• cümə axşamı, 28 mart, 18:54
  • Baku Bakı 13°C

Dostunu mənə söylə...

13.09.17 09:10 9051
Dostunu mənə söylə...
Atalarımız deyib ki, dostunu mənə göstər sənin kim olduğunu deyim.
Richard Jozeph Durbin Amerika Senatında erməni diasporunun "təmsilçisidir”.
ABŞ-dakı əsas erməni lobbi qrupu olan Amerika Erməni Beynəlxalq Komitəsinin (ANCA) veb saytına baxsanız, bu insanın kim olduğunu, erməni lobbisinə necə yarındığını görəcəksiniz.
Richard Jozeph Durbin Amerika Senatında Azərbaycan və Azərbaycanın dövlət başçısına qarşı sərt qadağalar qoyulmasını təklif edib. Buna təəccüblənmədim, çünki bu insan başdan ayağa ermənipərəstdir. O, bundan əvvəl eyni məkanda və emosiya ilə Türkiyə və onun prezidenti haqqında eyni təkliflə radikal qadağalar təklif etmişdi. Təəccübləndiyim isə o oldu ki, ölkəmizdəki bir sıra müxalif düşərgə təmsilçiləri bu xəbəri az qala sevinc hissi ilə qarşıladı.
Ağlarsanmı, gülərsənmi?
Sevgili soydaşlarımız, hadisələrin ağırlığını anlamaq üçün "çəkilmiş rəsm”ə tamamilə baxmaq lazımdır. Azərbaycanda 2018-ci ildə keçirilməsi nəzərdə tutulan seçkilər üzərində qumar oynayan və qaralama kampaniyası başladan dövlətlərin erməni lobbisinin işarəsi ilə hərəkət etdiyini anlamaq üçün başımızı azacıq qaldırıb ətrafımıza baxmağımız yetərlidir.
Kimin əli kimin cibində, bir göz gəzdirək..
Bu il aprel ayının 21-də Amerikada nümayiş etdirilən "The Promise” filmi I Dünya müharibəsi dövründə Osmanlı İmperiyasından köçürülən və yaşayış yerləri dəyişdirilən ermənilərdən bəhs edir. Erməni biznesmeni Kirk Kerkoriyan tərəfindən maliyyələşdirilən və haradasa 100 milyon dollarlıq büdcəylə çəkilən film uğursuz olub və sadəcə, 8,2 milyon dollar gəlir əldə edib.
Daşnaklara bağlı olan "Armenian Weekly” qəzetində erməni rahib Bedros Şetiliyan məqaləsində ermənilərin "soyqırımının bütün qitələr tərəfindən tanınması”nın təmin edilməsinin zəruriliyini vurğulayaraq, Hollivuddakı erməniləri "erməni davası” yolunda səfərbər olmağa çağırıb. Eyni zamanda, ABŞ Konqresinin bu mənada aktiv fəaliyyətinin önəmini diqqətə çatdırıb.
Erməni lobbisinin rəhbərləri bu filmin tanıdılması istiqamətində "erməni davası”na daha böyük diqqət çəkmək üçün hər zaman olduğu kimi, məşhurlardan istifadə edərək "The Promise” filminin Los-Angels, Nyu-York, Vaşinqtonda keçirilən təqdimatına Cher, Qardaşyan, aktyor Silvester Stallone kimi insanları və ABŞ Konqresinin adlı-sanlı təmsilçilərini dəvət edib. Onu da qeyd edim ki, buna müvəffəq olublar.
Bunların arasında R.J.Durbinin də olması heç də təəccüblü deyil. Dolayısı ilə onun ABŞ Konqresində Azərbaycanı hədəf alan atəşli çıxışları və bu ölkəyə qarşı qadağaları gündəmə gətirməsinin məqsədi heç də demokratiyaya olan məhəbbəti, yaxud da ədalətin təcəllə etməsi naminə sərf etdiyi mübarizə deyil. Onun bəsləndiyi erməni lobbisinə olan pəhriz borcudur. Amerika və Avropada fəaliyyət göstərməyi özlərinin vərdişinə çevirən ermənilər Azərbaycanın lobbi fəaliyyətini "kirli çamaşırlar” başlığı ilə "The Guardian”a manşet etdirlər. Bəzi "vətənsevərlər” isə ANCA-nın bu əməliyyatına xeyli sevindilər.
Erməni lobbisinin cəmiyyətdə təsiredici gücə malik populyar insanlarla əlaqə yaradaraq, "erməni davası” lehinə bir məlumat bazasının yaradılması istiqamətində həyata keçirdiyi yüzlərlə belə bariz nümunələr var.
ABŞ-dakı əsas erməni lobbi qrupu olan ANCA uzun illərdir qanunvericilik sahəsində fəaliyyət göstərən insanlarla çalışır. Üzülərək qeyd etməliyəm ki, onlar bu sahədə xeyli uğurlar qazanıblar.
Türk diasporunun zəif nöqtələrini təsbit edərək, boşluqları strateji vasitələrlə öz xeyrinə dəyişən erməni diasporunun son hədəfinin Türkiyəni "erməni soyqırımını tanımağa, təzminat ödəməyə, və torpaqlarını geri qaytarmağa məcbur etmək” olduğunu ifadə edən erməni rahib Bedros Şetilyan qeyd edib ki, bunun üçün erməni lobbisi Türkiyənin və türklərin Qərbdə mənfi imicindən öz xeyrinə istifadə etməlidir.
Bir sıra ölkələrdə fəaliyyət göstərən şovinist və millətçi təşkilat olan ANCA Amerikanın himayə etdiyi PKK terror təşkilatına açıq dəstək verməklə yanaşı, HDP sədri Demirtaşın müdafiəsini həyata keçirir və xüsusilə, Türkiyə və Azərbaycana təzyiq etmək üçün qarşısına çıxan fürsətlərdən istifadə edir.
Türkiyə prezidenti Ərdoğanın ABŞ-a son səfəri zamanı cangüdənləri ilə bağlı hadisələrin ssenarisi də ANCA tərəfindən yazılıb və bu hadisənin arzu etdiyi istiqamətdə aktiv rol alan bu təşkilatın sədri Aram Hamparyan Konqres qarşısında jurnalistlər üçün bəyanatla çıxış edərək, olayı gündəmə gətirə bilmişdir. O, hadisənin "canlı şahidi” kimi Konqresdə çıxış edərək, Türkiyə və bu ölkənin prezidenti haqqında kin və nifrətini dilə gətirib.
ABŞ Konqresində A.Hampariyan və PKK-dan olan bir neçə şəxsin şahidliyinə əsaslanaraq Türkiyə əleyhinə çıxarılan qərar erməni lobbisinin uğuru kimi qeyd edilir.
Media sektoruna təsir imkanları olan erməni lobbisi təəssüflər olsun ki, "The Guardian” , "Washington Post”, "The Times” kimi önəmli qəzet və jurnallarda manşet xəbərləri verə biləcək qədər güclüdür.
Oyunbazlıq etməkdə usta olan erməni diasporunun uğurlu olduğunu qəbul etməliyik, çünki hədəfə çatmaq üçün hər bir yolu özünə rəva bilən bir zehniyyət var qarşımızda.
Haqsız olduğu halda özünü yazıq görkəminə salan üzsüz bir qurumla qarşı-qarşıyayıq. Xocalı soyqırımının qan izləri qurumadığı halda 1915-ci ildə baş verdiyi söylənilən "erməni soyqırımı” üçün dünyanı ayağa qaldıran bir şəbəkə var qarşımızda.
Kim Kardaşyanın timsalında erməni lobbisinin nə qədər məhsuldar çalışdığını və əleyhinə olanları lehinə döndərə bilməyin konkret nümunəsini görə bilərik.
Erməni lobbisi cəmiyyətin qəbul etmədiyi, lakin əxlaqsız peşəsini yüksək performansa döndərə bilən Kim Kardaşyanı ulduz edib. Həmçinin erməni diasporu onu Vatikanın Eçmiədzindəki dindarlarına qəbul etdirərək, soyqırımı ayinlərində əsas qonaq kimi yer almasına nail olub.
Erməni diasporunun dünya mediasına təsir imkanlarından irəli gəlir ki, Ermənistan yazıq ölkə kimi göstərilir. Halbuki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etməsi nəticəsində bir milyondan çox insan məcburi köçkün düşüb.
İnsan haqları, demokratiya, humanizm ideyalarını əsas götürən və buları Azərbaycandan, Türkiyədən hər fürsətdə tələb edən Qərb dövlətləri bütün problemlərin subyekti olan Ermənistana "gözün üstə qaşın var” deməməkdə israrlıdır.
Avropanın bir neçə il öncə dediyi "Ermənistan kiçik qardaşımızdır” fikrinə əsaslansaq, qardaşlarına bacılarının əxlaqsız yola düşməsini ciddi şəkildə xatırlatması lazımdır.
Daxili və xarici siyasətin fərqli özəlliyi var. Xaricdən vəd edilən demokratiyanın ölkələri hansı vəziyyətə saldığını İraqın, Misirin, Suriyanın və Ukraynanın timsalında görən, təhsil səviyyəsi olan bir ölkə bu oyuna qoşulmayacaq. Bundan mədəd umanlar isə ovuclarının içini yalayacaqlar…
Həyatını türk düşmənçiliyi üzərində quran, soyqırımı bəhanəsilə intiqam hissini yaşadan, PKK və FETÖ terror təşkilatları iləbirgə fəaliyyət göstərən erməni diasporunun ssenarisindəki aktyorların bizim ölkələrə yaxşılıq edəcəyini gözləmək ağıldan uzaqdır.
Razı qalmadığımız məsələlərdə problemlərin dialoq vasitəsilə həllinə nail olmağımız mümkün olduğu halda, niyə kənardan kömək istəyək?
Dünyanı yenidən dizayn etmək üçün Sorosun milyonları boş yerəmi dağıdılır?
Azərbaycanın həqiqətlərini uzun illərdir görməzdən gələn qüvvələr niyə birdən-birə Azərbaycansevər oldular?
Rəsmi lobbi təşkilatı olan ANCA-nın siyasətə, iqtisadiyyata təsir göstərmək üçün fəaliyyətləri olduğu halda, niyə Azərbaycanın bu sahədəki hər qəpiyinin hesabı aparılır?
Azərbaycanın Qarabağ kimi dərdi, Xocalı kimi yarası var. Nədən dərdini anlatmaq üçün sivil dialoqlardan qaçsın?
Azərbaycan həqiqətlərinin Qərb dünyasında və əcnəbilər tərəfindən dilə gətirilməsi erməni lobbisini niyə bu qədər narahat edir?
Dünya mediası niyə erməni terrorçuları tərəfindən qətl edilən günahsız körpələrə diqqət ayırmadığı qədər Azərbaycanın lobbi fəaliyyətinə xərclədiyi vəsaitə diqqət çəkir?
Niyə 25 il ərzində əsirlikdə olan qadınlarımızın, kişilərimizin taleyinə aydınlıq gətirilmir, Xocalı soyqırımının günahkarları cəzalandırılmır?
Niyə bir hərbi çevriliş cəhdi ilə Türkiyədə hakimiyyəti ələ keçirmək istəyənlər bizdən demokratiya tələb edən dövlətlərin himayəsində öz varlıqlarını rahat şəkildə davam etdirirlər?
Əlimizi vicdanımızın üstünə qoyaq, riyakar, ikili standartlar yürüdən bu dövlətlər bizə ədalət, demokratiya gətirəcəkmi?
Əcəba, hansısa qüvvələr tərəfindən düyməyə basılaraq başladılan bu kirli oyunla kimə və nəyin qarşılığında iqtidar sözü verilib?
Gözümüzü böyük açsaq görərik ki, masanın üzərində qoyulmuş və üzərində cızılmış müxtəlif kirli oyunların qurbanı Vətəndir.
Unutmayaq ki, söhbət vətəndən gedirsə, o heç vaxt alver predmeti ola bilməz. Daxili və xarici siyasəti bir-birindən ayırmaq lazımdır. Öncə Vətən….
Aygün Attar
banner

Oxşar Xəbərlər