AZE | RUS | ENG |


Dunayın mirvarisi - Reportaj - Fotolar

Dunayın mirvarisi - Reportaj - Fotolar
Avropanın ən təhlükəsiz ölkəsi adlandırılan Macarıstanın paytaxtı Budapeştdə gəzməli-görməli yerlərin sayı-hesabı yoxdur

Wizz Air Hava Yollari Azərbaycanda fəaliyyətini yenidən bərpa edəndən sonra Macarıstana gedənlərin sayı xeyli çoxalıb. Azərbaycanın hava yolları bazarında nisbətən ucuz qiymət təklif etməsi, aksiyalar vaxtı xüsusən sərfəli qiymətləri ilə seçilməsi sərnişinləri məhz onların xidmətindən istifadəyə sövq edir. Əlbəttə, təyyarə salonunda oturacaqların çox da rahat olmaması və baqaj üçün əlavə ödənişlər tələb edilməsi səbəbindən bəzi sərnişinlərin narazı qaldığı, hətta ikinci dəfə uçuşdan imtina etdiyi hallar da olur. Əvvəlcədən yüklü yer almayan sərnişinlər üçün baqaj haqqı yerində ikiqat başa gəlir. Üstəlik, Bakı-Budapeşt məsafəsinə hesablanan 4 saatlıq yolda yemək verilməməsi də sərnişinləri qane etmir. Bununla belə, AZAL-ın qiymətləri ilə müqayisədə bu hava yollarının xidməti sərfəli görünür.  

Macarıstanı Avropanın ən təhlükəsiz ölkəsi adlandırırlar. Paytaxt Budapeştdəki insanların əksəriyyəti demək olar ki, turistlərdir. Hətta Yeni ili Budapeştdə qeyd etməyə gələn turistlər o qədər çoxdur ki, yayın turizm dövrü olması ilə bağlı səslənən fikirlərin yanlış olduğunu düşünürsən. Miqrantlara qarşı az qala dəmir hasar çəkməsi küçələrdə yalnız turistlərə və yerli camaata rast gəlməyə imkan verir. Türklər isə bu yerləri "dədə-baba yurdu” adlandırırlar. Tarixi siması, arxitektur görkəmi ilə turistləri cəlb edın Budapeştin sübh tezdən insanların iş-gücə tələsdiyi qaynar həyatı var. Əlbəttə, demək olmaz ki, burada hər şey idealdır. Metro girişlərində, parklardakı oturacaqların üzərində yorğan-döşək salıb yatan çoxlu evsiz, səfil insanlara rast gəlmək olur. Paytaxtın nəqliyyat sistemi az qala İsveçrə saatı dəqiqliyi ilə işləyir. Nəqliyyatda qayda-qanun da kifayət qədər ciddidir. Qəfil nəzarətlər biletsiz sərnişinləri 8000, polisin çağırılacağı təqdirdə 16 min forint cərimə (təxminən 50 avro) ilə üzləşdirə bilər. Ümumi mentallığa söykənərək nəzarətçilər yerində 8000 forint ödəməklə cəriməli sərnişinlərə canlarını nisbətən az məbləğlə qurtarmağa kömək etsələr də, bu, yumşaq desək, qanunsuzdur. 
 
 
 
İmperiya ruhu 

Macarıstanda turizm infrastrukturu kifayət qədər inkişaf edib. Rəngbərəng avtobuslar müxtəlif xətlər üzrə turistləri gün ərzində şəhər boyunca gəzdirir. 20 avro ödəməklə tur gəzintisində Dunayda bir saat gəmi ilə səyahət imkanı da qazanırsan. Dunay çayının iki qolundakı Buda və Peştin 1873-cü ildə birləşməsi ilə yaranan və 7 ölkədən axıb keçən çay şəhərin qonaqlarını heyran etməkdə davam edir. Müharibə vaxri Dunay üzərindəki bütün körpülər dağılıb. Döyüşlər şəhərə öz təsirini göstərib - müxtəlif abidələrdə və tikililərdə izini qoyub. Müharibə dövründə müəyyən dağıntılara məruz qalsa da, şəhərin tarixi siması yenidən bərpa olunaraq günümüzə qaytarılıb. Saray, kilsə və abidələr kolleksiyası YUNESKO-nun Dünya Mədəni İrs Siyahısında qorunur. Şəhərdəki əksər yaşayış binaları 18-ci əsrdə tikilib. Barokko üslubundakı məhəllərlər, möhtəşəm teatr və saraylarda imperiya ruhu qorunub saxlanılır. Qədim macar krallarının, bu ölkəyə qədəm basan fatehlərin abidələri, möhtəşəm Parlament binası turistlərin ən çox seyr etdiyi məkanlardır. Budapeşt Parlament binası dünyanın ən böyük üçüncü Parlament binasıdır. Məclis açıq olmadığı vaxtlarda 45 dəqiqəlik turlarla turistlər bu möhtəşəm binanı gəzə bilirlər.   

1884-cü ildə açılan məşhur Budapeşt Opera Teatrının ərazisi paytaxtda gəziləcək ən populyar yerlərdəndir. Bu Opera Binasını görmədən və ya nümayişlərini izləmədən sənətsevər insanlar adətən şəhəri tərk etmirlər. Buda və Peşti bir-birinə birləşdirən körpülər isə turistləri füsunkar mənzərələrlə qarşılaşdırır. Budapeştin ən məşhur prospektlərindən olan Qəhrəmanlar Meydanından Andrassy Prospekti istiqamətində hərəkət edərkən qarşılaşdığımız kafelər, mağazalar, muzeylər tur zamanı ən gözəl dayanacaqlardan sayılır. Macarların ənənəvi yeməklərini, eləcə də şirniyyatlarını dadmaq da məsləhətdir.

"Dunayın mirvarisi” öz qonaqlarına zəngin mədəni proqram təqdim edir: 200 muzey və sərgi qalareyaları, Milli Opera və 7 konsert zalı hər gün ziyarətçilərin yolunu gözləyir. Tarix, etnoqrafik, bədii, şəkil qalareyaları və sərgi salonları, hətta Bibliya muzeyi var. Muzeylərin kolleksiyaları isə dünyaca məşhurdur. Şəhərdə ilboyu festivallar, karnavallar keçirilir. Macarıstanın termal suları da dünyaca məşhurdur. Türk hamamları, açıq hovuzlar, müalicəvi hamamlar və s. məkanlardakı müalicəvi sulardan mədə-bağırsaq, böyrək xəstəlikləri olanlar, maddələr mübadiləsinin pozulmasından əziyyət çəkənlər istifadə edirlər. Ənənəvi Budapeşt hamamı keçmişin izlərini və füsunkarlığını qoruyaraq günümüzdə müasir spa xidmətini göstərir. Budapeşt bu zəngin termal qaynaqlarına görə 1934-cü ildə ”spa şəhəri’ adına layiq görülüb. Gellert Hamamı və Oteli isə 1918-ci ildən bu günə qədər xidmət göstərir. 

Macarlar mehriban xalqdır. Əlində xəritə yaxınlaşıb hansısa yolu soruşanda, səmimiyyətlə cavab verir, kömək etməyə çalışırlar. Burada insanlar öz hisslərini gizlətməkdən çəkinmirlər. Küçələrdə, ictimai nəqliyyatda qucaqlaşıb-öpüşür, əhval-ruhiyyələrini istədikləri formada ifadə edirlər. Onlar üçün azadlıq bir növ sərhəd tanımır. 
 
 
 
Sakit şəhər

Şəhər gəzintisi zamanı bələdçilər ölkənin təhsil sistemi haqqında xüsusi məlumat verirlər. Macarıstanda orta təhsil 12 illikdir. Ali təhsil müəssisələri 2 hissəyə bölünür: universitetlər və ali məktəblər. Ali təhsil macar, ingilis, fransız, alman diilərində aparılır. Hətta bir sıra proqramlar rus dilində tədris olunur. Macarıstanın Avropa Birliyi və Şengen zonası ölkəsi olması digər Avropa ölkələrinə səyahət imkanları yaratmaqla bərabər, təhsil və iş imkanı əldə edən tələbələr üçün ayrıca bir təcrübə qazandırır. "Macarıstanın Avropada yerləşməsi və ingilis dilinin ikinci bir dil olması yenə də dil maneəsinin olmaması demək deyil”- deyən Budapeştin Corvinus Universitetinin İctimai idarəetmə ixtisası üzrə 1-ci kurs magistri Günel Abdullayeva yaşadığı şəhərin insanlarının dili ilə danışmağın həm çox maraqlı olduğunu, həm də prosesi daha asan etdiyini deyir: "Lakin macar dilinin çətinliyi bu dili öyrənmək istəyimi hələ ki ertələyib. Məndən Budapeşt haqqında soruşulanda, ilk verdiyim cavab "sakit şəhərdir” olur. Bəlkə də elə deyil, amma məndə elə təəssürat yaradıb. Xoşlamadığım tərəfi isə yaşıllıqların az olmasıdır”. Macarıstanın Mərkəzi Avropada təkcə turistik anlamda deyil, həmçinin universitetləri ilə də böyük maraq doğurduğunu deyən G.Abdullayeva dünyanın dörd bir yanından bu ölkəyə ali təhsil almağa gələn tələbələrin olduğunu qeyd edir. Belə ki, təqaüd imkanları, Erasmus və s. kimi təhsil proqramları, həmçinin ingilisdilli yüksək təhsil buna imkan yaradır. Macarıstanda mövcud olan universitetlər hər il dünya universitetləri sıralamasında yer almaqla bərabər, region üzrə Avstriya və Almaniya universitetləri ilə müqayisə olunurlar: "Bilindiyi kimi, Avropada təhsil üçün təqaüd imkanları çox genişdir. Macarıstanda təqaüd proqramları istər dövlət, istərsə də universitetlər tərəfindən təklif olunur. Diqqət çəkən məqamlardan biri də əksər təqaüd proqramlarında azərbaycanlı tələbələrin müraciətçi statusuna aid olunmalarıdır. Dövlət səviyyəsində təqaüd proqramlarından biri elə məhz mənim də təhsilimin maliyyələşdiyi Azərbaycan və Macarıstan hökümətləri arasında razılaşdırılmış Təqaüd Proqramıdır. Universitetlər səviyyəsində olan təqaüdlərə misal çəkə biləcəyim, bir çoxlarımıza bəlli, məşhur Central European University tərəfindən təklif olunan proqramdır ki, bir neçə azərbaycanlı da həmin proqramın məzunları sırasındadır”.

Ümumiyyətlə, yaşadığın və alışdığın mühitdən kənarda təhsil almağın, yaşamağın və çalışmağın ilk növbədə şəxsi inkişaf baxımından çox faydalı olduğunu deyən G.Abdullayeva, həmçinin yeni insanlarla ünsiyyətdə olmaq, yeni təcrübələr qazanmaq, səyahət etmək, yeni mədəniyyətlər və toplumlarla tanışlığın həyatı daha maraqlı etdiyini söyləyir: "Təhsilini xaricdə davam etdirmək istəyən və universitet seçimində çətinlik yaşayanlar üçün prosesin önəmli mərhələlərindən biri ixtisas seçimi üzrə peşəkarlıq səviyyəsidir. Təhsil aldığım Corvinus Universiteti İqtisadiyyat elmi üzrə ixtisaslaşmış bir universitetdir. Universitetlər var ki, humanitar yönümlü və ya tibbi sahədə ixtisaslaşıb. Dünyanın hər yanında bu belədir və xaricdə təhsil üçün ali məktəb seçimində diqqət ediləsi məqamdır”. 

Macarıstanda təhsil alan azərbaycanlı tələbələr bəzən sərfəli iş tapdıqları halda, Azərbaycana dönmürlər. Bu baxımdan, orada müxtəlif sahələrdə çalışan azərbaycanlılar yaşayır.
 
 
 
Osmanlı izləri

Macarıstana gələn turistlər, xüsusən türkdilli ölkələrin insanları mütləq Osmanlı imperiyasının izlərini axtarır. Ölkədə 145 il davam edən Osmanlı dövrü öz izini qoyub. Gül Baba və Türbəsi, Budapeşt Akıncılar Qəbiristanlığı, Atatürk sokağı, Türk prospektləri, Budapeşt Türk şəhidliyi, türk hamamları həmin tarixdən söhbət açır. Macarıstan Milli Muzeyinin Osmanlı bölümündə isə Qanuni Sultan Süleymanın macar kralı II Lajosu Mohaç döyüşündə məğlub edib ələ keçirdiyi Budapeşt haqqında qiymətli eksponatlar qorunur.

(davamı var)

Təranə Məhərrəmova
 
Bakı-Budapeşt























Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7057
GBP 1 İngilis funt sterlinqi 2.1549
TRY 1 Türk lirəsi 0.4771
KWD 1 Küveyt dinarı 5.6378
SEK 1 İsveç kronu 0.1959
EUR 1 Avro 1.8654
CHF 1 İsveçrə frankı 1.7413
USD 1 ABŞ dolları 1.7201