• çərşənbə, 17 Aprel, 03:01
  • Baku Bakı 14°C

Dönər üçün at və eşşək əti

03.07.13 09:35 2647
Dönər üçün at və eşşək əti
Bakının Müşfiqabad qəsəbəsi yaxınlığındakı Güzdək yaşayış massivində aşkarlanan 600 kq at və eşşək ətindən nümunələr götürülüb. Bu məlumatı Movqe.az-a Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli verib. Onun sözlərinə görə, ərazi sahə müvəkkili, bələdiyyə sədri, Abşeron rayon Baytarlıq İdarəsinin rəisi, eləcə də Baytarlıq Xidmətinin laboratoriya müdiri hadisənin baş verdiyi ərazidə olublar: “Ətin aşkarlandığı həyətlərin sahibləri hadisə yerindən qaçıblar. Amma biz artıq nümunələr götürmüşük və yaxın vaxtlarda müayinələrin nəticəsi açıqlanacaq. Hələ ki bəlli olan odur ki, aşkarlanan 600 kiloqram ət at və eşşək ətinin qarışığıdır. Bu ət rayondan DBX-ya verilən siqnal əsasında aşkarlanıb. Ətin göndəriləcəyi şəxslərin adları gizli kodlarla bəllidir. Paketlənən ətlərin üzərində “Hacı, Mərdan, F-2, F-7” kimi gizli ünvanlar göstərilib. Təbii ki, hüquq-mühafizə orqanları həmin şəxslərin kimliyini araşdıracaq”.
Qeyd edək ki, iyulun 1-də Bakının Müşfiqabad qəsəbəsində dönərxanalara və iaşə obyektlərində əhaliyə satış məqsədli gətirilən at və eşşək əti aşkarlanmışdı.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəisi İmran Abdullayev bizimlə söhbətində bildirdi ki, Azərbaycan bazarında at və uzunqulaq ətinin satılması yolverilməzdir: “Yəni Azərbaycanda bu cür ətdən dönər hazırlanması xalqın mentalitetinə uyğun deyil. Düzdür, qanunvericilikdə eşşək, yaxud at ətindən dönər hazırlanmasına qadağa yoxdur. Amma standartlara görə dönər xammal olaraq mal, qoyun, dana, toyuq əti, qoyun quyruğundan hazırlanmalıdır. Yəni standart var və məhsul da bu standarta uyğun hazırlanmalıdır. Standartda dönərin uzunqulaq, yaxud at əti ilə bişirilməsi ilə bağlı heç bir şey nəzərdə tutulmur. Satışa çıxarılan nə ətidirsə, o adla da satmalıdır. Əgər bu ət yaxşı ətdirsə niyə öz adıyla satılmır? Çünki istehlakçılara dönərin nə ətindən hazırlandığı deyilsə, onu alan olmayacaq. Bu, istehlakçıların aldadılmasıdır”.
At və eşşək ətinin insan sağlamlığına ziyanına gəlincə, müsahibimiz bildirdi ki, Orta Asiya ölkələrində at ətini sevə-sevə yeyirlər. Amma Azərbaycan istehlakçısı qoyun, dana əti almaq üçün pul verir. Niyə bunun əvəzində alıcının bilmədiyi, istəmədiyi ət ona satılmalıdır? İstehlakçıları aldatdıqlarına görə belə insanlar ciddi şəkildə cəzalandırılmalıdırlar”.
İ.Abdullayev onu da qeyd etdi ki, qadağan olunmuş toyuq dönərinin satışı ilə əlaqədar yaxın günlərdə dönərxanalarda monitorinq aparılacaq və göstərişlər veriləcək: “Dövlət Sanitariya Nəzarəti tərəfindən toyuq ətindən dönər hazırlanmasına qadağa var. Çünki dəfələrlə şahidi olmuşuq ki, toyuq ətindən hazırlanan dönərlərdən zəhərlənmə hadisələri baş verib. Buna görə qadağan edilib”.
Qida üzrə mütəxəssis Cavad Heydərov qəzetimizə açıqlamasında dedi ki, at ətinin insan orqanizminə heç bir ziyanı yoxdur: “Əksinə, at əti qoyun və mal ətindən daha xeyirlidir. Belə ki, at əti dəmirlə zəngindir. Bundan başqa, at ətində piyin miqdarı daha azdır. Buna görə də at əti Orta Asiya ölkələrində ən sevimli qonağın qarşısına qoyulur”.
Uzunqulaq ətinə gəlincə, mütəxəssis bu ətin də insan orqanizminə ziyanının olacağını düşünmür: “Əgər at və ulaq sağlamdırsa, digər heyvanlar kimi bu heyvanların da əti təhlükəli deyil, əksinə yeməlidir. Sadəcə olaraq ulağın adı yaxşı çıxmadığına görə hansısa ölkədə ulaq ətinin yeyildiyi barədə məndə informasiya yoxdur”.
Qeyd edək ki, bu ilin əvvəllərində Avropada dönər istifadə edilən ətdə donuz və at ətinə rast gəlinmişdi. Alman televiziya kanalı RTL tərəfindən Məhsul Keyfiyyəti İnstitutuna etdirilən araşdırmanın nəticələrinə görə bir nümunədə 1 faiz nisbətində at əti təsbit edilib, üç nümunədə isə 7 faizə çatan donuz əti tapılıb. Əvvəl də bənzər ət qalmaqalı ilə üzləşən Almaniya təqsirkarlara daha ağır cəza verilməsini müzakirə etmişdi.
Lalə
banner

Oxşar Xəbərlər