Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin olunur
Tolerantlıq və multikulturalizm Azərbaycan xalqının
həyat tərzidir. Əsrlərdir ki, odlar diyarı adlandırılan bu məmləkətdə müxtəlif
dinlərin təmsilçiləri olan çoxsaylı millətlər bir ailə şəklində yaşayır,
yaradırlar. Bolşevik libasına bürünən daşnakların ötən əsrin əvvəllərində azərbaycanlılara
qarşı törətdiyi soyqırımılar istisna olmaqla, Azərbaycanın uzaq-yaxın tarixində
heç zaman milli və dini zəmində qarşıdurma qeydə alınmayıb.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın
təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə gətirilməsindən sonra, eləcə də onun
layiqli varisi İlham Əliyevin Prezident kimi ölkəyə rəhbərlik etdiyi vaxtdan
indiyə qədər nəinki məscidlərin, eləcə də digər dinlərin ibadət evlərinin
tikilməsinə, abadlaşdırılmasına heç bir problem yaradılmayıb. Konkret olaraq
müsəlman əhalimizin ibadət evləri ilə bağlı statistik rəqəmlər də bu sahədəki
real vəziyyəti ortaya qoyur. Belə ki, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid
fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatdırılıb.
Hazırda ölkədə306məsciddövlət tərəfindən tarixi abidə kimi
qorunur. Bu gün də Prezident İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda
məscidlər yenidən qurulmaqda, bərpa olunmaqdadır.
Söylənilənlərə daha bir sübut olaraq xatırladaq ki,
müsəlman aləminin ən müqəddəs ibadətgahlarından olan Şamaxı Cümə məscidi məhz
milli mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident İlham
Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmadan
sonra xalqın istifadəsinə verilib. Azərbaycan ərazisində, bütövlükdə Cənubi
Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidinin
təmirdən sonra açılışında ölkə başçısı İlham Əliyev, həmçinin Qafqaz müsəlmanları
müftiləri, İslam ölkələrinin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri
və din xadimləri də iştirak ediblər.
Qafqazın ən böyük məscidinin – Heydər Məscidinin
açılışında da şəxsən iştirak edən Prezident İlham Əliyev Azərbaycanda bütün
azadlıqların, o cümlədən vicdan azadlığının təmin olunduğunu söyləyib.
Prezident İlham Əliyev Azərbaycanda məscidlərin təmir olunması, yenilərinin
tikilməsi ilə bərabər, digər başqa dinlərin məbədlərinin də tikilərək təmir
edildiyini diqqətə çatdırıb. O, bunun Azərbaycan üçün həyat tərzi, cəmiyyətin
normal yaşaması, ən nəhayət, dövlət siyasəti kimi qələmə verib. Bildirib ki, bu
iki amil müsbət ab-hava yaradır, sabitliyə, inkişafa yol açır.
Məlumat üçün onu da əlavə edək ki, Şamaxı Cümə Məscidi
və Heydər Məscidi ilə bərabər, Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir,
İçərişəhər Cümə, Həzrət Məhəmməd, Əjdərbəy məscidləri, Gəncə "İmamzadə”
kompleksi, eləcə də digər dini abidələr, məscidlər dövlət tərəfindən əsaslı şəkildə
təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Bütün bunlar, yəni Azərbaycanda
dövlətin din sahəsində həyata keçirdiyi siyasətin başlıca məqsədi bu sahədə
mövcud olan qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi çərçivəsində
dini tolerantlıq mühitinin qorunub saxlanması, hər bir vətəndaşın dini
inanclarına hörmət göstərilməsi, dini ayinlərin yerinə yetirilməsinə şərait
yaradılması, dini abidələrin, məscidlərin qorunub-saxlanmasıdır. Lakin əfsuslar
olsun ki, Azərbaycandakı bu siyasətə, tolerant mühitə, dini dözümlülüyə kənardan
müdaxilə etmək istəyən, ölkədəki sabitliyi bu yolla pozmağa çalışan qüvvələr də
var. Məhz həmin qüvvələr bütün vasitələrə əla ataraq "qarışqadan fil düzəltməyə”
çalışır, dini müstəvidə cəmiyyətdə narazılıq yaratmağa cəhd edirlər. Ötən gün
"Hacı Cavad” məscidi ətrafında süni şəkildə yaradılan ajiotaj da bu qəbildəndir.
Xatırladaq ki, "Hacı Cavad” məscidi 1912-ci ildə
inşa edilsə də, Demokratik Cümhuriyyətin süqutundan sonra, yəni sovetlər
dövründə təyinatı üzrə fəaliyyət göstərməyib. Yalnız Azərbaycan müstəqilliyini
ikinci dəfə bərpa etdikdən sonra dindarların istifadəsinə verilib. Uzun illər ərzində
məsciddə fəaliyyət göstərən şəxslərə dəfələrlə dini icma yaradılması və dövlət
qeydiyyatından keçməsi barədə müraciət edilsə də, indiyə qədər məscidin dini
icmasının sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməyib.
Çünki məscidi idarə edən şəxslər fəaliyyətlərinin rəsmiləşməsini istəməyib,
qanunsuz fəaliyyət göstərməyə üstünlük veriblər. Ölkədə həyata keçirilən
quruculuq və abadlıq tədbirləri çərçivəsində paytaxt Bakının bir sıra
ünvanlarında da söküntü işləri aparılan zaman sözügedən məscidin sökülməsi də
gündəmə gəlib. Yalnız bundan sonra qısa vaxtda dini icma formalaşdırılıb dövlət
qeydiyyatından keçməyə hazır olduqları bildirilib. Onu da qeyd etmək yerinə düşər
ki, məsciddə dini ayinləri icra edən Əhliman Rüstəmovun Qafqaz Müsəlmanları
İdarəsi tərəfindən təyinatı yoxdur, qeyri-rəsmi (qanunsuz) fəaliyyət göstərir.
Bundan başqa, məscid məhəllə məscidi kimi inşa edilsə də, hazırda burada məhəllə
sakinləri, demək olar ki, ibadət etmir. Hacı Cavad məscidi kiçik məhəllə məscidi
olduğu üçün hətta onun minarəsi də yoxdur. Ümumiyyətlə, həmin ərazidə
aparılacaq inşaat işlərinin miqyası və ətrafın gələcək görünüşü belə kiçik və qəzalı
məscidin orada saxlanılmasını qeyri-mümkün edir.
Ən önəmlisi isə budur ki, Hacı Cavad məscidinin ətrafında
dindarların ibadət etməsi üçün kifayət qədər məscid var. Ölkənin mərkəzi məscidi
sayılan Təzəpir məscidi lap yaxınlıqdadır. Eyni zamanda, yaxınlıqda tarixi və
böyük məscidlər olan "İmam Hüseyn”, "Qasım bəy”, "Hacı Sultanəli” və "Xanım Zəhra”
məscidləri də var. Namaz vaxtlarında bu məscidlərdə hər hansı sıxlıq müşahidə
olunmur. Belə olan halda, bir daha aydın olur ki, Hacı
Cavad məscidi ilə bağlı gərginlik yaradanlar əsasən kənardan gəlmiş, xarici
dini mərkəzlərdə təhsil almış və hazırda həbsdə olan Tale Bağırzadənin tərəfdarları,
qondarma "Müsəlman Birliyi Hərəkatı”nın təəssübkeşləridir. Onlar məqsədli şəkildə
məsələyə dini-siyasi çalar verərək gərginliyi artırmağa, dindarlar arasında
dövlətə münasibətdə narazılıq yaratmağa çalışırlar. Bu isə xalqımızın çoxəsrlik
tolerantlıq, dözümlülük, multikulturalizm ənənələrinə, Azərbaycanın dövlət
siyasətinə, qanunlarına zidd addımlardır.
Mövzu ilə əlaqədar Azərbaycanın Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıda bildirib ki,
"Sovetski”dəki 2 məscid heç bir qeydiyyatda deyil, köhnə olduğu üçün
yararsız hala düşüb. Komitə sədri ərazidəki bütün köhnə tikililərin
söküldüyünü, o cümlədən də orada iş aparıldığını diqqətə çatdırıb. Həmin ərazidə
yaşayan insanlarla söhbət aparıldığını, lazım gələrsə, başqa yerdə eyni məhəllə
məscidinin tikiləcəyini, beləliklə, sakinlərlə məsələnin razılaşdırıldığını deyən
komitə sədri bildirib ki, məsələ ətrafında din adı altında süni ajiotaj
yaratmaq istəyənlər var: "O məscidlərə ən çox halda cümə və bayram
namazına 80-100 nəfər ancaq yığılardı. Vaxt namazlarında 15-20 nəfər gələr və
ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır. Ötən əsrin əvvəllərində
tikilmiş, tamamilə yararsız hala düşmüş məhəllə məscidi deyilən bir yer idi.
Ərazinin ətrafında 4 böyük məscid var və necə lazımdırsa fəaliyyət göstərir,
insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir
narazılığı yoxdur, əksinə məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj
yaradanlar, suyu bulandırmaq, ümumi işə ziyan vurmaq istəyənlər dindən kənar, din adından istifadə edən
qüvvələrdir. Bu adamların mömin insanlarla heç bir əlaqəsi
yoxdur”.
Alpər
TURAN