Doktorantlara təhsil krediti 20 il müddətinə veriləcək
"Elm haqqında” qanunda ölkəmizdə
doktorantura üzrə də təhsil kreditlərinin tətbiq olunmasına dair ayrıca müddəanın
yer alması bu prosesin elm və təhsil sahəsini geniş şəkildə əhatə edəcəyinə
ümidləri artırıb. Belə ki, Maarifçi Tələbə Kredit Fondunun (MTKF) aztəminatlı tələbələrə
kredit verilməsi ilə bağlı atdığı ilkin addımlar elm sahəsinə üz tutan
doktorantlara da güzəştli kreditlərin verilməsi üçün bir növ nümunə olub. Belə
ki, bu addım elm sahəsinə üz tutmaq istəyən, ancaq maddi imkansızlıqdan
arzularından əl çəkən bir çox gənclərə yaşıl işıq yandıra bilər. Dövlət doktorantların təhsil haqlarının və təhsillə
bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər
verilməsini təmin etməyə hazırlaşır, ancaq doktorantlar bu krediti hansı şərtlərlə əldə
edəcəklər - bu sualın cavabı tam açıqlanmayıb. Bundan əlavə, kreditlərin verilməsinin
elmə hansı faydaları olacaq, kreditlər veriləndən sonra gənclərin elmə marağı
çoxalacaqmı və ya, ödənişli təhsil alan doktorantlara kreditlərin verilməsi
onların təhsilinə müsbət təsir göstərəcəkmi kimi suallara cavab verən AMEA Elm və Təhsil idarəsinin
doktorantura şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov "Kaspi”yə
müsahibəsində ümumilikdə prosesin
necə həyata keçiriləcəyinə aydınlıq gətirib.
- Azərbaycanda doktorantura təhsili alanlara təhsil kreditlərinin
veriləcəyi ilə bağlı KİV-də yer alan informasiyalarheç şübhəsiz, ölkədə təhsil kreditlərinin
əhatə dairəsinin genişləndiriləcəyindən xəbər verir.Ancaq ictimaiyyət bu mövzuda onları
maraqlandıran suallara cavab axtarır. Doktoranturada
təhsil alanlara təhsil kreditləri hansı şərtlərlə veriləcək?
- Bildiyiniz
kimi, bu günlərdə Azərbaycan Respublikasında elmi
fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin
əsas prinsiplərini müəyyən edən "Elm haqqında” qanun qəbul olundu. Qanunda öz əksini
tapmış mühüm bəndlərdən biri də elmi nailiyyətlərin stimullaşdırılması,
gənclərin elmi fəaliyyətə aktiv şəkildə cəlb edilməsi məqsədilə müxtəlif sosial
həvəsləndirmə vasitələrinin tətbiqi ilə bağlıdır. Güzəştli təhsil kreditlərinin
verilməsini də cəmiyyətin elmə marağının gücləndirilməsi üçün atılmış
əhəmiyyətli addım kimi qiymətləndirmək olar. Belə ki, dövlət doktorantların
təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsi üçün
uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edəcəkdir. Kreditlərin 20
il müddətinə, 20.000-30.000 manat civarında verilməsi, kredit borclarının isə
təhsilalanın əmək fəaliyyətinə başlamasından sonra ödənilməsinə şərait
yaradılması nəzərdə tutulub.
-
Maarifçi Tələbə Kredit Fondunun tələbələrə veriləcək kreditlər üçün maliyyə mənbəyi
Fondun ətrafında birləşən 10 ali məktəbdir. Bəs doktorantlara kreditlərin
verilməsi hansı mənbədən maliyyələşdiriləcək?
- Kreditlərin
verilməsinin dövlət büdcəsinin vəsaiti və digər qanuni mənbələr hesabına maliyyələşdirilməsi
nəzərdə tutulub. Dövlət büdcəsi hesabına maliyyələşdirmə baza maliyyələşdirilməsi, proqram məqsədli maliyyələşdirmə və qrant
maliyyələşdirilməsi formalarında həyata keçiriləcəkdir. Bundan başqa, elmi müəssisə
və təşkilatların öz vəsaitləri, o cümlədən beynəlxalq təşkilatlardan, maliyyə
qurumlarından və fondlardan müqavilə, müsabiqə və qrantlar əsasında əldə etdikləri vəsaitləri, eləcə də
elmi məhsul və xidmətlərinin satışından daxil olan gəlirləri təhsil kreditləri
üçün maliyyə mənbəyi ola bilər.
