• şənbə, 20 Aprel, 06:35
  • Baku Bakı 14°C

Dostoyevski yaradıcılığında fəlsəfi-dini mərhələyə keçid

28.11.16 12:10 1786
Dostoyevski yaradıcılığında fəlsəfi-dini mərhələyə keçid
Yuxarıda qeyd etmişdik ki, Dostoyevski yaradıcılığının üçüncü mərhələsini təşkil edən fəlsəfi-dini mərhələ 70-ci illərdən, yəni "Yeniyetmə” romanından başlayır. Daha dəqiq desək, mərhələ tam mənada "Karamazov qardaşları” romanında təzahür tapır, "Yeniyetmə” romanı isə ideya-mənəvi mərhələdən, yəni ideoloji romandan fəlsəfi-dini mərhələyə, yəni fəlsəfi romana keçid mərhələsini təşkil edir.
Əsərin baş qəhrəmanı Arkadi Dolqoruki, bir tərəfdən Rodion Raskolnikova, digər tərəfdənsə Alyoşa Karamazova bənzəyir. Onu Raskolnikova yaxınlaşdıran onun hansısa bir ideyanın əsiri olmasıdırsa, Alyoşa Karamazova yaxınlaşdıran dinə olan meylidir. Raskolnikov öz məqaləsində napoleonçuluq ideyasını, yəni güclü şəxsiyyət, fövqəlşəxsiyyət ideyasını qoymuşdu və bir növ onun idealı Napoleon idi. Doğrudur, V.Y.Kirpotin özünün "Raskolnikovun məyusluğu və iflası” əsərində qeyd edirdi ki, Raskolnikov eyni vaxtda həm Napoleon olmaq istəyirdi, həm də Məsih. Amma həqiqət budur ki, Napoleon, yəni güclü şəxsiyyət onun qarşısında bir ideal, bir nümunə kimi dayanmışdı. Arkadinin də buna bənzər ideyası vardı. O da ideya əsiridir. Ancaq onun ideyası Rotşild olmaqdır, yəni onun arzusu milyonçu olmaqdır. Həm Napoleon, həm də Rotşild bir növ hakimiyyətin və var-dövlətin simvollarıdırlar. Onların hər biri hansısa bir ideyanın konkret, həyati ifadəsidir. 70-ci illərin idealı artıq Rotşilddir və bu da təsadüfi deyildir. Alyoşa Karamazov kimi, Arkadinin də dini və ruhi atası vardır. Alyoşa üçün bu Zosima atadırsa, Arkadi üçün bu, Makar Dolqorukidir. Zosima və Makar – hər ikisi dinin və kilsənin təmsilçisi kimi öz gənc mənəvi övladlarını bu yola dəvət edirlər.
Romanda fəlsəfi təmayülü Versilov təmsil edir ki, o da Arkadinin iki atasından biridir. Bu barədə daha ətraflı bir qədər sonra söhbət açacağıq.
Əsərin qəhrəmanı yeniyetmə Arkadi Makaroviç Dolqorukidir. Təhkiyə də onun qeydləri və xatirələridir. Qəhrəman başına gələnləri yazmaqla bir növ öz həyatını təhlil edir, həqiqət axtarışında bulunur və bu yol da onu gətirib Makar Dolqorukinin yanına çıxarır. Arkadi, Dostoyevskinin dediyi kimi, "təsadüfi ailə”nin övladıdır. O, çox ziddiyyətli, çox təkəbbürlü və eyni zamanda son dərəcə humanist bir şəxsiyyətdir. Onun ziddiyyətləri sanki onunla birlikdə doğulmuş və bütün həyatı boyu onu müşayiət etmişdir. Məsələ burasındadır ki, Arkadinin anası və hüquqi atası, yəni anasının qanuni və kəbinli əri – hər ikisi təhkimli nökərdirlər. Qəhrəmanın həqiqi, yəni bioloji atası isə dvoryan zümrəsinə mənsub olan cənab Andrey Versilovdur. Arkadinin anası, Makar Dolqorukinin kəbinli arvadı, həddən artıq ismətli, dindar qadın Sofya Andreyevna təzəcə dul qalmış və kəndə gəlmiş Versilovla sevgilidirlər. Bu sevgidən isə Arkadi və onun bacısı Liza dünyaya gəlirlər. Versilovun birinci arvadından da bir oğlu, bir qızı vardır. Bu məhəbbət və Sofyanın günaha batması necə baş verdi? – bu barədə öz yerində söhbət açılacaqdır. İndi isə onu qeyd edək ki, Arkadinin bu müəmmalı ailə vəziyyəti, eyni zamanda həm dvoryan, həm də nökər olması onun həyatında ciddi mənəvi-psixoloji problemlər yaradır. Bilərək ki, o, əslində Versilovun oğludur, amma özünü nökər kimi aparmalıdır – bu hal həm onun uşaq qəlbini sarsıdır, mənliyini zədələyir, həm də onda yüksək iddialar, gizli və təkəbbürlü xəyallar oyadır.
Arkadidə belə bir ideya baş qaldırır ki, nə yolla olursa olsun varlanmaq, milyonçu, Rotşild kimi bir şəxsiyyət olmaq lazımdır. Yalnız bu yolla özünü təsdiq etmək və bir növ cəmiyyət üzərində hakim olmaq olar. Amma Arkadinin ideyası, yəni onun Rotşild kimi milyonçu olmaq arzusu əslində heç bir praktiki və praqmatik məqsəd güdmürdü. Onun milyona məhəbbəti bir növ platonik məhəbbət idi. Yəni milyonçu olandan sonra o heç kəsdən intiqam almaq, öz milyonlarından istifadə edərək hansısa addımlar atmaq, kefi istədiyi kimi yaşamaq, zövq-səfa çəkmək fikrində deyildi. O yalnız onu istəyirdi ki, milyonçu olmaqla, zirvəyə çatmaqla sadəcə olaraq gizli şəkildə öz gücünü hiss etsin və öz-özünə deyə bilsin ki, mən hər şeyə qadirəm, nə istəsəm edə bilərəm, amma heç nə etmək istəmirəm - bunu dərk etmək bəsimdir.
Burada o, Puşkinin "Xəsis cəngavər”ini xatırladır. Zirzəmidə qızıl-gümüş dolu çuvalları olan baron hərdən zirzəmiyə enir, çuvalların ağzını açır, onların üstündə şamlar yandırır, bu cəh-cəlalı seyr edir və düşünür: bu varidatın gücünə nələr etmək olmaz? Hər şey etmək olar! Lakin o, zirzəmini yenidən bağlayıb çıxıb gedir. Ona yalnız öz gücünü hiss etmək lazımdır. Arkadinin də milyona olan münasibəti belədir. Ona milyon gərək deyil, milyonun verə biləcəyi öz gücünü dərk etmək vəziyyətidir. Milyonu əldə etməklə Arkadi elə bir vəziyyətə gəlmək istəyir ki, öz sonsuz imkanlarını və gücünü dərk edərək, tam azadlıq duyğusu qazansın. Azadlıq! Bu sözü o, xüsusi olaraq vurğulayır. Milyonun Arkadiyə verə biləcəyi şey ifrat azadlıq duyğusudur, öz gücünü hiss etmək istəyidir. Bu məqsədə, bu zirvəyə çatandan sonra bəlkə də Arkadi öz milyonlarını xalqa paylayıb, yenidən yoxsullara qoşulacaq. Onda, Arkadi deyir, mən Rotşilddən iki dəfə varlı olacağam. Çünki dərk edəcəyəm ki, əlimdə milyonlar vardı və mən onları şüurlu şəkildə çölə atdım. Bu fikir məni mənim səhramda mənəvi cəhətdən qidalandıracaq.
Burada XIX əsr insanının dərin mənəvi istəkləri, tələbləri və şəxsiyyətin məğrur iddiaları öz əksini tapmışdır. Bu xəyallar, bu ideallar haradan və nədən yaranır? Raskolnikovu, L.Tolstoyun Andrey Bolkonskisini Napoleona, Arkadini isə Rotşildə səcdə etməyə məcbur edən psixoloji tələb nədən və necə yaranır? Nədən adi bir insan az qala allahlıq iddiasına düşür? Fövqəlinsan fəlsəfəsini yaradan hansı gizli və daxili istəkdir? Bu suallara cavab vermək üçün bir şeyə diqqət yetirmək lazımdır ki, Arkadinin ideyası az qala din və iman səviyyəsində idi. O, ideyaya iman qədər, Allah qədər səcdə edirdi – məhz səcdə edirdi, inanırdı, yalnız düşünüb dərk etmirdi. İdeya artıq çoxdan onun düşüncəsini, idrakını tərk edib, onun qəlbinə və duyğularına hakim kəsilmişdi. Bu necə baş verir və niyə belə olur? Raskolnikovda da ideya duyğuya çevrilmiş və onun qəlbini fəth etmişdi. Amma orada ideya din səviyyəsinə çatmamışdı, duyğu olaraq qalmışdı. İndi isə, Arkadidə, yəni fəlsəfi-dini səviyyədə ideya qəhrəmanın qəlbi üzərində iman qədər hakim olur. Dostoyevski burada ideyanı az qala özgələşmiş iman kimi təsvir edir. Yazıçının dərin inamı ondan ibarətdir ki, hər bir kəsin, hər bir rus insanının qəlbində onun özünün də xəbəri olmadan İsaya gizli bir məhəbbət, ona olan bir inam vardır. Daha doğrusu, bu inama ehtiyac vardır, qəlbdə İsanın boş qalmış yeri göynəyir. Şəxsiyyət, bu halda Arkadi, bu gizli tələbin nədən ibarət olduğunu duymur və özünün qəlbindəki o boş qalmış iman yerini ideya ilə doldurur. Ona görə də onun qəlbindəki bu ideya bu qədər vüsət kəsb edir. Ona görə də bu ideya, hərçənd həyata keçə bilmir, amma yenə də qəhrəmanı çaşqınlıqlardan, zərərli meyllərdən, dəbdə olan cərəyanlara, qruplara qoşulmaqdan hifz eləyir. Nəhayət, qəhrəman keşməkeşlərdən keçərək haqqa tapınanda, onun qəlbində o ideyanın yerində iman bərqərar olmağa başlayır.
Niyə Arkadi öz ideyasını həyata keçirə bilmədi? Axı o, ideyanı hərtərəfli, xırdalıqlarınacan düşünmüşdü və nə etməli olduğunu yaxşı bilirdi? Məsələ burasındadır ki, Rotşild olmaq ideyası və milyonlara sahib olmaq praktikası Arkadidən tam tənhalığı, öz qınına çəkilməyi, hər şeyi və hamını unudub yalnız qarşıya qoyulmuş məqsədə can atmağı və bu yolla heç nəyə fikir vermədən irəliləməyi tələb edirdi. Yəni ideya ondan cansız, ruhsuz bir pul düşkünü, pul hərisi olmağı tələb edirdi. Məqsədə çatmaq üçün o, özünün bütün insani duyğularından əl çəkməli idi. Bunu Arkadi yaxşı dərk edir və şüurlu surətdə buna can atırdı. Bu məqsədlə də o, anasını, bacısını və Versilovu atıb, onlardan ayrılıb başqa bir mənzilə köçür. Lakin o, öz doğmalarından və insanlardan tamamilə təcrid oluna bilmir. Buna onun gücü çatmır. Çatmır ona görə ki, onun qəlbindəki humanizm duyğusu, insani hisslər güclüdür və onları sonacan məhv etmək mümkün olmur. Atılmış körpəni, Rinoçka adlı qızcığazı öz himayəsinə götürüb ona pul xərcləməsi məhz bu fikri təsdiq edir. Rotşild olmaq istəyən kəs öz qəlbindən hər bir mərhəmət hissini çıxarıb atmalı idi. Məhəbbət deyilən duyğu ona yad olmalı və o, yalnız və yalnız bir şey barəsində düşünməli idi – milyonları necə qazanmaq? Humanizm və dəf olunmaz insani hisslər Arkadiyə mane oldu.
Ona mane olan duyğulardan biri də gözəllik duyğusudur, gözəl xanım Katerina Axmakovaya olan gizli məhəbbətdir. Gələcəyin Rotşildi gözəlliyə də biganə olmalı idi. Amma Arkadi ola bilmədi. ("İndi siz mənim qəlbimdə həkk olundunuz. Mən xəzinə, yəni sizin kamilliyiniz haqqında fikri tapdım”). Gözəllik müəyyən mənada Arkadini onun dünyasından, onun ideyasından ayrı saldı və bir müddət onu başqa bir aləmə apardı. Gözəllik böyük qüvvədir. Bu fikri Dosto­yevski öz romanlarında dəfələrlə vurğulayır. Amma gözəllik bir ideal olaraq Arkadinin qəlbindən onun ideyasını sıxışdırıb çıxara bilmədi. İdeyanı onun qəlbindən çıxarmaq üçün ona bərabər, bəlkə də ondan da güclü bir ideal gərəkdir. Hərçənd Arkadi gözəl xanımın ayaqları dəydiyi yeri öpməyə hazırdır, hərçənd gözəllikdə o özünə yeni ideal tapmışdı, amma yenə də bu ideal onun qəlbindən ideyanı sıxışdırıb çıxara bilmədi.
Bu məqamda Arkadi öz bacısı Lizanın başına gələn fəlakətdən, yəni bacısı­nın knyaz Sokolskidən hamilə olmasından xəbər tutur və bu xəbər onu dərindən sarsıdır, belə ki bir müddət onun Katerina Axmakovaya olan heyranlıq münasibətinə də təsir edir. Onun günəş hesab etdiyi bacısı alçalmış və qardaşını çıxılmaz vəziyyətdə qoymuşdu. Məsələ burasındadır ki, Liza knyaz Sokolskini sevməkdə davam edir. Göründüyü kimi, qəhrəmanın qəlbində mənəvi iflasa doğru aparan bir proses baş qaldırır. Amma bu mənəvi iflas və mənəvi dirilmə, adətən, hansısa bir faciəvi fəlakətdən, qəzadan sonra baş verir. Arkadinin həyatında da belə bir fəlakət baş verir. O, knyaz Sokolski ilə qumarxanaya gedir. Orada onun pulunu oğurlayırlar, Arkadi buna etiraz edəndə, onun özünü biabır­casına qovurlar. Arkadi gecə yarısı, şaxtalı bir gecədə evə qayıdarkən onun qəl­bində bir qəzəb baş qaldırır. Sanki onun hamıdan və hər şeydən zəhləsi gedir və o, bütün dünyadan intiqam almaq istəyir. Yolda odun anbarının yanından keçəndə ona od vurub yandırmaq istəyir, amma hasarın üstündən yerə yıxılıb huşunu itirir. Təsadüfən buradan keçən Lambert – Arkadinin lisey yoldaşı və dələ­duz Lambert onu öz evinə aparır. Orada Arkadi sayaqlamalar içində bütün sirlərini açıb danışır, hətta cibinin içinə tikdiyi Katerina Nikolayevnanın nə vaxtsa yazmış olduğu məktub barəsində də danışır. Bu məktub Katerina Nikolayevnanı cə­miyyət içərisində gözdən sala və atasının nifrətinə səbəb ola bilən bir məktub idi.
Hadisələr elə cərəyan edir ki, Arkadi bu xəstəlikdən sonra təzəcə sağalmağa başlayanda Makar Dolqoruki ilə görüşür. Makar ölüm ayağında Sonyanın, yəni öz qanuni arvadının və uşaqlarının yanına qayıtmışdı. Bu görüş Arkadinin həyatında dönüş nöqtəsi olur. Makar Dolqorukinin din haqqında, inam barəsində söylədikləri rəvayətlər Arkadinin qəlbində özünə möhkəm yer edir. Sanki o, indi anlamağa başlayır ki, onun bütün ömrü boyu iztirablar və çaşqınlıqlar içində axtardıqları nədən ibarət imiş. İsa və din haqqında söhbətlər onun qəlbinə bir sakitlik və rahatlıq gətirir. Arkadi Makar Dolqorukinin bütün bu insanlardan nə dərəcədə uca olduğunu hiss edir. Onu bu qədər rahat, bu qədər inamlı və mətin göstərən, əlbəttə, onun qəlbindəki o etiqad idi. Bu insanın qəlbində sarsılmaz bir ideya, ali bir ideal vardı ki, onun da qarşısında həyatın bütün kəşməkəşləri ötəri və mənasız görünürdü. Arkadi bunu hiss edir və deyəsən, anlamağa başlayır ki, onun qəlbinin axtardığı ideal Rotşild deyil, məhz İsa Məsih imiş. Beləliklə, Arkadini həyat gətirib inamın astanasına çıxarmışdı.
"Yeniyetmə” romanı üç hissədən ibarətdir və bu hissələrin hər birində qəhrəmanın həyatının vacib bir mərhələsi öz əksini tapır. Birinci hissədə söhbət Arkadinin ideyasından və bu ideyanı necə həyata keçirmək yollarından söhbət açılır. İkinci hissədə qəhrəmanın ali xülyalarının, ümidlərinin, ideallarının bir-birinin ardınca iflasa uğramasından danışılır. Üçüncü hissədə Arkadinin mənəvi və ruhi dirilməsindən söhbət gedir. Bu mərhələ Makar Dolqoruki ilə görüşdən və onun ölümündən sonra başlanır. Bundan sonra baş verən hadisələr Versilovun da iflası ilə və onun Sofya Andreyevnanın, yəni Arkadinin anasının yanına qayıtması ilə bitir. Versilovun Sonya ilə evlənməsi üçün, yəni öz uşaqlarına atalıq etməsi üçün şərait yaranır. Buradan da qəhrəmanın həyatında yeni mərhələ başlanır, lakin roman, həmişə olduğu kimi, burada sona yetir. Arkadinin gələcək həyatı və fəaliyyəti barəsində artıq heç bir informasiya verilmir. Yalnız onu təxmin etmək olar ki, Arkadi gələcəyin yeni tipli xadimi olmalıdır və bu xadim Allaha xidmətlə vətənə xidməti öz ürəyində və fəaliyyətində bir vəhdət halına gətirməlidir.
Andrey Versilovun ideyası və xarakteri
Versilov əsərin əsas qəhrəmanlarından biridir. O həm də Arkadinin iki atasından biridir. Əsərdə əsas yeri həyata və insana fəlsəfi-dini yanaşmanın tutduğunu nəzərə alsaq, qeyd etməliyik ki, bu ikili dialektik dünyagörüşün hərəsi bir tərəfini, yəni həyata fəlsəfi mövqedən yanaşmanı Andrey Versilov, dini yanaşma prinsipini isə Makar Dolqoruki təmsil edirlər. Versilov dərin fəlsəfi təhlil yolu ilə həyatın məğzini açmağa, insanın tarixi rolunu və missiyasını təyin etməyə çalışır. Əgər Versilov fəlsəfi yolla gedirsə, deməli, onunçün vacib olan Allah deyil, insandır və o, insanın yaradıcı gücünə və imkanlarına inanır. Bununla belə, o, özünün bu inamını mütləqləşdirmir və onun fəlsəfi qənaətlərində daim bir əl yeri qalır. Bu da Versilovun xarakterinin ikili mahiyyətindən irəli gəlir. Məhz bu daxili ikiləşmə, hətta oxşarın peyda olması onun fəaliyyətinin və hərəkətlərinin vahid bir məcraya yönəldilməsinə mane olur.
Versilovun bu ikili xarakteri həm onun həyat və tarix fəlsəfəsində, həm də şəxsi həyatında, qadına münasibətində özünü büruzə verir.
Versilovun həyata baxışlarında iki əsas ideya özünü göstərir. Onlardan biri cəmiyyətin sosial cəhətdən kamilləşdirilməsi, ictimai və iqtisadi münasibətlərin sahmana salınmasıdır. Bu ideyanı, daha doğrusu, bu fəlsəfi yanaşmanı Versilov belə adlandırır: "daşları çörəyə çevirmək”. Bu prinsip dini əsatirdən götürülmüşdür və səhrada iblislə İsanın qarşılaşmasını yada salır. Orada iblis İsaya deyir ki, əgər sən Allahın oğlusansa, möcüzə göstər, səhradakı bu daşları çörəyə çevir, insanlar yeyib doysunlar, onda onlar sənə inanar və sənin arxanca gedərlər. Sən bir şeyi bilməlisən ki, bu zavallı və zəif məxluqata hər şeydən əvvəl çörək lazımdır. Onların çörəyini ver və qəlblərini fəth elə. İsa buna razı olmur və deyir ki, ona möcüzəvi inam deyil, azad inam gərəkdir. Yəni insanların inamını satın almaq lazım deyil, gərəkdir ki, onlar özləri azad şəkildə ona inam gətirsinlər. Odur ki, Versilovun fəlsəfəsində maddi problem, yəni gündəlik çörəyi o ağıllı ruhun, yəni iblisin təklif etdiyi yoldur. Bu həm də məsələnin insani həllidir, yəni insanın öz əqli gücü hesabına, Allahın köməyinə ümid etmədən həlli yoludur. İnsanlar bu məsələni, yəni həyat və ölüm məsələsini, varlığın problemini Allahın köməyinə istinad etmədən öz gücləri, elmləri, fəlsəfələri və nəhayət, öz real fəaliyyətləri hesabına həll etmək iqtidarındadırlarmı? Versilov hesab edir ki, insanlar bu məsələni müvəqqəti olaraq, müəyyən müddətə həll edə bilər və yer üzündə allahsız bir cənnət yarada bilərlər. Amma əbədi olaraq allahsız yaşamaq mümkün deyildir. Çünki insanın maddi vəziyyətini düzəltdikdən və ona bol çörək verdikdən sonra, insan yeyib doyacaq və soruşacaq: "bəs sonra nə olsun?. Yəni çörək insan üçün vacib tələbdir, amma ali tələb deyildir.
İnsanların yer üzündə yaradacaqları cənnəti Versilov belə təsvir edir: mübarizələr qurtaracaq, insanlar istədiklərinə nail olacaqlar, yəni yer üzündə özlərinin istədikləri həyatı, amma Onsuz, yəni Allahsız, quracaqlar. Onda birdən onlar anlayacaqlar ki, tək və yetim qalıblar, onlardan, yəni insanlardan savayı dünyada heç bir ali varlıq mövcud deyildir. Onda insanlar, bu yer cənnətini qurmuş insanlar, bir-birinə qısılacaqlar və bir-birini intəhasız məhəbbətlə sevəcəklər. Onların Allaha olan əvvəlki məhəbbəti indi insana, bir-birinə qarşı yönələcəkdir. Onlar bir-biri üçün yaşamağa başlayacaqlar, həyatın ötəri olduğunu duyaraq bir-birinin naminə çalışacaqlar. Dərk edərək ki, bu dünyanı tərk edəndə, orada başqaları, onların əzizləri qalacaqdır – bu ideya onlar üçün Allah ideyasını, insanlara olan bu məhəbbət Allaha olan məhəbbəti əvəz edəcəkdir. Versilov bu fantastik ideyanı sevib və ona inanmışdı, inanmışdı ki, insanlar dünyada öz ağılları hesabına, Allahın iştirakı olmadan və Allaha ehtiyac duymadan yaşaya bilərlər.
Bununla belə Versilovu cəlb edən ikinci ideya da vardı və bu ideya ondan ibarət idi ki, insanlar yer üzündə cənnət yaratsalar da, bir-birini sevsələr də, onlar Allahsız keçinə bilməzlər. Versilov özü bu fəlsəfəsilə Allahsız dünya, Allahsız yer cənnəti təbliğ etsə də, yenə də Allaha qayıtmağın labüd olduğunu duyur. "Mən Onsuz keçinə bilməzdim, - Versilov belə deyir, - onu, nəhayət, bu yetim qalmış insanların arasında təsəvvür etməyə bilmirdim. O, insanların yanına gəlir, əllərini onlara sarı uzadır və deyirdi: "Siz Onu necə unuda bildiniz?” Elə burada da sanki gözlərdən pərdə düşür, sonuncu və yeni dirilmənin möhtəşəm himni səslənir”. Beləliklə, Versilovun qəlbində ateistlə dindar, insana pərəstişlə Allaha pərəstiş birləşir. Bu ikili daxili vəziyyət həm Versilovun faciəsini, həm də onun xilasını şərtləndirən amildir. Versilov daxilən ikiləşməsəydi, nə onun dərin faciəsi, nə də sondakı mənəvi dirilməsi baş verərdi.
Versilovun fəlsəfəsi və dini ikiləşməsindən savayı onun şəxsi həyatında da bir ikiləşmə baş verir: o, eyni zamanda iki, tamamilə bir-birinin əksi olan qadına vurulur. Onlardan biri Sofya Andreyevna, Arkadinin anası, digəri isə dul qalmış general arvadı Katerina Nikolayevnadır. O, bu qadınların ikisini də eyni vaxtda sevir və onların heç birindən ayrılmaq istəmir. Amma bu iki məhəbbət arasında kəskin təzad vardır. Sofya Andreyevnanı Versilov mərhəmətdən, Katerina Nikolayevnanı isə pərəstişdən sevmişdi.
Sofya Andreyevnanı görən kimi, onda bu gənc qadına, Makar Dolqorukinin kəbinli arvadına qarşı ağrılı bir şəfqət hissi baş qaldırmışdı. Sofyanın yazıqlığı, mütiliyi Versilova sanki bir Allah kimi baxması onun qəlbini ağrıtmış, orada özünə əbədi yer etmiş və bir daha onun qəlbindən çıxmamışdı. O, Sofyanı doğma bir insan kimi sevmişdi. Burada kübar kişisi Versilovun qəlbində rus insanının arxetipi baş qaldırmışdı, özündən qat-qat aşağı olan bu nökərə qarşı bir mərhəmət-məhəbbət hissi duymuşdu. Bu da Versilovun böyük qəlb sahibi olmasından xəbər verir. Məsələ burasındadır ki, Sofya da onu sevmişdi və bu məhəbbət o qədər güclü olmuşdu ki, bu müti, dindar kəbinli qadın əri ola-ola Versilovla yaşamağa başlamışdı. Bu məhəbbəti necə izah etmək olar? Bu, insanın göydən enmiş mələyə olan məhəbbəti kimi bir şeydir. Versilovun gözəlliyini, ağalığını, savadını, geyimini, davranışını, pianoda çalmağını görüb Sofya sanki onun göylərdən endiyini təsəvvür etmiş və bu alilik, bu gözəllik, bu əzəmət qarşısında tab gətirə bilməmişdi. Bu məhəbbət səcdəyə bənzəyir. Bu məhəbbət ali varlıq qarşısında öz gücsüzlüyünü hiss edən zavallı və müti bir məxluqun qəlbində yarana bilərdi. Sofya Andreyevnanın sonrakı həyatı göstərdi ki, o, Versilova səcdə edir, onun bütün şıltaqlıqlarına dözür, hətta başqa bir qızla evlənməsinə belə razılıq verir. Yəni Versilovun iradəsi, istəyi Sofya üçün sanki ilahi bir iradənin ifadəsi idi.
Versilovun Katerina Nikolayevnaya olan məhəbbəti tamamilə başqa məhəbbət idi. O, məğrur və qənirsiz bir gözəlliyin əsiri olmuşdu və bu məhəbbət əsirliyini əsla istəmirdi. Bu, onun mənliyini sarsıdırdı, amma bununla belə Versilov öz duyğularına qalib gələ bilmirdi. Bu cür məhəbbət aqibət işi idi. Elə ilk görüşdəncə Versilov bu qadın qarşısında sanki tilsimə düşür və əbədi olaraq ona vurulur. Amma bununla yanaşı, Versilovun məğrur mənliyi bu məhəbbətə qarşı üsyan edir və o, sevdiyi qadına eyni zamanda nifrət etməyə başlayır. Bu cür məhəbbəti Dostoyevski məhəbbət-nifrət adlandırır. Yəni qarşısında səcdə etməli olduğu gözəlliyə qalib gəlmək, onu ram etmək, özünə tabe etmək istəyir və bu, mümkün olmayanda, ona nifrət etməyə başlayır və intiqam hissilə alışıb yanır. Bunun da dərin psixoloji səbəbləri vardır. Katerina Nikolayevna Versilova sadəcə olaraq gözəl bir qadın kimi görünməmişdi. O, bu gözəlliyi ideal kimi, ilahi bir dəyər kimi, başqa bir dünyanın, ilahi dünyanın elçisi kimi qəbul etmişdi. Ona görə də onun əsiri olmuşdu, ilahi gözəlliyin, ilahi dəyərin əsiri olmuşdu. Lakin bu ilahi dəyərin daşıyıcısı mələk deyildi, adicə bir qadın idi, həyatda adicə qadın səadəti, ailə səadəti axtarırdı. Yəni, Versilovun fikrincə, bu qadın mənsub olduğu ilahi gözəllik və ideal səviyyəsində qala bilmirdi. Ona görə də Versilov bu ideal gözəlliyi sevərək, bu adi qadına nifrət edirdi. Onun adiliyinə görə, öz gözəlliyinə layiq olmamasına görə ona nifrət edirdi. Bununla belə ondan ayrıla da bilmirdi. Onun iki çarəsi vardı: ya Katerina Nikolayevnayla evlənmək, ya da onu məhv etmək. Amma Katerina Nikolayevna ona ərə getmək istəmir, onun ehtiraslı məhəb­bətindən qorxur, özünə sakit ailə həyatı, adi məhəbbət arzulayır. Evlənməyin mümkün olmadığını görən Versilov onu öldürmək istəyir.
Beləliklə, Katerina Nikolayevnaya olan məhəbbət-nifrət və Sofya Andreyevnaya olan məhəbbət-mərhəmət Versilovun necə ikili və ziddiyyətli mahiyyətə malik olmasından xəbər verir. O sanki öz məhəbbətində Katerina Nikolayevnanın zahiri gözəlliyini Sofya Andreyevnanın qəlb gözəlliyi ilə birləşdirmək istəyir. Makar Dolqorukinin ölümündən sonra Versilovun Sofya Andreyevna ilə evlənməsi üçün şərait yaranır. Elə bu məqamda o, yenidən Katerina Nikolayevna ilə görüşür və ona evlənmək təklif edir. Bu da alınmayanda dələdüz Lambertə qoşulub Katerina Nikolayevnanı bədnam eləmək, sonra da onu öldürmək istəyir. Bu iki meyl, bu iki ehtiras, iki əks təbiətli qadına məhəbbət Versilovun xarakterindəki o iki təmayüldən: üzdə olan şəxsi, eqoistik, təkəbbürlü istəkdən və daxildə, dərində, təhtəlşüurda olan əzəli mahiyyətdən, ruhi tələbdən xəbər verir. Qəza xarakterli hadisələrin baş verməsi və onların faciəvi inkişafı, Versilovun Katerina Nikolayevnanı qətlə yetirməyə yaxın olması – bütün bunlar onun xarakterindəki səthi xüsusiyyətlərin və onların ifadəsi olan oxşarın iflasına və məhvinə gətirib çıxarır. Qəhrəmanın qəlbi isə sanki oddan-alovdan keçərək saflaşır, o, oxşardan, iblisdən azad olur və öz əzəli - ruhi mahiyyətinə qayıdır. Bu məqamda da o, Sofya Andreyevnanın yanına qayıdır. Onun ayaqları altında oturub göz yaşları axıdır. Bu artıq başqa bir Versilovdur. Bu, o məğrur rus aristokratı deyil, adicə bir rus pravoslavıdır. Rus dvoryan zadəganının xilasını Dostoyevski məhz milli ruha, pravoslav dininə qayıtmaqda görür. Versilovu da o bu dinə qaytarır, mütiləşdirir. Ona görə də romanın finalı zəif və süni görünür: zəifləmiş, gözüyaşlı Versilov Sofya Andreyevnanın ayaqları altında – bu, sərgərdan övladın ata evinə, ana qucağına qayıtması kimi bir şeydir. Sofya sadəcə olaraq rəhmdil bir qadın deyil, əbədi anadır, analıq rəmzidir, müdriklik rəmzidir, varlığın ruhi ifadəsidir. Versilov düşüncədən, məğrur dərrakədən ruha, ruhun dərgahına qayıtdı, yəni insani dəyərlərdən ilahi dəyərlərə üz tutdu.
Məmməd Qocayev
banner

Oxşar Xəbərlər