• cümə, 29 Mart, 19:34
  • Baku Bakı 14°C

Dünənin “oğru”su, bu günün milyonçusu – Portret

25.04.16 10:57 3066
Dünənin “oğru”su, bu günün milyonçusu – Portret
İyunun 10-da Fransada futbol üzrə Avropa çempionatı başlayır. Biz də bu böyük turnirə biganə qalmayacağıq. Çempionatda iştirak edəcək komandalar, onların liderləri haqqında oxuculara məlumat verməyə çalışacağıq. Əslində, artıq bir neçə yığmanın futbolçuları haqqında məlumatları oxucularla bölüşmüşük. Fransa yığmasının lideri Pol Poqba, Türkiyə yığmasının əsas simalarından sayılan Hakan Çalhanoğlu barədə yazılar dəyərli oxucularımıza təqdim olunub. Bu dəfə Rusiya yığmasının liderini təqdim edirik.
Rusiya millisi keçmiş günlərin həsrətindədir. Əslində, Rusiya heç vaxt dünyada "at oynadan" millilərdən olmayıb. Ancaq rus futbol azarkeşləri SSRİ millisini hazırkı Rusiya yığmasının xələfi hesab etdiklərindən, ötən əsrdə sovetlərin qazandığı uğurları indi təkrarlaya bilməməyin acısını çəkirlər. Rusiya Futbol Federasiyasının rəsmiləri də eyni fikirdədir. Onlar üçün SSRİ millisi o qədər doğma, o qədər əzizdir ki, hətta Rusiya millisinin ağ-göy rəngli formasını da sovet yığmasının geyiminə bənzər qırmızı rəngli futbolkaya dəyişməyə razı oldular. Artıq bir neçə ildir Rusiya millisi dövlətin hazırkı bayrağına yox, SSRİ-nin bayrağına uyğun qırmızı rəngli formada çıxış edir. Ancaq forma dəyişikliyi də ruslara kar etmir. Şimal qonşularımız yenə də məsul turnirlərdə çox vaxt qrup mərhələsini aşa bilmirlər. Ruslar AÇ-2008-də gözlənilmədən yarımfinala qədər irəliləsə də, burda gələcək çempion İspaniyanın "sillə"sinə tuş gəlmişdilər - 3:0.
Ruslar hər nə qədər özlərini SSRİ millisinin varisi hesab etsələr də, bu gün bu ölkənin yığmasında vaxtilə Avropa çempionu olmuş, 3 dəfə qitə birinciliyinin gümüş medallarını qazanmış SSRİ yığmasının heyətində olan futbolçular - Lev Yaşin, Oleq Bloxin, Rinat Dasayev, Anatoli Banişevski kimi dahilər çatışmır.
Rusiya millisi AÇ-2016-da SSRİ-dən sonrakı dövrün bütün uğursuzluqlarını unutduraraq, sovetlərin layiqli davamçısı olduqlarını sübut etmək niyyətindədir. Bəs ruslar bu çətin tapşırığın öhdəsindən gələcək futbolçulara malikdir? Fransadakı qitə birinciliyində Rusiyanın Oleq Bloxini, yəni vuran ayağı kim ola bilər?
Hazırda Rusiya millisində çıxış edən Artyom Dzyuba AÇ-2016-da rusların ən çox ümid etdiyi hücumçulardan sayılır. Son vaxtlar, daha dəqiq desək, ötən il “ayağı açılan”, yığmanın AÇ-nin final mərhələsinə vəsiqə qazanmasında önəmli rol oynayan Dzyuba öz məhsuldarlığı ilə Fransadakı qitə birinciliyində də rusların dadına çata bilər.
Artyom Dzyuba kimdir?

Artyom Dzyuba 1988-ci il avqustun 22-də, Moskvada dünyaya göz açıb. Onun əslən Ukraynadan olan atası Sergey polis əməkdaşı idi. Anası Svetlana isə mağazada kargüzar işləyirdi. Artyom hələ kiçik olanda futbola böyük maraq göstərir. 8 yaşına qədəm qoyanda ailəsi onun arzusunu yerinə yetirir və Artyomu Moskvanın ən sanballı komandalarından olan "Spartak"ın uşaq komandasına yazdırırlar. Bir neçə il burda çıxış edən Dzyuba özünü doğruldur.
2006-cı ildə Artyom "Spartak"ın əsas komandasında debüt edir. O, qırmızı-ağ formada ilk dəfə Rusiya kubokunun "Ural"a qarşı oyununda meydana çıxır. Çox keçmir ki, Dzyuba Rusiya Premyer Liqasında da debüt edir. Artyom çempionatın 12-ci turunun "Saturn"la oyununda meydana daxil olur. Ümumilikdə Artyom "Spartak"ın əsas heyətindəki ilk mövsümündə 8 oyunda meydana çıxır.
2007-ci ildən etibarən isə Dzyuba "Spartak"ın əsas heyətinin daimi üzvlərindən birinə çevrilir. O, "ağ-qırmızılar"ın heyətində 27 oyunda meydana çıxaraq, 5 qola imza atır. Elə həmin mövsümdə Artyom ilk medalını qazanır. O, "Spartak"ın heyətində çempionatın gümüş medalına yiyələnir.
Bıstrovun 20 min rublunu kim oğurladı?
Növbəti mövsüm isə Dzyuba üçün uğursuz alınır. Belə ki, o, əsas heyətə düşməkdə çətinlik çəkir. Dzyuba 2008-ci il mövsümündə 16 oyunda meydana çıxır ki, bu oyunların hamısında sonradan meydana daxil olur. Artyom bu oyunlarda cəmi bir qola imza ata bilir. Həmin mövsümdə Avropa Liqasında meydana çıxdığı oyunda 3 qola imza atan Artyomun bu qolları komandasına qrup mərhələsini aşmağına imkan vermir.
2009-cu ilin ilk dövrəsində meydana çıxdığı 8 oyunda 2 qola imza atan Dzyubanın adı komanda yoldaşı Vladimir Bıstrovla yaşanan qalmaqalda hallanır. Hadisə komandanın Avstriya toplanışında baş verir. Belə ki, Bıstrov paltardəyişmə otağındakı gödəkcəsinin cibindən 20 min rubl (təxminən 460 manat) oğurlandığını bildirir. Bıstrov öncə bunun komanda yoldaşlarının zarafatı olduğunu düşünür. Ancaq komanda yoldaşları onunla belə zarafat etmədiklərini deyirlər. Vladimirin pulları isə məhz Dzyubanın cibindən çıxır. Artyom ciddi cəhdlə oğurluq etmədiyini desə də, onun cibindən çıxan pulun Vladimirdən oğurlanan məbləğlə eyni olması şübhələri gücləndirir. Söhbət komandanın rəhbərliyinədək çatır. Bu xəbəri eşidəndə klub rəhbərliyi şoka düşür. Klub rəsmilərindən biri "axı biz futbolçuların hər birinə təlim-məşq toplanışından öncə milyon rubla yaxın pul vermişdik" deyir. Rəhbərlik Dzyuba və Bıstrov arasında olan mübahisədə gənc Artyomun yox, məhz Vladimirin tərəfini tutur.
Dzyuba bu hadisədən sonra ikinci dövrədə "Tom"a icarəyə verilir. O, mövsümün qalan hissəsində 10 oyunda meydana çıxaraq, 3 qola imza atır. Artyomun Tomskdakı "sürgün həyatı" daha bir il davam edir. Ancaq 2010-cu il mövsümündə o, "Tom"un əsas heyət üzvünə çevrilir və 11 qola imza atır. Dzyubanın bu cür məhsuldar oyun sərgiləməsi "Spartak" rəhbərliyinə onun keçmiş "oğurluğu"nu unutdurur. Beləliklə, Dzyuba "Spartak"a geri dönür. O, 2011/12 mövsümündə ümumilikdə 52 oyunda şans qazanaraq, 14 qola imza atır.
2012/13 mövsümündə komandanın "sükanı arxasına" ispan mütəxəssis Unay Emeri keçir. Emeri ilk oyunlardan Dzyubaya əsas heyətdə şans verir. İlk vaxtlar hər şey o qədər də pis getmirdi. Ancaq komanda ardıcıl xallar itirməyə başladıqdan sonra ispan məşqçi hücumda dəyişiklik etməyə qərar verir. O, Dzyubanın yerinə nigeriyalı hücumçu Emanuel Emenikeni seçir.
Əzəli rəqib Moskva "Dinamo"suna 1:5 hesablı ağır məğlubiyyətdən sonra isə Dzyuba Emerini istehsayla "trenerişkoy" adlandırır. Elə həmin gün də ispan mütəxəssis komandadan qovulur. "Spartak" Valeri Karpinə təhvil verilir.
Karpin komandaya gəldikdən sonra Dzyuba əsas heyətdə yerini qaytarır. Ancaq məhsuldarlıq nümayiş etdirə bilmir və mövsümü cəmi 4 qolla başa vurur.
Bombardirliyin bir addımlığında və ilk titul

Növbəti mövsüm Karpin komandanın oyun sistemini dəyişərək 4-3-3 sistemindən istifadə etməyə başlayır. Bu sistemdə isə Dzyubaya yer yox idi. Belə olduğu halda, Artyom yenə ehtiyat oyunçular skamyasında gün keçirməyə başlayır. 2013-cü ilin yayında isə o, "Rostov"a icarəyə göndərilir. "Rostov"dakı ilk mövsüm Dzyubanın karyerasının ən yaxşı dövrü hesab edilir. Mövsüm ərzində 17 qola imza atan Artyom bombardirlər yarışında yalnız ÇSKA-lı Seydu Dumbiadan geri qalır. O, 2013/14 mövsümündə ilk titulunu da qazanır (Rusiya kuboku).
Dzyubanın "Rostov"dakı məhsuldar oyunundan təsirlənən "Spartak" rəhbərliyi onu komandaya geri qaytarır. Dzyubanın doğma klubuna qayıdışı uğurlu alınır. Belə ki, Artyom meydana çıxdığı 13 oyunda 7 qola imza atır. Ancaq 2014-cü ilin sonlarında yerli mətbuatda Dzyubanın "Spartak"la 2015-ci ilin yayında bitəcək müqavilə müddətini uzatmaq fikrində olmaması ilə bağlı xəbərlər yayılır. Klub prezidenti Leonid Fedun bu məlumatı təsdiqləyir: "Biz artıq 3 dəfə Dzyubaya müqavilə müddətinin artırılması ilə bağlı təklif vermişik. O isə hər 3 təklifdən imtina edib. Bu artıq dəqiqdir - Artyomla yeni müqavilə bağlamayacağıq".
2015-ci ilin fevral ayında - "Spartak"la müqavilə müddətinin bitməsinə bir neçə ay qalmış, Dzyuba "Zenit"lə müqavilə imzalayır. Müqaviləyə əsasən, Artyom qarşıdakı 5 ildə "Zenit"in şərəfini qoruyacaq. O, Piter klubunun heyətində ilinə 3,3 milyon avro məvacib alacaq. Maraqlıdır, vaxtilə təxminən 270 avro oğurladığı iddia edilərək, "Spartak"dan göndərilən Dzyuba artıq "Zenit"də ilinə 3,3 milyon avro qazanır.
2015/16 mövsümündə Dzyubanın işləri uğurlu alınır. Belə ki, o, cari mövsümdə artıq 12 qola imza atıb. Hətta sabiq klubu "Spartak"ı da cəzalandırmağa imkan tapıb. Sona 6 tur qalmış "Zenit" 3-cü pillədə qərarlaşıb. Piterlilər lider "Rostov"dan cəmi 2 xal geri qalır.
Cari mövsümdə Çempionlar Liqasının qrup mərhələsində 6 qola imza atan Dzyuba Rusiya futbolunun tarixinə düşdü. Belə ki, Artyom bir mövsümdə Çempionlar Liqasının qrup mərhələsində 6 qol həddinə çatan ilk rusiyalı futbolçu oldu.
2011-ci ildən Rusiya millisinə çağırılan Dzyuba, yığmada ilk qolunu 2014-cü ildə, Lixtenşteynə qarşı seçmə mərhələ oyununda vurub. Dzyubanın milliylə bağlı ən acı xatirəsi yəqin ki, elə 2014-cü illə bağlıdır. Belə ki, Rusiya millisinin o vaxtkı baş məşqçisi Fabio Kapello 2013/14 mövsümündə Rusiya Premyer Liqasının bombardirləri arasında olan Dzyubanı Braziliyada təşkil edilən dünya çempionatına aparmadı.
Buna baxmayaraq, Artyom həvəsdən düşmədi və öz üzərində işləməyə davam etdi. Ötən il isə o, Rusiya millisinin əsas "qol silahı"na çevrildi. Ruslar məhz Dzyubanın vurduğu qollar sayəsində AÇ-2016-nın final mərhələsinə vəsiqə qazandılar.
Onun İsveçin qapısına vurduğu qol Rusiya millisinə qələbə qazandırmaqla yanaşı, Avropa çempionatına birbaşa yollanmaq haqqı da verdi.

banner

Oxşar Xəbərlər