• cümə axşamı, 28 mart, 23:46
  • Baku Bakı 13°C

Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin olunur

13.04.17 09:30 1083
Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin olunur
Tolerantlıq və multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, odlar diyarı adlandırılan bu məmləkətdə müxtəlif dinlərin təmsilçiləri olan çoxsaylı millətlər bir ailə şəklində yaşayır, yaradırlar. Bolşevik libasına bürünən daşnakların ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdiyi soyqırımılar istisna olmaqla, Azərbaycanın uzaq-yaxın tarixində heç zaman milli və dini zəmində qarşıdurma qeydə alınmayıb.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə gətirilməsindən sonra, eləcə də onun layiqli varisi İlham Əliyevin Prezident kimi ölkəyə rəhbərlik etdiyi vaxtdan indiyə qədər nəinki məscidlərin, eləcə də digər dinlərin ibadət evlərinin tikilməsinə, abadlaşdırılmasına heç bir problem yaradılmayıb. Konkret olaraq müsəlman əhalimizin ibadət evləri ilə bağlı statistik rəqəmlər də bu sahədəki real vəziyyəti ortaya qoyur. Belə ki, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatdırılıb. Hazırda ölkədə306məsciddövlət tərəfindən tarixi abidə kimi qorunur. Bu gün də Prezident İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda məscidlər yenidən qurulmaqda, bərpa olunmaqdadır.
Söylənilənlərə daha bir sübut olaraq xatırladaq ki, müsəlman aləminin ən müqəddəs ibadətgahlarından olan Şamaxı Cümə məscidi məhz milli mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilib. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidinin təmirdən sonra açılışında ölkə başçısı İlham Əliyev, həmçinin Qafqaz müsəlmanları müftiləri, İslam ölkələrinin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri və din xadimləri də iştirak ediblər.
Qafqazın ən böyük məscidinin – Heydər Məscidinin açılışında da şəxsən iştirak edən Prezident İlham Əliyev Azərbaycanda bütün azadlıqların, o cümlədən vicdan azadlığının təmin olunduğunu söyləyib. Prezident İlham Əliyev Azərbaycanda məscidlərin təmir olunması, yenilərinin tikilməsi ilə bərabər, digər başqa dinlərin məbədlərinin də tikilərək təmir edildiyini diqqətə çatdırıb. O, bunun Azərbaycan üçün həyat tərzi, cəmiyyətin normal yaşaması, ən nəhayət, dövlət siyasəti kimi qələmə verib. Bildirib ki, bu iki amil müsbət ab-hava yaradır, sabitliyə, inkişafa yol açır.
Məlumat üçün onu da əlavə edək ki, Şamaxı Cümə Məscidi və Heydər Məscidi ilə bərabər, Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir, İçərişəhər Cümə, Həzrət Məhəmməd, Əjdərbəy məscidləri, Gəncə "İmamzadə” kompleksi, eləcə də digər dini abidələr, məscidlər dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Bütün bunlar, yəni Azərbaycanda dövlətin din sahəsində həyata keçirdiyi siyasətin başlıca məqsədi bu sahədə mövcud olan qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi çərçivəsində dini tolerantlıq mühitinin qorunub saxlanması, hər bir vətəndaşın dini inanclarına hörmət göstərilməsi, dini ayinlərin yerinə yetirilməsinə şərait yaradılması, dini abidələrin, məscidlərin qorunub-saxlanmasıdır. Lakin əfsuslar olsun ki, Azərbaycandakı bu siyasətə, tolerant mühitə, dini dözümlülüyə kənardan müdaxilə etmək istəyən, ölkədəki sabitliyi bu yolla pozmağa çalışan qüvvələr də var. Məhz həmin qüvvələr bütün vasitələrə əla ataraq "qarışqadan fil düzəltməyə” çalışır, dini müstəvidə cəmiyyətdə narazılıq yaratmağa cəhd edirlər. Ötən gün "Hacı Cavad” məscidi ətrafında süni şəkildə yaradılan ajiotaj da bu qəbildəndir.
Xatırladaq ki, "Hacı Cavad” məscidi 1912-ci ildə inşa edilsə də, Demokratik Cümhuriyyətin süqutundan sonra, yəni sovetlər dövründə təyinatı üzrə fəaliyyət göstərməyib. Yalnız Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra dindarların istifadəsinə verilib. Uzun illər ərzində məsciddə fəaliyyət göstərən şəxslərə dəfələrlə dini icma yaradılması və dövlət qeydiyyatından keçməsi barədə müraciət edilsə də, indiyə qədər məscidin dini icmasının sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməyib. Çünki məscidi idarə edən şəxslər fəaliyyətlərinin rəsmiləşməsini istəməyib, qanunsuz fəaliyyət göstərməyə üstünlük veriblər. Ölkədə həyata keçirilən quruculuq və abadlıq tədbirləri çərçivəsində paytaxt Bakının bir sıra ünvanlarında da söküntü işləri aparılan zaman sözügedən məscidin sökülməsi də gündəmə gəlib. Yalnız bundan sonra qısa vaxtda dini icma formalaşdırılıb dövlət qeydiyyatından keçməyə hazır olduqları bildirilib. Onu da qeyd etmək yerinə düşər ki, məsciddə dini ayinləri icra edən Əhliman Rüstəmovun Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyinatı yoxdur, qeyri-rəsmi (qanunsuz) fəaliyyət göstərir. Bundan başqa, məscid məhəllə məscidi kimi inşa edilsə də, hazırda burada məhəllə sakinləri, demək olar ki, ibadət etmir. Hacı Cavad məscidi kiçik məhəllə məscidi olduğu üçün hətta onun minarəsi də yoxdur. Ümumiyyətlə, həmin ərazidə aparılacaq inşaat işlərinin miqyası və ətrafın gələcək görünüşü belə kiçik və qəzalı məscidin orada saxlanılmasını qeyri-mümkün edir.
Ən önəmlisi isə budur ki, Hacı Cavad məscidinin ətrafında dindarların ibadət etməsi üçün kifayət qədər məscid var. Ölkənin mərkəzi məscidi sayılan Təzəpir məscidi lap yaxınlıqdadır. Eyni zamanda, yaxınlıqda tarixi və böyük məscidlər olan "İmam Hüseyn”, "Qasım bəy”, "Hacı Sultanəli” və "Xanım Zəhra” məscidləri də var. Namaz vaxtlarında bu məscidlərdə hər hansı sıxlıq müşahidə olunmur. Belə olan halda, bir daha aydın olur ki, Hacı Cavad məscidi ilə bağlı gərginlik yaradanlar əsasən kənardan gəlmiş, xarici dini mərkəzlərdə təhsil almış və hazırda həbsdə olan Tale Bağırzadənin tərəfdarları, qondarma "Müsəlman Birliyi Hərəkatı”nın təəssübkeşləridir. Onlar məqsədli şəkildə məsələyə dini-siyasi çalar verərək gərginliyi artırmağa, dindarlar arasında dövlətə münasibətdə narazılıq yaratmağa çalışırlar. Bu isə xalqımızın çoxəsrlik tolerantlıq, dözümlülük, multikulturalizm ənənələrinə, Azərbaycanın dövlət siyasətinə, qanunlarına zidd addımlardır.
Mövzu ilə əlaqədar Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıda bildirib ki, "Sovetski”dəki 2 məscid heç bir qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb. Komitə sədri ərazidəki bütün köhnə tikililərin söküldüyünü, o cümlədən də orada iş aparıldığını diqqətə çatdırıb. Həmin ərazidə yaşayan insanlarla söhbət aparıldığını, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyini, beləliklə, sakinlərlə məsələnin razılaşdırıldığını deyən komitə sədri bildirib ki, məsələ ətrafında din adı altında süni ajiotaj yaratmaq istəyənlər var: "O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Vaxt namazlarında 15-20 nəfər gələr və ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır. Ötən əsrin əvvəllərində tikilmiş, tamamilə yararsız hala düşmüş məhəllə məscidi deyilən bir yer idi. Ərazinin ətrafında 4 böyük məscid var və necə lazımdırsa fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, suyu bulandırmaq, ümumi işə ziyan vurmaq istəyənlər dindən kənar, din adından istifadə edən qüvvələrdir. Bu adamların mömin insanlarla heç bir əlaqəsi yoxdur”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər