• cümə, 19 Aprel, 10:33
  • Baku Bakı 13°C

Dünya Bankı problemli kreditlərin silinməsini təklif edir

25.02.17 09:30 1161
Dünya Bankı problemli kreditlərin silinməsini təklif edir
Problemli kreditlər təkcə vətəndaşın problemi deyil, eyni zamanda bankların fəaliyyətinə və dolayısı ilə ölkə iqtisadiyyatına mənfi təsirlərini göstərməkdədir. Ona görə də bu kreditlərin həlli istiqamətində işlər görülməsinin vacibliyi haqda ötən il ekspertlər və millət vəkilləri dünya təcrübəsinə əsaslanan geniş təkliflərlə çıxış etdilər. Müxtəlif təkliflərlə yanaşı, insanların daha çox istədikləri variant problemli kreditlərin silinməsi idi. Amma Mərkəzi Bankın sədri Elman Rüstəmov kreditlərin silinəcəyi xəbərinin əsassız olduğunu bildirmişdi.
Hazırda isə problemli kreditlərin həcmi 1,5 milyard manat təşkil edir. Problemli kreditlərin həlli istiqamətində beynəlxalq təşkilatlarla da iş aparılır. Fins.az-ın məlumatına görə, Dünya Bankının nümayəndəsi Anjela Prikojina bildirib ki, banklarda qeyri-işlək aktivlər probleminin aradan qaldırılması ən zəruri amildir. Problemli kreditlər silinməli və gələcəkdə kredit portfelinin keyfiyyətinin yüksəldilməsi vacibdir. Bu təklif nə dərəcədə real ola bilər? Bu proses dövlət, yoxsa bankların hesabına edilə bilər? Əgər qeyd edilən təklif reallaşmasa, yaxud hansısa formada güzəştlər olmasa, bankları hansı aqibət gözləyir?
"Bu, problemli kreditlərin sağlamlaşdırılmasına imkan verəcək”
İqtisadçı alim Vüqar Bayramov "Kaspi”yə açıqlamasında bildirdi ki, dövlət tərəfindən xüsusi proqram hazırlanmalı, işlər həmin istiqamətdə aparılmalıdır: "Problemli kreditlərin həlli ilə bağlı dövlət tərəfindən xüsusi proqramın hazırlanması və icra edilməsinin tərəfdarıyıq. Ötən ilin ortalarında mən Azərbaycan hökumətinə təkliflər paketi təqdim etmişdim. Orada toksik aktivlərin və problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqramın hazırlanması və tədqiq edilməsi təklif edilirdi. Belə bir proqram 2008-ci il böhranından sonra ABŞ-da kifayət qədər uğurla icra olunub. Həmin proqram ABŞ-da bankların toksik aktivlərini və problemli kreditlərini sağlamlaşdırmağa imkan verir. Hətta bu istiqamətdə ABŞ tərəfindən 450 milyard dollardan artıq vəsait yönəldilib. Bu praktikanın Azərbaycanda da tətbiq edilməsinə ehtiyac var.
Problemli kreditlərin və toksik aktivlərin həcmi böyükdür. Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1,5 milyard manatdır. Bu, ümumi kredit portfelinin 9 faizi deməkdir. Bu da ondan xəbər verir ki, problemli kreditlərin aradan qaldırılması ilə bağlı real addımların atılmasına ehtiyac var. Əgər məsələnin həlli istiqamətində xüsusi bir proqram tətbiq olunarsa, bu, problemli kreditlərin sağlamlaşdırılmasına imkan verəcək”.
İqtisadçının sözlərinə görə, dövlət dəstəyi burada vacib amildir: "Ödəmə qabiliyyəti zəif olanlara üçün müəyyən güzəştlər tətbiq olunmalı, qaytarılması ümidsiz olanlar isə silinməlidir. Məsələn, elə kredit götürənlər var ki, dünyasını dəyişib, yaxud əmək qabiliyyətini itirib, kreditin qaytarılmasında problemlər var. O cür kreditlərin silinməsi daha məqsədəuyğundur. Çünki onların geri qaytarılması praktiki olaraq mümkün deyil. Kredit portfelinin strukturuna uyğun olaraq, hər bir kateqoriya kreditə ayrı-ayrılıqda baxılması olduqca vacibdir. Bu konteksdən bəzi kreditlərin silinməsi, bəzilərinə güzəştlərin tətbiq edilməsi, bəzilərinə isə müddətin artırılması halları tətbiq edilməlidir. Bütün hallarda problemli kreditlərin aradan qaldırılması, problemin yumşaldılması üçün xüsusi proqramın hazırlanması və qəbul edilməsi olduqca vacibdir”.
Ekspert bildirdi ki, Mərkəzi Bank tərəfindən açıqlanan 1,5 milyard manatlıq məbləğ heç də bütün problemli kreditləri əhatə etmir: "Banklarda bəzi geri qaytarılmayan kreditlər problemli kimi qruplaşdırılmır. Əslində problemli kreditlərin həcmi reallıqda daha yüksəkdir. Əgər addımlar atılmasa, bank sektorunda vəziyyətin ağırlaşmasına, bəzi bankların müflis olmasına gətirib çıxaracaq. Artıq bəzi bankların bir sıra problemləri var, depozitləri qaytarmaqda çətinliklə üzləşirlər. Bizə olan müraciətlər onu göstərir. Bu istiqamətdə addımlar atılmasa, növbəti dövrdə yenə bir sıra bankların müflis olmasını müşahidə edəcəyik”.
"Banklar burada bir az rahat davranırlar”
Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli deyir ki, bu problemin həlli istiqamətdə dünya təcrübəsində istifadə olunan müxtəlif təcrübələrdən yararlanmaq olar. Amma bankların hesabına kreditlərin silinməsi real deyil: "Bu məsələ ilə bağlı fərqli ölkələrdə müxtəlif təcrübələr olub. Silinmədən söhbət gedirsə, birbaşa bankların kapitalı hesabına bu kreditlərin silinməsi çətin məsələdir. Çünki hələ 1,5 milyard manat bankların kreditləridir. Hesab edirəm ki, bank olmayan kredit təşkilatları, lizinq şirkətlərinin portfelləri hələ buraya daxil deyil. Eyni zamanda, Beynəlxalq Bankın portfelinin bir hissəsi də məncə bura daxil deyil. Dolayısı ilə biz 1,5 milyardın üzərində dursaq belə bu məbləğin bankların öz hesablarına silinməsi bankların kapitalını itirməsi deməkdir. Bu, optimal variant deyil”.
C.İbrahimli bildirdi ki, digər ölkələrin təcrübəsində problemli kreditlərin silinməsi dövlətin banklara dəstəyi hesabına başa gəlir: "Banklar kreditləri silirlər, amma dövlət o vəsaiti banklara verir. Daha çox işlənən praktika isə problemli kreditlər fondunun yaradılmasıdır. Problemli kreditlər fonda keçirilir və həmin işlə peşəkar qurum məşğul olur”.
Təkcə krediti olanlar deyil, banklar da dövlətdən dəstək gələcəyini gözləyirmiş kimi bir mənzərə yarandığını görmək olar. Ekspert bildirdi ki, ona görə bu məsələdə konkret bir strategiya ortaya qoyulmalıdır: "Əgər hər hansı tədbir görülməsə, bankların bu problemləri davam edəcək. Ötən il iqtisadi aktivlik daralmışdı. O zaman banklar burada iqtisadi aktivliyin artması, yenidən biznes mühitinə hərəkətliliyin gəlməsini gözləməlidirlər. İndiki vəziyyətdə bunu davam etdirə biləcəkləri bir az çətin görünür. Düzdür, problemli kreditlərin həcminin artmadığını deyirlər, amma bunu bir şəkildə həll etmək lazımdır. Belə bir mənzərə yaranıb ki, banklar dövlətin bura əl atmasını gözləyirlər. Ona görə bu məsələlərin həllinə bir az canıyananlıqla yanaşmırlar. Əvvəl belə idi ki, bankın birində problem olurdusa, onu özü həll etməliydi. Çünki fərdi problem idi. Amma indi makroenokomik səviyyədə olduğu üçün banklar burada bir az rahat davranırlar ki, tək öz problemləri deyil, dövlət də müəyyən dəstək verməlidir. Dövlətin bu istiqamətdə hansısa formada dəstəyinin olub-olmayacağı ilə bağlı konkret bir strategiya ortaya qoyulmalıdır. Məncə, burada konkretləşmə həm banklar, həm dövlət, həm də bazarın növbəti mərhələyə keçməsi üçün yaxşıdır”.
C.İbrahimli qeyd etdi ki, dövlət dəstəyi olmasa da, banklar yaxın illərdəki gəlirləri hesabına problemli kreditlərdən qurtula bilərlər. Amma maliyyə bazarında prosesin uzun müddət problemli həddə qalmasının bir çox mənfi tərəfləri özünü göstərəcək: "Qeyri-işlək kreditlərin qarşılığı olaraq bankların səhmdarları kapital qoyuluşu eləməlidirlər. Bəziləri bunu ediblər, bəzilərində bir hissəsi bunu tamamlayıb, bir hissəsi davam edir. Əgər dövlət burada dəstək göstərməsə, banklar öz kapitalları hesabına və ya yaxın bir-iki ildə yaradacaqları mənfəət hesabına borcu siləcəklər. Amma maliyyə bazarının işləməsi, güvənliyi baxımından yanaşsaq, proseslərin bu cür davam etməsi həm sektor, həm də ölkə iqtisadiyyatı üçün o qədər də arzuolunan vəziyyət deyil. Problemli kreditlərin səviyyəsinin qonşu ölkələrdəki kimi aşağı səviyyəyə gətirilməsi üçün müəyyən işlər görülməlidir”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər