• cümə axşamı, 28 mart, 19:26
  • Baku Bakı 13°C

DMX rəisi Beynəlxalq Miqrasiya Təşkilatının Nyu-Yorkda keçirilən tədbirində çıxış edib

19.04.17 15:57 628
DMX rəisi Beynəlxalq Miqrasiya Təşkilatının Nyu-Yorkda keçirilən tədbirində çıxış edib
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 18-də və 19-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Miqrasiya üzrə Beynəlxalq Dialoqu çərçivəsində "2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal vəhdət istiqamətində beynəlxalq əməkdaşlığın və idarəetmənin gücləndirilməsi” mövzusunda tədbirdə iştirak etmək məqsədilə Nyu-Yorkda səfərdədir.
Dövlət Miqrasiya Xidmətinin rəisi səfər çərçivəsində BMqT-nin baş direktoru Uilyam Leysi Svinqlə gorüşüb. Görüşdə Azərbaycan Respublikası Hökuməti və BMqT arasında əlaqələrin genişləndirilməsində göstərdiyi xidmətlərə görə qurumun baş direktoru Uilyam Leysi Svinqin "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə təltif edildiyi diqqətə çatdırılıb və medal Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev tərəfindən baş direktora təqdim olunub.
U.L.Svinq Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10 illiyi münasibəti ilə Azərbaycan Respublikasının miqrasiya orqanları əməkdaşlarının ünvanına xoş sözlər və səmimi təbriklərini söyləyib. Ötən dövr ərzində DMX ilə əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib, eyni zamanda Azərbaycanın miqrasiya idarəçiliyi modelini yüksək qiymətləndirdiyini bir daha vurğulayıb. Baş direktor Azərbaycan dövlətinin multikultural dəyərlərə önəm verən tolerant ölkə kimi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu deyib.
F.Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətin, görülən işlərin nəticəsidir ki, ölkəmizdə miqrantların hüquqlarının müdafiəsi ilə bağlı əldə edilən nailiyyətlər bu gün beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Görüşdə miqrasiya ilə bağlı davamlı inkişaf hədəfləri, o cümlədən miqrasiya proseslərinə dövlətin və cəmiyyətin yanaşması, eləcə də təhlükəli vəziyyətdə olan miqrantların müdafiəsi üzrə miqrasiya idarəetməsinin gücləndirilməsi, əmək miqrasiyasının asanlaşdırılması, beynəlxalq standartlara uyğun qayıdış və reinteqrasiyanın təşkili, həmçinin təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın sadələşdirilməsi üzrə əməkdaşlıq və icra mexanizmləri kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

BMqT baş direktorunun rəsmi dəvəti əsasında Nyu-Yorkda "2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal vəhdət istiqamətində beynəlxalq əməkdaşlığın və idarəetmənin gücləndirilməsi” mövzusunda tədbirdə iştirak edən Xidmət rəisi Firudin Nəbiyev "Təməldən yüksəliş: təkmil miqrasiya idarəçiliyi üçün vahid cəmiyyət yanaşmasının təşviqi” adlı paneldə çıxış edib.
Xidmət rəisi çıxışında miqrantları qəbul edən bəzi ölkələrdə islamafobiya meyllərinin artması və islam dininin zorakılıq və terrorçuluqla eyniləşdirilməsi cəhdləri ilə bağlı dərin narahatlıq ifadə edib. Bununla belə xüsusilə vurğulayıb ki, bu günə qədər Azərbaycanda miqrantlara münasibətdə milli, etnik və dini zəmində heç bir hüquq pozuntusu qeydə alınmayıb.
Təhlükəsiz ölkələr sırasına daxil edilən Azərbaycanda bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirilməsinin respublikamızın beynəlxalq aləmdə artan nüfuzunun yeni mərhələyə qədəm qoymasından xəbər verdiyi bildirilib.
Xidmət rəisi qeyd edib ki, bu gün ölkəmizdə turizm sektorunun yüksəliş dövrünü yaşaması və respublikamıza təşrif buyuran əcnəbilərin sayının ildən-ilə artması nəzərə alınaraq, ümumiyyətlə dünyada miqrasiya proseslərinin intensivləşməsi fonunda Azərbaycanda bu proseslərin idarə edilməsiüçün təsirli tədbirlər görülür.
Bununla belə, miqrasiya sahəsində ölkəmizin əsas tərəfdaşı kimi çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığın göstəricisi olaraq ötən il "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişi”nin imzalanması diqqətə çatdırılıb. F.Nəbiyev Azərbaycan Respublikasının bütün sahələrdə olduğu kimi miqrasiya sahəsində də ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığa həmişə açıq olduğunu xüsusi vurğulayıb.
Sonda miqrasiya üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, bu sahədə idarəetmənin gücləndirilməsinin və təkmil miqrasiya idarəçiliyi üçün vahid cəmiyyət yanaşmasının təşviqinin qarşıya qoyulmuş məqsədlərə daha tez çatmağa töhfə verə biləcəyinə əminlik ifadə olunub.
Xatırladaq ki, Beynəlxalq Miqrasiya Təşkilatına üzv dövlətlər tərəfindən 2016-cı il sentyabrın 19-da qəbul olunan "Qaçqınlar və miqrantlar üçün Nyu-York Bəyannaməsi”nin II Əlavəsində 2018-ci ildə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal razılığın qəbul olunması məqsəd kimi qarşıya qoyulmuş və bu məqsədə çatmaq üçün BMqT-nin əsas siyasi forumu olan Miqrasiya üçün Beynəlxalq Dialoq çərçivəsində müzakirələrin aparılması qərara alınmışdır.Cari il aprelin 18-də və 19-da keçirilən ilk tədbirdə miqrasiya sahəsində beynəlxalq idarəetmə və əməkdaşlığın müzakirə olunması nəzərdə tutulmuşdur.


banner

Oxşar Xəbərlər