• çərşənbə axşamı, 19 mart, 12:58
  • Baku Bakı 8°C

“Dəstək ola bilər, amma hər şey insanın özündə bitir” - Uğur hekayəsi

22.05.20 10:00 4109
“Dəstək ola bilər, amma hər şey insanın özündə bitir” - Uğur hekayəsi
Elnar Məmmədli: "İnsan nəyəsə nail olmaq istəyirsə, çətin yollardan keçir”

Hələ məktəb illərindən xaricdə təhsil almaq arzusu olur. Ancaq bu istəyi bir az gec - üçüncü kursda oxuyanda reallaşır. Heç nəyə baxmayaraq, təhsilini yarımçıq qoyub, bu arzusunu reallaşdırır və oxumağa gedir. Artıq 10 ildir ki, Kanadada yaşayır.

Müsahibimiz "InXpress” şirkətinin Kanadada françayz sahibi, "Grand & Toy” şirkətində isə müştəri hesabları meneceri işləyən həmyerlimiz Elnar Məmmədlidir. O, həmçinin Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidentidir.

- Azərbaycan Dövlət İqtisad Universitetində - Xüsusi İstedadlar Qrupunda (XİQ) təhsil almısınız, amma 3-cü kursda burada təhsili yarımçıq qoyub Kanadada yenidən bakalavr oxumağa getmisiniz. Bu qərarı verməyinizin səbəbi nə idi?
- Hələ məktəb dövründən başlayan xaricdə təhsil almaq kimi arzum var idi və bu istək günü-gündən böyüyürdü. Hər gün davamlı olaraq bunun üçün çalışırdım, aktiv şəkildə proqramlara müraciət edirdim. 665 balla İqtisad Universitetinə qəbul oldum. O vaxt müxtəlif təqaüd proqramlarına müraciət edirdim, amma nədənsə alınmırdı. Birinci kursda Azərbaycanın Xaricdə Təhsillə bağlı Dövlət Proqramı ilə İngiltərədə təhsil üçün müraciət etdim, qəbul etmədilər. Daha sonra Rumıniyanın təqaüd proqramına cəhd etdim, o da alınmadı. Düzdür, universitetdə oxuyurdum, amma xaricdə təhsillə bağlı da araşdırırdım, müraciət edirdim. Alındığında mən üçüncü kursun ortasındaydım. Universiteti başa vurmaq üçün bir il yarım qalırdı. Bu arzu o qədər böyük idi ki, mənim gözümdə başqa bir şey görünmürdü. Ona görə bəzi şeylərdən imtina etməli oldum və buna da peşman deyiləm. Çünki Kanadada istədiyim universitetdə və ixtisasda təhsil aldım.


- Həm də Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidentisiniz. Bu könüllü fəaliyyətə qoşulmağınız necə oldu?
- Cəmiyyəti Kanadada yaşayan azərbaycanlı Səbinə İskəndərova və yoldaşı Arif bəy 14 il əvvəl qurub. Kanadadakı ən uzunömürlü azərbaycanlı cəmiyyətindən biridir. Mən 10 il əvvəl Kanadaya gəldiyimdə cəmiyyətin bir tədbirində onlarla tanış olmuşdum. Daha sonra universitetdə azərbaycanlı tələbələrlə bir yerdə Azərbaycanlı Tələbələr Klubunu qurmuşduq. Bu zaman Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti ilə əlaqələrimiz daha da yaxınlaşdı. 2018-ci ilin əvvəlindən isə həmin cəmiyyətdə prezident kimi fəaliyyət göstərirəm. Ənənəvi olaraq ildə iki dəfə - Yeni ildə və Novruz bayramında böyük tədbirimiz olur. Azərbaycanlılar arasında əlaqə qurmaq, mədəniyyətimizi təbliğ etmək kimi fəaliyyətlərimiz var.

- Rubrikamızın ənənəvi sualı: sizə görə uğurun sirri nədir?
- Uğurlu birisi kimi deyil, sadəcə, uğurlu olmağa çalışan birisi kimi paylaşmaq istərdim ki, ilk olaraq hər birimiz özümüz üçün uğurun nə olduğunu müəyyənləşdirməliyik. Kimimiz üçün uğur milyon dollar qazanmaqdır, kimimiz üçünsə karyerada ən pik nöqtədə olmaq, yaxud sağlam ailə həyatının olması və s. Adətən hər birimizin içindəki o tutuşan istək, arzu bunu müəyyənləşdirməkdə bizə kömək edir. Artıq bunu özümüzdə müəyyənləşdirdikdən sonra ona uyğun (qısa, orta, uzun dönəmli) hədəflər seçib onlara çatmaq üçün çalışmalıyıq. Burada çalışmağın ən önəmli olduğunu vurğulamaq istərdim. Çünki idman, biznes, karyera və s. sahələrdə uğurlu şəxslərə baxanda onları birləşdirən bir nüans var, o da onların başqalarına nisbətən daha çox çalışmalarıdır. Amma eyni zamanda kortəbii, korhəvəsli çalışmağımız da yanlışdır. Müntəzəm şəkildə proqresi analiz etməliyik. Bəzən irəli daha böyük addım atmaq üçün geriyə addım atmağı bacarmalıyıq. Mənə görə məqsədə doğru şüurlu çalışmaqla uğur qazanmaq mümkündür.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər