• çərşənbə, 24 Aprel, 03:13
  • Baku Bakı 14°C

Doğrudanmı, günah həmişə öləndədir?

27.04.17 10:30 1174
Doğrudanmı, günah həmişə öləndədir?
Bu günlərdə Bakıda fəhlə binadan yıxılaraq ölüb. Bədbəxt hadisə paytaxtın Rixard Zorge küçəsində qeydə alınıb.Hadisə şahidlərinin verdiyi məlumata görə, hava küləkli olduğu üçün fəhlə müvazinətini itirib və yuxarı mərtəbədən yıxılıb. Binanın fasadına quraşdırılan dəmir konstruksiyaların üzərindən yıxılan fəhlə təcili yardım gələnə kimi hadisə yerində dünyasını dəyişib.
Təəssüflər olsun ki, baş verən hadisə nə birincidir, nə də sonuncu. Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təkcə bu ilin ilk rübündə istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb.
Onlardan 2 hadisə qrup halında baş verib. Qeyd olunan istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb. İstehsalat qəzalarının daha çox tikinti və nəqliyyat, emal sənayesi və mədənçıxarma sahələrində, həmçinin özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən olunub.
Bəs görəsən bu kimi hadisələr niyə tez-tez baş verir? Bunun qarşısını necə almaq olar? Bədbəxt hadisə zamanı təqsirkarı nə qədər cəza gözləyir?
Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının üzvü Əliməmməd Nuriyev bizimlə söhbətində bildirdi ki, belə hadisələr zamanı məsuliyyət işəgötürənin üzərinə düşür: "Statistikaya diqqət yetirsək görərik ki, bədbəxt hadisələr daha çox tikinti sektorunda baş verir. Baxmayaraq ki, son illərdə rəqəmlərdə müəyyən azalma var, belə hallar tamamilə aradan qaldırılmayıb. Azalmanın səbəbləri tikintidə təhlükəsizliyin təmini və lazımi əmək şəraitinin yaradılması ilə bağlıdır. Digər tərəfdən, əmək müfəttişliyinin nəzarəti getdikcə artır. Bununla yanaşı, son illərdə tikinti sektorunda tikintinin sürətinin azalması da bədbəxt hadisələrin sayına təsir göstərib. Əmək təhlükəsizliyi qaydaları üzərində nəzarət gücləndirilir. Lakin təəssüflər olsun ki, yenə də bu kimi hallar baş verir. Bəzən müəssisə tərəfindən zəruri texniki təhlükəsizlik təlimatları verilmir və zəruri təhlükəsizlik aksessuarları alınmır. Fəhlələr bu kimi vacib avadanlıqlar olmadan yüksək mərtəbəli binalarda işləyir. Bəzi hallarda gündəlik olaraq işə başlamazdan əvvəl fəhlələrə təlimat verilməlidir. Təəssüflər olsun ki, hündür şəraitdə işləyənlərlə bağlı təlimatlar çox zaman formal olaraq verilir. Bütün bunlar istər-istəməz, belə bədbəxt halların baş verməsinə gətirib çıxarır. Bu məsuliyyətsizlik bir çox hallarda ölümlə nəticələnir. Şübhəsiz ki, bunun məsuliyyəti ilk növbədə işə götürənin üzərindədir. İşə götürən işçini normal əmək şəraiti ilə təmin etməlidir”.
Ə.Nuriyev bəzi məqamlara da aydınlıq gətirdi: "Təbii ki, istintaq nəticəsində hadisənin kimin günahı ucbatından baş verdiyi müəyyən olunacaq. Amma bütün hallarda hesab edirəm ki, əməyin mühafizəsi gücləndirilməli, nəzarət standartları artırılmalı, sanksiyalar daha da sərtləşdirilməlidir. O da var ki, özəl sektorun nümayəndələri, müəssisə və təşkilatlar yoxlamaların dayandırılmasından sui-istifadə edirlər. Onlar təhlükəsizliklə bağlı hər hansı təlimlər həyata keçirmir, təlimatlar vermir, işçiləri zəruri aksessuarlarla təmin etmirlər. Düşünürəm ki, Əmək Müfəttişliyinin işi gücləndirilməli, mütəmadi reydlər aparılmalıdır. Çünki burada söhbət insan həyatından gedir. Ailələri başsız qoymaq olmaz. Bu, sadəcə bir nümunədir. Ümid edirəm ki, bu istiqamətdə həm nəzarət tədbirləri, həm də müəssisələrin məsuliyyəti daha da artacaq. Müəssisə rəhbərlikləri bundan sonra daha məsuliyyətli davranmalıdırlar. Bəzi hallarda işin xüsusiyyətini bilməyən fəhləyə hündürlükdə işləmək tapşırılır. Halbuki həmin adam heç vaxt hündürlükdə işləməyib və bu tapşırığa çörəkpulu xatirinə razılıq verir. Müəssisələr də bundan sui-istifadə edir və fəhləni yükləyirlər. Hətta elə olur ki, işçi ilə əmək müqaviləsi də imzalanmır. Hər halda bu aspektdə ciddi olaraq araşdırmalar aparılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdır”.
Hüquqşünas Ceyhun Cəfərlideyir ki, Əmək Məcəlləsinə görə, işəgötürən əməyin təhlükəsizliyi qaydalarına riayət etməli, təhlükəsiz əmək şəraiti yaradılmalıdır: "Bu zaman işçilərin hər biri əməyin təhlükəsizlik qaydaları ilə tanış olmalıdır. Onlar işə götürüləndə, bu barədə məlumat verilir. İşçi həmin qaydalarla tanış edilməli və imza atmalıdır. İstər fəhlə, istər sürücü, istər qaynaqçı - onların hər biri işəgötürən tərəfindən tərtib və təsdiq edilən əmək təhlükəsizliyi qaydaları ilə tanış olmalıdır. Bundan başqa, təhlükəli şəraitdə çalışan işçilərə fərdi mühafizə vasitələri verilməlidir. Bədbəxt hadisə baş verdiyi zaman fakt üzrə cinayət işi qaldırılır və bu istiqamətdə istintaq hərəkətləri aparılır. Öyrənilir ki, işəgötürən qəzada həyatını itirən fəhlənin əməyinin təhlükəsizliyi üçün həqiqətən tədbirlər görübmü? Burada fəhlənin təhlükəsizlik qaydalarını kobud şəkildə pozduğu, yoxsa onun əməyinin təhlükəsizliyinin təmin olunmadığı üzə çıxarılır. İstintaq araşdırır ki, təhlükəsizlik kəməri fəhləyə verilibmi? Çünki bu kəmərlər hər gün aktla verilir”.
C.Cəfərli bildirdi ki, fərdi mühafizə vasitələrinin alınmasına dair hər gün sənədə imza atılmalıdır: "Yuxarıda qeyd etdiyim qaydalara fəhlə imza atıbsa və sübut olunubsa ki, burada fəhlənin səhlənkarlığı var, bu zaman işəgötürənin məsuliyyəti istisna edilə bilər. Yox əgər sübut olunsa ki, günah fəhlədə deyil, işəgötürəndədir, Cinayət Məcəlləsinə əsasən tədbirlər görülməlidir. CM-nin 222-ci maddəsinə əsasən, tikinti, mədən və s. işlərin təhlükəsizlik qaydalarının pozulmasına görə şərti maliyyə məbləğinin 100 mislindən 500 mislinədək cərimə, iki ilədək islah işləri, həmçinin 3 ilədək müəyyən vəzifə və fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməklə 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Əgər zərərçəkən şəxs ölərsə, o zaman 3 ildən 8 ilədək müddətə təqsirkar şəxsi azadlıqdan məhrumetmə cəzası gözləyir”.
Milli vəkili Çingiz Qənizadə deyir ki, qanunvericiliyə bu sahədə hər hansı bir yenilik edilməsi planlaşdırılmır: "Mövcud qanuna əsasən, işə götürənin borcudur ki, işçinin təhlükəsizlik tədbirlərini təmin etsin. Sifarişçi təşkilat tərəfindən müqavilə bağlanmalı, eyni zamanda, icraçılar tərəfindən təhlükəsizlik tədbirləri görülməlidir. Cinayət Məcəlləsində də bu tədbirlərin pozulmasına görə müvafiq qaydada məsuliyyət nəzərdə tutulur. Hər hansı təhülkəsizlik tədbirinin görülməməsi cinayət məsuliyyəti yaradan haldır. Yəqin ki, artıq bu faktla bağlı cinayət işi qaldırılıb”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər