• çərşənbə axşamı, 23 aprel, 17:24
  • Baku Bakı 24°C

“Diş həkiminin sinir sistemi sakit olmalıdır” – Peşəkar

11.11.16 12:12 6039
“Diş həkiminin sinir sistemi sakit olmalıdır” – Peşəkar

İşinin fanatıdır. Deyir ki, bu sənətdə uğur qazanmaq üçün zəhmətkeş olmalı, işdən yorulmamalı, bezməməli və ən əsası da işinin fanatı olmalısan. Müsahibimiz stomatoloq Ramil Yusubovla işinin incəlikləri barədə söhbətləşdik.

- Necə oldu ki, diş həkimi olmaq qərarına gəldiniz?
- İnsanlarda təbəssümü çox sevirəm. Düşünürəm ki, təbəssüm insana gözəllik verir. Gözəl təbəssüm üçün isə gözəl dişlərin olması vacibdir. İnsanlarda xoş təbəssüm yaratmaq, onların üz quruluşuna təsir edib gözəlləşdirmək, həm də sağlamlıqlarını qorumalarına yardım etmək üçün bu sənəti seçdim. Dedim, həm insanları gözəlləşdirim, həm də əlimdə sənətim olsun.

- O zaman işinizin zövqverici tərəfi yəqin insanlara gözəllik bəxş etməkdir...

- Bəli, işimin zövqlü tərəfi estetika, gözəllikdir. İnsanların qüsursuz təbəssümü mənə zövq verir. Əvvəl dişində problemi olan adam utana-utana, ağzını tuta-tuta gülürdüsə, dişləri düzələndən sonra ürəkdən gülə bilir.

- İlk dəfə nə vaxt diş çəkmisiniz, yaxud iynə vurmusunuz? Bunu necə xatırlayırsınız?
- 2005-ci ildə Tibb Universitetini yenicə bitirib bir otaq götürmüşdüm. Yarımçıq, hələ tam düzəltmədiyim kabinetə təsadüfən qonşuluqda yaşayan binadan bir xəstə gəldi. Təsəvvür edin, oxuduğum dövrdə ömründə iynə vurmamışdım. Gördüklərimi yadımda saxlayıb ilk dəfə həmin gün iynə vurdum, iki diş düzəltdim. Xəstənin xoşu gəldi. Ondan sonra həmin xəstənin sayəsində ətrafdakılarda mənim barəmdə təəssürat formalaşdı, beləcə pasiyentlərim yavaş-yavaş çoxalmağa başladı. İndi qəbuluma düşmək üçün bir neçə gün əvvəldən yazılmaq lazımdır.

- Diş həkimi olmaq üçün insanda hansı xüsusiyyətlər olmalıdır? Hər adam diş həkimi ola bilərmi?
- Diş həkimi olmaq istəyən adam səbrli, soyuqqanlı olmalı, müxtəlif xarakterdəki insanlarla ünsiyyət qurmağı bacarmalıdır. Ən əsası isə sinir sistemi sakit olmalıdır.

- Tibb Universitetində elə qrup yoldaşlarınız olubmu ki, tələbəlik dövründə qandan qorxsalar da, hazırda stomatoloq kimi işləyirlər?

- Qrupda ambutasiya əməliyyatına baxanda özündən gedən, halsızlaşan, dili qatlananlar olub. Qrup yoldaşlarımdan biri qandan qorxurdu, 5 il mənimlə bir yerdə işlədi. Hazırda ayrı işləyir.

- Yəni qandan qorxan insanın həkim olması mümkündür…

- Əlbəttə, mümkündür. İnsan hər şeyə öyrəşir. İnstitutda oxuyanda müəllim mənə dedi ki, dərs keçmək üçün insan beynini götürüb süfrəyə qoyum. Mən ona əlcəksiz əl vuranda iyrənirdim. Müəllim təkid etdi ki, əlcəksiz əl vurmasam, mənə "2” yazacaq. Məcbur olub yalın əllə insan beynini götürüb süfrənin üstünə qoydum. Sonralar elə öyrəşdim ki, belə hallar mənim üçün adiləşdi.

- Yəqin elə pasiyentlər olur ki, sizin cihazları görəndə qorxmağa başlayır. Bu cür xəstələri necə sakitləşdirirsiniz?
- Həkim gərək xəstənin psixoloji vəziyyətini duysun və ona uyğun hərəkət etsin. Diş həkimi həm də psixoloq olmalıdır ki, xəstə ilə dil tapsın, onun sakitləşməsinə yardım etsin.

- Hər təbəqədən olan insan yanınıza gəlir. Elə adam olur ki, məsələn, dişlərini yumur, ağzından qoxu gəlir. Bu zaman hansı hisslər keçirir, necə dözürsünüz? Bunu xəstənin üzünə vurursunuz?
- Heç vaxt xəstənin üzünə vurmuram. Bu, insanın mədəniyyətindən asılıdır. İnsan var ki, bərbərə gedəndə orada başının yuyulacağını bilsə də, yenə də başını yuyub gedir. Elə pasiyentlər olur ki, birbaşa işdən gəldiyi üçün ağzını yumağı unutduğu üçün üzrxahlıq edirlər. Belə hallar olanda, adama xoş gəlir.

- Həkim, ictimaiyyət arasına çıxanda, toyda, yasda, parkda insanların dişinə fikir verirsiniz?
- Təbii ki, peşəmlə bağlı olaraq fikir verirəm. Bəzən görürəm ki, insanın üst çənəsi və yaxud alt çənəsi önədir. Gülərkən dişlərinə qulluq edib-etmədiyini də bilmək olur. İnsan var ki, güləndə ağzının bir tərəfini gizlədir, yaxud ağzını tutur. Bu zaman başa düşürəm ki, həmin adamın ağzında hansısa dişi, yaxud dişləri yoxdur. Belə situasiyalar olur və peşəmlə bağlı gözümdən yayınmır.

- Pasiyentlərin ağız boşluğuna baxanda sizdə həmin adamın xarakteri barədə ilkin təəssürat formalaşır?
- Əlbəttə. İnsanı ilk gördüyüm andan onun ağız boşluğuna qulluğundan tutmuş, hərəkətlərinə, danışıq qabiliyyətinə görə, hansı xarakterdə olduğunu təyin edirəm. Hətta dişlərinə baxanda digər orqanlarındakı problemləri də ayırd edə bilirəm. Məsələn, mədəsində, bağırsağında, yaxud başqa orqanında hansı problem olduğunu bilirəm. Bu da peşəmizdən irəli gələn xüsusiyyətdir.

- Belə bir misal var ki, "at alanda dişinə baxarlar”. Bu misalla razısınız?
- Sağlam insan həmişə gözəl görünür. İnsan nə qədər gözəl olsa da, dişlərində qüsur varsa, həmin problem gözə çarpır və istər-istəməz kənardan yaxşı görünmür. Amma ailə həyatı qurarkən insanın təkcə dişlərinə deyil, həm də xasiyyətinə baxmaq lazımdır. Dişlərinə baxanda onların sağlam olmasına fikri vermək lazımdır. Çünki gələcəkdə uşaqlar dünyaya gələndə, ağız boşluğunda gigiyenik natəmizlik varsa, bu, uşağın bədəninə keçir. Uşaq dünyaya gələndən sonra daim ana ilə ünsiyyətdə olur. Həmin mikroblar uşağa keçə və sağlamlığına təsir edə bilər. Buna görə də evlənərkən xanımının xasiyyəti ilə yanaşı, dişlərinə fikir vermək pis olmaz (gülür – L.M.). Həm də xanımın, yaxud kişinin dişlərinin təmizliyi, sağlamlığı, onun evdə də təmizkar olduğundan xəbər verir.

- Deyirlər, diş çəkmək üçün insanda güc lazımdır. Doğrudur?
- Tam yanlış fikirdir. Hər bir işin öz texnologiyası, qaydası var. Bütün gücünü toplayıb dişi çəkmək istəsən, çənə sümüyünə xəsarət yetirə bilərsən. O qədər olub ki, həkim dişi çəkərkən çənə sümüyünü qırıb.

- Həkim, dişlərimizi qorumaq üçün nə etməliyik?
- Dişləri gündə iki dəfə yumaq, 6 aydan bir həkimə müraciət etmək lazımdır. 6 ay ərzində ən azı kariyes əmələ gələ bilər. Xırda kariyes problemini 10-15 dəqiqə ərzində həll etmək mümkündür. Amma 1-2 il keçəndən sonra həmin kariyes dərinləşir, onu bərpa etmək üçün hətta 3-4 ay lazım olur. Buna görə 6 aydan bir müayinə mütləqdir.

- Diş məcunları doğurdanmı dişləri qoruyur?
- Dişi hansı məcunla yumağın fərqi yoxdur. Əsas odur, gündə iki dəfə və minimum 3 dəqiqədən az olmayaraq yuyasan. Bir də fırçalamağın qaydası var. Qaydaya əməl olunsa, dişlər təmizlənəcək. Əməl olunmasa, hansı pastadan istifadə edirsən-et, xeyri yoxdur.

- Həkim, deyirlər, saqqız dişə xeyirdir, doğrudur?
- Bəli, saqqızın tərkibində xüsusi komponetlər var ki, təsiri olur.

- Doğurdanmı dişlə digər orqanlar arasında əlaqə var?
- Əlbəttə. İnsan var ki, ağız boşluğuna baxırsan, avtostomatit deyilən bir xəstəlik var. Məlum məsələdir ki, bu, mədə-bağırsaqda olan problemdən qaynaqlanır. Dişdə parodontoz deyilən xəstəlik orqanizmdə vitamin çatışmazlığından, mədə-bağırsaqda vitaminin sorulmamasından yaranır. Dişin üzərində olan streptokok ve stafilokok mikrobları insanın badamcıqlarında və ürəyin sol mədəciyinin divarında, oynaqlarda yerləşə bilir. Ağız borşluğunda olan gigiyenik natəmizlik, yaxud kariyes ürəyə də, badamcıqlara da, oynağa da təsir edə bilir.
Dişlər çürük olanda həzm də yaxşı olmur, çünki qidanı tam əzib udmadığımıza görə ağırlıq mədəyə düşür. Bundan başqa, dişlərində problem olan uşaqların badamcıqlarında tez-tez problem yaranır. Qulaq, burun, boğaz həkimi həmişə ilk növbədə uşağı stomatoloqun yanına göndərir ki, dişlərindəki kariyes təmizlənsin, sonra badamcıqlar müalicə edilsin .
Ümumiyyətlə, insan orqanizmi sistem şəklində bir-biri ilə əlaqəlidir. Bir orqanda problem olanda, o birilərinə də təsir edir.

- Diş həkimi olmaq istəyən abituriyentlərə, gənclərə nə məsləhət görərdiniz?
- Zəhmətkeş olmalı, işdən yorulmamalı, bezməməlidirlər. Ən əsası isə uğurlu olmaq, pasiyent qazanmaq istəyirlərsə, işlərini sevməli, sənətlərinin fanatı olmalıdırlar. Fanat olsalar, işləyə biləcəklər.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər