• çərşənbə axşamı, 19 mart, 06:46
  • Baku Bakı 8°C

Dərslərin keçirilməsi ilə bağlı təkliflər

13.08.20 18:10 3499
Dərslərin keçirilməsi ilə bağlı təkliflər
"Onlayn dərs saatları uşaqları da, müəllimləri də həddən artıq yorur”

"Orta məktəblərin I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin. Ara siniflər üçün həftədə iki dəfə tədrisi nəzərdə tutan cədvəllər hazırlansın”. Təhsil Nazirliyinə ictimaiyyət nümayəndələrindən daxil olan təkliflər müzakirələrə səbəb olub.
Artıq 6 aydır ki, pandemiya səbəbindən məktəbdən kənar düşən, onlayn, virtual tədrislə kifayətlənməli olan şagirdlər məktəbə can atırlar. Valideynlərin narahatlığı isə daha çoxdur. TN-ə təqdim edilən təkliflər isə hələlik birmənalı qarşılanmır. Təkliflərdə tədris planlarında dərnəklər və fakültativlərə saat ayrılmaması, baza və praktiki fənlərin (tədris dili, xarici dil, riyaziyyat, kimya, fizika) əyani, digər fənlərin onlayn-məsafədən tədris edilməsi (qarışıq tədris modeli) məsələləri yer alıb. Həmçinin fiziki tərbiyə və həyat bilgisi dərslərinin mütləq keçirilməsi və həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətlərinin daxil edilməsi təklif olunur. Belə ki, bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər. Təkliflərdə qeyd edilib ki, tədris həftəsi müddətində hər məktəbdə bir həkim və ya tibb bacısının olması təmin olunsun. Xəstəliyə yoluxmuş şagirdlərin təhsili məktəblər tərəfindən məsafədən təşkil edilsin. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə şagirdlərin məktəb binasına müxtəlif qapılardan daxil olmasının təmin edilməsi üçün mövcud olan bütün giriş qapılarından istifadə qaydaları (fərqli siniflər və fərqli otaqlar) müəyyən edilsin. Məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilsin. Şagirdlərə dərslik komplektləri xüsusi bağlamalarda verilsin. Lazımi elektron avadanlığı olmayan (onlayn dərslər üçün) müəllim və şagirdlər üçün bunlar təmin olunsun. Məktəb heyəti müvafiq qoruyucu vasitələrlə (lazım olduqda xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska, dezinfeksiya vasitələri) təmin olunsun. Bədən hərarəti yüksək olan şagirdlər məktəbdəki həkimin rəyinə uyğun olaraq məktəbə buraxılmasın. Qapıda termometr və dezinfeksiya aparatı qoyulsun, hər kəs ondan məcburi istifadə etsin. Bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə müəyyən edilsin. Bir gün ərzində maksimum beş dərs (əyani və ya onlayn) müəyyənləşdirilsin. Onlayn dərslərin uçotu aparılsın. Bununla bağlı qanunverici bazaya müvəqqəti əlavə edilsin. O cümlədən, məktəblərdə davamiyyətin məcburi olmaması təkliflərdə qeyd olunub.
Təbii ki, pandemiya başlayandan bu kimi təkliflər ayrı-ayrı təhsil ekspertlri, müəllimlər, valideynlər tərəfindən də sosial mediada, efirdə, mətbuatda səslənir. Əlaqədar qurumlar təklifləri dəyərləndirsələr də, daha çox yoluxma ilə bağlı vəziyyətin diqtə edəcəyini bildirirlər. Bununla belə təkliflərə əlavələr də çoxdur.
Valideyn Sevda Məmmədova deyir ki, yoluxmaya qarşı bütün tövsiyələrə əməl etməklə məktəbə qayıtmaq olar: "Mən Təhsil Nazirliyinə təqdim olunan təkliflərin bir çoxunun tərəfdarıyam. Qaydalara riayət etməklə tədris ilinə start vermək olar. Hesab edirəm ki, müvəqqəti olaraq, dərs saatının azaldılması, dərslərarası fasilənin uzadılması, siniflərdə şagird sayının azaldılması virtual tədrisdən daha effektli olacaq”.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov qurumda təmsil olunan 11 üzvün hamısının təhsil naziri ilə keçirilən videokonfransda öz təkliflərini verdiyini desə də, məsələnin təkcə Təhsil Nazirliyinin qərarlarından asılı olmadığını da bildirir: "Mətbuatda dərslərin başlanması, yerlərə nazirlik tərəfindən sənədin göndərilməsi ilə bağlı yayılan xəbərlər doğru deyil, Düzdür, dərslərin necə başlanması ilə bağlı təkliflər də var. Ancaq bu məsələ təkcə Təhsil Nazirliyinin səlahiyyətində olan məsələ deyil. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri var, UNİCEF bu işlə məşğuldur, digər aidiyyatı qurumlar var. Bu məsələ A, B,V... variantlarda həllini tapmalıdır. Bu, dinamikadan asılı olan məsələdir. Şükür ki, yoluxma sayı azalmağa doğru gedir. Hərçənd bir sıra ölkələrdə yoluxmanın 2-, 3-cü dalğası ilə bağlı söhbətlər gedir. Bu baxımdan İctimai Şuranın nazirlikdə müzakirəsində də qərar qəbul olundu ki, hazırda məsələ ilə bağlı yekun qərar vermək olmaz. Bu, hadisələrin gedişinə mane ola bilər. Amma hər halda, o variantlar hazırlanmalıdır”. N.İsrafilov istisna etmir ki, həm şagirdlər, həm valideynlər, həm də müəllimlər dərslərin ənənəvi formada başlamasını arzulayırlar. Bununla belə, sabah hadisələrin necə olacağına heç kim təminat verə bilməz: "Ölkə Prezidentinin də söylədiyi kimi, önəmli olan, insanların sağlamlıq məsələsidir. Nə qədər desək də, onlayn tədris həmən effekti vermir, internetin sürəti qane eləmir, internet şəbəkəsi qurulmayan regionlar var və s. vəziyyətə uyğun hərəkət etməliyik. Bu məsələlər əlaqədar qurumlarla razılaşdırılır. Elə məsələlər var ki, təkcə Təhsil Nazirliyindən asılı deyil. Dərslər onlayn formada başlasa, necə gedəcək, şagirdlər məktəbə getsələr necə davam edəcək və s. kimi nüanslar hamının marağındadır. Hazırda bu istiqamətdə iş gedir, təkliflər, planlar ümumiləşdirilir. Xüsusi İşçi Qrupu var ki, bu məsələlərlə məşğuldur. Həmçinin ÜST-ün də tövsiyələri nəzərə alınır. Yəni dinamikadan asılı olaraq məsələnin həllinə yanaşılacaq. Hamımız istəyirik ki, dərs ənənəvi formada başlasın, amma bu dinamikaya bağlı olan məsələdir. Sadəcə, tələsməyə ehtiyac yoxdur”. N.İsrafilov hesab edir ki, təhsil öz axarı ilə gedəcək. Belə ki, tədrisin hansı formada - hibrid (qarışıq tədris modeli), onlayn, dərsin 35 dəqiqə, tənəffüsün 10 dəqiqə olması, şagirdlərin temperaturunun ölçülməsi və s. məsələlər müzakirə olunur: "Ölkədə 4500 məktəb var. Bunların hamısının aparatla təmin olunması, xüsusi növbətçiliyin təmin edilməsi, bütün qapıların hər tərəfdən açılması və s. ilə bağlı səslənən təkliflər analiz olunur. Ancaq hesab edirəm ki, hələlik bu gün üçün konkret qərar qəbul etmək düzgün deyil. Nəyəsə proqnoz etmək olar, amma bu, insanların arzu və istəyindən asılı olan məsələ deyil. Bütün hallarda, bu məsələ dövlətin nəzarətindədir. Təhsil Nazirliyində bu məsələ ilə məşğuldurlar. Bu, vəziyyətdən asılı olan məsələdir”.
160 saylı məktəbinibtidai sinif müəllimi Ulduz Ocaqova təkliflərə münasibət bildirərək onlayn tədrisin qəti əleyhinə olduğunu deyir: "Uşaq bu təhsil prosesində heç bir şey öyrənmir. Valideynlər də çox narazıdır. 30 ildən çox təcrübəyə malik olan müəllim kimi, distant təhsilin tam əleyhinəyəm”. U.Ocaqova hesab edir ki, uşaqla üzbəüz oturub ondan cavab almaq, sual vermək və onu dinləmək tamam fərqli metoddur: "Qruplarla işləyirik, uşaqlar bir-birlərinin fikirlərini dinləyir, bir-birlərinin səhvini düzəldir, ünsiyyət qururlar. Onlayn dərs olanda uşağın necə hazırlaşdığını bilmək də çətin olur. Onlar telefonla, kompüterlə oynamağı daha çox sevirlər. Üzbəüz dərs keçiriləndə isə uşaq da məsuliyyət hiss edir. Təklif edirəm ki, əvvəllər tədris necə həyata keçirilibsə, yenə də bu qayda ilə davam etsin”. U.Ocaqova hesab edir ki, hazırda qapalı məkanlara daxil olarkən maska taxmaq, dezinfeksiya etmək, sosial məsafəni gözləmək qaydalarına necə riayət olunursa, məktəblərə də eyni qayda ilə daxil olmaq mümkündür: "Girişdə də temperaturun yoxlanması lazımdır. Onsuz da bu virus mövcuddur. Ona görə, sinif otaqları, dəhlizlər, sanitariya qovşağı, məktəbin həyəti, yeməkxana və s. dezinfeksiya olunmalıdır. Uşaqlar özləri təmizliyə riayət etməli, valideynlər də nəzarəti gücləndirməlidirlər. Mən, ümumiyyətlə, həmişə uşaqlara tövsiyə etmişəm ki, dərs arası fasilələrdə, yeməkdən öncə əllərini yusunlar. Çünki gözə görünməyən minlərlə mikrob var. Heç kəs bir-birinun əşyasına əl vurmasın, bir yerə yığışmasınlar və s. Elə hesab edirəm ki, bu qaydalara əməl olunsa, həm özümüzü qorumuş olarıq, həm də dərsimizə davam edə bilərik”.
Tarix müəllimi Pərviz Ağalarov lX-Xl siniflər üçün dərslərin onlayn qaydada keçirilməsinin tərəfdarıdır. X sinfə isə bu məcburiyyət tətbiq olunmaya bilər: "Çünki IX və Xl siniflər buraxılış sinifləridir. Amma belə qərar verilərkən də ötən tədris ilinin buraxılış və qəbul imtahanlarının statistikası aparılmalı, nəticələrə uyğun olaraq fənlərin bəzilərindən sosial məsafə və bəzi karantin şərtləri (tibbi maskalar, dərsə gələn şagirdlərin sağlamlığının ciddi yoxlanılması və s.) gözlənilməklə həftədə ən azı bir dəfə canlı dərslər təşkil olunmalıdır. Məsələn, bu il buraxılış imtahanı verən şagirdlər və abituriyentlər riyaziyyat fənnindən çətinliklər yaşadılar. Həftədə bir dəfə riyaziyyat və dinləmələrə görə xarici dil fənlərindən şagirdlərin yuxarıda dediyimiz şərtlər daxilində dərslərə buraxılması məqsədəuyğun olardı”. P.Ağalarov hesab edir ki, fiziki tərbiyə dərsləri havalar soyuyana qədər açıq məkanlarda keçirilə bilər. Qış aylarında isə bu fənnin tədrisi məcburi olmamalıdır: "Gün ərzində beş onlayn dərsə gəldikdə isə bu, şagirdlər üçün də, müəllimlər üçün də xeyli problemlər yaradacaq. Onlayn dərs saatları uşaqları da, müəllimləri də həddən artıq yorur və bütün tədris ili müddətində bunu həyata keçirmək çətin olacaq”. P.Ağalarov təklif edir ki, orta məktəb və liseylərin kafedraları ayrı-ayrı fənlər və bölmələr üzrə çəkilişlər aparıb şagirdlərə ünvanlasa, daha səmərəli olar. Belə ki, bu üsul pandemiya dövrünə qədər də dünya praktikasında, məsələn, qonşu Türkiyədə tətbiq olunub: "Gün ərzində onlayn dərslərin sayı 3-dən artıq olmamalıdır. Müddət isə 40 dəqiqə ola bilər. Nəzərə alsaq ki, şagirdlər və müəllimlər ötən tədris ilində "Zoom” proqramı vasitəsilə dərs keçib və 40 dəqiqəlik dərslərin bir növ müəyyən təcrübəsi var. Təhsil Nazirliyi ötən tədris ilində "Microsoft Teams” layihəsini də təcrübədən keçirib, güman edirəm ki, bu, onlayn dərslərin keyfiyyətli keçirilməsi və dərslərə nəzarət baxımından effektli olacaq”.
Hələlik səslənənlər təkliflərdən uzağa getmir. Onların qəbul olunması və reallaşmasını, o cümlədən yeni qərarları səbirsizliklə gözləyən minlərlə insan var...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər