Dünya azərbaycanlılarının mütəşəkkilliyinə yeni bir töhfə - Fotolar
Diaspor Jurnalistləri Birliyinin sədri,
araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin "Dünya azərbaycanlılarının palitrası”
adlı kitabı işıq üzü görüb. Kitabda
müəllifin 10 ildən artıqdır ki, diasporla
bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb. Ümumi
olaraq burada 173 müsahibə toplanıb. 5 qitədəki aktiv soydaşlarımızdan və
həmvətənlərimizdən alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub. Hər
bir müsahibə öz dövrünün reallığını əks etdirir. Topluda bütün müsahibələr çap
olunma tarixinə görə sıralanıb. Dünyanın ucqar
ölkələrində belə, yaşayan həmyerlilərimizin müsahibələrini buradan oxuya
bilərsiz. "Xaricdəki soydaşlarımızın hər
birində əsl azərbaycanlı ürəyi var. Bu ürəkdəki saf - ülvi hisslər özünün
cazibə qüvvəsi ilə onları müqəddəs Vətənə - Azərbaycana bağlayır. Elə biz də
qəlbini, ruhunu diaspor işinə sərf edən və məşhur bir ifadədə deyildiyi kimi:
"Vətən üçün nə etməli?” amalı ilə yaşayan soydaşlarımızı "Dünya
azərbaycanlılarının palitrası” kitabında bir yerə toplamağa və eyni məqsədə
sövq etməyə çalışmışıq. Bu, həmçinin dünya azərbaycanlılarının bir-birlərini
tanıması, əlaqələrinin qurulması və həmrəyliyi üçün yeni töhfədir...”,-deyə
müəllif kitabın müqəddiməsində bildirir.
Müəllif
bu kitabı araya-ərsəyə gətirməyi əsl vətəndaşlıq borcu hesab edir: "Kitabda,
bir növ diaspor öz dilində danışır. Bu baxımdan, kitab sanki canlıdır, döyünən
bir ürəkdir... Azərbaycan diasporunun həm özüdür, həm də güzgüsüdür. Kitabın
özəlliyi odur ki, burada ənənəvi bioqrafik və statistik məlumatlar verilməyib.
Azərbaycan diasporunun qəribçilik hisləri, nisgili, vətən həsrəti, iradı,
istəyi, təklifləri, perspektiv fəaliyyəti və s. yer alıb. Burada həm indi, həm
keçmiş, həm də gələcəkdən danışılır. Ona görə də, sözügedən kitab Azərbaycan
diasporunun dünənini, bu gününü və sabahını özündə ifadə etdirir”.
Dörd hissədən –
"Diaspor fəaliyyəti könül işidir”, "Diasporumuzdakı jurnalistlər”, "Xaricdəki
gənclərimiz” və "Azərbaycanın əcnəbi dostları”ndan ibarət olan kitabın Bakıda
və bir neçə xarici ölkədə təqdimatı nəzərdə tutulub.
Kitabın
redaktoru tarix üzrə fəlsəfə doktoru Namiq Əliyev, məsləhətçi isə tarix üzrə
fəlsəfə doktoru Yəhya Babanlıdır. Kitaba ön söz AMEA-nın Tarix İnstitutunun
"Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov
tərəfindən yazılıb.
Xatırladaq ki,
araşdırmaçı-jurnalist Fuad Hüseynzadə 9 dekabr 1978-ci il tarixində Cəlilabad
rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1997-ci
ildən jurnalist kimi fəaliyyət göstərir. Azərbaycanın təbliğatı ilə bağlı yerli
və beynəlxalq KİV-lərdə ictimai-siyasi mövzularda yazılarla çıxış edir.
Azərbaycan diasporu haqqında bir sıra araşdırma yazılarının müəllifidir.
Diaspor mövzusuna, eləcə də ictimai fəaliyyətə daha çox diqqət ayırır. Müxtəlif
dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının jurnalistlər arasında
keçirdiyi yazı müsabiqələrinin dəfələrlə qalibi olub. Fəxri fərman və
diplomlara layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
2015-ci il 15 iyul tarixli Sərəncamına əsasən "Tərəqqi” medalı ilə təltif
olunub.