AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Deyirdim, yarıac, yarıtox qalım, amma səhnədə olum” - Mən gənc olarkən

“Deyirdim, yarıac, yarıtox qalım, amma səhnədə olum” - Mən gənc olarkən

Gənclik qəzeti
08 Sentyabr 2014, 15:26 3104
İnsani keyfiyyətləri və sənətdəki uğurları üst-üstə düşən çox az adam tapılar. Sevimli aktyorumuz, xalq artisti Rasim Balayev məhz belələrindəndir. Kifayət qədər məşhur olmasına, tamaşaçılar tərəfindən sevilməsinə, qibtə hissi ilə yanaşılmasına baxmayaraq, sadəliyini və səmimiliyini saxlayıb. Milyonların sevimlisi olan Nəsimini, Babəki, Beyrəyi canlandıran müsahibimiz irili-xırdalı 170-ə yaxın filmdə çəkilib. Təbii ki, sözügedən rolları yaratmamışdan əvvəl müəyyən yol keçib. Onun keçdiyi yola nəzər salmaq, uşaqlığı, tələbəliyi və gənclik illəri ilə bağlı söhbətləşmək üçün xalq artisti Rasim Balayevlə görüşdük.

6 yaşında qəzetdə orfoqrafik səhvlər tutur

8 qardaş-bacının ilki olan Rasim Balayevin uşaqlığı Ağsu rayonunda keçib. Heç kimdən fərqlənməyən sadə bir ailədə dünyaya göz açıb. Atası partiya sovet işçisi, anası isə əvvəl qabaqcıl kolxozçu olsa da, sonradan 8 uşağını böyütməklə məşğul olub. Rasim 5 yaşından artıq yazıb-oxumağı bildiyindən sərbəst şəkildə qəzet mütaliə edib. Hətta 5 yaşlı uşaq “Yeni həyat” adlı yerli qəzetdəki orfoqrafik səhvləri də tutarmış. Valideynləri qərara alırlar ki, onu 6 yaşından məktəbə qoysunlar. O vaxt uşaqlar məktəbə 7 yaşından getdiyindən, bu məsələ bir az çətin olsa da, atasının partiya fəalı olması işinə yarayır və o, 6 yaşında birinci sinfə gedir. Ancaq yazıb oxumağı bildiyindən 1-ci sinif ona maraqlı gəlmir.
Uşaqlığının çox gözəl keçdiyini deyən aktyor nə sakit, nə də çox dəcəl olmayıb: “Uşaqlarla kim daha güclüdür deyə yarışar, güləşərdik, voleybol oynayardıq. Amma siz deyən, dəcəl olmamışam. Çünki bizi ərköyün deyil, müəyyən qayda-qanun çərçivəsində böyüdüblər. Həm dərnəyə gedir, həm müxtəlif idman növləri ilə məşğul olur, həm də dərslərimə hazırlaşırdım. Hər şeyi çatdırırdım. Bu gün uşaqlara baxırsan, görürsən ki, başları kompyuterə “girib”, bir də ayılırlar ki, səhər açılıb. Məlumatlılıq yaxşıdır, amma texnika insanları simasızlaşdırıb, robotlaşdırıb. Bizim vaxtımızda insanların formalaşmasında əsas rolu kitablar, bədii ədəbiyyat, filmlər oynayardı”.

Atası aktyor olmasını istəmir

Orta məktəbdə 8-ci sinfə qədər əlaçı olur. Hətta nadir hallarda dərsə hazırlaşmayanda məktəbə getmir ki, müəllim onu qaldırar, pərt olar. 8-ci sinifdən isə aktyorluq sənətinə marağı artdığından, dəqiq elmlər ikinci plana keçir. Dərnəyə getməyə başlayır, filmlərə həvəsi yaranır. Ədəbiyyat müəlliməsi Nabat müəllimənin sayəsində ədəbiyyata daha çox bağlanır.
“Nabat müəllimə ədəbiyyat müntəxəbatı dərsində dram əsərlərindəki rolları uşaqların arasında bölüşdürürdü, biz də səhnələşdirilmiş kimi əsərləri oxuyurduq. O vaxt radio-tamaşaları mütəmadi olaraq dinlədiyimdən intonasiya ilə oxuyurdum və bu, Nabat müəllimənin xoşuna gəlirdi. Özüm də bunun məndə yaxşı alındığını hiss edirdim. Çünki eşitdiklərimi təqlid edirdim. Sonra məndə şeir deməyə həvəs yarandı. Valideynlər iclasında və müəyyən tədbirlərdə iştirak edirdik, əsərlərdən parça götürüb dərnəklərdə ifa edirdik”.
Ağsuda böyüyüb başa çatan dostu Səməndər Rzayevin birinci il institutdan kəsilib onların məktəbində dram dərnəyi yaratması Rasim Balayevi bu sənətə daha da bağlayır. Növbəti il S.Rzayevlə birlikdə sənədlərini Teatr İnstitutunun (İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – L.M.) aktyorluq fakültəsinə verir və imtahanlardan uğurla keçir.
9-cu sinifdən aktyor olacağını qətiləşdirən R.Balayevin bu arzusu evdə heç də yaxşı qarşılanmır. O vaxt digər institutlardan fərqli olaraq Teatr İnstitutunda imtahanlar iyulda, digərlərində avqustda başlayırdı. Atası da düşünür ki, Rasim gedib kəsilib qayıdacaq və avqustda sənədlərini digərinə verəcək. Buna görə onun Teatr İnstitutuna imtahan verməsinə imkan yaradır. İyulun 25-də, 17 yaşlı Rasimin qəbul kağızını alıb rayona yollanması isə atasını əməlli-başlı dilxor edir. Sonralar R.Balayev tez-tez televiziyaya çıxanda tanış-biliş zəng edib atasına deyir. Bununla da gələcək istedadlı aktyorun atası yavaş-yavaş onun sənətilə barışmalı olur.

“Əlimiz aşağı olanda yeməyi qohumların evində yeyərdik”

Müsahibimiz orta məktəbdə olduğu kimi, institutda da dərslərinə böyük həvəslə hazırlaşır. Tələbəlik illərində “Seviл” kinoteatrının yanındakı tələbə yataqxanasında qalır. Əvvəllər yalnız Teatr İnstitutunun tələbələrinin qaldığı yataqxanada sonradan digər sənət institutlarının tələbələri də yerləşdirilir. Deyir ki, orada yarıac-yarıtox, bir-birlərinə kömək edə-edə əsl tələbəçilik keçirib: “Bəzi fənlər var idi ki, onları individual oxuyardıq, bəzilərinə isə kollektiv şəkildə hazırlaşmalı idik. Bu zaman elə yataqxanadaca yığışıb bir-birimizə düzəliş, kömək edə-edə dərsimizə hazırlaşırdıq”.
Yataqxanada Səməndər Rzayev, Mikayıl Mirzə ilə eyni otaqda qalıblar. Amma digər otaqdakı tələbələrdən tənbəllikləri ilə seçiliblər, yemək bişirmək, otaqlarını yığışdırmaqla araları olmayıb. Pulları olanda o vaxtkı “Lalə” kafesində yemək yeyir, əlləri “aşağı” olanda isə bir-birlərinin üzünə baxarmışlar, ya da Bakıda yaşayan qohum-əqrəbasıgildə yemək yeyib yataqxanaya qayıdarmışlar. Bəzən də telefonla rayona zəng edib valideynlərinə pullarının qurtardığını xəbər verərmişlər ki, onlara görüm-baxım etsinlər. Hərdən də qoçaqlıqları tutanda cədvəl tutur və hər gün otağı birinin süpürəcəyi barədə sözləşərmişlər. Amma heç vaxt sözləşmələri baş tutmurdu. Çünki növbədə olan adam elə sözləşmələrini həmin gün unudurdu.
Rəhmətlik Qədir Rüstəmov da onlarla birlikdə yataqxanada qalırmış: “O təzə səs idi, amma hələ məşhur deyildi. Nə qədər yalvarırdıq ki, oxu, oxumurdu. Bir də görürdün, dərsə hazırlaşırıq, kitab oxuyuruq, başlayırdı oxumağa. Deyirdik, “sən Allah, indi oxuma”. Deyirdi, “yox, mənim indi oxumağım gəlir”. Qəribə, özünəməxsus adam idi”.
Qrupdakı uşaqların sənətə hədsiz marağı olduğundan müəllimin verdiyi tapşırığı gedib Tədris Teatrında məşq edərmişlər: “O qədər məşq edirdik ki, vaxtın necə gəlib keçdiyindən xəbərimiz olmurdu və teatrdan gecə çıxırdıq. Avtobusa çatdırmadığımızdan Mərkəzi Univermağın yanından Yasamala qədər yataqxanaya piyada gedirdik”.

“Boy-buxunun xoşuma gəlir, amma aktyorluğuna bələd deyiləm”

İnstitutu bitirdikdən sonra işləmək üçün “Azdrama”ya üz tutur, burada əsas heyətdə yer olmadığını deyirlər. Teatr İnstitutunun rektoru Rahib Hüseynov Rasim Balayevin işsiz qaldığını və rayona qayıtmaq istədiyini görüb aktyor kimi onun gələcəyinə böyük ümidinin olduğunu deyir və müvəqqəti olaraq institutun nəzdindəki Tədris Teatrında qalmağını məsləhət görür, hətta ona saathesabı dərs də verir. Sonra R.Balayev eşidir ki, kinostudiyada aktyor ştatı açılıb. Oraya gedib Kinostudiyanın rəhbəri Ədil İsgəndərovun qəbulunda olur və ona aktyor olmaq istədiyini deyir: “Ədil İsgəndərov dedi ki, “a bala, bura Leyla Bədirbəyli, Məlik Dadaşov, Həsən Məmmədov, Şahmar Ələkbərov kimi indiyədək kinolarda rol almış məşhur aktyorları götürürük. Sonra bir az mənə baxıb hansı kinoda çəkildiyimi soruşdu. Heç yanda çəkilmədiyimi deyəndə, qayıtdı ki, “boy-buxunun xoşuma gəlir, amma aktyorluğuna bələd deyiləm. Oğul, daha gəlmisən, gəl, belə danışaq, mən səni işə bir illiyə şərtlə götürürəm. Bir il burda hansısa kinoda çəkiləsi olsan, qaldın, yox, çəkilməsən, mən sənə deməyim, özün gəlib ərizəni yazıb çıx get”.

“Nəsimi”dən imtina səbəbi

R.Balayev ha çalışıb vuruşsa da, onu filmlərə çəkmirlər. Sınaq çəkilişlərinə çağırıb yoxlayır, amma çəkmirlər, nədənsə aktyorluğuna şübhəylə yanaşırlar. “Nəsimi” filmi çəkiləndə hər şeydən əlini üzən Rasim Balayev xəstəxanaya düşür. Xəstəxanada ona baş çəkənlər kinorejissor Həsən Seyidbəylinin onu sözügedən filmə çəkmək istədiyini desələr də, R.Balayev buna ümidsiz yanaşır. Hətta o qədər ümidsiz olur ki, ssenarini xəstəxanaya gətirsələr də, oxumadan geri qaytarır. Axırda Həsən Seyidbəyli onu çağırıb müalicəsinin yaxşı getməsi üçün sanatoriyaya göndərir. Beləliklə, Nəsimi filminin məşqlərinə Mərdəkandakı sanatoriyadan gəlir. Əziyyəti bəhrəsiz qalmır. 24 yaşında “Nəsimi”yə çəkilməsi onun həyatını dəyişdirir: ““Doğrusu, “Nəsimi” filminə dəvət alanda əvvəl sevindim, sonra qorxdum. Nəsimini oynamaq mənim üçün ölüm, ya olum demək idi. Mən bu rolu elə oynamalı idim ki, camaatın xoşuna gəlsin və mən sənətdə qalım. Buna görə bu rolu gözəl oynamaq mənim üçün çox vacib idi və rolun öhdəsindən gəldim”. Bundan sonra R.Balayevi nəinki Azərbaycandan, hətta sərhədlərdən kənarlarda da kino çəkilişlərinə dəvət edirlər: “Ədil İsgəndərovun vaxt verdiyi bir ilin ərzində “Nəsimi” filminə çəkildiyimdən yenidən Kinostudiyaya getdim və rəhmətliyi kinostudiyanın dəhlizində gözlədim. Gələndə salam verib bir ildən sonra gəlməyimi tapşırdığını xatırlatdım və cavabının nə olacağını soruşdum. Dedi, “sən Kinostudiyada qaldın”.
Rasim Balayev söhbətin sonunda güclü müəllimləri Mehdi Məmmədov, Rza Təhmasib, Ədil İsgəndərov, Müxlis Canızadəni xatırlayır: “Onlar qibtə edilməli adamlar idi. Biz küçədə onların arxasınca düşüb gedirdik ki, görən, necə yeriyirlər. Amma indi mən sənətə gələn gənclərdə bu vurğunluğu görmürəm. Müasir gənclər sənətə gələn kimi tez məşhurlaşmaq, maşın almaq istəyirlər. Mənim o vaxt nə ev, nə də maşın almaq ümidim vardı. Deyirdim ki, yarıac, yarıtox olum, amma səhnədə olum. Səhnəyə məbəd kimi baxırdıq. Amma bu gün o baxış yoxdur”.

Lalə MUSAQIZI Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən">