AZE | RUS | ENG |


Diş həkimi Şpak, ya da sadəcə, qafqazlı Saaxov

Diş həkimi Şpak, ya da sadəcə, qafqazlı Saaxov
95 yaşlı dünya şöhrətli Vladimir Etuş da erməni fırıldağına tuş gəlib

«Uşaqlığım xoşbəxt keçib. Göyərçinləri qovmağı çox xoşlayırdım. Bu, məndə təkrarolunmaz hisslər yaradırdı. Valideynlərim mənimlə bacım Lida üçün əllərindən gələni edirdilər. Yadımdadır, 7 yaşım olanda atam mənə böyük oyuncaq at bağışladı. At taxtadan idi və bütünlüklə dəri ilə örtülmüşdü. Mən onunla oynamağı xoşlayırdım. Hərdən atın boynuna ip bağlayır və hər iki tərəfinə stul qoyaraq fayton düzəldirdim. Bir dəfə faytonu sürəndə nənəm məni qəfildən öpdü. Mən bərk əsəbiləşdim və göz yaşları içində "faytonçuları öpmürlər” deyərək qışqırdım. Elə o vaxt mənim aktyorluq qabiliyyətim üzə çıxdı. Mən öz hərəkətimlə at qovan kənd kişilərini xatırlatdım...» SSRİ Xalq artisti Vladimir Etuşun sənətə gəlişi bu kiçik epizoddan başlayıb. Hazırda xalqın sevimlisi, «Qafqaz əsiri»ndəki vətəndaş Saaxov, həmçinin Qaydayın «İvan Vladimiroviç peşəsini dəyişir» komediyasındakı diş həkimi Şpak bu gün 95 yaşını qeyd edir: «Mən bəxti gətirənlərdənəm. 95 ildir mövcudam. Qadınlar da bütün həyatım boyu ətrafımda olub. Ola bilər ki, məndə hansısa cazibə var. Nəhayət, mən gözəl oğlanam»- deyə aktyor yaşamaqdan zövq alır.

"Məni aktyorluğa götürməyəcəklər”
Aktyor uşaqlığı ilə bağlı şirin xatirələrini yaddaşında qoruyub: "Biz çətin yaşayırdıq. Hərdən anam əhvalımı düzəltmək üçün mənə, qənaət etdiyi qəpiklərdən verir və "istəyirsən piroq al, istəyirsən kinoya get” deyirdi. Mən pulu ovcumda sıxır və «piroq, yoxsa kino... Çarli Çaplin» deyərək fikirləşirdim. Bu gülməli adam haqqında düşünəndə istər-istəməz ayaqlarım məni kinoteatra, onun filmlərinə təkrar baxmağa aparırdı. O vaxtdan bəri fikirləşirəm ki, Çaplin ən faciəvi komik və ən komik faciəvi aktyordur. Mən kinoya sirk və teatr qədər vurulmuşdum. Bu sevgi mənə atamdan keçmişdi. Hər bazar günü atam məni mütləq tamaşaya aparırdı. İlk gördüyüm tamaşa Moskva Bədii Teatrında «Göy quş» idi. Səhnədə gördüyüm hər şey xoşuma gəlmişdi. Başa düşə bilmirdim ki, aktyorluq geni məndə hardandır, amma bu, məndə vardı. Məni bu sahəyə daxildən nəsə itələyirdi. Sonuncu sinifdə oxuyanda dram dərnəyinə gəldim. Dərnəyin rəhbəri Pavel Svişev mənə «Köhnə bağda» tamaşasında rol verdi. Yaddaşımda təkcə oynadığım rolun sevinci qalıb. Mən teatrla maraqlanmağa başladım. Biletli və ya biletsiz, teatra daxil olmağa çalışırdım. Bu məqsədimə nə qədər çətin nail olurdumsa, bir o qədər teatrı çox sevirdim. Amma əmin idim ki, məndən aktyor çıxmaz, qafqazlılar kimi qara idim. «Məni aktyorluğa götürməyəcəklər» fikrinə hakim kəsilmişdim. Ona görə də məktəbi bitirəndən sonra rejissorluğa daxil olmaq istədim, ancaq məni aktyorluğa götürdülər. İş ondadır ki, teatr məktəbinə daxil olmağa gələndə imtahan qəbul edən müəllimlər "Bir onun cizgilərinə baxın” deyib, məhz mənim gözəl zahiri görünüşümü qeyd etdilər. Mən heyrətdən donub qalmışdım. Beləcə, tələbə oldum. Bəxtim onda gətirdi ki, bizimlə Yevgeni Vaxtanqovun tələbələri onun metodikası üzrə məşğul olurdular. Mən özümü xoşbəxt hiss edirdim: artistliyi oxuyurdum, gözəl qızları sevirdim, onlar mənə eyni reaksiyanı verirdilər və birdən… müharibə…” Vladimir Etuş 1941-ci ildə cəbhəyə könüllü yollanıb. Şukin adına Teatr Məktəbinin tələbəsi olduğu üçün bronu olsa da, o, döyüşə getməyə səy göstərir. 19 yaşlı Etuş Qafqazda döyüşlərə başlayır. Ukraynanın azad olunmasında iştirak edir. Cəbhədəki şücaətinə görə, «Qızıl ulduz» və «Böyük Vətən Müharibəsinin birinci dərəcəli döyüş ordeni» ilə mükafatlandırılır. 1943-cü ildə Melitopel yaxınlığındakı döyüşlərdə ağır yaralanan gənc Moskvaya baş leytenant rütbəsi ilə qayıdır. Qələbə gününü isə 1945-ci ildə Böyük Teatrın səhnəsində qarşılayır. «Bu, mənim həyatda gördüyüm əsl xoşbəxtlik idi» - deyə Vladimir Abramoviç xatırlayır: «Xoşbəxtlik maddi kateqoriya deyil ki, onu əllərinlə tutasan. Həmin günün göz yaşları, günəş, ordenlərin parıltısı, insanların gülər üzləri gözümün qabağındadır. Müharibə haqqında mənim çoxlu xatirələrim var. Mən hər Qələbə günü qədəh qaldırıram».

Yaşını azaldıblar ki...
Vladimir Etuş yumor hissi ilə əslində 1922-ci il mayın 6-da dünyaya göz açdığını deyir. İş burasındadır ki, gələcək aktyorun valideynləri onun yaşını azaltmış və ona yenidən sənəd düzəltmişdilər ki, oğlan əsgərliyə bədəni bərkiyəndən sonra, bir il gec getsin. Sonradan Etuş özünün əvvəlki yaşını qaytarmaq istədikdə, məlum oldu ki, köhnə sənədlər itdiyindən bunu etmək mümkün deyil. Bax buna görə də aktyor yubileylərini ildə iki dəfə - köhnə və təzə qaydada qeyd edir.
Hər halda, Vladimir Etuş sanballı yaşdadır. Bu gün hələ də fəaliyyətdə olan qocaman aktyor, doğma Vaxtanqov teatrında dörd tamaşada baş rolları oynayır. Özü də necə oynayır! Yaxınlarda çıxmış «Benefis»də Etuş toxunma koftalı, saçları ağarmış qoca qadın obrazını – Sofiya İvanovnanı yaratmışdı. İlk baxışda o, Allahın fağır bəndəsidir, amma toxunma kofta altında dəmir iradəli, eqoist bir qadın gizlənir. Bax, 95 yaşlı aktyor belə bir eksperimentə cəsarət edib.
Aktyorun yubileyi ərəfəsində biz onun fiziki gücünün və uzunömürlülüyünün sirri ilə maraqlandıq. Həm də 101 yaşında səhnəyə çıxıb tamaşaçılarını sevindirən Vladimir Zeldini yad etdik. Axı Zeldin hər gün iti ilə gəzintiyə çıxır, spirtli içkilər qəbul etmir, qarabaşaq sıyığı ilə qidalanır, cavanlarla ünsiyyətdə olur və cavan aktrisalara komplimentlər söyləyirdi. Vladimir Etuşun uzunömürlülüyünün də buna bənzər qaydaları və ya sirrinin olub-olmamasını bilmək istəyərkən, həyat yoldaşı Yelena ilə söhbətləşməyi məsləhət bildi: "O hər şeyi məndən də yaxşı bilir” dedi.

Cavan qalmasının resepti
- Bəlkə Vladimir Abramoviçin uzunömürlü olması üçün xüsusi yemək resepti var. Məsələn qarabaşaq sıyığı kimi...
- Nə qarabaşaq sıyığı, siz nədən danışırsınız?! Vladimir Abramoviçin gözəl iştahası var. O, ətyeyəndir. Balığı, toyuğu sevmir. Yeməkdə şıltaqdır, əgər hazırlanmış yemək xoşuna gəlməzsə, bütün günü əhval-ruhiyyəsi pozulacaq. Nahara mütləq sup olmalıdır. Amma yoldaşım ən çox borşu sevir. Bax, bunu hər gün yeyə bilər.
 
- Bəs fiziki hazırlığı və idmansevərliyi haqda nə deyə bilərsiniz?
- Bağ mövsümündə o, üçtəkərli velosipedlə gəzişir. Qışda velotrenajoru fırladır. Hovuzda üzür. Vaxtanqov Teatrının aktyorları üçün fitnes mərkəzi açılıb. Vladimir Abramoviç hərdənbir ora da baş çəkir. Bütün bunlar düzgün həyat tərzi ilə uyuşur. Peşəsi həyatının tonusunu pozmamağı tələb edir. O, səhnəyə çıxanda, tamaşaçı alqışı eşidəndə enerjisi daha da çoxalır. Üstəlik, Vladimir Abramoviç səyahət etməyi sevir. O, yüksəkliyə asanlıqla dırmaşır. Hesab edirəm ki, təəssüratların dəyişikliyi də ömrü uzadır. Xüsusən, biz Avropaya tez-tez getməyi xoşlayırıq. Hər il İtaliyada və İspaniyada istirahət edirik. Elə bu günlərdə Avstriyadan - Vyananın 60 kilometrliyində yerləşən Rust şəhərindən qayıtmışıq. Orada bizim yaxın dostlarımız yaşayır.
 
- Siz Vladimir Abramoviçdən 43 il kiçiksiniz. Hesab edilir ki, gənclərlə ünsiyyət də uzunömürlülüyü təmin edir.
- Mənim müşahidələrimə görə, Vladimir Abramoviçə yaşlı insanlarla ünsiyyət ümumiyyətlə, maraqlı deyil. Qocalıq yaş deyil - qəlbin vəziyyətidir. Vladimir qəlbən cavandır, qadınlara kompliment deməyi sevir, onun gözləri daim alışıb yanır. İndi o, Mirey Matyeyə maraq göstərir. Biz Vyanada, Bratislavada və Piterdə müğənninin konsertlərinə getmişik. Payızda yenidən sevimli müğənnini dinləmək üçün Bratislavaya getməliyik. Artıq biletlərimizi də almışıq. Məndə qısqanclıq yoxdur. Əksinə, fəxr edirəm ki, insan 95 yaşında bu cür güclü emosiyaları hiss etməyə qadirdir.
 
- Etuşun nəsli uzunömürlü olub?
- Bildiyim qədər onun nənəsi 91 yaşına qədər yaşayıb. Valideynləri isə dünyalarını erkən dəyişiblər.
 
- Digər uzunömürlü aktyor Vladimir Zeldin kifayət qədər ciddi və çox da böyük olmayan ikiotaqlı mənzildə yaşayırdı. Bağ evi Moskvadan kənarda idi. Deyilənə görə, kənarda və sakitlikdə yaşamaq da ömrü uzadır...
 - Bizim bağımız İkşedədir. Su anbarının sahilində. Moskvanın mərkəzində də üçotaqlı mənzilimiz var. Daha bizə heç nə lazım deyil. Amma Vladimir Abramoviç komfortu sevir. İki il əvvəl biz böyük çətinliklə mənzilimizi təmir elədik. Düzdür, evimizi təmir edərkən başımıza oyunlar gəldi. İki il əvvəl "İdealnıy remont” proqramının prodüserləri bizə bağda qonaq otağını təmir etməyi təklif etdilər. Proqramla müxtəlif tikinti şirkətləri və podratçılar əməkdaşlıq edir. Bizimlə "Dizayn və təmir” firmasının direktoru Araik Mxitaryan işləyirdi. Onunla bizim ailəmiz arasında çəkilişlərdən sonra tanışlıq yarandı və o artıq bizə pul müqabilində Moskvada mənzilimizi təmir etməyi təklif etdi. Biz məsləhətləşdikdən sonra qərar verdik. Razılaşdıq ki, bir il sonra təmirə başlayaq. Bir il biz bu təmirə pul yığırdıq. 2015-ci ilin qışında konkret danışıb, işə başladıq. Araik bütün təkliflərini yazılı şəkildə bizə elektron poçtla göndərirdi. Martın sonunda Araik bizə gəldi və materialları almağı məsləhət gördü, çünki hər şey bahalaşır. Belə oldu ki, Vladimir Abramoviç xəstələndi və xəstəxanaya düşdü. Biz Araiklə danışıb ona dedik: "Təmiri başlayın. Xəstəxanadan çıxıb hazır evə gələk”. Ancaq təmir çox uzandı. Biz vəkilə müraciət etməli olduq. Şükür ki, həmin əsəbi günlər arxada qalıb. İndi həyətdə oturacaq yeri və kabab üçün balaca evcik düzəltmək haqda düşünürük. Vladimir Abramoviç bu ideyanı çox dəstəkləyir.

- Bəs həyat yoldaşınızın ziyanlı vərdişlərlə arası necədir?
- O, çoxdandır ki, siqaret çəkmir. Araq qədəhini iki il bundan əvvəl görüb. Hazırda əsasən köpüklü şərabı sevir. İtaliyada bu içkinin dadına baxıb. İndi də ancaq ondan içir.
 
- Vladimir Abramoviç qocalıqdan necə, qorxurmu?
- Əlbəttə, ölüm qaçılmazdır. O gün hamı üçün gələcək. Hərdən «bəsdir bu qədər yaşadım» deyir. Ancaq həyatdan zövq aldığı üçün heç zaman xəstəliklə və ölüm fikirləri ilə barışmır. O, həyata pərəstiş edir. Bəzən çətinliklər də ona xoş gəlir. Maraqlı adamlarla həmsöhbət olmaq, yaxşı havada gəzişmək, restorana getmək, dadlı yeməklər yemək, velosiped sürmək. Vladimir bağda üçtəkərli velosipedin pedalını əla fırladır. Moskvada olanda hərdən ədəbiyyatçılar evinə gedir. Ora bizim evimizdən çox da uzaqda deyil. Hərdən də çox sevdiyi «Qafqaz əsiri» restoranına. Burda eyniadlı filmi hər zaman göstərirlər. Vladimir Abramoviç həmin restoranın fəxri qonağıdır. Onu orada hər gün gözləyirlər...

Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6298
GBP 1 İngilis funt sterlinqi 2.2523
TRY 1 Türk lirəsi 0.4327
KWD 1 Küveyt dinarı 5.6294
SEK 1 İsveç kronu 0.2003
EUR 1 Avro 1.9959
CHF 1 İsveçrə frankı 1.7121
USD 1 ABŞ dolları 1.7002