• şənbə, 20 Aprel, 01:09
  • Baku Bakı 15°C

Dünya ermənilərin “seçki” oyununu tanımadı

08.04.20 18:58 815
Dünya ermənilərin “seçki” oyununu tanımadı
Ekspertlərin fikrincə, işğal olunmuş ərazilərimizdəki seçki şousu Paşinyanın maraqlarının təmin olunmasına hesablanıb

Azərbaycanın işğal altındakı qondarma rejim tərəfindən keçirilən "prezident və parlament” "seçki”ləri dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən birmənalı qarşılanmadı. Bu "seçki”lərin tanınmaması ilə bağlı bəyanatlarda Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində həll edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması öz əksini tapıb. BMT, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, Türk Şurası, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar da Ermənistana bu qondarma rejimə dəstək olduğu üçün açıq şəkildə "qırmızı kart” göstərmiş oldu. Paşinyan rejiminin dünyanı bürüyən koronavirus təhlükəsindən istifadə edərək öz məkrli planını həyata keçirmək niyyəti ayrı-ayrı dövlətlərin deputatları və ekspertləri tərəfindən də tənqid edildi. Ermənistanın baş nazirinin qondarma rejimi dünyada tanıtmaq cəhdi isə tamamilə iflasa uğradı. Təbii ki, bu gün dünya ictimaiyyətinin Ermənistanın işğalçı kimi tanıdılmasında Azərbaycan diplomatiyasının "hücum taktikası” öz rolunu oynayıb. Bunun nəticəsidir ki, Ermənistanın Qarabağ münaqişəsi ilə bağlı atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Azərbaycanın işğal altında olan ərazilərində separatçı rejim 1991-ci ilin payızından mövcuddur və həmin vaxtdan etibarən onlar müxtəlif adda "seçkilər” keçiriblər: "Guya ki, özlərinə məxsus "prezident”, "parlament”, "bələdiyyə” "seçki”ləri keçirirlər. Təbii ki, bu qondarma rejim heç bir dünya dövləti, rəsmi qurumlar tərəfindən tanınmadığı, qəbul edilmədiyi üçün keçirdikləri "seçki”lərin də heç bir hüquqi əsası yoxdur və tanınmır. Ancaq bütün bunlara baxmayaraq, ermənilər özlərinə belə təskinlik verirlər ki, tanınmasaq da 20 ildən çoxdur biz "varıq”, "mövcuduq” və "fəaliyyət” göstəririk. Ermənilərin bu fikrinin qarşısını almaq üçün hesab edirəm ki, biz Azərbaycan olaraq torpaqlarımızı işğaldan azad etmək istiqamətində əməli fəaliyyətə keçməliyik. Həmin qondarma qurum məhv olmalıdır, onun rəhbərləri Azərbaycan qanunlarını pozduqları üçün hüquqi məsuliyyətə cəlb edilməlidirlər”.
E.Məmmədov qeyd etdi ki, bu gün işğal altındakı Azərbaycan torpaqlarına Ermənistan nəzarət edir: "Çünki bizim torpaqları orada donuz otaran dığa işğal etməyib, bunu Ermənistan edib. Təbii ki, Ermənistan işğalçılıq siyasətini havadarlarının köməyi ilə həyata keçirib. Əlbəttə ki, ermənilərə havadarlıq edənlər hər kəsə bəllidir. Onu da qeyd edim ki, işğal altındakı mövcud qondarma quruma bütün köməkliklər Ermənistan və rəsmi Yerevanı dəstəkləyənlər tərəfindən edilir. Hesab edirəm ki, bütün bunlara son qoymağın vaxtı çoxdan çatıb. Yəni, Azərbaycan özünün hərbi gücündən istifadə edərək ərazilərini işğalçılardan, separatçılardan, cinayətkarlardan təmizləməlidir, ölkənin ərazi bütövlüyü təmin olunmalıdır. Bundan sonra ermənilər nə sərsəm hərəkətlərə yol verə, nə "seçki” keçirə, nə də Azərbaycan qanunlarından kənar addım ata biləcəklər. Hələ ki, bunu edə bilməmişik və onlar da belə hərəkətlərə yol verirlər. Həqiqət isə odur ki, Azərbaycan BMT-nin üzvüdür və bu quruma daxil olan dövlətlər ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını bəyan edirlər. Ona görə də bu günə qədər Qarabağdakı qondarma rejim tanınmadığı üçün keçirdiyi "seçki”lər də qəbul olunmur. Ancaq təkrarən vurğulamaq istəyirəm ki, bu məsələyə birdəfəlik son qoymaq lazımdır. Bunu da ancaq Azərbaycan Ordusu edəcək”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, dünyanın bir çox dövlətləri və əksər təşkilatlar, eyni zamanda ayrı-ayrı ölkələrdən olan deputatlar, ekspertlər bir daha Azərbaycanın ərazi bütövlüyünə dəstəklərini ifadə etdilər: "O cümlədən Ermənistan tərəfindən Qarabağda qeyri-qanuni keçirilmiş "seçki”ləri pislədilər. Bütün dünyanın başı koronavirusa qarışdığı bir dönəmdə Paşinyan fürsətdən istifadə edərək Dağlıq Qarabağda "seçki”lər keçirtdi. Onun əsas məqsədi, təbii ki, Dağlıq Qarabağda da Ermənistanda olduğu kimi Koçaryan klanına qalib gəlmək və nəticədə öz etibarlı adamlarını "vəzifələrə” təyin etməkdir. Nəticənin belə olacağını Paşinyan gözləmirdi. O anlamalıdır ki, Azərbaycan münaqişənin ərazi bütövlüyünün təmin edilməsi şərtilə beynəlxalq hüquq çərçivəsində həllini istəyir. Əgər Qarabağda hər hansı bir "seçki” keçiriləcəksə, bu, təbii ki, Azərbaycanın razılığı ilə olmalıdır. Yerevandan Xankəndinə gələn "siyasətçilər” və Ermənistan ordusunun Qarabağda olması, əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həllini yubadan məsələlərdən biridir. Belə olan halda, ermənilərin bir yolu var, işğal etdikləri torpaqları azad etmək. Amma aydın məsələdir ki, onlar münaqişənin sülh yolu ilə həllinə niyyətli deyillər. Belə olan halda diplomatların yerinə Azərbaycan hərbiçiləri sözünü deyəcək”.
Z.Məmmədov vurğuladı ki, Azərbaycan tərəfindən son illər ərzində ordu üçün alınan silahlar, eləcə də 2016-cı ilin aprelində tətbiq edilən yeni müharibə metodları onu göstərir ki, ordumuz düşməni susduracaq gücə malikdir: "Təbii ki, bütün dünyadakı və ayrı-ayrı bölgələrdəki proseslər, dövlətlər arasındakı münasibətlər həm də qlobal nizamdan və beynəlxalq proseslərdən asılıdır. Bu beynəlxalq proseslər və qlobal nizam uyğun olduğu şəraitdə Azərbaycan mütləq şəkildə öz sözünü deyəcəkdir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər