AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

DST koronavirusa yoluxmanın yeni dalğası barədə xəbərdarlıq edib

DST koronavirusa yoluxmanın yeni dalğası barədə xəbərdarlıq edib

Təfsilat
03 İyun 2020, 15:00 190
Əgər virusun qarşısını almaq mümkün olmasa, COVID-19 infeksiyasına yoluxma hallarının təkrar artması və onun daha dağıdıcı olması təhlükəsi yaranacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional bürosunun direktoru Hans Klüqe online-brifinqdə deyib.
"Koronavirus infeksiyasının ikinci dalğası qarşısıalınmaz deyil, lakin daha çox ölkə məhdudiyyətləri aradan qaldırır. COVID-19 infeksiyasına yoluxma hallarının təkrar artması təhlükəsi var, virusun qarşısı alınmasa, ikinci dalğa baş verəcək və o, çox dağıdıcı ola bilər”, - deyə Hans Klüqe bildirib.
Onun sözlərinə görə, hazırda vəziyyət ilin əvvəlində olduğundan heç də yaxşı deyil. "Bizim əvvəlki kimi, COVID-19 virusuna qarşı nə vaksinimiz, nə də müalicə metodlarımız var”, - deyə Dünya Səhiyyə Təşkilatının nümayəndəsi əlavə edib.
Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayında DST yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.
Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 12:40-a olan məlumatına əsasən, dünyada 6 milyon 464 mindən çox yoluxma və 382 min 727 ölüm faktı qeydə alınıb. Xəstələrin təxminən yarısı - 3 milyon 77 min 808 nəfəri sağalıb.