AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dilənçilərlə bağlı hesabat açıqlandı

Dilənçilərlə bağlı hesabat açıqlandı

Cəmiyyət
12 Oktyabr 2012, 11:46 1288
Azərbaycanda bu ilin 9 ayında uşaqların valideynləri tərəfindən dilənçiliyə cəlb olunması ilə bağlı 300-dən artıq fakt aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev Trend-ə bildirib ki, dilənçiliyə cəlb olunan uşaqların əksəriyyəti məktəbəqədər yaşlı uşaqlardır.

Şöbə rəisi deyib ki, daxili işlər orqanları tərəfindən qeydə alınan faktların böyük qismi uşaqların təkrar dilənçiliyə cəlb olunması ilə bağlıdır.

İmamverdiyev bildirib ki, bu ilin ötən dövründə qeydə alınan dilənçiliyə cəlb etmə faktları Ağdaş və Yevlax rayonlarından olan uşaqlarla bağlıdır. Həmin uşaqlar həm öz rayonlarında, həm də Bakıda dilənçilik edirlər.

Onun sözlərinə görə, uşaqlarını dilənçiliyə cəlb edən valideynlər barəsində inzibati cəza tədbirləri tətbiq olunur.

Bu ilin 9 ayında 200-ə yaxın valideyn inzibati məsuliyyətə cəlb olunub. Şöbə rəisi bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə uşaqların dilənçiliyə cəlb olunması faktlarının sayında azalma qeydə alınıb.

İmamverdiyev qeyd edib ki, bu il ərzində uşaqların qanunsuz olaraq əməyə cəlb olunması ilə bağlı 10 fakt qeydə alınıb.

Bu faktlar daha çox rayonlarda, əsasən də Yevlax, Balakən, Şəki, Şirvanda qeydə alınıb.

Onun sözlərinə görə, iaşə obyektlərinin rəhbərləri ilə əldə olunan razılıq əsasında heç bir müqavilə bağlanılmadan uşaqlar müəyyən işlərdə - yeməkxana və çayxanalarda, avtobuslarda müəyyən xidmətlərlə qanunsuz məşğul olurlar.

Bu faktların daxili işlər orqanları tərəfindən rəsmiləşdirildiyini deyən şöbə müdiri bildirib ki, qanunsuzluq aşkarlanan iaşə obyektlərinin cavabdeh şəxsləri də inzibati məsuliyyətə cəlb olunurlar.