• cümə, 29 Mart, 11:14
  • Baku Bakı 5°C

Doktor Qarayev

29.11.18 15:09 2184
Doktor Qarayev
Noyabr ayının 4-ü görkəmli cərrah Mürsəl Qarayevin doğum günü oldu.Hərçənd həkimlərin doğum günü anlayışı bir az da şərtidir. Çünki onlar şəfa verdikləri insanların ömrü ilə, həmin insanların davamçılarının nəsilləri ilə daha uzun ömür sürürlər.
5000-dən artıq uğurlu cərrahi əməliyyat edən doktor Qarayev belə əbədiyyət qazanmış həkimlərdən idi.
Xeyli əvvəl yazdığım "Doktor Qarayev” kitabını vərəqləyirəm. Doktor Qarayevlə bağlı həmsöhbət olduğum insanların fikirlərindən çıxarışlar eləyirəm:
"Mürsəl barəsində hamının fikri belə idi ki, o çox yaxşı oğlandır və əla cərrahdır...
Həyat onun əllərinə möhtacdı...
Mürsəl bir növ xalq həkimiydi...
Xəstələr onunla söhbətdən sonra əməliyyata qorxusuz girirdilər...
Dedilər ki, təcili cərrahiyyə lazımdı. Dedim ki, qoyun Mürsəl gəlsin, o desə, əməliyyat edərsiniz...
Son sözü həmişə o, deyirdi...
O, çox vaxt imkansız xəstələr üçün öz puluna dərman alırdı...
O, adamlar üçün və adamlarla yaşamağı bacarırdı...
Onun müasiri olduğuma görə qürur duyuram...
Dedilər ki, Xanlar öləcək. Söylədi ki, yox, ona heç bir şey olmayacaq. Ona bir şey olsa özümü pəncərədən ataram...
Onun səsi həyatda özünü təsdiq etmiş, adamların səsi kimi idi...
Həmkarlarına acığı tutanda acı söz deməzdi, onlara eləcə özünün cərrahiyyə etdiyi otağa girməyi qadağan edərdi...
Onun kişi xüsusiyyətləri böyükdü...
Mürsəl Qarayev böyük professional idi...
Çox usta cərrah idi. Onun əlləri də həmişə yalnız xeyir gətirərdi...
Müəllimlərini çox sevir, onların hörmətini tuturdu...
Xəstə sağalana qədər onun çarpayısından ayrılmır, rahatlıq tapmırdı...
Əgər özgələri üçün bir şey əsirgəmirdisə, təsəvvür edin ki, öz övladlarına qarşı necə rəftar edirdi...”

***


Mürsəl Əbülfəz oğlu Qarayev 1919-cu ildə, noyabrın 4-də Bakıda anadan olub. Azərbaycanın ilk uşaq həkimi, professor Əbülfəz Qarayevin ailəsində. 1938-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olan M.Qarayev 1942-ci il avqustun 25-də Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Qafqaz Cəbhəsi 65-ci xüsusi moto-atıcı briqadasının seçmə-qəbul məntəqəsində ordinator-cərrah çalışır.Yaralanır və bir müddət müalicə olunandan sonra 1943-cü ilin avqust ayından müharibənin sonuna qədər (1945-ci ilin oktyabrınadək) döyüşən orduda 482-ci Tibb-Sanitar Batalyonunda cərrah kimi xidmət edir.Kursk dairəsi döyüşlərində hərbi eşalonun baş həkimi olur. Budapeşt ətrafındakı döyüşlərdə daha bir dəfə yaralanır, tibb xidməti kapitanı kimi ordudan tərxis olunur.
"Döyüşdə cəsurluğa görə”, "Qafqazın müdafiəsinə görə”, "Almaniya üzərində qələbəyə görə” medallarıyla təltif olunur. Sonradan cərrah kimi fəaliyyətini davam etdirir və 1960–1964-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş cərrahı işləyir. Namizədlik və doktorluq dissertasiyası müdafiə edir. Son iş yeri o vaxtkı Azərbaycan Dövlət Tibb İnstitutunun "Travmatologiya, ortopediya və hərbi səhra cərrahiyyəsi” kafedrasında dosent vəzifəsi olur. 1975-ci ildə Bakı şəhərində vəfat edir.
***
Həmin kitaba "Ön söz” yazmış Xalq yazıçısı Anarın məqaləsindən bir fraqment diqqətimi çəkir:
"Mürsəl Qarayev müharibədən sonra həkimlik fəaliyyətinə başlayanda Azərbaycanda Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Fuad Əfəndiyev kimi çox böyük cərrahlar fəaliyyət göstərirdi, amma bu fonda belə gənc Mürsəl yüksək peşəkar kimi özünü təsdiq edə, ad çıxara bildi. Və Mustafa bəy Topçubaşovun həmkarının vəfatından sonra dediyi söz: "Mürsəl Azərbaycanın iki-üç ən yaxşı cərrahlarından biri idi” – fikri həqiqətin ifadəsi idi.
Yaxud Milli Onkologiya Mərkəzinin direktoru, professor Cəmil Əliyev "Adamlarla və adamlar üçün yaşamağı bacaran adam” adlı yazısında unudulmaz müəllimini belə xatırlayır: "Mürsəl Qarayev cərrahiyyədə mənim ilk müəllimim idi. Sözün hərfi mənasında cərrahiyyəyə o məni gətirdi və məndə bu peşəyə məhəbbəti o oyatdı...”
Unudulmaz şairimiz Vaqif Səmədoğlu isə doktor Mürsəl Qarayevlə bağlı əfsanəyə çevrilmiş bir hadisəni danışmışdı o vaxt: "Mürsəl Qarayev mənə bir əhvalat danışdı, sonra bunu başqalarından da eşitdim. Onda bildim ki, hələ o, əhvalatı bir qədər yumşaq formada danışıb. Mürsəl Qarayev bazar günü bir məclisdə dostlarıyla birlikdə yeyib-içirmiş. Birdən ona işlədiyi klinikadan xəbər verirlər ki, təcili gəlsin, xəstə ölüm ayağındadır. O zaman da cib telefonu-filan yox idi. Onu tapana, maşını göndərənə, gəlib klinikaya çatana qədər xəstə dünyasını dəyişir. Bilirsiz ki, klinik ölüm beş dəqiqədən artıq davam etmir. Artıq yeddi-səkkiz dəqiqə keçir və beynin dayanma prosesinə lap az qalır. Mürsəl Qarayev bunu peşəkar kimi görüb nə paltarını dəyişir, nə əllərini yuyur, böyük skalpeli götürüb, onun paltarını cırıb, bu skalpellə sinəsini kəsir, yuyulmamış əlləriylə həmin adamın ürəyini götürüb, başlayır masaj etməyə. Və beləcə də, həmin adamı dirildir. Yəni, təsəvvür edin ki, buna görə Mürsəl Qarayevin diplomunu, bütün lisenziyalarını alardılar, özünü də məhkəməyə verə bilərdilər. Qanunları, qaydaları pozmuş olardı. Yeddi-səkkiz dəqiqə klinik ölümdə olan xəstəni həyata qaytarmaq qəhrəmanlıqdı... Əslində, o, möcüzə göstərmişdi...”

***

İnsanlar haqqında ən səmimi qiyməti onların yaxınları verir, doktor Qarayevin oğlu Əbülfəs Qarayev "Atamı xatırlayarkən” məqaləsində yazır: "Bir cəhəti dəqiq bilirəm: atam əsl kişi, böyük hərflə, İnsan idi. Dostları çox, düşmənləri az oldu, heç kim onun haqqında övladlarına xoşagəlməz bir fikir demədi. Və mən indi, yaş baxımından, onu bir il geridə qoysam da, atamla, atamın adı və əməlləri ilə yenə də uşaq kimi qürur duyuram…”

Səlim BABULLAOĞLU

banner

Oxşar Xəbərlər