• cümə, 29 Mart, 19:35
  • Baku Bakı 14°C

Dublin Beynəlxalq Ədəbi Mükafatı sandığı açdı

20.06.16 10:25 1578
Dublin Beynəlxalq Ədəbi Mükafatı sandığı açdı

Akil Şarmanın avtobioqrafik əsəri "Ailə həyatı” ("Family life”) mükafat fondunun münsifləri tərəfindən "ədəbi uğurun ən yüksək nümunəsi kimi” dəyərləndirilib. "Guardian”ın xəbərində Şarmanın mükafat qarşısında olduqca təvazökar və təmkinli davranması, utancaqlıqla minnətdarlıq etməsi və gərgin təqdimat çıxışı gözdən yayınmayıb. İlk və yeganə romanla dünyanın ən bahalı mükafatının qalibi seçilmiş Şarma bu pulla bağlı hansı planları olduğu sualına 100000 avrodan birinci növbədə özünə bir cüt yeni ayaqqabı almağı planlaşdırdığını deyib.

Akil Şarmanın Dehlidən Nyu-Yorka köçən və Nyu-Yorkda baş verən bədbəxt hadisə nəticəsində böyük oğulları beyin travması alaraq, 24 saat qayğıya möhtac vəziyyətə düşən bir ailənin həyatını qələmə aldığı "Ailə Həyatı” romanı İan Sansom, Xuan Villalobos, Karlo Geblerdən ibarət olduqca ciddi prinsiplərlə işləyən münsiflər heyəti tərəfindən qalib təyin edilərək, müəllifinə sadəcə 100000 avro yox, dünya şöhrəti qazandırdı. Karlo Gebler: "Bu sanki bir ailənin yox, işıqla zülmətin hekayəsini danışır. Kitabı bağlayırsan, amma bütün o hadisələr, təsvirlər, oxuduqca insanın zehnini parçalayan və onunla məşğul olmasını tələb edən metaforlar insandan əl çəkmir. Bir əsər nə qədər canlı ola bilər ki, oxuyarkən keçirdiyin duyğular daima insanın içində qalsın. Əvvəl elə bildim ki, təkcə mən bu əsərə belə həssaslıqla yanaşıram. Sonra həmkarlarım rəyləri ilə tanış olanda başa düşdüm ki, bu əsər ədəbi uğurun ən yüksək forması, ən ali nümunəsidir. Çox az əsərin öhdəsindən gəldiyi şeyin öhdəsindən layiqincə gəlib. Qalib. Mükəmməl. Təsirli”.

Hindistanda doğulmuş amerikalı yazar deyib ki, "Ailə Həyatı” onun ömrünün 13 ilini alıb. Ədib mükafatın təqdimetmə mərasimində gözlərini bütün dinləyicilərdən qaçıraraq və dərin həyəcanla etdiyi çıxışda bunları deyib: "Ədəbiyyat mükəmməl sferadır. Lakin bu roman həyatımın kabusu idi. Qocaltdı məni. Mənimlə birgə başlayanlar artıq neçə-neçə romanlar, hekayələr yazıblar. Mən 13 il bu roman üstündə əlləşdim. Bu daş çeynəməyə, polad əritməyə bənzəyir. Mən onun üstündə o qədər əziyyətə qatlaşmışam ki, heç bir uğurun bəxş etdiyi sevinc o ağırlığı, o sıxıntını üstələyə bilmir. Dublin mükafatına layiq görüldüyümlə bağlı e-mail gələndə dedim ki, Tanrı çox şükür, heç olmasa, bu dəfə ümidsizlik və uğursuzluq, məyusluğun ağuşuna düşməkdən qorudun. Böyük əziyyətlər hesabına meydana gəlmiş işin qarşılığını almayanda insan inciyir. Xəbəri alanda sadəcə incinməyəcəyim, uğursuzluq əzabı yaşamayacağım üçün mənəvi rahatlıq hiss etdim. Üstündən 2-3 gün keçəndən sonra sevinməyə başlamışam... Mən də heç də o fikirdə deyiləm ki, bu mükafata layiq görülməyi "Ailə Həyatı”nın bu müsabiqəyə qoşulmuş ən yaxşı əsər olması deməkdir. Xeyr. Bu mükafat sadəcə deyir ki, bu əsər münsiflərin hamısının razılığı əsasında mükafata layiq görülmüş əsərdir. Amma bu, ömrünün 13 ilini sadəcə bir əsərə bağlamış, onun uğuruna inanmış, sadəcə ümid etmiş bir adam üçün böyük şərəfdir. Bu mənim neçə onilliklərdir qaliblərini izlədiyim, tanıdığım, sevdiyim, heyranlıqla oxuduğum əsərlərə, həsəd apardığım müəlliflərə verilmiş mükafatdır. Yazmağa başlayanda həyatım qaydasında deyildi. Bircə bədənimi idarə edə bilirdim. Hər gün 17 mil yol yeriyirdim. O qədər arıqlamışam ki, ayaq ölçüm də dəyişib. Bu nəhəng məbləğ üzərində qurduğum ilk plan özümə bir cüt ayaqqabı almaqdır”.

Məlumat üçün qeyd edək ki, müsabiqəyə Orxan Pamuk, Herta Müller, Cim Qreys, Con MakQreqor kimi yazarlar da qoşulmuşdu.

banner

Oxşar Xəbərlər