• cümə, 19 Aprel, 00:17
  • Baku Bakı 18°C

Doğulduğumuz andan Türkiyə-Azərbaycan sevgisi ilə böyümüşük - Fotolar

20.09.17 11:30 5708
Doğulduğumuz andan Türkiyə-Azərbaycan sevgisi ilə böyümüşük - Fotolar
Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə İlhan Aküzümü "Dostluq” ordeni ilə təltif etdi. Müxtəlif vaxtlarda Qarsdan Türkiyə Böyük Millət Məclisinədeputat seçilən İlhan Aküzüm Türkiyə hökumətində turizm, daha sonra isə gənclər və idman naziri vəzifələrində çalışıb.Təltifetmənin sevincini Bakıda yaşayan İlhan Aküzüm həyat yoldaşı Oya Aküzüm, bacısı Gülhan Aküzüm və yeznəsi Şamil Ayrımla "Kaspi”nin qonağı oldular.
Türkiyə-Azərbaycan sevgisi

- İlhan bəy, prezident İlham Əliyevin sərəncamı ilə diaspora fəaliyyətinizdəki xidmətlərinizə görə, «Dostluq” ordenini ilə təltif olunubsunuz. Azərbaycan və Türkiyə - iki qardaş ölkə arasında münasibətləri daha da sıxlaşdırmaq üçün diaspora fəaliyyətində hansı işlərə önəm vermək lazımdır?
- Mənə görə dövlət başçılarının daha çox bərabər hərəkət etmələri lazımdır. Azərbaycan müstəqilliyə qovuşmamışdan əvvəl bir qrup diaspor təşkilatlarının fəaliyyətlərində fayda olurdu. Məmmədəmin Rəsulzadənin zamanında Azərbaycan Kültür Dərnəyinin qurulması da "Bir gün gələcək Azərbaycan müstəqilliyinə qovuşacaq» ideyasının təşəkkül tapması üçün idi. Biz də doğulduğumuz andan Türkiyə-Azərbaycan sevgisi ilə böyümüşük. Hər gecə yatarkən «Azərbaycan nə zaman müstəqilliyə qovuşacaq?» sualını düşünərək, bu günün həsrəti ilə yaşamışıq. Türkiyədəki bütün xalq bu düşüncədə və arzuda idi. Dolayısı ilə bu dərnəklərin böyük əhəmiyyəti vardı. Bu dərnəklər Azərbaycanın müstəqilliyi üçün mücadilə edirdi. Azərbaycan müstəqilliyinə qovuşdu. Bundan sonra mən o diaspor təşkilatlarının və dərnəklərin səfirliklər və konsulluqlar qədər faydalı ola biləcəyi qənaətində deyiləm. Mən bu fəaliyyəti dövlətin daha yaxşı həyata keçirə biləcəyini düşünürəm.

- Azərbaycan və Türkiyə diasporlarının xarici ölkələrdə birlikdə fəaliyyətlərinə necə baxırsınız?
- Bu təşkilatların Avropa ölkələrində birgə fəaliyyətlərində daha çox fayda var. Türkiyə ilə Azərbaycan qardaşdır, ancaq Avropada Azərbaycanın daha çox tanıdılması lazımdır. Bu istiqamətdə Türkiyə ilə birgə fəaliyyət göstərməsinə ehtiyac var.
Bu qapılar açılmaz...

- Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması cəhdlərinə münasibətinizi bilmək istərdik. Təəssüf ki, Türkiyədə bəzi dairələr sərhədlərin açılması istiqamətində canfəşanlıq edirlər. Bir siyasətçi kimi sizin fikirləriniz maraqlıdır.
- Mən Türkiyə və Ermənistan sərhədləri ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanın hələ baş nazir olduğu dönəmdə açıqladığı fikrin tərəfdarıyam: "Bu qapılar açılmayacaq”. Türkiyədəki bəzi qruplar Ermənistanla Azərbaycanın apardığı müharibənin fərqində deyil. Amma Türkiyə xalqının əksəriyyəti sərhədlərin fikrinə qarşı çıxır. Yalnız Türkiyədə yaşayan Azərbaycan kökənli insanlar deyil, bu fikir bütün türklərə aiddir. Mən də Azərbaycan kökənliyəm. Kökləri Gəncəyə dayanan azəri türküyəm. Türkiyədə yaşayan 85 milyonluq insanın ürəyində Azərbaycan sevgisi var, heç kim buna razı olmaz. Azərbaycan müstəqilliyini elan etdiyi gün rəhmətlik Turqut Özal nazirləri topladı. Mən də idman naziri idim. Azərbaycanı ilk tanıyan dövlət biz olduq. O gecə Azərbaycanın müstəqilliyini tanıdığımızı elan etdik. Məsud Yılmazın baş nazirliyi dövründə də nazirlər qrupu toplandı və orada özəl bir şey söyləndi: «Azərbaycan-Türkiyə əlaqələri çox önəmlidir. Gələcəkdə hər iki ölkə və bütün türk aləmi üçün bu bərabərlik çox əhəmiyyətli olacaq”. Atatürkün də ölkələrimiz haqda fikri var: «Türkiyə Azərbaycansız, Azərbaycan Türkiyəsiz ola bilməz». Çünki Türkiyə-Azərbaycan əlaqələri gerçək sevgi və duyğusallıq üzərində qurulub. Bunu başqa münasibətlərlə qarışdırmayın. Bizim liderlərimiz - istər Turqut Özal olsun, istərsə də Süleyman Dəmirəl olsun, Türkiyənin gələcək planını cızmadan dünyalarını dəyişdilər. Ancaq Heydər Əliyev Azərbaycanı uçurumun kənarından alıb özündən sonrakı dönəmi də dizayn etdi. O, «Bir millət- iki dövlət» sözlərini bütün insanların beyninə həkk etdi. Bu dostluğun, qardaşlığın parçalanmasına icazə vermədi. Düzdür, əvvəlki Türkiyə prezidentləri də Azərbaycan-Türkiyə əlaqələri üçün çox iş görmüşdülər. Ancaq hazırkı prezidentimiz Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ermənistan sərhədlərini aşılmasını istəyənlərin qəti cavabını verdi. Dedi ki, «Kimsə mənim qapıma Qarabağın işğalını sona vermədən gəlməsin. Bu qapılar açılmaz». O, bunu bir dəfə söyləmədi. Avropa Parlamentində də, Bakıda da, həyata keçirdiyi bütün çeşidli toplantılarda da hey dilə gətirdi. Artıq elə bir hala gəldi ki, bu qapıların açılması mümkün deyil. Azərbaycan dövləti bu problemi həll etdikdən sonra Türkiyə Cümhuriyyəti də lazım olanı həyata keçirər.

Xalq qəhrəmanının ailəsi

- İlhan bəy, sizi uşaqlıq xatirələrinizə qaytarmaq istərdik. Evinizdə cümhuriyyət liderlərinin olduğu vaxtları necə xatırlayırsınız?
- Atam 1950-ci ildə millət vəkili idi. Anam danışırdı ki, 1920-ci ildə Azərbaycanda ixtişaşlar baş verir. Ona görə babam Gəncəni tərk etmək məcburiyyətində qalır. O, Gürcüstana gedərək Batumidən Trabzona keçir. Babam sonra Qarsda yerləşir. Sarı Ələkbər xalq qəhrəmanı idi. Azərbaycanın azadlığı uğrunda mübarizə aparırdı. Dayımı, anam Brilyant xanımı və nənəmi sürgünə göndəriblər. Anam o zaman 1-2 yaşında olub. Onlar Aral gölü ətrafına, daha sonra Qazaxıstana sürgünə göndəriliblər. Nənəm orada olan bir keçi sahibinə qızıl verərək, keçinin südü ilə övladlarını böyüdür. Hətta südü öncə başqalarının uşaqlarına, daha sonra öz övladlarına verərmiş. Anamın nənəsi sürgündə vəfat edir. Bir gün onlar sürgündən qaçaraq təkrar Gəncəyə gəlib və vaxtilə yanlarında çalışan insanların evində qalıblar. Dayımla anamı təhsil almaq üçün məktəbə yazdırıblar. Bir gün məktəbin şagirdlərini həyətdə toplayaraq «aramızda vətən xainləri var» deyirlər. Anamla dayımı önə çıxarır və «bir də məktəbə gəlməyin» deyə xəbərdar edirlər. O hadisədən sonra anamla dayım məktəbdə oxuya bilmirlər. Bir gün onların evinə asayişdən bir nəfər gələrək «Sarı Ələkbər bizim üçün çox önəmlidir və biz sizi buradan aparacağıq» deyirlər. Nənəm əvvəlcə «doğrumu, yalanmı» deyib qorxur. Ancaq onlar artıq Gəncədə qalmaq istəmirdilər. Həmin adam, hansı ki, xüsusi xidmətlərin əməkdaşı olur, gecə onları Araz çayı ilə keçirərək İqdıra aparıb və sərhədi keçəndən sonra "nə siz məni gördünüz, nə də mən sizi” deyib, ayrılır. Onda anam 13 yaşında idi. O, atasını tanıyır. Babam çox hörmətli adam idi. O, ayağa qalxdığı zaman bütün Qars camaatı ayağa qalxardı. Daha öncə Qarsa gələn azərbaycanlı bir ailənin oğlu Sarı Ələkbərin çox hörmətli insan olduğunu bildiyindən, onun qızına da önəm verərək, anamla ailə qurur. Sonra Məmməd Əmin Rəsulzadə orada kültür dərnəyi qurur. Həmin dərnəyə Aküzüm və Ayrım ailəsi rəhbərlik edir.


- Bu gün Türkiyənin başı üzərində təhlükə dolanır. Onun sərhədləri yaxınlığında kürd dövlətinin yaradılması planı üzərində işlər aparılır. Hətta referendum məsələsini ortaya atıblar. Bu təhlükəni nə qədər real hesab edirsiniz?
- Bu, Türkiyə üçün bir sıxıntıdır. Belə bir şey söyləyim: mən türkəm. Həyat yoldaşım da türkdür. Biz gerçək türk millətçiliyi uğrunda mücadilə edən bir ailəyik. Türkiyədəki kürdlər həqiqətən bütün proseslərdən sağlam çıxdılar. Bəzi illərdə bir sıra sıxıntılarla qarşı-qarşıya qaldıq. Əks halda, Türkiyə çox pis duruma düşə bilərdi. Türkiyənin daxilindəki kürdlər bu işə qarşılıq vermədilər. Ancaq xaricdəki kürdlər tərəfindən bu işlərin həyata keçiriləcəyinin narahatlığını yaşayırıq. Bu, həqiqətən baş verərsə, Türkiyə üçün çox pis nəticələrə gətirib çıxaracaq.
Azərbaycandan qürurla gedirik

- Həyat yoldaşınız Oya Aküzümə ünvanlayacağımız sualın cavabını eşitmək də maraqlı olar. Oya xanım, Azərbaycan kökənli bir ailənin gəlini olmaq sizə çətin olmadımı? Bu ailənin adətlərinə necə uyğunlaşdınız, nələri öyrəndiniz?
- Elə bir fərq olmadı... Hər birimiz Azərbaycanın sevgisi ilə böyüdük. Qızım da bu sevgi ilə yaşadı. Bizim ailəmizdə böyüklərə, kiçiklərə hörmət vardı. Bu adətləri gördüm və əməl etdim. Sadəcə, bir qədər rəqslərini bacarmıram. Çünki Aküzüm ailəsi Azərbaycan rəqslərini gözəl bacarır. Daha sonra bir sıra yeməklərini hazırlaya bildim. Məsələn, plov bişirməyi öyrəndim.

İlhan bəy: Mən özüm də plov bişirməyi yaxşı bacarıram. Anamdan öyrənmişəm. Ancaq təkcə plov bişirə bilirəm. Oya da dadlı yeməklər bişirir. Biz azəri rəqslərini qoruyub saxlamışıq. Atam gözəl rəqs edərdi. Ondan sonra Aküzüm qardaşları həmin rəqslərə qoşulardılar. Orada Azərbaycan gecələri keçirilərdi. Atam Şeyx Şamilin rəqsini – "Ləzgi mahısı”nı oynayırdı.Mən Qarsda gənc millət vəkili idim. Oya xanım isə bankda işləyirdi. Evimizin qabağında yüzlərlə insan yığılır, az qala evin içinə girirdilər. Ancaq o insanların heç birisi Oyadan şikayətçi olmadı.

Oya Aküzüm: - Mən adətlərə rəğmən, o insanları da sevdim. Bilirsinizmi, insanlar öz həyat yoldaşlarını sevdiyi təqdirdə, heç nə çətin olmur. Sevgi olan zaman hər şeyi bir görürsən – anasını ana, atasını ata, bacısını bacı, dostunu dost gözü ilə...

- Heç şübhəsiz, İlhan bəyin "Dostluq” ordeni alması bacı kimi Gülhan xanım üçün qürurvericidir. İlhan bəy uşaqlıqdan Azərbaycan sevgisi ilə böyüdüyünüzü dedi. Azərbaycan da bu sevginin qarşılığını verdi.

Gülhan Aküzüm: - Qardaşımın belə bir ödülə layiq görülməsindən çox duyğulandım. Böyük bacım Türkan xanım da bu barədə ona xəbər verəndə, çox təsirləndi. Anamla atamın soy-kökü Azərbaycandandır. Ailəmiz Azərbaycanla əlaqə yaratmaq üçün radiodan ayrılmazdı. Gecənin bəlli saatında "Bakı” radiosuna qulaq asar, bir musiqi səsi eşidincə, sevinərdik.

İlhan Aküzüm: - Bu sevgi ilə yaşadığımız vaxt Rəşid Behbudov Türkiyəyə gələrək kinoteatrda konsert verdi. Atam bizi də apardı. Rəşid Behbudov "Lalələr”i oxuyurdu. «Bir qonaq gələsiz bizə, lalələr» deyincə, hamı ağlayırdı. Türkiyə-Azərbaycan dostluğu həyatımızın bir parçasıdır. Biz Türkiyə Cümhuriyyətinin vətəndaşı olmaqdan da qürur duyuruq. Cənab İlham Əliyevin məni təltif etdiyi "Dostluq” ödülü bizim üçün ən böyük qürurdur. Bu, unudulacaq bir şey deyil. Biz Azərbaycandan çox xoşbəxt halda və qürurla gedirik. Bizim valideynlərimiz Azərbaycanın müstəqilliyini arzulayırdılar. İndi onların ruhları şaddır.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər