Avropanı xatırlatdığını vurğulayır.
Qeyd edək ki, tək qardaş ölkənin deyil, qonşu Rusiyanın da nəşrləri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumla bağlı geniş xəbərlər, reportajlar dərc ediblər. Məsələn, Rusiyanın "Rossiya 24” kanalının saytında dərc edilən materialda forumun dünyada artmaqda olan terrorizm təhlükəsi, Avropada miqrasiya böhranı və cəmiyyətlərdə dözümlülük hallarının artması fonunda keçirildiyi vurğulanıb. Qeyd edilib ki, 2016-cı il multikulturalizm ili elan edilib və Azərbaycan bu gün müxtəlif konfessiyaları özündə birləşdirən bir ölkəyə çevrilib. Qonşu ölkənin başqa bir nüfuzlu orqanı "Nezavisimaya qazeta” nəşri isə forumda dövlət başçısı İlham Əliyevin çıxışına diqqət ayırıb. Eləcə də forumda müxtəlif ölkələri təmsil edən 2 mindən artıq nümayəndənin, nüfuzlu beynəlxalq təşkilatların iştirak etdiyi vurğulanıb. Qəzet forum gedişində keçirilən panellər, orada müzakirə olunan məsələlərə də diqqət ayırıb. Təşkilatçıların verdiyi məlumata görə, forum zamanı 16 seksiya iclası, 2 plenar sessiya baş tutub. Həmin müzakirələrdə ekspertlər ekstremizm, terrora qarşı mübarizə qlobal miqrasiya, qlobal vətəndaşlıq, təhsilin rolu, din, idman və gənclər, "Bakı prosesi” və inklyuziv cəmiyyətlərin qurulması müzakirə olunub. Qəzet forumla bağlı dövlət rəsmilərinin mövqeyini də dərc edib.
Bundan əlavə, müxtəlif ölkələrin xəbər saytlarında da forumla bağlı xəbərlər yerləşdirilib. Məsələn, BMT-nin saytında təşkilatın Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” devizi altında Bakıda keçirilən VII Qlobal Forumunun rəsmi açılışı ilə bağlı ətraflı məlumat yerləşdirilib. Yazıda dünyanın müxtəlif ölkələrindən 2 min 500 nəfərin, o cümlədən dövlət və hökumət başçıları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, gənclərin iştirakı ilə keçirilən toplantının əhəmiyyəti vurğulanır. Vurğulanır ki, əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində birgə yaşayıblar. Məlumatda BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin fikirlərinə də yer ayrılıb. Onun sözlərinə görə, 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan edilməsi dünya xalqları arasında münasibətlərin gücləndirilməsinə yönələn mühüm addımdır: "Bakı isə bu tədbirə ev sahibliyi etmək üçün ən münasib məkandır”.
Yazıda BMT-nin baş katibi Pan Gi Munun Forum iştirakçılarına videomüraciətinə, eləcə də İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqallonun, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarından sitatlara da yer ayrılıb.
İordaniyanın nüfuzlu "Əl-Məchar” nəşrində isə qeyd edilir ki, forumun açılışında dünyanın 140 ölkəsindən çoxsaylı qonaqlar, o cümlədən dövlət və hökumət başçıları, BMT üzvü olan ölkələrin xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaşlıq strukturlarının, beynəlxalq və regional təşkilatların, özəl sektorun, incəsənət, media və akademik dairələrin, donor təşkilatların və fondların nümayəndələri iştirak ediblər.
Eləcə də, Səudiyyə Ərəbistanın Əl-Mədinə, qəzetində də forumla bağlı təəssüratlardan bəhs edilib.
A.Nuriyev
banner

Oxşar Xəbərlər