-Beynəlxalq
təcrübədə özünü təsdiq etmiş güzəştli təhsil kreditlərinin verilməsi
Azərbaycanın elm və təhsil sistemində hansı problemlərin
həllinə kömək edə bilər?
- Təhsil kreditlərinin verilməsi ilk növbədə
cəmiyyətin bütün təbəqələri üçün bərabərhüquqlu təhsil imkanlarının
yaradılmasına xidmət edəcəkdir. Təhsil haqları və təhsillə bağlı digər xərclərin
güzəştli kreditlər əsasında ödənilməsi elmi fəaliyyəti əngəlləyən və ya məhdudlaşdıran
ən böyük maneələrdən birinin - maliyyə
probleminin dəf edilməsi deməkdir. Bu isə öz növbəsində insanların elmi
fəaliyyətə cəlb olunmasına müsbət təsir göstərəcək və cəmiyyətin elmə olan
marağının artmasına səbəb olacaq.
- Kreditlərin verilməsi gələcəkdə AMEA-nın magistratura pilləsi
üzrə təhsil alan tələbələrə də şamil ediləcəkmi?
- Bildiyiniz kimi, 2014-cü ildən etibarən
AMEA-da magistratura səviyyəsi üzrə təhsilin təşkili həyata keçirilir.
Akademiyanın prezidenti, akademik Akif Əlizadə tərəfindən yüksək diqqət və
qayğı ilə əhatə olunmuş magistrantlar üçün bütün mümkün güzəşt və imtiyazlar tətbiq
olunur. Güzəştli təhsil kreditlərinin gələcəkdə magistrantlar üçün də tətbiq
edilməsi Akademiya rəhbərliyinin perspektiv planına daxil olan əsas məsələlərdən
biridir.
- Sizcə bu tip addımlar gənclərin elmə gəlişinə stimul olacaqmı?
- "Elm haqqında” qanunun qəbul
olunmasının başlıca məqsədi məhz gənclərin aktiv elmi fəaliyyətə
cəlb edilməsi, elmi kadr hazırlığının səmərəliliyinin yüksəldilməsi, biliklərə əsaslanan
intellektual vətəndaş cəmiyyətin formalaşdırılmasıdır. Bu məqsədlərə nail olmaq
üçün dövlət elmi fəaliyyətlə məşğul olan hər bir Azərbaycan vətəndaşını bərabərlik
prinsipinə əsaslanan sağlam və keyfiyyətli elmi mühitlə təmin etməyi öz üzərinə
götürüb. Elmin inkişafı ilə bağlı götürülmüş düzgün kurs nəinki, gənclərin elmə gəlişini stimullaşdıracaq, həmçinin
yaxın gələcəkdə bu sahədə digər müsbət dəyişikliklərin baş verməsi üçün
ciddi zəmin yaradacaqdır.
- Gender statistikası hazırda kişilərin, yoxsa qadınların elmi fəaliyyət
sahəsində üstünlük təşkil etdiyini göstərir?
- Hal-hazırda
yüksəkixtisaslı elmi kadrların hazırlanması istiqamətində gender fərqi kəmiyyət
etibarilə qadınların xeyrinədir. Lakin "Elm haqqında” qanunda elmi işçilərin əməyinin stimillaşdırılması məqsədilə nəzərdə
tutulan həvəsləndirici tədbirlər və "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilmiş son dəyişikliyə əsasən magistratura
(rezidentura) və doktorantura pilləsi üzrə əyani təhsil alan çağırışçılara hərbi
xidmətdən möhlət hüququnun verilməsi bu sahədə tarazlığın yaranmasına təkan verəcək.
Təranə
Məhərrəmova