• cümə, 19 Aprel, 12:48
  • Baku Bakı 25°C

Dünya çempionatı gənclərin xatirində necə qaldı? - Polemika

11.07.14 19:09 1549
Dünya çempionatı gənclərin xatirində necə qaldı? - Polemika
Bu il keçirilən futbol üzrə dünya çempionatı futbol azarkeşləri, xüsusilə gənclər arasında böyük maraqla qarşılandı. Başladığı ilk gündən gözlənilməyən nəticələrlə yadda qalan çempionat istər virtual aləmdə, istərsə də real həyatda geniş müzakirələrə səbəb oldu. İyunun 12-də start götürən və Brazilyanın ev sahibliyi etdiyi dünya kuboku yarışlarının bitməsinə artıq sayılı günlər qalıb. Bəziləri mövcud nəticələrə sevinsə də, bu ilki çempionatda məyus olanlar da az deyil. Biz də bunu nəzərə alaraq “dünya çempionatı sizin xatirinizdə necə qaldı?” sualı ilə gənclərə müraciət etdik.
“Çempionat dünyaya ulduz futbolçu qazandırdı”
Elsevər Qəhrəmanov, audit

Bu ilki futbol çempionatı Elsevərin xatirində böyük bir futbol bayramı kimi yadda qalıb. O hesab edir ki, bu il ən yadda qalan oyunu Əlcəzair və Almaniya nümayiş etdirib: “Bu oyun mənə çox təsir etdi. Çünki Əlcəzairin oyunçuları oruc tuta-tuta, ac-susuz 120 dəqiqə oynadılar. Üstəlik, pis oyun nümayiş etdirmədilər. O qədər gözəl oynadılar ki, hətta Almaniya kimi nəhəngi turnirdən uzaqlaşdıracaqdılar. Məncə, Əlcəzair kimi komandanın 120 dəqiqə susuz Almaniya kimi komandanı diz çökdürməsi futbol aləmində böyük hadisədir”.
Elsevər deyir ki, bu ilin çempionu Almaniya olacaq. O, əvvəllər Hollandiyaya azarkeşlik etsə də, bu komanda çempionatda özünü doğrultmayıb: “Bu il Kolumbiyanın nümayiş etdirdiyi oyunu çox bəyənirdim. Əvvəlki çempionatlarda isə Hollandiyaya azarkeşlik edirdim. Lakin, bu il çempionluğa ən layiqli komanda Almaniyadır. Çempionatın ulduzu isə Kolumbiyanın oyunçusu James Rodrıguezdir. 2014-cü il futbol çempionatı dünyaya Rodrıguez kimi ulduz futbolçu qazandırdı”.
Elsevərin ən böyük arzusu bir gün dünya çempionatında Azərbaycana azarkeşlik etməkdir. Gənc azarkeş qeyd etdi ki, son illər Azərbaycan futbolunda xeyli irəliləyiş var: “Buna klublarımızın əldə etdiyi nəticələr və ən əsas uşaq futboluna göstərilən diqqət və qayğı sübutdur. Ümid edirəm ki, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında iştirak edəcək yığmalar içərisində bizim də millimiz olacaq və gözəl futbol nümayiş etdirəcək”.
“Çempionat gözlədiyim nəticəni vermədi”
Esmira Kərəm, tələbə

Esmira deyir ki, bu il dünya çempionatı onun gözləntilərini doğrultmayıb. Həmsöhbətimiz 2014-Futbol üzrə dünya çempionatının bol qollarla yadda qalan olacağına ümid edirmiş: “Bu il dünya çempionatından gözəl oyunlar gözləyirdim. Ümid edirdim ki, çempionat yadda qalan oyunlarla xatirimizdə qalacaq. Amma gözləntilərimin tam əksi çıxdı. Bu ilki çempionat məni sözün əsl mənasında məyus etdi”. Esmiranın sözlərinə görə, bu il çempionatda ən yaxşı oyun nümayiş etdirən oyunçular qapıçılardır: “Bu il Avropalıların fiaskoya uğrayacağını düşünməzdim, burada çox yanıldım. Həqiqətən də onlardan belə oyun gözləməzdim. Mənim üçün çempionatın ən yaxşı oyunçusu Nigeriyada oynayan Ocoadi idi. Lakin, komandasının məğlub olması ilə o da mübarizəni dayandırmaq məcburiyyətində qaldı. Fikrimcə, çempionatın ən həyəcanlı oyunu Brazilya-Çili, ən dramatik oyununu isə Argentina-İsveçrə arasında keçirildi. Əlcəzair, İran kimi komandalarda isə təcrübəsizlik öz sözünün dedi. Çünki, bu komandalarda idmançı soyuqqanlılığı çatmırdı. Buna görə də həmin komandaların uduzması gözlənilən idi”.
Müsahibimiz deyir ki, bu ilki çempionat onu həyəcanlandıra bilməyib. Hətta Brazilya kimi futbol ölkəsi bu il gözəl oyun nümayiş etdirməyi bacarmadı. Onun sözlərinə görə, futbol həyəcanının ötürülməməsini bir çoxları yoxsulluqla əlaqələndirir: “Mənim fikrimcə, məsələ yoxsulluqla bağlı deyil. Çünki, 2010-cu il dünya çempionatı Cənubi Afrika kimi yoxsul ölkədə keçirildi. Amma kifayət qədər həyəcanlı oyun oldu, çünki təşkilatçılıq da güclü idi. Bu il isə təşkilatçılıq çox zəifdir”.
Esmira bu çempionatda Argentinanın qalib gəlməsini istəyir: “Hollandiyadan başqa bütün Avropa ölkələrinin var-güclərini sərf etdiklərini düşünmürəm. Hollandiya ilə Argentina yarım finalda üz-üzə gəlsələr, bu iki cütlüyün qalibi elə turnirin qalibi olacaq. Mən Argentinanın qalib gəlməsini istəyirəm. Bu il mənim çempionum məhz Argentinadır”.
“Çempionat sensasion nəticələrlə yadda qaldı”
Rəşad Rəhimzadə, azarkeş

Rəşad üçün isə bu ilki futbol üzrə dünya çempionatı sensasion nəticələrlə yadda qalıb. O deyir ki, çempionatda Meksikanın nümayiş etdirdiyi gözəl oyun, İspaniyanın, İtaliyanın qrup mərhələsini keçməməsi onun üçün gözlənilməz olub: “Mənim bu çempionatda unuda bilmədiyim hadisə azarkeşi olduğum İtalyiya komandasının qrup mərhələsini keçə bilməməsi oldu. Ən təəccüblü məqam isə Əlcəzair, Meksika kimi ölkələrin mükəmməl oyun göstərmələridir. Daha öncə dünya milli komandalarının reytinqində heç ilk 6 yerə layiq görülməyən Meksika və Əlcəzair qrupdan çıxır, amma ilk 5likdə olan, favorit kimi göstərilən komanda İtaliya qrupda qalır. Bu səbəbdən bu çempionat mənim üçün gözlənilməz nəticələrlə yadda qaldı”.
Rəşad hesab edir ki, çempionatda ən baxımlı oyun göstərən komanda Almaniyadır. Hətta bu komanda futbol deyiləndə ilk ağla gələn komandanı belə biabırçı şəkildə məğlub etdi: “Mənim sevimli komandam İtaliya olsa da, o çempionatda güclü oyun nümayiş etdirə bilmədi. Amma 5 qat dünya çempionu olan, ümumiyyətlə futbol deyəndə ilk yada düşən Braziliya 7-1 hesabı ilə Almaniyaya uduzdu. Bu Braziliya üçün ağır zərbə, ölkə tarixinin ən böyük məğlubiyyətidir. Lakin çempionatın sonunda hansı komanda çempion olursa olsun mənim çempionum İtaliyadır”.
Müsahibimiz üçün bu çempionatın ən yaxşı oyunçusu Brazilyanın futbolçusu Neymar, Almaniyadan Tomas Müller və Klosedir.
Qeyd edək ki, 2014-cü il üzrə dünya çempionatı iyulun 13-də bitəcək.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər