Dillərimiz getdikcə yaxınlaşır, tərcüməyə ehtiyac qalmır
Azərbaycan üçün çalışanlar dünyanın dörd bir
tərəfində var. Bəziləri bu millətin nümayəndələridir, bəziləri ölkəmizi
sevənlər. Yavuz Akpinar böyük alimdir və Azərbaycanımızı sevən, əməllə xidmət
edən ziyalıdır. O "Kaspi” və "Tərcüman” qəzetlərinin bütün saylarının elektron
resursa çevirib, İsmayıl bəy Qaspiralının bütün elmi irsini çapa hazırlayıb,
Azərbaycanın bir çox şair və yazıçılarının əsərlərini Türkiyədə ilk dəfə dərc
etdirib, Mirzə Fətəli Axundovun həyat və yaradıcılığını tədqiq edib. Onun
xidmətləri o qədər çox, saysız-hesabsızdır ki, hamısını bütün əhatəliliyi ilə
çatdırmaq çətindir. O, yaşadığımız əsrin yorulmaz araşdırıcısı, böyük alimidir.
– Bildiyiniz kimi, bu il bizim "Kaspi” qəzetinin
135 yaşı tamam olur. Bu qəzetlə bağlı sizin fikirlərinizi öyrənmək istərdim.
"Kaspi” Azərbaycan mətbuatı tarixindəki yerini necə xarakterizə edərdiniz?
– Əslində,
bu mövzuda iki fikir demək olar. Bir tarixi, yəni keçmişdə çap olunan "Kaspi”
və müasir dövrdəki "Kaspi” barədə. Bu gün mən mətbuatı internetdən izləmə
imkanına sahibəm və Azərbaycanla bağlı biri kimi də hər gün nəsə oxumağa
çalışıram. Və məncə, "Kaspi” qəzeti Azərbaycandakı qəzetlərin içərisində ən
yaxşılardan biridir. Bu qəzetin Azərbaycanın daha da tərəqqi etməsinə, irəli
getməsinə, modernləşməsinə, demokratikləşməsinə böyük miqyasda xidmət etdiyinə
inanıram. Son dövrlərdə Sona Vəliyevanın bəzi əsərlərini oxuduqdan, məsələn,
"İşığa doğru gedən yol” romanı və s. onun Azərbaycana, dünya problemlərinə
hansı gözlə baxdığını daha yaxından izləmə imkanı tapdıqdan sonra "Kaspi”
qəzetinin bu yolda daha da böyük nailiyyətlər əldə edəcəyinə inamım artdı.Mən "Kaspi”
qəzetinin 135 illiyini ürəkdən təbrik edirəm və bu nəşrə gələcək fəaliyyətində
böyük uğurlar arzulayıram. Amma tarixi "Kaspi” qəzeti haqqında fikrimi daha
asanlıqla söyləyə bilərəm. Çünki o dövr - XIX əsrin sonu XX əsrin əvvəllərində
bütün Rusiya müsəlmanları, türk dünyası mənim elmi fəaliyyətimin əsas sahəsini
təşkil edir. Deyə bilərəm ki, "Kaspi” artıq müsəlman qəzeti adını qazanandan
sonra sadəcə Azərbaycanın deyil, bütün Rusiya müsəlmanlarının mətbu orqanı
oldu. Bu gün Azərbaycan deyəndə, əslində, kiçik bir coğrafi ərazini nəzərdə
tuturuq. Halbuki, 1905-ci illərdə "Kaspi” bütün Qafqaza, yəni dağıstanlılara,
ləzgilərə, kumuklara, qaraçaylara, gürcü müsəlmanlarına (acarlara) da xitab
edirdi. Deməyə ehtiyac yoxdur ki Ermənistan ərazisində yaşayan türklər də bu
qəzeti oxuyurdular. Məsələ bununla da bitmir. Krımda, Volqaboyundakı tatarlar,
hətta kazaklar arasında da "Kaspi” qəzeti oxunurdu. Daha az nisbətdə olsa da
Orta Asiyada özbəklər, türkmənlər arasında da qəzetin təsiri var idi. Ona görə
də "Kaspi”yə geniş bir nöqteyi-nəzərdən yanaşmaq lazımdır, sadəcə Azərbaycan
tərəfindən yox. Bunun bir səbəbi də budur ki, 1905-ci ildə artıq bütün türk
xalqlarında rus dili öyrənən ziyalıların sayı artmışdı. XIX əsrin ortalarında isə
belələrinin sayı az idi. Məsələn, Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin
zamanında nə qədər adam rusca bilirdi? Barmaqla sayılacaq qədər. Amma 1905-ci
ildə Azərbaycanda təkcə Qoridən məzun olan kifayət qədər rus dilini bilən var
idi. Demək ki, bir tatar, kazak, noqay, kumuk, özbək bəlkə də Azərbaycan
türkcəsini oxusa başa düşməyəcəkdi, amma rusca bildiyinə görə rus dilində
yazılan qəzeti oxumağında problem yox idi. Ona görə də "Kaspi”nin bütün Rusiya
müsəlmanları arasında çox böyük etibarı və təsiri olub. Xüsusilə, 1905-ci ildən
sonra Rusiya müsəlmanları arasında bu qəzetin əhəmiyyəti İsmayıl bəy Qaspiralı,
Əlimərdan bəy Topçubaşov, Yusuf Akçura, Seyit Gəray Alkin, Abdurreşid İbrahim
kimi ziyalıların liderliyində toplanan Rusiya müsəlmanları konqreslərində heç
bir şübhəyə imkan verməyəcək dərəcədə anlaşılmışdı. İlk konqres Nijni
Novqorodda keçirildi və ondan sonra 1917-ci ilə qədər bu konqreslər davam etdi.
Daha sonra Dumada "İttifaq-ı Müslimin” adlı partiyanın sədrliyini edən "Kaspi”
qəzetinin baş redaktoru Əlimərdan Topçubaşı
böyük bir ziyalı və nüfuzlu siyasi lider kimi bütün Rusiya müsəlmanları
tərəfindən qəbul edilmişdi. Sovet dövründə də Rusiya müsəlmanları konqresləri
davam etdi, Bakıda 1917-ci ildə Ümumrusiya müsəlmanları konqresi oldu. Bu
konqreslərdə Topçubaşov çox böyük bir rol oynadı. Eyni zamanda, bu konqreslərin
gedişi zamanı tatar, kazak, azərbaycanlı və digər türk xalqlarının
nümayəndələri bir araya gəlib bir-biriylə tanış olmağa başladı. Bununla da belə
bir fikir formalaşdı ki, Qaspiralının, Topçubaşovun, tatar ziyalılarından Yusif
bəy Akçura, Əbdurrəşid İbrahimin liderliyi ilə "İttifaqi-müslimin”, yəni
müsəlmanların ittifaqı adlı bir partiya yaransın. Və o partiya, hətta seçkilərə
də getmək istədi. Düzdür, bəzi şeylər arzuladıqları kimi olmadı, çünki o dövrdə
Rusiya Dumanı tez-tez dağıdır və təkrar seçkilər təyin edirdi. Amma yenə də
bütün türk xalqları və müsəlmanları tarixdə ilk dəfə bir iş birliyi və
qardaşlıq anlaşmasını hiss etdilər. Bu zəmini hazırlayan və 1917-ci ilə qədər
davamlılığını mümkün edən fikir ocaqlarından biri də "Kaspi” idi. İsmayıl bəy
Qaspiralının "Tərcüman” qəzeti, "Həyat”, "İrşad” qəzeti və digər Azərbaycan
qəzetləri də həmçinin. 1917-ci ilə qədər Rusiyada çıxan qəzetlərin aralarında
bir ittifaq, iş birliyi var. Qarşılıqlı şəkildə bir-birilərinin yazılarını
alırdılar, xəbərlər verirdilər. Təəssüf ki, Türkiyədə də, Azərbaycanda da türk
xalqlarının qəzetləri arasındakı münasibətlər hələ də əhatəli tədqiq olunmayıb.
Amma mən türk dünyası fikir və ədəbiyyat hərəkatları ilə məşğul olan adam kimi
bunun əhəmiyyətini anlayıram. Bu məsələlər öz tədqiqatçısını gözləyir. Dediyim
tədqiqat aparılsa, "Kaspi”nin müsəlman türkləri arasında nə qədər əhəmiyyətə
malik olduğu görüləcək. Tatar ziyalıları müsəlmançılıq ideallarında bir az
mühafizəkardırlar. Tatarların belə olmasının səbəbi də rusların 1552-ci ildə
Kazan şəhərini tutduqdan sonra burada çoxlu sayda qətilamlar, qırğınlar
törətmələri idi. Buna görə də o ərazidə yaşayan tatarlar ruslarda nə gördülərsə
rədd ediblər. Bunu qeyri-müsəlman hərəkəti kimi qəbul edib və içlərinə
qapanmışdılar. Dolayısıyla, XIX əsrin ortalarından başlayan tatarların oyanma
hərəkatında ziyalılar Qərb mədəniyyətini əxz eləsələr də, özlərini dini
təsirdən xilas edə bilmədilər. Amma Azərbaycan aydınları, məsələn, Peterburqda
oxuyan Əli bəy Hüseynzadə, Moskvada oxuyan Həsən bəy Zərdabi, Əlimərdan bəy
Topçubaşov, Əhməd bəy Ağaoğlu isə Qərb mədəniyyətini həqiqi və hərtərəfli
mənada öyrənmişdilər. Bütün bunları Rusiya müsəlmanları arasında yaymaqda isə
vasitəçi rolunu qəzetlər oynayırdı ki, "Kaspi” qəzeti onlar arasında xüsusi
çəkiyə malikdir. "Kaspi”yə bu baxımdan yanaşmaq lazımdır. Tatar ziyalılarının
Qərb mədəniyyəti qarşısındakı tərəddüdlərini bir az da Azərbaycan ziyalıları
aradan qaldırdılar. Hətta, bu işin başında olan Axundov daha da irəliyə getdi.
Dolayısıyla, mən "Kaspi” qəzetinin əhəmiyyətinin günümüzdə yenidən tədqiq
olunmasının, obyektiv bir şəkildə ortaya çıxarılmasının tərəfdarıyam və ümid
edirəm ki, bu tədqiqlər aparılacaq.
- "Kaspi”yə yazan müəlliflərin çoxu Azərbaycan Xalq
Cümhuriyyət yarananda onun əsasında dayanan adamlar idilər. "Kaspi”nin,
ümumiyyətlə, Azərbaycan Cümhuriyyətinə, onun fikir tarixinin formalaşmasına
təsiri nədən ibarət oldu?
-
"Kaspi” sadəcə 1917-ci ildən sonra Azərbaycandakı istiqlal hərəkatını dəstəkləyən
qəzetlərdən biri olmamış, eyni zamanda bütün Rusiya müsəlmanlarının istiqlala,
qurtuluşa gedən yolunda çox böyük rol oynamışdır. Yəni, qəzetin sadəcə
Azərbaycan Cümhuriyyətinin ortaya çıxmasında deyil, Tatar Cümhuriyyətinin, özbəklərin
Buxara Xalq Cümhuriyyətinin, Krım tatarlarının hökumətlərinin qurmasında da rolu
vardır. Əvvəldə də qeyd etdiyim kimi, müsəlman konqresləri istiqlala gedən yolu
hazırladılar. "Kaspi”ylə birlikdə çıxan Azərbaycan, Tatar qəzetləri, İsmayıl
bəy Qaspiralının "Tərcüman” qəzeti istiqlal yolunu açdılar. O istiqlal
təfəkkürü bu qəzetlərin nəşriyyatından çıxdı. Əli bəy Hüseynzadənin "Həyat”
qəzetindəki, Əhməd bəy Ağaoğlunun müxtəlif mətbu orqanlarda dərc olunan
yazıları da istiqlal yolunda əhəmiyyətli rola malikdir. Yəni, türk xalqlarının
milli şüura çatmasında, xüsusilə, Əli bəy Hüseynzadənin "Türklər kimdir,
kimlərdən ibarətdir?” yazısı olduqca əhəmiyyətlidir. Bu yazının sadəcə
Azərbaycan türklərinin deyil, bütün Rusiya türklərinin milli şüurlarının
oyanmasında çox böyük rolu oldu.
– Haqlarında danışıqlarınız şəxsiyyətlərdən
bəziləri həm də ədəbiyyat adamları idilər. Həmin dövrün ədəbi mənzərəsinin
yaranmasında "Kaspi”nin rolu nədə idi?
– Təkcə
"Kaspinin deyil, bu işdə bir çox qəzetlərin rolu var idi. Əvvəla, rus
ədəbiyyatını nümunə kimi göstərirdilər və bununla Qərb ədəbiyyatına gedən yolu
açmış kimi görünürdü. Yəni rus ədəbiyyatı birinci dərəcədə idi. Bu ənənəni
birinci dəfə qıran Əli bəy Hüseynzadə olub. O, "Həyat”dakı yazıları ilə
göstərdi ki, insanlığın səadətinin yolu və gələcəyi Qərbdə-Avropa
ədəbiyyatındadır. Yəni Rusiyanı da təsir altına alan bir Qərb ədəbiyyatı,
mədəniyyəti var. Ona görə də siz "Həyat”a, "Füyuzat”a baxsanız, burada Hötedən,
Şillerdən, Şekspirdən bəhs olunduğunu görə bilərsiniz. Həmçinin, Əhməd bəy
Ağaoğlunu da nümunə göstərə bilərik. Daha sonrakı qəzetlərdə də bu var.
Dolayısıyla, sadəcə "Kaspi” deyil, digər qəzet və jurnallar da Azərbaycanın
gözünü bütün dünyaya açdılar. Rus mühitindən başqa da bir mühit olduğunu xalqa,
ziyalılara öyrətdilər.
– Sonralar
"Kaspi”ni artıq "Müsəlman Kaspi”si adlandırmağa başladılar. Bu həm də qəzetin
ətrafına toplaşan ziyalıların mövqeyi
idi. Siz bu prosesin həm tarixini bilirsiniz, həm də bu qəzetin
arxivləşdirilməsində, mənbələşdirilməsində xidmətləriniz olub.
– O yol Axundovla
başladı. Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının, Seyid Əzim
Şirvaninin də müəyyən dərəcədə rolu olsa da, əsl Qərb fikir həyatının başında
dayanan Axundovdur. Onu bu mövqeyə gətirən rus dilini bilməsi idi. Buna rus
dilini bildiyinə görə ruscada Avropa mütəfəkkirlərinin, məsələn, Volterin
yaradıcılığı ilə tanışlığını misal göstərmək olar. Məncə, Axundova ən böyük
təsir edən də elə Volter olub. Amma, unutmayaq ki, o dövrlərdə Osmanlıda –
Şinasi, Namiq Kamal, Ziya Paşa, Əli Suavi kimi fikir və ədəbiyyat adamlarının
başında dayandığı bir türk modernləşməsi var idi. Prosesdə müəyyən dərəcədə bu
modernləşmənin də rolu var idi. Türkiyədəki modernləşmələr də 1870-ci illərdə
artıq yüksək səviyyədə idi və hərəkatdan Həsən bəy Zərdabinin də xəbəri var
idi. Daha sonrakı illərdə M.Şahtaxtlı Türkiyədə olub və İstanbulda qəzet
müxbiri kimi çalışıb. Türkiyədəki yeniləşmə hərəkatlarından Ə.Ağaoğlunun və Ə.Hüseynzadənin
də xəbəri var idi. Türkiyədəki yeniləşmə hərəkatları, ümumilikdə, Qərb
mədəniyyətinin müsəlman, türk yolu idi. Bu yolun başında Namiq Kamal dururdu.
1912-ci ildə M. Ə. Rəsulzadənin İrandan Türkiyəyə gəldiyi zamanlarda, bu kimi
ziyalıların axını nəticəsində Türkiyədə bir islamçılıq, türkçülük hərəkatı
formalaşmışdı. Bu hərəkat, xüsusilə, islamçılıqla başladı. İslamçılıq
hərəkatına dünya miqyasında bir canlılıq gətirən Cəmaləddin Əfqani idi.
Cəmaləddin Əfqani Rusiya ziyalılarını da təsir altına almışdı. Əhməd bəy Ağaoğlu
Parisdə olduğu zamanda C.Əfqani ilə birbaşa münasibətdə idi və tez-tez əlaqə
saxlayırdılar. Yəni, C.Əfqaninin təsirini Ə. Ağaoğluda da görə bilərsiniz. Bu
təsirlər Türkiyə mətbuatının Azərbaycana gəlməsinə səbəb oldu. Azərbaycanda bu
fikir həyatının formalaşmasında Rusiyanın, birbaşa Qərb-Avropa ədəbiyyatının
təsiri var. Türkiyədə türkə və islama görə yenidən düşünülmüş bir Qərb
mədəniyyəti var. Məsələn, İslamda Qərb mədəniyyətini necə yaşamaq olar? Türkiyə
bunun təcrübəsini N. Kamalın simasında yaşayıb. "Kaspi” qəzeti və o dövrdə dərc
olunan Azərbaycan mətbu orqanları bu 3 mədəniyyətin – Qərb-Rusiya və Türkiyənin
təsiri altında olub. Amma bu sintezi Azərbaycan ziyalıları Kazan tatarlarından
daha yaxşı səviyyədə ortaya çıxardılar və Qərb mədəniyyətini daha yaxşı
mənimsəyə bildilər.
– Sizcə, bu nə ilə bağlı idi, ziyalıların Fransada,
Rusiyada təhsil almaqları ilə, yoxsa...
– Əlbəttə,
onunla bağlı idi. Amma o dövrdə Azərbaycan ziyalıları Türkiyə türkcəsini
oxumaqda və yazmaqda çətinlik çəkmirdilər. Siz 1910-cu ildə Azərbaycanda çap
olunan bir məqaləni gətirin, mən də həmin ildə Türkiyədə çap olunan məqaləni
gətirim, müqayisə edək. Hansının Azərbaycan, hansının Osmanlı türkcəsində
olduğunu ayırmaqda çətinlik çəkərik. Dil bu qədər yaxın olanda türk mühitinin
təsiri altında qalmaq asandır. Eyni təsir İranda da var idi. İrandakı
modernləşmə hərəkatları Osmanlı təsiri ilə meydana çıxıb. İranda birbaşa Avropa
təsiri yoxdur. Uzaqdan-uzağa Rusiya təsiri sezilir, amma birbaşa olaraq Osmanlı
mühitinin təsirini açıq-aydın görmək mümkündür. XIX əsrin sonlarında Türkiyənin
təsiri altında qalan İran ədəbi mühitinin başında Azərbaycan türkləri dururdu.
Bu da öz təsirini göstərirdi. Osmanlı türkcəsi onların da ana dili idi. Amma,
Azərbaycanda Türkiyə təsiri nədənsə gözdən qaçıb.
– Siz bir məsələyə toxundunuz, Avropa, Türkiyə və
Rusiya təsirinə. Bu təbii ki, onlarda bir düşüncə fərqi də yaradırdı. Bu
parçalanmanın mənfi təsiri nədə oldu?
– Bunun
Azərbaycanda obyektiv təhlil və tədqiq olunduğu qənaətində deyiləm. "Füyuzat”
və "Molla Nəsrəddin” jurnallarını qarşı-qarşıya qoymağı sovet ideologiyasının
məqsədi sayıram. "Füyuzat” jurnalı Avropa mədəniyyətini, avropalaşma,
modernləşmə və Avropanın ən yaxşı cəhətlərini götürməyi açıq söyləyirdi. Və siz
orada ilk dəfə olaraq Hötenin şeirlərini, Şekspirin əsərlərinin tərcümələrini
görə bilərsiniz. "Molla Nəsrəddin” nə istəyirdi? O da avropalaşmaq istəyirdi,
ruslaşmaq istəmirdi. Kim deyə bilər ki, onlar ruslaşmaq istəyirdi? "Molla
Nəsrəddin” Türkiyədə və Azərbaycanda cəhalətdən doğulan mühafizəkarlığı,
"ölülüyü” yıxmaq istəyirdi və bunlara qarşı çıxırdı. "Füyuzat” və "Həyat” isə
bu mühafizəkarlığı təmkinlə yumşaltmaq istəyirdi. İkisinin də istəyi eyni, istifadə
etdiyi yollar başqa idi. Yollar fərqli idi deyə, bu insanların dünyagörüşlərini
fərqli zənn etmək doğru deyil.
– Amma, məncə, "Molla Nəsrəddin”də rusa daha çox
yaxınlıq var idi. Çünki, Mirzə Cəlilin xətti bunu göstərir.
– Çünki Mirzə
Cəlil fransızca və digər Avropa dillərində bilmirdi. Məcbur idi ki, rus fikir
çərçivəsində qalsın. Ən yaxşı halda Türkiyə ədəbi mühitindən xəbərdar olurdu.
Mirzə Cəlil Qori Seminariyasının məzunu idi, orda yetişmişdi. Amma Ə.Hüseynzadə
fransızca, almanca, ərəbcə, rusca, farsca bilirdi. Yəni, ziyalılıq və Avropa
mədəniyyətini mənimsəmək nöqteyi-nəzərindən C.Məmmədquluzadə və Ə.Hüseynzadəni
müqayisə etmək olmaz. Amma onları bir-birinə düşmən kimi təqdim etmək də düzgün
deyil. Necə ki, C.Məmmədquluzadə xatirələrində deyir ki, Ə.Hüseynzadə Türkiyəyə
gedərkən Tiflisdə "Molla Nəsrəddin”in redaksiyasına baş çəkir, onlar söhbət
edirdilər. C.Məmmədquluzadə çox sevinir, ona elə gəlirmiş ki, Ə.Hüseynzadə elə
bir yüksək mövqedədir ki, o gəlib mənimlə söhbət belə etməz. Amma Ə.Hüseynzadə,
məhz onlara görə bura baş çəkdiyini deyir və bildirir ki, siz çox sadə bir
dillə yazırsınız. Həqiqətən, jurnallar arasında bir dil-üslub fərqi var idi və
bu, başqa bir problemdir. Ə.Hüseynzadə də orada bunu C.Məmmədquluzadənin
nəzərinə çatdıraraq deyir: "Sadə dil ilə yazmaq da bir fəzilətdir və heç də
asan deyildir”. Mirzə Cəlilin dili ərəb və farsın təsiri altında idi və çox
sadə dil sayılırdı. Amma bugünkü ədəbi dil ilə müqayisə etsək, Mirzə Cəlilin
dilinin çox da sadə bir dil olmadığını görərsiniz. Bu gün məktəb təhsilində heç
kim deyə bilməz ki, mən lüğətsiz Mirzə Cəlilin yaradıcılığını oxuyuram.
Əslində, Ə.Hüseynzadənin yazdıqlarını da lüğətsiz oxuya bilməzlər. Bəs Ə.
Hüseynzadə niyə elə bir dildən istifadə edirdi? Halbuki, o dövrlərdə İsmayıl
Qaspiralı bütün türk dünyasında çox sadə bir türkcədə yazırdı, onun da
Azərbaycanda ən gözəl təmsilçisi Hüseyn Caviddir. Baxın, bu gün H.Cavidin dili
qaldı, amma C.Məmmədquluzadənin dili qalmadı. H.Cavidin dilindən ədəbi mühitə
yol keçdi. M.Hadi də fərqli idi, o Ə.Hüseynzadəyə yaxın bir dildə yazırdı.
Ə.Hüseynzadənin Osmanlı türkcəsini seçməkdə məqsədi var. Və bu səbəbi nə üçünsə
gözdən qaçırırlar. Hüseynzadə deyirdi ki, türklər müsəlman olduqdan indiyə
qədər qarşılarında ərəbcə, farsca ədəbiyyat nümunələri – ədəbi, dini əsərlər və
s. vardı. Türklər məcbur idi bu əsərləri oxusunlar və anlasınlar. Və həqiqətən
də, biz ədəbiyyatda farscanı, elmdə də ərəbcəni götürdük. Bütün türklər XIX
əsrin sonlarına qədər ərəb, fars dili ilə gəldi. XIX əsrin sonunda Osmanlı
modernləşmə hərəkatı Avropaya doğru böyük bir cərəyan halında getdikdən sonra
dildə də yeniləşmə əmələ gəldi. Məktəblər də yeniləndi. O dövrdə hökumətin
rəsmi dili ilə məktəb dərsliyi yazmaq mümkün deyildi. Çünki o rəsmi dairələr
arasındakı yazışma, ədəbiyyatda, təsəvvüfdə istifadə olunan dil idi. Bu dilin
sadələşmə məcburiyyəti vardı, bunu da Şinasi başlatdı. Amma eyni zamanda,
Avropadan o qədər çox tərcümələr edildi ki, XX əsrin əvvəllərinə gələndə
Osmanlıca Avropadan hər hansı fikir və sənət əsərini tərcümə etmək üçün yetərli
bir vəziyyətə gəlmişdi. Bu, Ə.Hüseynzadənin fikridir, mənim yox. Əli bəy deyir
ki, indiyə qədər hamımız - bütün müsəlman dünyası ərəbcə, farsca bilmək
məcburiyyətində idik, lakin artıq Osmanlı türkcəsi Avropa mədəniyyətindən
bəhrələndikcə və çoxlu tərcümələr etdikcə elə yetkin bir hala gəlib ki,
istədiyiniz Avropa ədəbi əsərini çətinlik çəkmədən tərcümə edə bilərsiniz. Və
gəldiyi bu nöqtədə ərəblər də, farslar da Osmanlı türkcəsi ilə yazmaq
məcburiyyətindədir. Çünki bu dil artıq o üç dilin imkanlarını ehtiva edəcək
qədər çox zənginləşib. Ə.Hüseynzadə bu zəngin dildən xəbərdar idi. Amma tarixin
təbii gedişi sadə türkcəni ortaya qoydu. Bizdə Milli Ədəbiyyat cərəyanı - Ziya
Gökalp, Ömər Seyfəddin, Əli Canib şüurlu şəkildə günümüzdəki türkcənin önünü
açdı. Ə.Hüseynzadə haqlı idi. Mükəmməl bir sənət əsərini tərcümə etmək üçün
Azərbaycan türkcəsi o günlərdə yetərli deyildi. Bununla bir Şekspir tərcümə edə
bilməzdin, amma Osmanlıca edə bilərdin. Amma indi təbii ki, etmək olar, çünki
dil artıq bəlli bir prosesdən keçdi.
– Amma Cəlil Məmmədquluzadə rus müəlliflərini
əsərlərini tərcümə edirdi.
– Çünki
o müəlliflər Şekspirin dramları, "Faust” səviyyəsində deyildi. Nəsr tərcümə
etmək asan məsələdir, bədii dil ayrı şeydir.
– Ə.Hüseynzadənin Hötedən, "Faust”dan tərcümə
parçaları var. O tərcümə parçaları təbii ki, Türkiyə türkcəsindədir. Onu
sadələşdirəndə görürsən ki, nəsə çatmır.
– Amma
Osmanlıcanı bilən adam kimi oxusan sadələşdirməyə ehtiyac qalmır. Şübhəsiz ki,
onların yenidən tərcümə olunması lazımdır. O müddət çoxdan başa çatıb. Qaspiralı
haqlı çıxdı, sadə dil qalib gəldi. "Həyat” qəzeti çıxanda Qaspiralı Hüseynzadəyə
sadə dildə yazmağı tövsiyə edir.
– Qaspiralının naşirlik fəaliyyəti daha böyük
miqyaslı idi. Siz onun irsini tədqiq etmisiniz, elmi nəşrin hazırlamısınız və
bu nəşrin birinci cildinə onun məhz, bədii ədəbiyyat nümunələrini salmısınız.
Kitabları bu cür tərtib etməkdə məqsədiniz nə idi, onu daha çox yazıçı kimi
göstərmək istəyirdiniz?
–Mən onun
külliyyatını nəşrə hazırlamışam. Bədii, ədəbi əsərlərini birinci cilddə
topladım. Ona görə ki, Sovet imperiyası dağıldıqdan sonra Türkiyənin digər türk
xalqları ilə münasibətləri daha da dərinləşdi, yəni arada Sovet dəmir pərdəsi
qalmadı. Qaspiralının Türkiyədə əsərləri yoxdur, dolayısıyla onun zamanında
"Tərcüman” qəzetində yazdığı bədii əsərlər unudulmuşdu, ancaq adları var idi. Mən
onları nəşr etdikdən sonra indi Türkiyədə bütün universitetlərdə dərs kitabı
kimi istifadə olunur. Türkiyə filologiyasının Azərbaycan filologiyasından fərqli
tərəfi var. Fuad Köprülü türk ədəbiyyatının tamamını önümüzə qoyub. Yəni, biz
universitetdə türk dili və ədəbiyyatı oxuyanda sadəcə Türkiyə türkcəsi və
ədəbiyyatını oxumuruq. Göytürk kitabələrindən başlamış Əlişir Nəvaidən,
Füzulidən qıpçaqların ədəbiyyatına qədər hər şeyi oxuyuruq. Azərbaycanda belə
bir tədris vəsaiti yoxdur. Və mən əsərlərini nəşr etdikdən sonra artıq Qaspiralı
həm də yazıçı kimi tanındı, ədəbi şəxsiyyəti ortaya çıxdı. Məsələn, onun
"Darürrahat Müsəlmanları” adlı bir utopik romanı var. Yəni türk ədəbiyyatında
ilk utopik roman yazmış adamdır. "Qadınlar ölkəsi” adlı hekayəsi də ilk
fantastik ədəbi əsərdir. Bu ədəbi əsərləriylə Qaspiralı ədəbi nöqteyi-nəzərdən
də cığır açıb. Bu baxımdan Qaspiralı türk ədəbi fikrinə yenidən daxil oldu deyə
bilərik.
– XX əsrin
əvvəllərində birdən-birə necə oldu ki, Azərbaycanda bu qədər böyük şəxsiyyətlər
yetişdi?
– Bu o
dövrün siyasi, iqtisadi, ədəbi seyrindən asılı idi. Yəni, həmin dövrdə
Türkiyədə də çox zəngin ədəbi hərəkat var idi. Bu hərəkatlar özünün təbii
nəticəsini verdi. Azərbaycanda Axundovla başlayan modernləşmə hərəkatı XX əsrin
əvvəllərində özünün müsbət təsirini göstərdi. Ondan sonra Stalin XIX əsrin sonu
XX əsrin əvvəllərində ortaya çıxmış bu nəsli məhv etdi. Türk dünyası demək olar
başsız qaldı. Bizdə də Balkan müharibələri, Birinci Dünya müharibəsi, Çanaqqala
və nəhayət, istiqlal müharibələri oldu ki, bu savaşlarda aydınlarımızın böyük
bir qismini itirdik. Amma heç olmasa, müstəqillik qazandıq. Amma sizdə Qaspiralının,
Cavidin, Cəlil Məmmədquluzadənin yeri doldurulmadı. Onların yeri hələ də
görünür. İndi Türk dünyasında yeni bir birgəliyə getməliyik, lakin yenə də bir problemlə
qarşı-qarşıyayıq. Məsələn, H.Cavidin türk ədəbiyyatından xəbəri var idi,
türklər də H.Cavidi tanıyırdılar. Amma indi internet əsrində bizim
bir-birimizdən xəbərimiz yoxdur. Təəssüf olsun ki, Özbəkistan və Türkmənistan
öz qapılarını bütün türk dünyasına bağlayıb, meydanda sadəcə Qazaxıstan qalıb.
Amma mən ümid edirəm ki, o qapılar da bir gün təkrar açılacaq. Azərbaycanla
Türkiyə qapılarını biri-birlərinə açdılar, bunun heç bir pis nəticəsi olmadı.
– Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcüməyə
qarşısınız. Bunu necə izah edərdiniz?
- Bunun filoloji izahı var. Slavyan dillərini
müqayisə edərək türk yazı dillərinə keçmək bizə çox öyrədici ola bilər.
Bunlarda da belə bir problem var. Məşhur bir filoloq var deyir ki, yaxın
dillərdə danışan insanların bir-birlərinin dillərini öyrənmələri çox çətindir.
Yəni, bir bolqar nə qədər çalışsa da mükəmməl rusca öyrənə bilməz. Çünki bu
dillər o qədər yaxındır ki, iç-içə keçiblər və aradakı o incəliklər diqqətdən
yayınır. Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsinin də vəziyyəti budur. Həm də
tarixi birlik var. "Dədə Qorqud”dakı dili necə ayırmaq olar? Və ya Nəsimi,
Xətai, Füzuli dilimizin birləşdiyi nöqtədir. Dilimizin kökü eynidir.
Dolayısıyla, bizim dillərimiz çox yaxındır və mən bu dillərdə qarşılıqlı şeir
tərcümə etməyin bir cinayət olduğunu düşünürəm. Çünki şeir qəzet mətni deyil,
nəsr deyil, sadəcə mənaya dayanmır, şüuraltı mənaya malikdir. Tərcümə zamanı bu
məna ölə bilər. Buna görə də bu dillər arasında şeir tərcümə etmək olmaz. Amma
şeirin altında bəzi anlaşılması çətin sözlərin tərcüməsini yazmaq olar.
Məsələn, aparmaq - götürmək. Mən bu günə
qədər heç bir Azərbaycan şairinin şeirini tərcümə etməmişəm, bütün şeirləri
orijinal vermişəm. Amma roman, hekayə, tarixi əsərləri tərcümə etmək olar.
Mənim fikrimcə, siz latın qrafikasına keçdikdən sonra dillərimiz arasında
yaranan bəzi hərf fərqlərinə alışdığımız zaman, asanlıqla Azərbaycan dilində
olan hər hansı əsəri, məsələn, Anarın hekayələrini oxuyacağıq. Çünki dillərimiz
getdikcə yaxınlaşır, tərcüməyə ehtiyac qalmır. Həm də tutaq ki, Azərbaycanda
Volterin tərcüməsinə ehtiyac var, lakin bu, maddi ehtiyaclar yaradır. Amma bir
azərbaycanlı Türkiyə türkcəsində Volteri asanlıqla oxuya bilər, beləliklə,
Volteri yenidən tərcüməyə ehtiyac qalmaz. Eləcə də əksinə. Çünki eyni kökdən
gəlirik və dilimiz də getdikcə yaxınlaşır. Məsələn, "kolay” sözü "Dədə
Qorqud”da var, amma siz onun farscasını işlədirsiniz, "asan” deyirsiniz və ya
biz "çimərliy”ə "plaj” deyirik.
Fərid Hüseyn