• çərşənbə axşamı, 16 aprel, 10:07
  • Baku Bakı 14°C

Direktor olmaq istəyənlərin nəticələri daha aşağı olur

05.06.20 12:51 423
Direktor olmaq istəyənlərin nəticələri daha aşağı olur
Müəllimlərin işə qəbulu müsabiqəsi ilə müqayisə etdikdə görürük ki, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə qəbul prosesinə qatılan namizədlərin nəticələri daha aşağı olur.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
Direktor vəzifəsinə təyinat üçün müsabiqənin test və müsahibədən ibarət olmaqla iki əsas mərhələdə təşkil edildiyini xatırladan M.Camalzadə qeyd edib ki, direktorların işə qəbulu müsabiqəsinin test imtahanlarına qatılanların nəticələrinin ümumi mənzərədə daha aşağı olması bir neçə amillə əlaqədar ola bilər.
Onun sözlərinə görə, müsabiqə qismən yeni olduğu üçün namizədlərdə müvafiq istiqamətlər üzrə hazırlaşma vərdişlərinin zəif olması, məlumatlılığın azlığı və ya proses barədə fərqli təsəvvürün olması səbəbindən daha hazırlıqlı namizədlərin müsabiqəyə ümumiyyətlə qatılmaması, bu müsabiqənin test imtahanları proqramının digərlərinə münasibətdə daha qəliz, əhatəli və əsasən qanunvericiliyə yönəlik olması nəticələrinin daha aşağı olması ilə əlaqədar ola bilər.
M.Camalzadə əlavə edib ki, müsahibə mərhələsinin nəticələri də müqayisə olunan müsabiqənin anoloji mərhələsinə münasibətdə daha aşağıdır:
"Müsahibə komissiyası nazirliyin rəhbər şəxslərindən və ümumi təhsil fəaliyyətinə məsul olan struktur bölmələrin rəhbərlərindən ibarətdir. Bir neçə dəfə həmin komissiyanın üzvü olduğum üçün namizədlərin öz biliklərini sərgiləməsi sahəsində müəyyən müşahidələr apara bilmişəm. Bir mənalı olaraq qeyd edilməlidir ki, digər müsahibələrlə müqayisədə adıçəkilən proses zamanı komissiya üzvlərinin tələbkarlığı haqlı olaraq daha yüksəkdir. Bu isə müsahibə nəticələrinin aşağı olmasına səbəb olan əsas faktorlardan biridir. Hesab edirəm ki, müsahibələr zamanı namizədlərin üzləşdiyi əsas çətinliklər qanunvericilik və məktəbşünaslıqla əlaqədar nəzəri biliklərin aşağı olması, nəzəri bilikləri təcrübədə tətbiqetmə bacarığı və təsəvvürün qeyri qənaətbəxş olması, məktəbin idarəedilməsi və orada təhsilin inkişafı perspektivləri barədə gələcəyə baxış və planların tam formalaşmamasıdır. Təhsil sistemində kadr islahatlarının ən mühüm həlqələrindən biri direktor vəzifəsinə təyinat məsələsidir. Həmin vəzifəyə təyinat üçün müsabiqəyə daha hazırlıqlı kadrların qoşulması gələcək proseslərin səmərli inkişafı baxımından vacibdir".
banner

Oxşar Xəbərlər