Dünən təkər yuyurdu, sabah olimpiadaya gedir – Portret
O, həyat hekayəsi ilə
hamıya - ələlxüsus da gənclərə, "mən bacardımsa, sən də bacararsan"
mesajını verir
İl son akkordlarını vurur. Bir neçə gün sonra bir sıra kütləvi idman
tədbirlərinin təşkilatçılığı ilə yadda qalan 2019-cu ili yola salıb, ölkə idman
ictimaiyyəti üçün ən əhəmiyyətli olan olimpiya ilinə qədəm qoyacağıq. Hazırda
isə bizi, dördilliyin əsas yarışından 7 aydan bir qədər çox zaman kəsiyi
ayırır. Açıq danışsaq, cari ili olimpiyaçılarımız üçün elə də uğurlu
adlandırmaq olmaz. Əsas ümid yerimiz olan güləşçilərimiz lisenziya xarakterli
dünya çempionatında imkanlarından xeyli aşağı çıxış etdisə, digər növlərdə
çıxış edən idmançılar da minimum lisenziya vəzifəsini yerinə yetirə bilmədi.
Nəticədə, sadəcə, 9 olimpiya lisenziyamız rəsmiləşib. Bu baxımdan, daha çox
gimnastlarımıza minnətdar olmalıyıq. Gimnastika demişkən, həm bu, həm də
velosiped idmanında bir ilk yaşandı ki, bunları təsəlliverici məqam kimi qeyd
etmək olar. Belə ki, hər iki növdə tarixdə ilk dəfə əslən azərbaycanlı şəxslər
zirvə yarışına yollanmaq hüququ əldə etdi. Xatırlayırsınızsa, yaxın keçmişdə
gimnastikanın bədii növündəki gənc qızımız haqqında ətraflı söhbət açmışdıq.
Odur ki, velosipedçimizin də "borc"undan çıxmaq zamanıdır. Diqqətiniz
bizdə olsun, 32 yaşlı qəhrəmanımızın olduqca maraqlı, bir o qədər də keşməkeşli
həyat hekayəsi var.
Məhrumiyyətlərlə keçən
uşaqlıq: Təkər yuyur, konduktor işləyir
Tanış olun: Əsədov Elçin Raqif oğlu. 12 fevral 1987-ci ildə
Azərbaycanın erməni işğalı altında olan Füzuli rayonunun İkinci Mahmudlu
kəndində dünyaya göz açıb. Altı yaşında ailəsi ilə doğma el-obasından didərgin
düşərək, Xırdalanda məskunlaşıb. Taleyinə köçkünlük yazılan əksər uşaqlar kimi,
müharibənin səbəb olduğu ağrı-acını kövrək ruhunda hiss edən Elçin,
doğru-düzgün orta məktəb təhsili də ala bilməyib. Yurddan, sadəcə canını
götürüb çıxan çoxuşaqlı ailənin maddi ehtiyaclarını qarşılamaq üçün erkən
yaşlarından müxtəlif işlərdə çalışıb. Uzun müddət çilingər köməkçisi, bir ilə
yaxın da şəhərarası marşrut avtobusunda konduktor işləyib. 15 yaşında baş tutan
veloidmana gəliş tarixçəsini öz dilindən oxusaq, yaxşıdır: "Atam, anam,
altı qardaş və bir bacım yataqxanaya sığındıq. Bəzən evdə adicə yeməyə çörək də
tapılmırdı. Atamla böyük qardaşlarım evimizin yaxınlığındakı obyektdə
işləyirdi. Mən də gedib, onlara kömək edirdim. Yol qırağında təkər yuyurdum,
açar aparıb-gətirirdim. Bu, düz 2001-ci ilədək belə davam etdi. Uşaqlıqda boksa
həvəsim vardı, amma heç cür imkan tapıb məşğul ola bilmədim. Böyük qardaşım
əsgərlikdən gələndən sonra Velosiped İdmanı Federasiyasında fəhlə kimi işə
düzəldi. O vaxt da federasiya yeni qurulurdu, idmançı yığırdılar. Mən də o
ərəfədə tez-tez ora gedir, qardaşıma baş çəkib gəlirdim. Mühitə baxdım, həvəsim
yarandı. Qardaşıma dedim, mən də bu uşaqlara qoşulmaq istəyirəm. Məşqçi Elçin
Qəhrəmanov marağımı görüb dedi, istəyirsən, elə indidən başla. Əvvəl çox çətin
idi. Düz iki il orda həm işləyib, həm də məşq elədim. 17 yaşımda isə ilk dəfə
krassovka və dəmir velosipedlə yarışa çıxdım. Bakı-Quba yolunda keçirilən
gənclər arasında Azərbaycan çempionatının qalibi oldum. Beləcə, məndəki
potensialı gördülər və üzərimdə daha ciddi məşğul olmağa başladılar".
"Sarı köynək"li
ilk həmyerlimiz
2005-ci ildə, 18 yaşında olarkən, Elçin Ukraynanın Krım vilayətinə,
yerli gənclər yığması ilə birgə uzunmüddətli təcrübə proqramına göndərilir.
Burada olduğu müddətdə daxili yarışlarda fərqlənir, o cümlədən Sovet dövründən
sonra ilk azərbaycanlı olaraq, İranda keçirilən gənclər arasında beynəlxalq
yarışın mükafatını qazanır. Ardınca Türkiyədə təşkil olunan böyüklərin
yarışında da analoji ilkə imza atan Əsədov, respublika çempionatlarının fəxri
kürsülərində möhkəmlənir. Sonrakı bir neçə il ölkə veloidmanı üçün eniş, hətta
tükənmə dönəmi kimi yadda qaldığından, bu, Elçinin də karyerasına sirayət edir.
Belə ki, 2008- 2011-ci illər ərzində onun hər hansı nəzərəçarpan nəticəsi
olmayıb. 2012-ci ildə Almaniyaya yollanır, bir il sonra isə yeni yaranan
"Sinerji Bakı" komandasının heyətində yer alır. Almaniya komandası
ilə Türkiyədə keçirilən yarışda fərqlənirsə, Bakı klubunda debüt ilində Tailand
turunun ikinci mərhələsində beşinci, Malayziyada təşkil olunan turnirin ilk
mərhələsində dördüncü olur. Eyni zamanda, Ukrayna yarışında dəfələrlə ön plana
çıxır, ölkə çempionatında qalibiyyət və medal sevinci yaşayır. Ümumilikdə,
Əsədov, 2018-ci ilədək fəaliyyət göstərən Bakı klubunun sıralarında Ukrayna,
Türkiyə, habelə, Belarus, Mərakeş, Çin və Birləşmiş Ərəb Əmirliklərində
keçirilən tur və digər yarışlarda bir
neçə dəfə ön plana çıxıb. "Sinerji Bakı"nın dağılmasından sonra yığma
komandanın heyətində yer alan Elçin, Malayziyada Beynəlxalq Velosipedçilər
İttifaqının 2.1 kateqoriyalı "Tour of Peninsular” yarışında tarixi nəticəyə
imza atır. Belə ki, 20 komandanın tərkibində 115 velosipedçinin iştirak etdiyi
veloturun 196 kilometrlik ilk mərhələsini o, 3 saat, 57 dəqiqə, 26 saniyəyə
başa vurmaqla finiş xəttini 1-ci keçir. Bununla da, ümumi təsnifatın birincisi
olaraq, lider üçün nəzərdə tutulan sarı köynəyi də ələ keçirir ki, hadisə ölkə
veloidmanı tarixinə bir ilk kimi yazılır. Çünki onadək əslən azərbaycanlı,
ölkəmizin yetirməsi olan velosipedçilər digər yarışlarda belə nəticə göstərsə
də, əsas kateqoriyalı yarışda analoji uğuru qazanmağa müvəffəq olmamışdı.
Niyə məhz o?
İl ərzində şosse velosipedi üzrə kişilərdən ibarət yığma komandanın
qarşısında duran əsas hədəf, sözsüz ki, "Tokio-2020" XXXII Yay
Olimpiya Oyunlarına lisenziya qazanmaq idi. İlk baxışdan bu, elə də asan
görünmürdü. Həm ölkədə veloidmanının maddi durumu ürəkaçan səviyyədə deyil, həm
də Tokio üçün nəzərdə tutulmuş iştirakçı sayı "Rio2016" ilə
müqayisədə bir xeyli azalmışdı. Braziliya olimpiadasında kişilərin şosse
velosipedi üçün 150 yer ayrılmışdısa, bu dəfə 130 nəfər lisenziya qazana
bilərdi. Odur ki, komandamızın tamamilə yerli idmançılardan qurulan heyətinin
ortaya qoyduğu əzm, qətiyyət, sadəcə, alqışalayiqdir. Əbülfəz Məmmədovun
rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl
Səfərli və Mahmud Məmmədovdan ibarət yığmamız, ötən ilin oktyabrından cari ilin
analoji dövrünədək lisenziya xalları verən beynəlxalq nüfuzlu yarışlarda 894
xal topladı. Ümumilikdə, Beynəlxalq Velosipedçilər İttifaqına üzv olan 196
milli federasiyadan 113-ü Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandı ki,
Azərbaycan milli komandası da onların arasında 44-cü yerdə qərarlaşdı. Xalların
böyük hissəsinin(380) komandanın ən təcrübəli üzvü Əsədovun sayəsində əldə
edildiyini nəzərə alsaq, seçimin niyə məhz o olması tamamilə aydınlaşır.
Yeganə azərbaycanlı!
Azərbaycan olimpiadalarda velosiped idmanı üzrə ilk dəfə "London-2012"də
mübarizə aparıb. O vaxt əslən rusiyalı Yelena Çalıx yeganə təmsilçimiz idisə,
Rio olimpiya komandamızın heyətində birdən-birə üç velosipedçi - Maksim Averin,
Alyona Pavluxina və Olqa İsmayılova yer almışdı. İlk iki idmançının Ukrayna,
İsmayılovanın isə Belarus məktəbinin yetirməsi olduğunu nəzərə alsaq, Əsədov
ilk azərbaycanlı kimi olimpiadada iştirak hüququna yiyələnib.
Veloidmanda olimpiya medalından danışmaq üçün heç bir əsasımız
yoxdur. Odur ki, Əsədovdan sadəcə, əlindən gələnin ən yaxşısını ortaya qoymaq
tələb olunur. İndiyədək mübarizə apardığı yarışlarda etimadı artıqlaması ilə
doğruldan 32 yaşlı təcrübəli idmançımızın minimum missiyanı yerinə yetirəcəyinə
şübhə etmirik. Yeri gəlmişkən, o, 3293 nəfərin yer aldığı şosse velosipedinin
fərdi reytinq siyahısında hazırda 204-cü pillədədir.
Qardaş borcu
Hər bir idmançının karyerasında önəmli rol oynayan müxtəlif amillər,
şəxslər var. Elçin, bu mənada ilk olaraq qardaşı Elşadın adını çəkir:
"Veloidman olmasaydı, Allah bilir, indi harda idim. Həyatda özümü azacıq
da olsa təsdiqləyə bilmişəmsə, bunu böyük qardaşıma borcluyam. Bu idmanda
püxtələşməyimdən tutmuş, ali təhsil almağıma qədər, hamısı onun üzərimdəki
diqqəti, qayğısı sayəsində mümkün olub".
Bu arada, ailəli, bir uşaq atası olan Əsədov, Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasının məzunudur.
Portret
Tay-tuşların məktəbə gedir, uşaqlığını yaşayır, sən isə qara çörək,
ayaqqabı dərdi çəkir, kövrək çiyinlərində ağır ailə məsuliyyətini daşımağa
çalışırsan... Düşünmək belə, insanı yetərincə pərişan edir. Bu da bir faktdır
ki, çətinlik, məhrumiyyətlər səni ya doğru olmayan yollara sürükləyir, ya da
bir məktəb rolunu oynayaraq, şəxsiyyət kimi formalaşdırır. Elçin, məhz həmin
qaliblərdəndir. Çilingər köməkçiliyindən tarixi olimpiya lisenziyasınadək
uzanan 32 illik şərəfli həyat hekayəsi ilə o, hamıya - ələlxüsus da biz
gənclərə, "mən bacardımsa, sən də bacararsan" mesajını verir.
Sahib