• cümə axşamı, 28 mart, 21:38
  • Baku Bakı 13°C

Dovşanın ad günüdür, dostlarla şad günüdür!

08.02.16 10:53 1826
Dovşanın ad günüdür, dostlarla şad günüdür!
Dostluğa sədaqət, dar gündə tanınmaq, dürüstlük, sadiqlik kimi müsbət keyfiyyətlərin aşılanması, yalan, ikiüzlülük kimi mənfi xüsusiyyətlərdən uzaq olmaq adətən, bizlərə uşaq vaxtlarından öyrədilir. Uşaqlara bu hissləri aşılamaq üçün bir sıra vasitələr vardır. Lakin onlardan ən maraqlısı həm öyrədən, həm əyləndirən teatrlarımızdır. Günü bu günümüzdə də bir sıra teatrlarımızda hazırlanan uşaq tamaşaları bu mövzular üzərində qurulur. Yeni ildə Gənc Tamaşaçılar Teatrının ilk premyeralarından olan “Dovşanın ad günü” də belə tamaşalardandır.
Görkəmli uşaq yazıçısı Xanımana Əlibəylinin bu əsəri ilk dəfə ötən əsrin 50-ci illərində, ikinci dəfə isə 2000-ci ildə səhnəyə qoyulsa da bu dəfə fərqli bir quruluşda tamaşaçılara təqdim edildi. Xanımana Əlibəylinin 95 illiyinə həsr olunan tamaşanın quruluşçu rejissoru, Xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir. Musiqi tərtibatında mərhum bəstəkar, Xalq Artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunması 70 dəqiqə davam edən tamaşanı daha da baxımlı etmişdi.
Tülkü və canavarın dovşanı yemək üçün qurduqları hiylədən bəhs edən sadə süjetli tamaşada hadisələr dovşanın ad gününə təsadüf edir. Tamaşa boyu səhnədə ataların məşhur “Dost dar gündə tanınar” deyimi uşaqlara əyani şəkildə göstərilir: dovşanın çətin günündə qaranquş, kirpi, şəpiş, alabaş, keçi kimi sadiq dastları sınaqdan üzüağ çıxırlar.
Rəssam Elşən Sərxanoğlunun verdiyi səhnə tərtibatında dovşanın balaca çəpərli daxması, üstündə qaranquşun yuvası, ətrafında güllər, sıx ağaclar təsvir edilən səhnə dekorasiyası elə qurulmuşdu ki, ilk baxışdan həqiqətən qalın, yaşıl meşəni xatırladırdı.
Aktyorların ifasında dovşan (İradə Rəşidova), quzu (Zümrüd Quliyeva), kirpi (Ramil Məmmədov), çəpiş (Elnur Əliyev), alabaş ( Ceyhun Məmmədov), qaranquş (Təhminə Məmmədova), canavar (Yusif Dadaşov) rolları maraqla baxılırdı. Ələlxüsus Zümrüdün oynadığı quzu həm danışığı, həm hərəkətləri, həm də səsi ilə oynadığı rola bir bitkinlik gətirirdi. Daima tülkü tərəfindən aldadılan ac qurdu canlandıran Yusif Dadaşov öz aşırı arıqlığı, ağır hərəkətləri, yorğunluğu ilə elə neçə vaxtdır dişinə ət dəyməyən canavarın surətini dəqiq cizgilərlə yaradırdı.
Lakin tülkü rolunun ifaçısı Nuriyyə Əliyevanın astagəl oyunu tamaşanı bir qədər sönükləşdirir, bəzi məqamlarda hətta darıxdırıcı edirdi. Zənnimcə bu rol üçün daha çevik aktrisa seçilsəydi düzgün olardı. Məlumdur ki, tülkü hər zaman öz hiyləgərliyi və çevikliyi ilə fərqlənir. Bu tamaşada isə aktrisa hiyləgərdən daha çox, hədsiz yorğun, sanki nədənsə bezmiş, narahat və həvəssiz bir tülkünu canlandırırdı. Ona görə də tülkünün iştirakı olan bəzi səhnələr o qədər də uğurlu alınmamışdı. Hətta sonda təzim səhnəsində belə bunu sezmək olurdu.
Sözsüz ki, rol bölgüsü rejissorun seçimidir. Bizə isə sadəcə fikrimizi demək qalır.
Ümumilikdə isə, tamaşa baxımlı idi. Bunu tamaşanı seyr edən uşaqların reaksiyası da təsdiqləyirdi.
Nigar Pirimova
Teatrşünas
banner

Oxşar Xəbərlər