• cümə, 19 Aprel, 20:41
  • Baku Bakı 24°C

Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsinin gedişatını açıqlayıb

15.03.21 11:15 597
Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsinin gedişatını açıqlayıb
Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsinin ("Employment Support Project") icrası və hazırkı vəziyyətinə dair hesabat dərc edib.
"APA-Economics"in Dünya Bankına istinadən verdiyi məlumata görə, layihə 17 avqust 2020-ci il tarixində qüvvəyə minib və hazırda icra vəziyyəti qənaətbəxşdir. Layihənin icrası COVID-19 pandemiyası ilə bağlı olan məhdudiyyətlər və Ermənistanla münaqişəyə baxmayaraq yaxşı irəliləyir. Bildirilir ki, əsas konsaltinq xidmətlərinin alınması (biznesin inkişafı, sosial təlimlər, peşə tədris mərkəzlərinin strategiyası, təlim tədris planları, ünsiyyət, monitorinq və qiymətləndirmə və aktivlər) davam edir.
Hesabata görə, özünüməşğulluq proqramının tətbiqinə öncə 27 rayonda başlanılıb, 2021-ci ilin əvvəlindən isə proqram artıq ölkə miqyasında genişləndirilib. Bununla əlaqədar olaraq, layihə çərçivəsində reallaşdırılacaq əməliyyatlar üzrə təlimatlar icra şərtlərindən asılı olaraq yenilənir. Özünüməşğulluq proqramının benefisiarları (faydalanacaq şəxslər) artıq seçilib, biznes təlim proqramları isə fevralda başlayıb.

Hazırda layihə tərəfindən 1 950 benefisiar dəstəklənir və bu rəqəmin 2026-cı il üçün 22 000-nə çatdırılması məqsədi qoyulub. Yanvarın 26-na fevralda başlayan biznes təlimlər üçün 1 400 nəfər iştirakını təsdiqləmişdi.
Bildirilir ki, həssas qruplar arasında məşğulluq nisbəti 30% təşkil edir. Qeydiyyatdan keçmiş iş axtaranlar arasında məşğulluq nisbəti qadınlarda 40%, gənclərdə 33%, məcburi köçkünlərdə 12%, ünvanlı dövlət sosial yardımı alanlarda isə 4% təşkil edir.
Dünya Bankı qeyd edir ki, layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin vasitəsilə 96 285 işsiz işlə təmin olunub, halbuki ilkin hədəf 85 min nəfəri əhatə edirdi.
Qeyd edək ki, Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsi Dünya Bankı tərəfindən 2020-ci ilin 5 mart tarixində təsdiqlənib və hazırda göstərilən yekunlaşdırılma tarixi 31 dekabr 2025-ci ildir. Bankın bu layihə üzrə Azərbaycana ayırdığı kreditin həcmi 100 mln. dollara bərabərdir. Bu məbləğin 95,5 mln. dolları Azərbaycanda özünüməşğulluq proqramının əhatə dairəsini və effektivliyini artırılması, 2 mln. dolları məşğulluq xidmətləri və proqramının gücləndirilməsi, 2,5 mln dolları isə layihənin idarəetməsi, monitorinqi və qiymətləndirilməsi üçün nəzərdə tutulub. Hazırda kreditin cəmi 0,6%-i ölkə tərəfindən istifadə olunub.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 71 layihə üzrə 4 mlrd. ABŞ dollarından çox məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb. Hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfelinin həcmi 10 layihə üzrə 979,9 mln. ABŞ dolları təşkil edir. 2020-ci il ərzində Dünya Bankının Azərbaycanda 150 mln. dollar həcmində iki layihəsi təsdiq olunub. Onlarda biri sözügedən ölkədə məşğulluğun dəstəklənməsi layihəsi, digəri isə "Məhkəmə xidmətləri və əqli infrastruktur" layihəsidir (50 mln. dollarlıq kredit).

banner

Oxşar Xəbərlər