• cümə, 26 Aprel, 03:57
  • Baku Bakı 16°C

Dublində Qarabağ qaçqınlarından danışılıb

02.07.19 11:30 1055
Dublində Qarabağ qaçqınlarından danışılıb
İyunun 14-də İrlandiyanın Dublin şəhərində keçirilən "IX Avropa Pediatriya Konqresi” ("The 9–th European Paediatric Congress”) və "Avropa Pediatrlarının Baş Assambleyası”nda ("General Assembly of the European Paediatric Associations”) Azərbaycan Pediatrlar Assosiasiyası da təmsil olunub.
Tədbirdə assosiasiyamızın təqdimatı və ölkədəki pediatrik xəstəliklər haqqındakı vəziyyətin hesabatı üçün ayrılmış vaxtda daha çox xalqımızın yaralı yeri olan qaçqın və məcburi köçkün balalarımızın səsini eşitdirməyə çalışdıq. Bütün dünyaya məlum olan faktları görüntülü təqdimatla tədbir iştirakçılarına bir daha xatırlatmağı borc bildik. Beynəlxalq hüquqi aktlarla Azərbaycana aid olduğu təsdiqlənən Dağlıq Qarabağ, o cümlədən Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Zəngilan, Füzuli, Ağdam və s. kimi ərazilərimizdə bir milyondan artıq həmyerlimizin soyqırımına, etnik təmizləməyə məruz qalması, mənəvi və maddi itkilər verərək, əsrlərlə yaşadıqları ata-baba yurdlarından didərgin salınması, qaçqınlıq taleyi yaşamaları, üzdəniraq qonşularımızın vəhşilikləri, yüz illərdir bitməyən qeyri-humanist fəaliyyətlərindən danışdıq.
Yerli ictimaiyyətə məlum olduğu kimi, Azərbaycan Pediatrlar Assosiasiyası bir sıra yerli qurumların da dəstəyi ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar olaraq, bir sıra xeyriyyə tədbirlərinə imza atıb. Konqresdəki çıxış zamanı, xüsusilə, bu tədbirlərdən Ağdam rayonu istiqamətində, cəbhə xəttinin 10 km.də yerləşən "Dörd yol ayrıcı”ndakı qaçqın qəsəbəsindəki aksiyaya diqqət çəkildi. Aksiyanın əsas məqsədi bu qeyri-stabil, təhlükəli ərazidə məskunlaşmağa məcbur olmuş günahsız uşaqlara, onların ailələrinə yardım, kompleks tibbi müayinə, yerindəcə istiqamətyönlü müalicə təşkil etməkdən, həkim məsləhəti verməkdən, ehtiyacı olanları respublikanın ixtisaslaşmış tibbi müəssisələrinə istiqamətləndirməkdən ibarət idi. Çıxış zamanı həm mövcud problemlər, həm də ölkəmizin günahsız azyaşlılarının vəziyyəti iştirakçıların diqqətinə çatdırıldı. Sonrakı məruzəçilər də qaçqın və məcburi köçkün statusu almış, didərginlik taleyi yaşayan körpələrin həyat şəraitlərinə biganə qala bilməyib, dünyanı sülhə və əmin-amanlığa səslədilər. Konqresin prezidenti Dr.Ellen Krayşell ətraflı və geniş çıxışa görə təşəkkür etməklə kifayətlənməyib, həmin ərazilərdəki azyaşlıların problemləri ilə maraqlandı.
Həmin aksiyaya qeyd-şərtsiz köməklik göstərən və yaxından dəstək olan Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzi və Oftalmoloqlar Cəmiyyətinin nümayəndələrinə və rəhbərliyinə Azərbaycan Pediatrlar Assosiasiyası adından minnətdarlığımı çatdırmağı özümə borc bilirəm.
Qarşıya qoyulan məqsədin səmərəli həyata keçirilməsi üçün müxtəlif ixtisaslardan 24 nəfər təcrübəli, respublika üzrə tanınmış alimlər, həkimlər, tibb işçiləri, könüllülər böyük həvəslə çalışıblar. Belə ki, aksiyada Azərbaycan pediatriyasının nüfuzlu nümayəndəsi, tanınmış alim, akademik Adilə Namazovanın başçılığı ilə reallaşan müayinələrdə pediatrlar, oftalmoloqlar, uşaq stomatoloqları, nevropatoloqlar iştirak etdiyinə görə, hər bir uşaq kompleks tibbi müayinədən keçirildi, problemləri aydınlaşdırıldı, müalicə təyin edildi, valideynlərə məsləhətlər verildi.
Oftalmoloqların arsenalında olan "Səyyar Klinika və texnoloji istiqamətyönlü avadanlıqlar” müayinələrin daha da keyfiyyətli olmasını təmin etdi. Assosiasiyamız və göz müayinələrinə ehtiyacı olan balaca soydaşlarımız adından akademik E.M.Qasımova xüsusi minnətdarlığımızı bildiririk.
Aksiyadan bir neçə gün öncə Ağdam rayonu "Qadın, uşaqlar və ailələrə dəstək mərkəzi”nin fəal direktoru Yaqut xanım uşaqların siyahısını tərtib etməklə, qəsəbəyə hazırlıqlı getməyimizə imkan yaratdı. Belə ki, paytaxtımızın sakinləri, o cümlədən tibb idarələri işçiləri, pediatrlar, xüsusilə Bakı şəhəri professor Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasının işçiləri, ATU-nun uşaq xəstəlikləri kafedrasının əməkdaşları, könüllü fəallar məcburi köçkün uşaqlar üçün hədiyyələr, şəkillər, məktublar (öz həmyaşıdlarından) və qida məhsulları da hazırlamışdılar. Müayinədən keçən hər uşaq hədiyyə də alırdı. Bu isə müayinələr zamanı çox xoş atmosferin yaranmasına səbəb oldu. Aksiyanı həyata keçirmək üçün Bakıdan gəlmiş həkimlərə, tibb işçilərinə "Xaçın çay” kənd xəstəxanasının tam təchizatlı otaqlarında olduqca əlverişli şərait yaradıldığı üçün rayon icra hakimiyyəti nümayəndələrinə də təşəkkür edirik.
Aksiya çərçivəsində Ağdamın 18 kəndindən 325-i uşaq olmaqla, 1000 nəfər qaçqın və məcburi köçkün həmyerlimiz ödənişsiz kompleks müayinədən keçirildi. Elə həmin gün uşaq stomatoloqları T.Ə.Zamanova və G.H.İsmayılova köçkün balaları müayinə etməklə bərabər, 95 uşağın ağız boşluğunun sanasiasiyasına yerindəcə nail oldular.
Tədbirin yüksək səviyyədə təşkilində yaxından köməklik edən rəsmi qurumlarla yanaşı, ATU-nun uşaq xəstəlikləri kafedrasının əməkdaşlarına, Bakı şəhəri 1 saylı uşaq stomatoloji poliklinikasının kollektivinə, Bakı şəhəri Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasının əməkdaşlarına, xüsusilə nevropatoloq Səidə Qasımovaya, Ağdam rayon İH başçısı Vaqif Həsənova, Ağdamın "Qadın, uşaqlar və ailələrə dəstək mərkəzi”nin fəalı Yaqut xanıma və hər bir könüllüyə dərin minnətdarlığımızı bildirməyi özümüzə borc sayırıq.
Bu aksiyanın reallaşdırılması, xüsusilə silsilə şəkildə həyata keçirilməsi bizi nə qədər sevindiribsə, onu dünya ictimaiyyətinə çatdıra bilməyimiz də bir o qədər qürurlandırıb. Bütün dünya Azərbaycanın didərgin balalarının, yurd həsrəti çəkən yaşlılarının, el-obasının arzusu ilə yaşayan insanlarının səsini eşitsin. Ermənistanın riyakar niyyətini, etnik təmizləmə və əsla reallaşmayacaq Qarabağ arzusunu hər addımda beynəlxalq arenada ifşa etmək hər birimizin borcudur.

ATU-nun Uşaq xəstəlikləri kafedrasının əməkdaşı,
Azərbaycan Pediatrlar Assosiasiyasının vitse-prezidenti,
t.e.n., dosent Təranə Tağızadə

banner

Oxşar Xəbərlər