• cümə axşamı, 28 mart, 12:50
  • Baku Bakı 16°C

“Doğru zamanda doğru yerdə olmaq lazımdır” - Uğur hekayəsi

29.09.17 09:30 7618
“Doğru zamanda doğru yerdə olmaq lazımdır” - Uğur hekayəsi
İş həyatında müəyyən bir nöqtəyə çatmaq üçün bəzən uzun illərə dayanan iş təcrübəsi keçməli, fərqli yerlərdə çalışmalı olursan. Lakin istisnalar təbii ki var, elə müsahibim kimi... O, ömrünün 30 ilini ancaq oxumağa sərf edib, təhsil alıb. Karyerası çox gec başlasa da, hazırda olduğu yeri onun iş həyatında uğurlu bir mərhələ kimi qiymətləndirmək olar. Müsahibimiz hazırda Bakı Mühəndislik Universitetinin xarici əlaqələr üzrə prorektoru vəzifəsində çalışan Azər İmanquliyevdir.

Qeyd edək ki, Azər İmanquliyev 1986-cı il martın 6-da Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini Qaraçuxur qəsəbəsində yerləşən Xarici dillər təmayüllü gimnaziyada alır. Bakalavr təhsili üçün seçimi Qafqaz Universitetinin kompüter mühəndisliyi ixtisası olur. Magistratura və doktoranturanı bir yerdə 2007-2015-ci illərdə Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Kardif Universitetində alıb, fəlsəfə doktorudur. Araşdırmaları əsasən süni intellekt sahəsində olub.

- Bu təyinatdan öncə universitetdə baş müəllim kimi çalışmısınız. Bəs ümumi olaraq iş həyatına harda başlamısız?
- Britaniyada təhsilimi bitirib qayıdandan sonra bir müddət Yüksək Texnologiyalar Parkında biznesin inkişafı şöbəsində çalışdım. Orda çalışdığım vaxt Texniki Universitetdə dövlət proqramı ilə xaricdə təhsil alan tələbələrlə görüş üçün çağırdılar. Orda çıxış etdim, sonra rektor Havar Məmmədov məni universitetdə innovativ təhsil və informasiya texnologiyaları departamentinə direktor təyin etdi. Sonra Havar müəllim Qafqaz Universitetinə rektor gəldi və məni burda humanitar və sosial məsələlər üzrə prorektor təyin etdi. O vaxt özəl universitet idi, rektorun təyinatı ilə olurdu. Sonra Qafqaz Universiteti ləğv olundu və təhsil naziri Mikayıl Cabbarovun qərarı ilə yeni yaradılmış Azərbaycan Mühəndislik Universitetinə xarici əlaqələr üzrə prorektor təyin olundum.

- Ali təhsilinizi tam bitirəndən sonra işlədiyinizi dediniz. Ona qədər çalışmamısız?
- Yox, ancaq oxumuşam. 30-31 yaşıma qədər vaxtım əsas təhsilə gedib. 24-25 yaşımda bakalavrı bitirdim, sonra İngiltərəyə getdim, 5 il yarım da magistr və doktorantura təhsili vaxt apardı. Ona görə işə başlamağım elə təhsili bitirəndən sonra oldu.

- İndi gənclərə məqsədli olmaq, gələcəkdə özlərini harada gördüklərini əvvəlcədən müəyyənləşdirmək öyrədilir. Universitet vaxtı gələcəklə bağlı məqsədli bir planınız var idimi?
- İnsanın özünü harada görməsindən asılı olmayaraq, həyat bəzən onu tamam başqa bir yerə gətirə bilər. Çünki mən sırf texnologiya ilə bağlı oxumuşam, əvvəllər də İT şöbələrində işləmişəm. Amma nəinki 5, heç 3 il öncə də özümü burda görüb-görmədiyimi soruşsaydılar, cavab verə bilməzdim.

- Bir qisim insan deyir ki, şans yoxdur, çalışmaq lazımdır, bir qisim isə deyir ki, adamın bəxti olmalı, şansı gətirməlidir. Siz şans məsələsi haqda nə düşünürsünüz?
- Əslində müəyyən qədər hər ikisi doğrudur. Doğru zamanda doğru yerdə olmaq lazımdır. Öz həyatımdan bir nümunə ilə bunu izah edim. Yüksək Texnologiyalar Parkında işləyəndə Texniki Universitetdən zəng vurub xaricdə təhsil almış məzunlarla görüşə dəvət edəndə istəmədiyimi, gələcəkdə universitetdə, təhsil sahəsində çalışmağı planlaşdırmadığımı bildirdim. Dedilər ki, gəl bir söhbət elə, nə itirəcəksən ki? Sonra düşündüm ki, xaricdə təhsil almış məzunlar gələcək, onların fikirləriylə tanış olaram, getməklə heç nə itirmirəm. Dövlət Proqramı ilə xaricdə təhsil alan 10 nəfər gənc gəlmişdi. Onların içərisindən bircə məni orda işə dəvət etdilər. Şans o idi ki, mən həmin vaxt orda oldum, eləcə də digər 9 nəfər. Amma artıq orda işə dəvət olunmağıma şans deyə bilmərəm, çünki gözübağlı bir nəfəri seçmədilər, diploma, təhsilə baxdılar. Ora getməyim şansın, seçilməyim isə təhsilin sayəsində olur.

- Təhsil sahəsində çalışmaq istəyinizin olmadığını dediniz. Bəs bura gəlməyinizə, hətta qalmağınıza səbəb nə oldu?
- Proseslər elə cərəyan etdi ki, mən bura gəldim. Texniki Universitetdə işim sırf İT ilə bağlı idi, orda gözəl sistem varıydı və məni o sistemlə işləməyə dəvət etdilər. Yəni, sırf akademik iş deyildi, sistem inzibatçısı idim. Bir müddət çalışdıqdan sonra dedilər ki, təcrübən var, bəlkə onu tələbələrlə də bölüşəsən, dərs götürəsən. Bir-iki dəfə auditoriyaya girəndən sonra gördüm ki, elə ən maraqlısı öz təcrübələrini kiminləsə bölüşməkdir. Bir müddət Texniki Universitetdə "Sabah” qruplarında da dərs demişəm. Öz işinə marağı olan tələbələrin yanaşmasını görəndə düşündüm ki, elə ən yaxşısı budur, qoy kiməsə xeyrim dəysin. Elə-elə akademik sahəyə maraq yarandı.

- İT sahəsi ilə məşğul olanların işinə kənardan baxanda adama çox yorucu gəlir. Hiss olunur ki, güclü zehni əmək tələb edir. Bəs heç yorulduğunuz olurmu?
- Qıraqdan yorucu gələ bilər. Amma İT ilə məşğul olan adamlar ali təhsil alandan sonra bu sahəni öyrənməyə başlamır. Bu sahənin adamlarında kompüterə, proqramlara maraq orta məktəb vaxtında üzə çıxır. Həmin maraq, həvəs isə bu işə sevgi formalaşdırır. Kənardakılara yorucu gələn bu işdən mən zövq alıram, eləcə də bu sahədə çalışan digərləri. Zehni əmək tələb edir, bunu danmırıq, amma bu sahəni sevərək gələnlər üçün yorucu olmur, əksinə hər yeni nəsə tapdıqca daha çox işləmək istəyirsən.

- Siz də uşaqlıqdan bu sahəyə meyillənmisiniz?
- Orta məktəb vaxtı seçəcəyim sahəni müəyyənləşdirmişdim. Məqsədim kompüter mühəndisliyinə qəbul olunmaq idi. Mən ali təhsil seçimi edəndə yalnız öz istədiyim ixtisası yazmışdım. Harasa düşüm deyə hər ixtisası yazmamışdım. Məqsədli olaraq da öz istədiyim sahə üzrə təhsil aldım.

- Burda da təhsil almısınız, xaricdə də. Xaricdə təhsil almaq hansı üstünlükləri qazandırır?
- İlk növbədə mükəmməl dil bacarıqları olur, eyni zamanda xarici təcrübənin şahidi olurlar, bu, önəmlidir. Bu gün həm də dünya qloballaşır, harada yaşamağın, işləməyin konkret bir önəmi qalmayıb. İnsan bir ölkədə yaşadığı halda başqa bir ölkədəki şirkətdə çalışa bilər. Bizim təhsilimiz də kifayət qədər yüksək səviyyəlidir, amma təkcə yerli mütəxəssislərdən öyrənmək, yalnız yerli insanlarla ünsiyyətdə olanda sonra xaricilərlə işləyən dövrdə hansısa çətinliklər yarana bilər. Xaricdə olan, təhsil alan insanın ən əsası dil baryeri olmur, daha yaxşı mütəxəssis olmaq üçün imkanları da çox olur. Söhbət təkcə təhsildən getmir, ümumiyyətlə, xarici təcrübəni öyrənmək mütəxəssisin inkişafı üçün yaxşıdır.

- Bir az da iş prosesinizdən danışaq. Məsələn, iş neçədə başlayır və siz neçədə gəlirsiz?
- PHD etdiyim dövrdə mənim elmi rəhbərim bir az möhkəm adamıydı. Bizi məcbur edirdi ki, gündə 12 saat rejimlə gedək-gələk. Ordan artıq alışdığım bir rejim var, səhər saat səkkizdən gec olmayaraq işə gəlirəm, baxmayaraq ki, bizdə iş doqquzda başlayır. İş saatı çatana qədər dünəndən qalan işləri həll edirəm, günlük planlarımı müəyyənləşdirirəm. Doqquz olanda artıq işə başlayıram. İş saat doqquzda başlayırsa, elə həmin vaxt gəlib, bir az e-maillərə nəzər salıram. Bu, adamın vaxtını çox aparır. Daha məhsuldar olmaq üçün mən iş saatına qədər bu kimi işləri həll edirəm. Altıya qədər iş saatımızdır, amma işlərimizin bitməyindən asılı olaraq yeddiyə qədər də qala bilirəm. Magistr qruplarında dərslər yeddinin yarısı başlayır. Dərsim olan günlər onun yarısına qədər də qalıram. Amma bu, hər gün olmur.

- İşlə yanaşı, ailəyə də vaxt ayırmaq lazımdır. Bəs bu iş rejimi ilə siz balansı qoruya bilirsiniz?
- Akademik sahədə balansı qorumaq bir az çətindir. Çünki işim tək təyin olunduğum vəzifəmin öhdəliklərini yerinə yetirməklə bitmir. 6-da universitetdə iş saatım bitsə də, 7-nin yarısı magistratura tələbələrinin dərsi başlayır, dərsim olan günlər qalmalıyam. Onları çıxmaq şərtilə balansı qorumağa çalışıram. İş önəmlidir, amma ailəyə də vaxt ayırmaq lazımdır. İşləməklə biz maddi cəhətdən təmin edə bilirik, amma mənəvi cəhətdən də bu balansı qorumağa çalışıram.

- Ömür boyu təhsil anlayışı bu gün aktuallaşır. İnsan davamlı olaraq öyrənməlidir. Doktorantura təhsilini bitirəndən sonra öyrənmək dairənizə daha nələr daxil olub?
- Planlarımda yeni bir dil öyrənmək var. Rus və ingislicə biliyim normal səviyyədədir. Öyrənəcəyim dilin dünya coğrafiyasını maksimum əhatə etməsinə fikir verəcəm. İngilis dili Avropa, Amerika, Asiyanın müəyyən qədər hissəsini idarə etməyə yetir, rus dili köhnə postsovet ölkələrində kifayət edir. Amma hazırda Çin boyda böyük bir bazar da var. İmkan və zaman olsa Çin dilini öyrənmək istəyərəm. Bayaq dediyiniz o vaxt balansını qorumaq şərtilə mümkün olsa öyrənərəm (Gülür. A.A). Həm universitetdəki işlərim, işdən sonra dərs, o dərsin hazırlıqları var, elmi iş üzərində də işləyirəm.

- Azər bəy, işçi yoxsa, rəhbər vəzifədə olmaq yaxşıdır?
- Əgər sırf İT ilə bağlı bir şirkətdə çalışsaydım, işçi olmaq istərdim. Çünki işin o spesifikası adama xoş gəlir. Kod yazmaq, proqramlaşdırmaq... Amma ümumi inzibati iş də pis deyil.

- Ənənəvi sualımız: Uğurunuzun sirri nədir?
- Mənə görə uğurun sirri oxumaqdır. Tələbələrə də deyirəm ki, siz oxuyun, qalan hər şey sizi özü tapacaq. Mən başqa bir şey etməmişəm, 30 yaşıma qədər ancaq oxumuşam. Ancaq universitet, təhsil görmüşəm. Amma indi onun bəhrəsini görürəm.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər