• şənbə, 20 Aprel, 12:16
  • Baku Bakı 23°C

Dubay Ticarət və Sənaye Palatasının nümayəndələri İqtisadiyyat və Sənaye Nazirliyində olublar

22.04.14 15:03 1561
Dubay Ticarət və Sənaye Palatasının nümayəndələri İqtisadiyyat və Sənaye Nazirliyində olublar
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, nazir Ş.Mustafayev Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını vurğulayıb.
Bildirilib ki, yüksək səviyyəli siyasi münasibətlər, mövcud müqavilə-hüquqi baza, Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır, Azərbaycan və BƏƏ arasında iqtisadi və ticarət əlaqələri ildən-ilə genişlənir: “Dubay Ticarət və Sənaye Palatasının MDB üzrə nümayəndəliyinin məhz Bakıda açılması ölkələrimiz arasında əməkdaşlığa verilən əhəmiyyətin göstəricisidir. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında iş adamları da yaxından iştirak edir və biznes dairələrin iştirakı ilə keçirilmiş pərakəndə və françayzinq biznesi üzrə dəyirmi masa yeni əlaqələrin qurulması baxımından əhəmiyyətlidir. Ölkələrimiz arasında infrastruktur, ticarət, kənd təsərrüfatı, investisiya qoyuluşu üçün geniş əməkdaşlıq imkanları var”.
Ş.Mustafayev Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində biznes forumun keçirilməsini təklif edib. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzunun artdığını, etibarlı tərəfdaş kimi tanındığını, ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını diqqətə çatdırıb.
Ölkəsində Azərbaycanla əməkdaşlığa önəm verildiyini vurğulayan Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravi Palatanın nümayəndəliyinin Azərbaycanda yaradılmasına əsas səbəb kimi ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin formalaşmasını, eləcə də Azərbaycandakı siyasi və makroiqtisadi sabitlik, davamlı iqtisadi inkişaf, əlverişli biznes və investisiya mühiti olduğunu diqqətə çatdırıb. BƏƏ nümayəndə heyətinin ölkəmizə səfəri barədə məlumat verən Hişam Al Şiravi bu dəfəki səfərin məqsədinin sürətlə inkişaf edən Azərbaycanın investisiya imkanlarının öyrənilməsi olduğunu vurğulayıb. Qeyd edilib ki, hər il Dubayda çoxlu sayda sərgilər və müxtəlif tədbirlər keçirilir və Azərbaycan iş adamları belə tədbirlərdə iştirak etməklə yeni biznes əlaqələri qura, eləcə də Yaxın Şərq bazarına çıxa bilərlər. Hişam Al Şiravi Dubay Ticarət və Sənaye Palatasının belə tədbirlərdə iştirakda Azərbaycan iş adamlarına hər cür dəstək göstərməyə hazır olduğunu da bildirib.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər