• cümə axşamı, 28 mart, 20:56
  • Baku Bakı 13°C

"Diffamasiya haqqında” qanunun qəbulu qapadılmış məsələ deyil

06.07.16 12:50 1893
"Diffamasiya haqqında” qanunun qəbulu qapadılmış məsələ deyil
Avropa Şurası (AŞ) quruma üzv olan ölkələrdə "Diffamasiya haqqında" qanun layihəsinin qəbulunu vacib hesab edir. AŞ-yə üzv ölkə kimi Azərbaycanda da "Diffamasiya haqqında” qanun layihələri 2005, 2011 və 2013-cü illərdə hazırlanıb, onlar ətrafında geniş ictimai müzakirələr təşkil olunub. Hətta Mətbuat Şurası 2010-cu ili "Diffamasiya ili” elan edib.
Amma sözügedən qanun layihəsinin müzakirəsi 10 ildən artıqdır davam etsə də, bu günə qədər yekun nəticə əldə edilməyib, qanun layihəsi qəbul olunmayıb. Buna əsas səbəb Azərbaycan qanunvericiliyində bəzi maddələrin əks olunmasıdır. Belə ki, beynəlxalq təşkilatların, o cümlədən AŞ-nin media mütəxəssislərinin qənaətinə görə, təhqirə və böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmalıdır. Ancaq Azərbaycan tərəfi bu təkliflərlə razılaşmır. Qeyd olunur ki, hər kəsin hüquqları konstitusion şəkildə qorunur və Cinayət Məcəlləsindəki həmin maddələrin çıxarılmasına da ehtiyac yoxdur. Çünki jurnalistləri indiki halda ayrıca kateqoriya kimi götürüb təhqirə və böhtana görə cinayət məsuliyyətini aradan qaldırmaq bir sıra sui-istifadə hallarına yol aça, digər kateqoriya insanların hüquqlarının pozulmasına gətirib çıxara bilər. Misal üçün, kimlərsə peşəsindən sui-istifadə edərək, insanları təhqir edib, hansısa cərimə ilə canlarını qurtara biləcəklərini düşünə bilərlər.
Avropalı mütəxəssislər isə belə bir fikir irəli sürürlər ki, "Diffamasiya haqqında” qanun qəbul olunmalı, jurnalist yazdığına görə məsuliyyət daşımalı, lakin həbs olunmalı deyil. Bundan başqa, AŞ yalnız diffamasiyaya görə cinayət cəzasının ləğvinin tərəfdarı deyil, həm də mülki qanunvericilik çərçivəsində məqbul cəzaların müəyyən edilməsinə tərəfdardır. Məhz bu və sair kimi arqumentlərin ortaya çıxması uzun zamandır Azərbaycanda "Diffamasiya haqqında” qanunun qəbulunu ləngidir.
Hərtərəfli müzakirə olunan məsələlərdən biri
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sözügedən qanun layihəsi ilə bağlı mövqeyini açıqlayarkən bildirib ki, hökumət tərəfindən medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün çoxsaylı praktiki addımlar atılıb. O, qeyd edib ki, Azərbaycan qanunvericiliyi hər kəsin informasiyanı sərbəst şəkildə axtarmaq, əldə etmək, yaymaq hüququnu təmin edir. Ə.Həsənov diffamasiyanın uzun müddətdir Azərbaycanda hərtərəfli müzakirə olunan məsələlərdən biri olduğunu da diqqətə çatdırıb. Deyib ki, ictimai müzakirələrin nəticəsinə görə, insanların mətbuat səhifələrində təhqir olunması hallarının yüksək, medianın iqtisadi məsuliyyətinin zəif və siyasi qütbləşmənin güclü olduğu bir zamanda "Diffamasiya haqqında” qanunun qəbul edilməsi əks effekt yarada, məsələni daha da mürəkkəbləşdirə bilər.
PA rəsmisi qeyd edib ki, ilk növbədə mətbuat orqanlarının iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalist peşəkarlığının artırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilməli, mətbuatın siyasi qütbləşməsinin səviyyəsi maksimum aşağı enməlidir. Onun fikrincə, yalnız bundan sonra müvafiq qanunun qəbul edilməsi məsələsinə baxıla bilər: "2009-cu ildə Prezident İlham Əliyev konkret mövqe ortaya qoyaraq, jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycanda yolverilməz olduğunu bəyan edib. Dövlət başçısının bu bəyanatı ilə 2009-cu ildən Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin jurnalistlərə münasibətdə tətbiqinə moratorium qoyulub. Həmin ildən jurnalistlərə qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da onlara mülki qanunvericilik əsasında baxılıb”.
"Layihə üzərində davamlı şəkildə iş aparılır”
Ə.Həsənov deyib ki, müvafiq maddələrin Cinayət Məcəlləsindən çıxarılması adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşları öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətini qorumaq imkanlarından məhrum edir. O bildirib ki, həmin maddələr Avropa İttifaqının üzvü olan əksər ölkələrin qanunvericiliyində hələ də mövcuddur və qorunub saxlanılır: "Əgər söhbət bu maddələrin tətbiq olunmasından gedirsə, analoji vəziyyət Azərbaycanda da var. Yox əgər o maddələrin bütövlükdə Cinayət Məcəlləsindən çıxarılmasından söhbət gedirsə, Avropanın aparıcı dövlətləri buyursun bu gözəl nümunəni ortaya qoysun, biz də Avropa dəyərlərini qəbul edən və davam etdirən bir ölkə kimi müvafiq olaraq bu maddələrin tətbiqi məsələsini yenidən gündəmə gətirək. 2011-ci ilin dekabr ayında Prezident İlham Əliyev İnsan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiəsi üzrə Milli Fəaliyyət Proqramını təsdiq edib. Həmin planda da "Diffamasiya haqqında” qanunun qəbul edilməsi bəndi öz əksini tapıb. Biz bu istiqamətdə də xeyli iş aparmışıq. Bununla bərabər, Mətbuat Şurası 2010-cu ili Azərbaycanda "Diffamasiya ili” elan edib, jurnalist təşkilatları "Diffamasiya haqqında” qanunla bağlı müxtəlif təşəbbüslər irəli sürüb, ATƏT-in dəstəyi ilə qanun layihələri hazırlanıb və Milli Məclisə təqdim edilib. Həmçinin 2013-cü ildə Milli Məclisdə müvafiq qanun layihəsi hazırlanaraq Avropa Şurasının Venesiya Komissiyasına ekspertiza üçün göndərilib. Lakin həmin andan Venesiya Komissiyası ilə Azərbaycan nümayəndə heyəti, yəni "Diffamasiya haqqında” qanun layihəsini hazırlayanlar arasında fikir ayrılıqları yaranıb. Bu səbəbdən indiyə qədər də həmin qanun layihəsinin müzakirəsi davam edir. Bu baxımdan bir daha qeyd etmək istərdim ki, Azərbaycanda "Diffamasiya haqqında” qanunun qəbul edilməsi qapadılmış məsələ deyil. Bu layihə üzərində davamlı şəkildə iş aparılır və zəruri tədbirlər həyata keçirilir”.
Diffamasiyaya hazırlıq dövrü
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə mövzu ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin diffamasiyaya həssaslığı proqramlarda əksini tapıb. O, bildirib ki, heç bir jurnalist yazısına görə cinayət məsuliyyəti ilə üzləşəcəyi qorxusu ilə yaşamamalıdır: "Digər tərəfdən, jurnalist məsuliyyətli olmalıdır. Bu istiqamətdə toqquşma nöqtələri var. Diffamasiya mühiti Avropa ölkələrinin bir çoxunda da bərqərar olmayıb. Biz də bu fikirdəyik ki, diffamasiya prinsip etibarilə vacibdir. Lakin Azərbaycanda diffamasiya ilə bağlı fikir ayrılıqları var. Bəzi jurnalistlər diffamasiyanın Azərbaycan üçün tez olduğu qənaətindədir. Hətta millət vəkilləri arasında da bu barədə ortaq fikir yoxdur. Ona görə də indiki dövrü yeni mərhələ kimi qiymətləndirmək, diffamasiyaya hazırlıq dövrü kimi də qeyd etmək olar”.
"Cəmiyyəti bu qanunun qəbuluna hazır hesab etmirəm”
"APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı mövzu ilə bağlı qəzetimizə açıqlamasında Avropa Şurasının tələbləri sırasında olan "Diffamasiya haqqında” qanunun qəbul edilməsində ciddi bir problem görmədiyini dilə gətirib. Ancaq onu da əlavə edib ki, "Diffamasiya haqqında” qanunun qəbulu cəmiyyətin ona hazırlıq mərhələsindən asılıdır: "Avropanın öndə gedən ölkələrinin bir çoxu hələ də bu qanunu qəbul etməyib. Əvvəllər mən bu qanunun qəbul edilməsinin çox ciddi tərəfdarlarından olmuşam. Son zamanlar saytlarla bağlı baş verən məhkəmə prosesləri, kriminal hadisələr, sosial şəbəkələrdə yazılanlarla bağlı insanların bir-birinə qarşı dözümsüzlüyünü gördüyüm üçün indiki halda o qanunun qəbul edilməsinə cəmiyyətimizi o qədər də hazır hesab etmirəm”.
V.Mahirqızının sözlərinə görə, söhbət rəsmi yanaşmadan gedirsə, onsuz da Azərbaycanda son illər demək olar ki rəsmi şəxslərin, dövlət qurumlarının jurnalistləri məhkəməyə verməsi halı minimuma endirilib: "Belə bir şey demək olar ki, yoxdur. Qanun qəbul edilsə də, edilməsə də vəziyyət qanun qəbul edilmiş kimidir. Bu baxımdan biz qanunu qəbul edə bilərik. Amma cəmiyyət baxımından reallıq bundan ibarətdir ki, hələ ki cəmiyyətimiz buna hazır deyil. Xüsusilə internet medianın, sosial şəbəkələrin buna uyğunlaşması baxımından deyirəm. Yeni yaranmış, bir az xaotik durum var. Hələ də bəzi şeylərə cəmiyyət alışa bilməyib. O baxımdan nə jurnalistləri, nə də cəmiyyəti indiki zamanda o qədər də hazır hesab etmirəm”.
"Qanunu qəbul etməyən yeganə ölkə biz deyilik”
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli də qanunun qəbul edilməsini zəruri hesab etdiyini söyləyib. O, bizimlə söhbətində bildirdi ki, qanun ilk vaxtlar gündəmə gələndə əleyhinə çıxanlar tapılıb. Çünki diffamasiya haqqında qanunun nə olması, qəbulundan sonra ölkəmizdə hansı proseslərin baş verməsi haqda əksəriyyət məlumatsız olub. Onun fikrincə, Milli Məclis "Diffamasiya haqqında” qanunda yerli şəraitin nəzərə alınmasını, Venesiya Komissiyası isə sırf özlərinin standartları daxilində qəbul edilməsini istəyir, bu isə problem yaradır. M.Ələsgərli deyib ki, əslində AŞ-yə üzv 47 ölkədən yalnız 17-də bu qanun qəbul edilib. 30-da isə qəbul edilməyib. Ona görə də bu qanunun qəbul edilməməsi faciə deyil: "Qanunu qəbul etməyən yeganə ölkə biz deyilik. Digər tərəfdən, qanunu qəbul etmiş ölkələrin əksəriyyətində yerli şərait nəzərə alınıb. Biz də vahid Avropa məkanının üzvü olsaq da, burada mental dəyərlər məsələsində bir az fərqliliklər mövcuddur. Tutaq ki, bu gün Avropada hər hansı adamın seksual azlığa aid olması haqqında bir böhtan xarakterli ifadə işlənsə, sadəcə, onu cərimə etdirməklə kifayətlənər. Amma Azərbaycan mentalitetində bu, ağır bir məsələdir. Hətta bəzən tərəflərin bir-biriylə dalaşması, ölüm halı baş verməsi ilə nəticələnə bilər. Bu, fərqli mental xüsusiyyətlərdir. Bu nüanslar da qanunvericilikdə nəzərə alınmalıdır. Böhtana görə hansı cəzaların nəzərdə tutulması məsələsində milli qanunvericilikdə fərqliliklər olmalıdır”.
"Niyə Venesiya Komissiyası milli şərtlərin əleyhinədir?”
M.Ələsgərli deyir ki, qanunun qəbul edildiyi 17 ölkədə mental dəyərlər də nəzərə alınıb. Amma Venesiya Komissiyası onlara müsbət rəy verib: "Bizə də maraqlıdır ki, niyə Venesiya Komissiyası bizim qanuna milli şərtlərin daxil edilməsinin əleyhinədir? Təəssüf ki, onlar tərəfindən hələ əsaslandırıcı cavab verilməyib. May ayının sonunda Azərbaycanda buna həsr olunmuş böyük dəyirmi masa keçirildi. Venesiya Komissiyasının, Avropa Komissiyasının nümayəndələri iştirak edirdilər. Orda da Venesiya Komissiyasının təmsilçisinin niyə müsbət rəy verilməməsi ilə bağlı fikirlərini öyrənmək üçün fikirlər səsləndirildi. Öyrənmək istəyirik ki, milli şərtlər daxil olanda nələr dəyişə bilər? Niyə digər ölkələrdə buna icazə verilib, Azərbaycanda yox? Təəssüf ki izahedici bir cavab vermədilər. Mənfi rəy verilsə belə, bunun ətrafında müzakirə aparılmalı, detalları açıqlanmalıdır. AŞ-nın Azərbaycanda media və ifadə azaldığı ilə bağlı böyük bir layihəsi keçirilir. Layihə çərçivəsində o məsələ yenidən aktuallaşdırılıb. Təşəbbüslər olarsa, qanun layihəsinə yenidən baxılması gündəmə gələ bilər”.
Aygün Asimqızı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 141 illiyi ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir
banner

Oxşar Xəbərlər