• cümə axşamı, 25 aprel, 21:11
  • Baku Bakı 21°C

Dialoq quranlar və bundan boyun qaçıranlar

16.03.20 18:12 980
Dialoq quranlar və bundan boyun qaçıranlar
Özünü siyasi proseslərdən təcrid etmiş radikallar elektoratlarını itirməklə cəmiyyətin dəstəyindən məhrum olublar

Azərbaycanın siyasi spektri rəngarəng olsa da, bir çox partiyaların fəaliyyətsizliyi diqqət çəkən məqamlardandır. Hazırda ölkədə qeydiyyatdan keçmiş 55 partiya mövcuddur, lakin onların bir çoxunun fəaliyyəti bu və ya digər şəkildə gözə çarpmır. Hakimiyyətin həyata keçirdiyi islahatlar fonunda siyasi partiyalarla görüşlər keçirilir, qarşılıqlı fikir mübadiləsi aparılır. Bunu Azərbaycanda siyasi dialoqun başlanğıcı kimi də dəyərləndirmək olar, hansı ki, dəfələrlə bu istiqamətdə addımlar atılıb. Lakin hər dəfə olduğu kimi, bəzi müxalifət partiyaları bu görüşlərə radikal yanaşır, bəhanələri ilə siyasi canlanmaya zərbə vurmağa cəhd göstərirlər. Əlbəttə ki, Prezident Administrasiyası tərəfindən siyasi mövqeyindən asılı olmayaraq bütövlükdə siyasi partiyalara eyni münasibət sərgilənib. Amma yenə də radikal müxalifət özünü cəmiyyətdən təcrid etdiyi kimi, bu dəfə də siyasi dialoqdan kənarda qalır. Bəs görəsən yaranmış siyasi aktivlik, radikal müxalifətin mövqeyi barədə digər siyasi partiyalar nə düşünürlər?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, demokratik hüquqi dövlətlər üçün siyasi partiyaların mövcudluğu çox vacibdir: "Yəni demokratik hüquqi dövlətlərdə siyasi partiyalar dövlətin ümumi mənzərəsinin əsas tərkib hissəsindən biridir. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu istiqamətdə kurs götürüb. Xüsusilə, çoxpartiyalı sistemin formalaşması ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsindən sonra çox geniş vüsət almağa başladı. Partiyaların inkişafına, onların cəmiyyətin, dövlətin həyatında rolunun artırılmasına xüsusi diqqət və önəm verilirdi. Bu gün Azərbaycanda xeyli siyasi partiya var. Onların bəzilərinin fəaliyyəti görünmür, bəziləri bu və ya digər səbəbdən fəaliyyətini dondurub, heç adları da çəkilmir. Bəziləri, məsələn Yeni Azərbaycan Partiyası kimi çox fəaldır və cəmiyyətdə böyük tərəfdarlar toplamağa müvəffəq olub. Cənab Prezidentin VI çağırış parlamentin açılışında qeyd etdiyi kimi, Azərbaycanda çoxpartiyalı sistemin inkişafına böyük ehtiyac var. Bunun üçün də dövlət hər cür addımlar atır. Nəzərə alaq ki, Prezident Administrasiyasının strukturunda da müəyyən dəyişikliklər oldu. Yeni yaradılan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bu gün Azərbaycanda mövcud olan siyasi spektrdəki təşkilatlarla görüşlər keçirir. Bir partiya sədri olaraq, bu addımı alqışlayıram. Bizimlə də belə görüş oldu və biz ölkədəki aktual problemləri, partiyaların cəmiyyətdəki rolunu, bütövlükdə hakimiyyətlə siyasi təşkilatlar arasında münasibətlərin qurulması məsələsini müzakirə etdik. Təbii ki, bu görüşlərdə cənab Prezidentin mövqeyi birmənalı şəkildə ortaya qoyulur. Dövlət başçısının mövqeyi isə ondan ibarətdir ki, hakimiyyət Azərbaycanda mövcud olan bütün partiyalarla əməkdaşlıq hazırdır”.
M.Səfərli təəssüflə qeyd etdi ki, bəzi partiyalar, xüsusilə radikal partiyalar bu görüşdən bu və ya digər bəhanələrlə, qondarma səbəblərlə boyun qaçırır: "Onlar mücərrəd təkliflər irəli sürürlər. Təbii ki, bu, onların öz işidir. Lakin onlar heç seçkilərdə də iştirak etmirlər və bundan əvvəl seçkiləri isə uduzublar. Bununla da özlərini siyasi proseslərdən kənar tutublar. Radikal düşərgə bu gün sadəcə olaraq sosial şəbəkələrdə hay-küy salmaqdan başqa hansısa siyasi fəaliyyətlə məşğul deyil. Siyasi fəaliyyət ortaya qoya bilməyən, özlərini siyasi proseslərdən təcrid etmiş belə partiyalar elektoratını itirməklə cəmiyyətin dəstəyindən də kənarda qalıb. Nəticə etibarı ilə, acınacaqlı duruma düşüblər. Bu səbəbdən də radikal müxalifət düşərgəsi dialoq zamanı hansı məsələləri ortaya qoyacaq? Onların qaldırdıqları məsələlər də mücərrəddir. Bütün bunlara rəğmən hesab edirəm ki, hakimiyyətin siyasi partiyalarla bağlı başlatdığı proses normal şəkildə həyata keçirilir. Düşünürəm ki, Azərbaycanın siyasi spektrində də müəyyən bir canlanma, saf-çürük olacaqdır. Hansı partiya demokratik hüquqi cəmiyyətin ruhuna uyğun şəkildə öz fəaliyyətini qura bilmirsə, siyasi səhnədən silinib gedəcək. Yaxud təmərküzləşmə prosesi gedəcək və eyni ideologiyadan çıxış edən kiçik partiyaların birləşməsi üçün zəmin yaranacaqdır. Yəni, siyasi mühitdə bir canlanma olacaqdır. Elə hesab edirəm ki, partiyalar bu münbit şəraitdən yararlanmalıdırlar”.
Ağ Partiya başqanı Tural Abbaslı bildirdi ki, iqtidarın uzun illərdən sonra müxalifətin bu və ya digər formada labüdlüyünü vurğulaması önəmli faktordur: "İqtidar tərəfindən belə bir hərəkətlilik ümumilikdə siyasi səhnəni aktivləşdirəcəkdir. Necə ki, bu aktivlik artıq hiss olunmağa başlayıb. Ümumiyyətlə, Azərbaycan kimi dövlətlərdə siyasi aktivlik daha çox iqtidarın əlində olur. Çünki bütün siyasi prosesləri öz nəzarətinə götürüb və nə müxalifət, nə də əhalinin özü siyasi proseslərə yön vermək rıçaqlarına malik deyil. Belə desək, "top iqtidardadır”. Prezident Administrasiyasının şöbə müdiri səviyyəsində siyasi partiyalarla görüşlərin keçirilməsi müsbət haldır. Mövqeyindən asılı olmayaraq, hətta qeydiyyatı belə olmayan partiyaların rəhbərlərinin görüşə dəvət olunması, fikir mübadiləsinin aparılması çox yaxşıdır. Bu, bir canlanmadır və artıq illərdir iqtidarla müxalifət arasında qopmuş olan ünsiyyətin, əlaqənin qurulmasına xidmət edəcək. Hesab edirəm ki, bu görüşlər milli barışıq yönümündə nələrəsə ümid bəsləməyə imkan verən addımdır. Partiya olaraq, biz bunu müsbət qiymətləndirdik və səhv etmirəmsə, ilk dəvət olunan partiya da biz idik. Ümid edirəm ki, bu addım görüş olaraq qalmayacaq və bunun ardınca əməli fəaliyyət gələcək. Azərbaycanda demokratik mühitin formalaşdırılması istiqamətində addımlar atılacaq”.
Bir sıra partiyaların görüşdə iştirakdan imtina etməsinə toxunan T.Abbaslı qeyd edib ki, digər siyasi təşkilatların fəaliyyətinə qiymət verməyi etik hesab etmir: "Bəzi partiyaların yolları bəllidir və bu, onların kursudur. Ağ Partiya olaraq, biz bu dəvəti dəyərləndirəndə fikir səsləndi ki, necə olur, xarici ölkələrin səfirlərinin dəvətini qəbul edirik, onların qərargahında görüşlər keçiririk, amma öz dövlətimizin məmurunun dəvətini qəbul etməyək? Ona görə də biz dəvəti qəbul etdik. Əslində bu yanaşma rəqabətdən daha çox düşmənçiliyin yaradılmasına xidmət edir və arada olan uçurumu götürmək əvəzinə daha da dərinləşdirir. Məndə olan məlumata görə, müxalifətin daxilində münasibətlərin gərgin qalmasında maraqlı olan qüvvələr var. Hər halda belə radikal, birtərəfli kəskin münasibət istər iqtidar, istərsə də müxalifət tərəfindən kimlərə isə sərf edir. Belə bir radikal münasibətin sərf etmədiyi bir tərəfi var ki, o da xalqdır. Yəni, xalqı, milləti düşünən siyasi qurumlar ortaq dil tapmalıdırlar”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər