AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Deyingən olmuşam, müasir həyatı qəbul etmirəm” - Fotolar

“Deyingən olmuşam, müasir həyatı qəbul etmirəm” - Fotolar

Müsahibə
12 Fevral 2020, 11:45 7075
İtirdiklərinə təəssüflənən Boyarski bu gün baş verənlərlə heç cürə barışa bilmir
 
Əgər o, həyatı boyu təkcə azğın qaskonlu, ağılsız, lakin igid Dartanyan rolunu canlandırsaydı belə, yenə də sovet kinematoqrafiyasının və teletamaşaçıların ürəyində fəxri yerdə durardı. Axı, Georgi Yunqvald-Xilkeviçin «Üç muşketyor»u Boyarskini ölkə üzrə məşhurlaşdırıb. Yan Fridin «Nə yardan doyur, nə əldən qoyur» əsərində yaraşıqlı, lakin kasıb gəncin adlı-sanlı xanıma olan məhəbbəti də onun məşhurluğunda az rol oynamayıb. Mixail Boyarski ilə Marqarita Terexova yasaq, lakin ehtiraslı məhəbbəti elə inamlı oynamışdılar ki, onların arasında qığılcımlar uçur, qasırğalar dolanırdı: «Mən öz dalımca gəlmişəm; Mən axı, sizin böyrünüzdə qalmışam; Mənim isə getmək vaxtımdır. Sizə yalvarıram, özümü mənə qaytarın» - deyə təkəbbürlü Teodoro sevgilisinə yalvarırdı. Lakin gözəlçə Diana, göz yaşları ilə cavab verirdi: «Bunu bilin ki, sizi vermərəm, Teodoro. Sizi özüm üçün saxlayıram». Bu səhnə bütün tamaşaçıları elə ovsunlamışdı ki, onlar həyəcanlarını boğa bilmirdilər. Yeri gəlmişkən, oynadığı filmlərdə Boyarski özü oxuyur. Onun ifasında bir çox mahnılar hitə çevrilib. Mixail Boyarski Peterburqun teatral ailəsindəndir. Valideynləri övladlarının musiqiyə olan həvəsini görərək, onu Konservatoriyanın nəzdində olan məktəbə yazdırırlar. Leninqrad Teatr İnstitutunun musiqi və kinematoqrafiya aktyorluğuna qəbul olunmağa qərar verən Boyarski, peşəkar musiqiçi olmadı. Ancaq musiqi qabiliyyəti bir çox rollarını zənginləşdirdi. 1972-ci ildə "Lensovet” Teatrına rəhbərlik edən İqor Vladimirov onu dinlədikdən sonra aktyoru truppaya qəbul edir. Boyarski kütləvi oyunlardan başladı. Sonralar isə aktyorun yaradıcılığında böyük rollar yarandı – Luis («Dulsineya Tobosskaya»), Müğənni («İnsanlar və ehtiraslar»), Pedro («Buenos-Ayresdə müsahibə»)… və əlbəttə, «Bremenli musiqiçilər» də Trubadur. Şahzadə xanımı sonralar onun həyat yoldaşı olmuş Larisa Luppian oynayırdı. İndi o vaxtdan çox keçib. Boyarski yubileyini yenə də səhnədə qeyd edir.

- Mən yubileyləri qeyd etməyi xoşlamıram. Təkcə bir yubiley məni çox həyəcanlandırdı - Alisa Brunovna Freyndlixin 70 illik yubileyinə hazırlanmış «Oskar və Narıncı xanım» tamaşası. Bu, mənim ürəyimcə oldu və düşündüm, pis olmazdı ki, mən də buna oxşar nəsə edim, lakin bunun üçün mənim nə gücüm, nə də istedadım var. Dekabrın 26-da «Bu sevimli köhnə evdə» tamaşasının premyerası oldu. O tamaşada mən məmnuniyyətlə əsas qəhrəmanı oynayıram – bu, benefis deyil, teatr tamaşasıdır. Bu tamaşada iştirakçıların 90 faizi cavanlardır, yalnız iki ahıl insan rolu var ki, bunlardan da biri mən, digəri isə həyat yoldaşımdır. Rejissor – Oleq Levakov, İqor Petroviç Vladimirovun şagirdidir.   
 

 
- Piter studiyasının «Dəyirman» studiyasında prokata yeni cizgi filmi – «İvan Sareviç və Boz Qurd 4» çıxır. Siz o tamaşada pişiyi səsləndiribsiniz. Siz artıq 8 ildir ki, qəhrəmanınız -  «ziyalı-ağıllı, lakin təvazökar» pişikdən ayrılmırsınız.
- Şadam ki, məni cizgi filmlərinin səsyazmalarına çağırırlar. Bu, çox simpatik, şeytanvari və maraqlı işdir. Burada mən hətta «Səs» müsabiqəsində iştirak edən pişiyin əvəzinə oxumuşam da. Sevimli ssenaridir, personajları da maraqlıdır. Mən kompaniyada daimi qəbul olunmuşam, mənim «Pişiyim» hələ ki, lazımlıdır.

- Tezliklə «Lenfilm» «Etaj» adlı tammetrajlı komediyanı təqdim edəcək. Orada kimi canlandırıbsınız? 
- Həyat yoldaşı tərəfindən evdən qovulmuş, yaşamağa yeri olmayan uğursuz musiqiçini... O qızı ilə birgə kommunal evin mənzillərindən birini biznesmenə satmaq istəyir. Qəhrəmanımı bütün qonşuları tanıyır. Çünki özü burada yaşayıb. Filmdə gözəl kampaniya yığılıb: Axedjakova, Nemolyayeva, Şnurov… dekorasiyaya düşən kimi kommunal evlərə olan nostalji hisslər yaranır. Məndə də eyni hisslər yaranır. Çox xoş ab-havadır, kommunal evlərdən qurtulmaq üçün can atdığımız illərə qayıdırıq.

- Siz kommunal mənzildə yaşayıbsınız?
- Bəs necə, əlbəttə! Bütün müharibədən sonrakı uşaqlar kimi.
 


- Svetlana Drujinina «Qardemarinlər»in davamını çəkir. Siz yenidən iştirak edirsinizmi?
- Svetlana Serqeyevna – Alisa Brunovnanın yaşıdıdır. Mən onlara həsəd aparıram. Məndən 14 yaş böyük olmasına baxmayaraq, qəti usanmayan qadındır. O, «Qardemarinlər-4»ü çəkir və «Qardemarinlər-5»-in əvvəlini və perspektivdə –6,7, və 8. Bizdə orada çəkilişlərdə əsl qohumluq münasibətləri yaranıb, ona görə ki, biz yarım əsr olar ki, tanışıq – hələ 1979-cu ildə mən onun filmlərinə çəkilmişəm. «Qusarın elçiliyi» filminə, 1987-ci ildə isə «Qardemarinlər, irəli!» filmində Şevalye de Brili canlandırmışam. Bizim Drujinin və operator Anatoli Mukasevlə böyük dostluq münasibətlərimiz var. Ona görə ki, mən Sveta və Tolyanı yaxşı tanıyıram: o mənə tez-tez Svetanın mənim haqqımda düşündüklərini, Sveta isə əksinə, onun mənim haqqımda düşündüklərini xəlvətcə söyləyir. Sveta yalnız tanıdıqları ilə işləməyi sevir. Ona görə də, artıq işlədiyi aktyorları çəkilişlərə dəvət edir. Nə vaxt ki, mən onun çəkilişlərində oluram, özümü keçmiş əsrdə hiss edirəm: işıqlar hazır olunca, mövzunu təkrarlayırsan, fövqəladə kostyumçu qadın və ya kişi səni geyindirir, qrimləyir… Lakin gənc rejissorlara gəlincə isə onlara maraqlı deyil ki, necə oynayırsan, əsas odur ki, tez olsun. Yadımdadır, Jora Krıjovnikovun «Ən gözəl gün» filmində çəkilirdim. Ora ekskursiyaya gedirmiş kimi – onların gecə işlədiyinə baxmaq üçün getmişdim. Bu, möcüzədir! 7-8 kadr. Göz qırpımında kütləvi gəzinti. Orada yalnız iki veteran var – Çurikov və mən. Oğlan uşaqları istədikləri kimi bizə sataşırdılar: «Oy, indi mətni öyrətməyə başlayacaqlar!». Onların işləmək qabiliyyəti tamam özgədir. Onlar buxovsuz at kimidirlər. Biz mətnin öhdəsindən gələnə, məşq edənə, öyrənənə kimi, bəs kamera? Sonra yenidən qrim edənin yanına... Tısbağasayağı işləyirik. Çurikov avtobusa yaxınlaşana, o məni kreslodan götürənə kimi işləməyi çatdırmırsan – çəkilmək də lazımdır. Onlar isə səhəri başqa filmdə çəkilməyə getdilər, reklam, televerilişlər… onlar tamam özgədirlər. Onlara çata bilmirəm. 

- İllər keçdikcə xarakteriniz başqalaşıb? 30 il əvvəl sizi nə sevindirdisə, bu gün qıcıqlandırır?
- Sevinc elə əvvəlki kimidir, qıcıq isə artıb. Mən deyingən olmuşam, müasir həyatı qəbul etmirəm. Mühafizəkar olmuşam, baxmayaraq ki, əvvəllər mənə elə gəlirdi ki, mən uzun saçlı, öndə gedən, musiqi qabiliyyəti olan, idman cüssəli, keçmişi qəbul etməyən, gələcəyə baxan insanam, indi isə vahimə ilə düşünürəm: bunu nəyə görə edirəm? O illərin nostalji hissləri, hər şeydə bir insaniyyətlik vardı. Kommunal evlərdə axırıncı tikəmizi bölürdük, gecə yarıya kimi mətbəxdə söhbət edirdik. Anbardarsayağı Aktyor evində gəzirdik. Qatarlarda insanlar axırıncı tikəsinə kimi stolun üstünə qoyardı. İndi insaniyyətlik çatmır. Uşaqlar məktəbə tək gedirdilər, həyətdə azad quş kimi gəzirdilər. Qonşuya etibar var idi – həmişə dəvət edər, ac qoymazdılar. Kitablar oxunardı, heç bir rəzillik yox idi. İndi cəmiyyət dəyişib. İtirdiklərimizə təəssüflənirəm, bu gün baş verənlərlə heç cürə barışa bilmirəm. Eləcə də teatrda. Bu, mənə yaddır, teatra can atmıram, bunu bacarmıram, gözəl başa düşürəm ki, orada lazım deyiləm, rejissorlara heç nə təklif edə bilmirəm. Mən proqressiv hərəkətsizəm. Öz yaşıdlarımla ümumi dil tapmağa çalışıram. Lakin onlar mənim danışdıqlarımdan da dəhşətli şeylər danışırlar. 
 


- Rejissorlara sizinlə işləmək çətindir?
- Fikrimcə, yox... Təxminən bilirəm ki, Levakov bu suala necə cavab verərdi. Teatr və kino sahəsində işlədiyim rejissorlar o qədər də çox deyil – Vladimirov, Yunqvald-Xilkeviç, Melnikov, Bortko... Biz bir-birimizə bağlanıb çox işləyirdik. Nə vaxt ki, rejissorla tək bir tamaşa hazırlayırsan, onda bir-birini o qədər də başa düşmürsən. Rejissorların tapşırıqlarını düzgün yerinə yetirməyə çalışıram və buna görə şadam. İndi bir qədər sərt olmuşam. Elə ki, nəsə xoşuma gəlmir, məsələnin həllini təklif edirəm. Başa düşülməyəndə sağollaşıb gedirəm. Bir-birinə əziyyət vermək lazım deyil.

- Həyat yoldaşınız aktrisa Larisa Luppianı tez-tez müxtəlif teatrlarda və tamaşalarda görmək olur. Lakin sizsiz... 
- Bu, Laranın vəzifə borcudur – o, bədii rəhbərdir, bilməlidir ki, şəhərdə hansı tamaşalar qoyulur, hansı rejissorlar işləyəcək. O, doğrudan da teatrları çox gəzir, afərin. Hərdən mən də onunla birgə gəzirəm, lakin çox vaxt bu əziyyətdən qaçıram. 

- Sizə hazırda həyat yoldaşınızın rəhbərlik etdiyi  "Lensovet” teatrının bədii rəhbərliyini təklif ediblər. Nə üçün imtina edibsiniz?
- Mən nə lider, nə də dəstə başçısıyam. Rəhbərlik edə bilmirəm. Yalnız itaət edə bilirəm.

- «Qolos 60+» televiziya proqramının rəhbər kreslosunda oturmaq sizə rahatdırmı?
- Bu, mənim debütümdür, bütün buraxılışlarına baxsam da, «Səslər»də iştirak etməmişəm. Verilişi çox sevirəm, orada elə gözəl səslər eşitmək olar ki, onlar bizim zamanımızda, sadəcə, yox idi. Bu, möcüzədir. Xüsusilə də uşaqlar.... Mən, əlbəttə ki, uşaq müsabiqələrindən bir qədər ehtiyat edirəm. Çünki əhliləşdirilmiş uşaqları sevmirəm. Onlar müsabiqəyə can atmırlar, onları valideynləri TV-yə itələyirlər. Yetişməmiş bəhəri stola qoymaq lazım deyil – tezdir, qoy yetişsinlər. Lakin "60+” verilişi gedir, səninsə 70 yaşın var. Düşünürsən ki, artıq sondur, lakin 91 yaşlı nənə səhnədə elə oyunlardan çıxır ki, aman Allah, dəhşətə gəlirsən ki, onların nə qədər enerjisi var, bu gücü haradan götürürlər? Mənim kimi ovqatı təlx olanlara, bu, bir stimuldur. Verilişə gəldikdə isə mən bilmirəm ki, bir daha məni  «60+»ə dəvət edərlər, ya yox, amma veriliş mənə böyük zövq bəxş etdi. Amma layiqli səsi seçmək də çətindir, çünki o qədər layiqli insanlar var ki... Əksəriyyət isə uşaqları müdafiə etmək istəyir, onlar üçün həyəcan keçirir, narahat olur.

- Bu yaxınlarda nəvəniz Sergeyi məşhur moskvalı gənclərin balında müşayiət edirdiniz. Bala necə düşmüşdünüz?
- Nəvəmdən ötrü nələrə qadir deyiləm... Mən yoldaşımla gəlmişdim, oğlum da həmçinin. Moskvanın mərkəzində keçirilən bu balda məşhurların çoxlu uşaqları iştirak edirdi. Uşaqlar üçün bu, böyük bayram idi. Onlar həyəcanla hazırlaşır, biz isə onlarla birgə sevinirdik. Katya tələbədir, Kino və Televiziya İnstitutunda səs rejissorluğu üzrə oxuyur, onun gözəl musiqi qabiliyyəti var.

- Deyirlər ki, yubileyiniz ərəfəsində Peterburq ətriyyat istehsalçıları eksklüziv ətir hazırlayıblar. Bu prosesdə özünüz də iştirak edibsinizmi? 
- Qəzetlərdə bu haqda oxumuşam. Hələ qoxulamamışam. Bu, gözəl hədiyyədir, lakin o, «gül kələm» variantında olmalıdır – məzəli. Ciddi desəm, elə insanlar var ki, daha yaxşı qoxuyur. Yadımdadır ki, cavanlığımda, «Budur, əsgərlər gəlir» adlı odekolon var idi.

- Yeni ildən sonra uşaqlarınız və nəvələrinizlə, adətən isti məmləkətlərə gedirsiniz. Yenə də belə də olacaq?
- Bu dəfə mənimlə Laradan başqa hamı gedir – biz Peterburqda evdə qalacağıq. Artıq uzun müddətdir ki, valideyndirlər. Ata-ananın köməyi onlara lazım olmayacaq. Özləri öhdəsindən gələcək. Artıq müstəqil olmaq vaxtıdır, nənəsiz və babasız... 
 
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova